Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

On bir ayın sultanı gəldi...

Çox da ki, çəməni çiçək-çiçəkdir,
Dərib qoxlamaram, gül orucuyam.
Elə odlandırıb közüm qalmayıb –
Bir ocaq yerində kül orucuyam...
 

Ehtiram İlham

Nəhayət, on bir ayın sultanı – Ramazan gəldi. İkili hisslər keçirirəm. Ötən illərdəki orucluq aylarında etdiyimiz duaların başında Şuşa, Qarabağ diləklərimiz, alqışlarımız, bir də, xəstəlikdən – dərddən uzaq günlər dururdu. Bu xəlqi, insani arzulardan gerçəkləşəni də oldu, qismən reallaşanı da. Bir sonrakı sultan ayın daha yeni diləklərə qanadlandıracağına şübhəm yoxdur. Xalqımız şadlıq içindədir.
Builki Ramazan ayına qlobal pandemiya bitmədən giririk. Hər ziyanda bir xeyir, hər xeyirdə iki xeyir var, deyərlər. O iş ki, bizdən asılı deyil, nə mümkündürsə, onu edirik. İmkanlar az olan yerdə də alqış, dua imkanları genişdir. Mən bu sətirləri yazarkən bacım, əmim, yaxın dostum ayrı – ayrı modul tipli xəstəxanalarda COVID – 19 - dan intensiv müalicə almaqdadır. Keçən günlərdə taclı virusdan çox sayda tanış, qohum itirdik. Bir nəfərin itkisi belə çoxdur, o da ola, qulağın daim səksəkədə qala: “Hansı klinikadan, kimdən nə xəbər gələcək?” – deyə...
Beləliklə, özümüz - özümüzə kömək olmalıyıq, özümüz həkimlərimizə kömək etməliyik, özümüz xalqımıza, dövlətimizə kömək durmalıyıq. Bu, elə bəşəriyyətə də kömək olmaq deməkdir.
İnsanı düşünmək insanlığı düşünməklə çiçəkləyir. Qlobal pandemiyanın tüğyan etdiyi bir vaxtda qarşıladığımız sultan ayda insanları qorumaq amacı ilə daha düzgün qərarlar, davranış və rəftar sərgiləmək gərəkdir. İsa Peyğəmbərin məşhur sözünü bu situasiyaya şamil etməyə ehtiyac duydum: İnsana sağlamlıq gərəkdir! İbadət ruhun sağlamlığıdır, virusdan qorunmaq bədənin! Ruh sağlamlığı ilə bədən sağlamlığının bir-birini tamamlaması nə gözəldir!
Xatırlayıram, ötənilki Ramazan ayı dövründə rəsmi qapanma tətbiq edildi, bu da, yoluxmaların sayını önəmli dərəcədə azaltdı. Rəsmi qapanma olacaqmı, olmayacaqmı, bunu bilmirəm. Bildiyim odur ki, özümüz – özümüzə insan, insanlıq adına məhdudlaşdırma qoymağı bacarsaq, Ramazan ayının dəyərlərinə töhfə vermiş olarıq. Bu, savab əməl və, iradə nümayişi olar.
Nazirlər Kabineti yanında operativ qərargahdan verilən bilgiyə görə, Azərbaycan Respublikasında sutka ərzində koronavirus infeksiyasına 2414 nəfər yoluxub, 1695 nəfər müalicə olunaraq sağalıb, COVID – 19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 36 nəfər vəfat edib. Hər gün yoluxma sayı enib – qalxır: 100 az, 300 çox... Nə etməliyik? Öncə, kütləvi tədbirlərdən uzaq durmalıyıq, vaksin olunmanı təşviq etməliyik, maska taxmalı, ara məsafəni gözləməli, şəxsi gigiyenaya fikir verməliyik!
Çətindirmi? Deyil. Çətin olsa da, Ramazan kəraməti ilə bacarmalıyıq...
Allah imanımızı kamil eləsin! Amin!
 

Əkbər QOŞALI

13 Aprel 2021 01:35 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə