Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Ermənilər kitabları oxumaq adı ilə götürür, qaytarmır və cəriməsini ödəyirlər”

Son zamanlar Azərbaycan diasporu özünün güclü inkişaf mərhələsinə qədəm qoymuşdur. Dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız indi daha sıx birləşir, daha tez təşkilatlanırlar. Biz bu birliyə ötən ilin payızında Vətən müharibəsində də yaxından şahid olduq və böyük qürur hissi keçirdik. Müsahibimiz də bu birliyə, təşkilatlanmaya öz töhfəsini verən isimlərdəndir. Tanış olun, bu, Nadir Hollenbranddır. Əsl soyadı Xankişiyev olan həmyerlimiz İsveç dövlətinin və cəmiyyətinin üst təbəqələrində Hollenbrand kimi tanınır. Vətənpərvər və işgüzarlığı ilə tanınan soydaşımız diaspor dünyamızda xüsusi fərqlənən bir qurumun –“Azərbaycan naminə” cəmiyyətinin sədridir. 2016-cı ildə Prezident İlham Əliyev tərəfindən diaspor fəaliyyətindəki xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunmuşdur. Uzaq İsveçdəki fəaliyyəti ilə Vətənini, xalqını ləyaqətlə təmsil edən soydaşımızla müsahibəni təqdim edirik.

 

– Nadir bəy, illərdir Azərbaycandan kifayət qədər uzaq bir məmləkətdə yaşayır və fəaliyyət göstərirsiniz. Məlum olduğu kimi, soydaşlarımızın təşkilatlanmaq məsələsində ciddi problemləri olmuşdur. Bəs konkret olaraq İsveçlə bağlı sizin müşahidələriniz necədir?
– Artıq 22 ildir ki, İsveçin Stokholm şəhərində yaşayıram. Buraya gəldiyim ilk gündən diaspor fəaliyyətinə başlamışam. İnanın, necə deyərlər, qapı-qapı gəzib soydaşlarımızın Azərbaycan naminə təşkilatlanması üçün təbliğatlar aparmışıq. Çətin günlər idi…Vətəndən iraq, öz mədəniyyətindən uzaq bir ölkədə Vətən həsrəti ilə yaşamaq, həqiqətən də, asan deyil. O vaxtlar İsveçdə, ümumiyyətlə, azərbaycanlı çox az idi. Tanıyanda hamı bir-birilə dost olurdu. Biləndə ki, qarşımızdakı həmvətənimizdir, öz azərbaycanlımızdır, o qədər sevinirdik ki... Şübhəsiz ki, indi də elədir. İkinci Qarabağ müharibəsi dövründə mən birliyimizin yenidən ”doğuluşuna” şahid oldum. Təsəvvür edə bilməzsiniz necə güclü diaspor fəaliyyəti var idi. Bu, bir nonsens idi. Hədəf Qarabağ idi və hər kəs həmrəy olmuşdu. Mən istəyirəm ki, biz Qələbədən sonra dayanmayaq, hərə öz evinə, öz işinə çəkilməsin, ümumi işimizə fayda verməyə çalışsın. Ümumi işlərimiz o qədərdir ki...
Əlbəttə, mən ümidimi itirmirəm, biz yenə də həmrəy olacağıq, yəqin ki, bunun üçün zaman lazımdır. Bunun üçün çox güclü potensialımız var və əlbəttə ki, bizə hər zaman dəstək olan Diasporla İş üzrə Dövlət Komitəsi öz işini uğurla davam etdirir. Komitə ilə yüksək şəkildə əməkdaşlıq aparılır. Şəxsən sədri olduğum ”Azərbaycan naminə” təşkilatı adından bizi diaspor fəaliyyətimizdə tək qoymadığına görə dövlətimizə təşəkkürümü bildirirəm.
Qeyd etmək istəyirəm ki, son zamanlar davam edən pandemiya problemi də İsveçdə yaşayan azərbaycanlıları bir-birindən uzaq salıb. Canlı görüşlər və tədbirlər bir ildən artıqdır ki, virtual göruşlərlə əvəz edilib. Bu da diaspor fəaliyyətimizə məhdudiyyətlər gətirir. Axı biz azərbaycanlılar istiqanlı insanlarıq, uzaqdan göruşlər bizi bir-birimizdən soyudur. Araya gözə görunməz sərhədlər çəkir. Əvvəllər müxtəlif tədbirlərdə bir araya gələrdik, ənənələrimizi Vətəndən uzaq da olsa, burada yetişən yeni azərbaycanlı nəsilə çatdırardıq.
– Məlum olduğu kimi, Skandinaviyada, o cümlədən İsveçdə xeyli azərbaycanlı yaşayır. Soydaşlarımızın bu ölkənin mühüm qurumlarına, ictimai-siyasi sferasına inteqrasiyası nə vəziyyətdədir?
– Əgər digər ölkələrlə müqayisə etsək, konkret olaraq İsveçdə yaşayan azərbaycanlıların müxtəlif sferalara inteqrasiyası ürəkaçandır. İsveç parlamentində bir azərbaycanlı xanım deputatımız, 5 nəfər isə regional millət vəkilimiz var. Bundan əlavə, həkimlərimiz, müəllimlərimiz, hətta, rəssamlarımız belə var. Məncə, bu, gözəl göstəricidir. İsveçdə yetişən gənc azərbaycanlı nəsli də həddindən artıq səmərəli nəticələr göstərir. Çox bilikli və hərtərəfli dünyagörüşünə malik olan gənclərimiz yetişib. Əgər diaspor işlərində fəallıqları ilə seçilərlərsə, gələcəkdə indikindən daha böyük uğurlu nəticələr əldə edə bilərik.
– Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində zəfər qazandı. Nəticədə 27 il düşmən işğalında olan torpaqlarımız azad edildi. Azərbaycanın qələbəsi, bu qələbədə müzəffər ordumuzun, Ali Baş Komandan İlham Əliyevin rolu barədə soydaşlarımızın, o cümlədən sizin nə düşündüyünüz, keçirdiyiniz hisslər maraqlıdır...
– Çox böyük qürur hissi keçirdik. Eyvanlarımızdan, maşınlarımızdan Azərbaycan bayraqları dalğalanırdı. Bu qələbədə, əlbəttə ki, Ali Baş Komandanımızın rolu əvəzsizdir. Əgər cənab Prezidentin ”dəmir yumruq” əməliyyatı, zamanında verilmiş düşünülmüş qərarları olmasaydı, çətin ki, Azərbaycan xalqı belə bir möhtəşəm qələbə sevinci yaşayardı. Bütün bu qeyd olunanlar və atılan praqmatik addımlar 27 illik həsrətə son qoydu. Cənab Prezident möhtəşəm bir diplomatiya sərgilədi. Hər birimiz azərbaycanlı olmağımızla fəxarət hissi keçirdik. İnanın ki, iş yerlərimizdə ermənipərəst həmkarlarımızla tez-tez mübahisələrimiz olurdu. Azərbaycan həqiqətləri bütün dünyaya çox möhtəşəm bir şəkildə çatdırılırdı. Hər gün evlərimizdən Qarabağa həsr olunmuş mahnı avazları eşidilirdi. Əlbəttə, müharibə hər zaman ağırdır: itkiləri və ölümləri ilə, gözüyaşlı anaların ahı, körpələrin naləsiylə, lakin Vətən uğrunda canından keçmək və şəhidlik zirvəsinə yüksəlmək ali məqamdır. Bu, hər kəsə də qismət olmur. Əlbəttə, sevincimiz kədərimizə, kədərimiz isə sevinc göz yaşlarına qarışdı.
Amma necə cəsur və qorxmaz gənclərimiz varmış. Bunun da şahidi olduq. Şəhidlərimizə Allahdan rəhmət, doğmalarına səbr və dözüm diləyirəm.
Müharibə müddətində diaspor komitəsinin dəstəyi ilə təşkilatımız 2 günlük Qarabağ kampaniyası təşkil etmişdir. Böyük yük maşınları üzərində ”Qarabağ Azərbaycandır ! ”, ”Ermənistan işğalçıdır !”, şüarları yazılmış iri yük maşınları şəhərlərin küçələrində hərəkət etdilər. Bütün soydaşlarımız bütöv və həmrəy olmuşdular. Sevincimizin həddi-hüdudu yox idi. Böyük bir mitinq keçirildi. Mitinqə əllərində bayraqlarımız, üzlərində sevinc əhval-ruhiyyəsi olan çox sayda azərbaycanlımız gəlmişdi. Bir daha Ali Baş Komandanımız İlham Əliyevə və bu qələbədə birbaşa əməyi olan əsgər və zabitlərimizə dərin təşəkkürümü bildirirəm. Bu qələbəni bizə onlar canları və qanları hesabına yaşatdılar.
– Uzaq Avropa ölkəsində, başqa xalqın əhatəsində, həm də erməni diasporunun da olduğu bir məkanda vətənpərvərlik, milli dəyərlərə sadiqlik göstərmək, şübhəsiz, çətindir, lakin şərəflidir. Bu müharibədən öncə və döyüşlər ərzində İsveçdəki diaspor təşkilatlarımız konkret olaraq hansı addımları atdı?
– Əlbəttə ki, milli dəyərlərimizi hər zaman qoruyub saxlamağa çalışmışıq və həmişə bunu qürur və şərəf hissi ilə etmişik. İstər bayramlar, istərsə də xalqımızın faciə ildönümlərini hamılıqla qeyd edirik. Qələbə isə bizə xüsusi bir sevinc və qürur hissi yaşatdı. Erməni lobbisi əlindən gələni edir ki, qondarma soyqırımlarını İsveç ictimaiyyətinə çatdırsın və Qarabağla bağlı öz cəfəng iddialarını hər zaman təbliğ etsin. Lakin biz var gücümüzlə erməni saxtakarlığını ifşa etməyə, İsveç ictimaiyyətinə bunun yalan olduğunu çatdırmağa çalışırıq. Azərbaycan həqiqətləri, tarixdə erməni məsələsi, onların əsassız iddiaları ilə bağlı Bakıda çap olunan maarifləndirici kitabların tərcüməsini İsveç kitabxanalarına təqdim edirik.
Bir məsələni də qeyd edim ki, erməni diasporu bu həqiqətlərin yayılmasının qarşısını hər vəchlə almağa çalışır. Dəfələrlə olub ki, kitabxanalarda erməni yalanlarını ifşa edən kitabların sonradan yoxa çıxmasının şahidi olmuşuq. Deməli, ermənilər bu kitabları oxumaq adı ilə götürürlər, sonra qaytarmır və cəriməsini ödəyirlər. Onlar bu alçaqlığa da gedirlər.
Biz Vətən müharibəsindən öncə və döyüşlər ərzində də xeyli toplantılar keçirmişik. BMT qətnamələrinin surətini siyasətçilərə göndəmişik, İsveçdə yaşayan hər bir azərbaycanlı sosial mediada fərdi mübarizəsini ortaya qoyub. Hətta müharibənin şiddətli keçdiyi günlərdə Serqels Torq meydanında İsveç azərbaycanlıları mitinq keçirərək ordumuza və Ali Baş Komandanımıza dəstək oldular. Xeyli maddi vəsait toplandı və şəhid ailələrinə göndərildi. Bir sözlə, Qarabağ kampaniyası aparıldı. Yük maşınlarının üzərində Azərbaycan bayrağı və erməni təcavüzünü əks etdirən şəkil və lövhələr olundu. İnşallah, pandemiya bitdikdən sonra Qələbəmizi geniş əhatədə keçirmək üçün planlarımız var.
– İllərdir “Azərbaycan naminə” cəmiyyətinə rəhbərlik edirsiniz. Bu qurum İsveçdə bizim köklü diaspor təşkilatlarımızdan biri kimi tanınır. Təşkilatın fəaliyyəti, qarşıdakı perspektivləri barədə məlumat verərdiniz...
– Xoş sözlərinizə görə təşəkkür edirəm. Əlbəttə ki, ”Azərbaycan naminə” uzun illərdir fəaliyyət göstərir. Məqsədimiz milli həqiqətlərimizi Avropaya çatdırmaq, təbliğ etmək, Azərbaycana dostlar qazandırmaqdır. Bu yolda fəaliyyətimizi bundan sonra da davam etdirəcəyik. Planlarımız çoxdur, lakin pandemiya zamanı, hər yerdə olduğu kimi, burada da bir sıra layihələrimiz sonraya saxlanıldı. Az öncə qeyd etdiyim kimi, böyük bir qələbə tədbiri təşkil etmək istəyirik. Əgər hər şey planlaşdırdığımız kimi olarsa, Stokholmun mərkəzindəki Kunqstradqarden parkında böyük bir konsert proqramı keçirəcəyik. İndiyədək xeyli işlər görülüb və bu barədə Diaspor Komitəsinə məlumat verilib və həmçinin mətbuatda da xalqımızın diqqətinə çatdırılıb.
– İsveç–Azərbaycan əlaqələrinin tarixi qədimdir. Bu sahədə Nobel qardaşlarının da böyük rolu olmuşdur. Bəs, Azərbaycana, azərbaycanlılara uzaq İsveç cəmiyyətində, xüsusilə ziyalı kəsimində münasibət necədir?
– Münasibət hər zaman yaxşı olmuşdur. Onların ziyalıları bunu bilirlər, əlbəttə ki, dəyərləndirməyə çalışırlar. Lakin biz də bu məsələdə fəal olmalıyıq, İsveç–Azərbaycan əlaqələrinin dərin köklərini öyrənib təbliğ etməliyik. Bir sözlə, erməni qara piarını üstələmək üçün dayanmamalıyıq.
– Diaspor rəhbəri kimi necə düşünürsünüz: biz nə etməliyik ki, dünyanın hər yerində Azərbaycan həqiqətləri eşidilsin?
– Əlbəttə, hamıya yaxşı olmaq çətin məsələdir. Mümkün olsa da, hər kəs tərəfindən eyni dərəcədə başa düşülməmək reallığını nəzərə almalıyıq. Biz, sadəcə öz yolumuza, daha doğrusu, inandığımız dürüst yolla irəliləməkdə davam etməliyik ki, dünya bizi aydın görüb seçə bilsin. Hər bir ölkə və cəmiyyətin öz siyasi dünyagörüşü, məsələlərə öz baxış bucağı var. Lakin öz həqiqətlərimizi, doğrularımızı da gizlətməməliyik. Sadəcə maksimum şəkildə çalışmalıyıq ki, Azərbaycanın dostları, ölkəmizi, onun dəyərlərini müsbət qiymətləndirənlərin sayı çox olsun. Çünki yalnız bu şəkildə düşmənin haqqımızda yaratdığı informasiya mühasirəsini yararaq, gerçəklərimizi olduğu kimi dünya ictimaiyyətinə təqdim edə bilərik.
Müsahibəni qələmə aldı:
 

Anar TURAN, “Xalq qəzeti”

13 Aprel 2021 01:19 - SİYASƏT
SİYASƏT
9 May 2021 | 00:42
Elmin və təhsilin hamisi

Köhnə versiyamızdan xəbərləri izlə