Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gələn il Bakıda mühüm beynəlxalq tədbirlərindən biri keçiriləcək

Son beş il ərzində Azərbaycan orbitə 3 peyk çıxara bilmişdir. Azərbaycan bu gün dünyanın kosmik klubunun üzvüdür və dünyanın kosmik sənayesində öz mövqelərini möhkəmləndirir. Peyklərin orbitə çıxarılması dövlətimizin gücünü göstərir, bizim siyasətimizi göstərir. Bizim artıq 3 peykimiz var: “Azerspace 1” telekommunikasiya peyki, “Azersky” müşahidə peyki və “Azerspace 2”.


Prezident İlham Əliyevin “Azərspace 2” peykinin orbitə buraxılması münasibətilə xalqımıza ünvanladığı təbrikdən
Bakı, 26 sentyabr 2018-ci il

 

Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 2010-cu il sentyabrın 23-də Nyu-York şəhərində keçirilmiş 65-ci sessiyasının qərarı ilə “Beynəlxalq İnsanın Kosmosa Uçuşu Günü” elan edilmişdir və bu, hər il dünya miqyasında qeyd edilir. Yeri gəlmişkən, həmin sessiyada əhatəli şəkildə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bu gün regionun və dünyanın əsas reallıqlarına çevrilmiş tarixi proses barədə demişdi ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və onun ətrafında silahlı münaqişənin tezliklə həll edilməsi bizim üçün başlıca vəzifə olaraq qalır: “Ermənistan işğal edilmiş ərazilərdə Azərbaycanın mədəni və tarixi köklərini nümayiş etdirən maddi sübutları yox etməyə çalışaraq, həmin yerlərin tarixi və mədəni simasını dəyişmək məqsədi ilə ardıcıl tədbirlər görməkdədir. Nəticədə işğal olunmuş ərazilərdə Azərbaycanın elə bir tarixi və ya mədəni abidəsi, elə bir müqəddəs yeri qalmamışdır ki, ona zərər dəyməsin, yaxud orada vandalizm aktları törədilməsin”.

Qətiyyətlə deyə bilərik ki, ölkəmiz üzvü olduğu bütün beynəlxalq təşkilatların qərarlarına, qoşulduğu və ya tərəfdar kimi tanıdığı bütün beynəlxalq konvensiyalara daim hörmətlə yanaşmış və onların icrasına mükəmməl töhfələr vermişdir. BMT Baş Assambleyasının elan etdiyi Beynəlxalq İnsanın Kosmosa Uçuşu Günü də ölkəmizdə daim qeyd olunur və gənc müstəqil Azərbaycan dövləti bu sahədə özünəməxsus nailiyyətlər qazanmaqdadır.
Dövlət başçımız “Azərspace 2” peykinin orbitə buraxılması münasibətilə xalqımıza ünvanladığı təbrikdə xüsusi olaraq vurğulayırdı ki, bu peyklərin çox böyük əhəmiyyəti var: “İlk növbədə, Azərbaycan informasiya təhlükəsizliyi baxımından daha da önəmli addım atır. Bu gün peyklərimiz vasitəsilə Azərbaycan telekanalları dünyaya öz verilişlərini təqdim edə bilirlər. Bu gün Azərbaycan telekommunikasiya sahəsində xarici tərəfdaşlardan asılılığını tam aradan götürübdür. Eyni zamanda, kadr hazırlığı üçün Azərbaycanın kosmik sənayesinin inkişafı önəmli rol oynayır. Peykləri idarə edən kadrlar azərbaycanlı mütəxəssislərdir və onların böyük əksəriyyəti gənclərdir”.
Bu məqamda düşmən Ermənistanın bəzi ekspertlərinin 44 günlük müharibədəki rüsvayçı məğlubiyyətdən sonra dedikləri bəzi həqiqətləri – bəli, onlar həqiqəti söyləmişdilər – yada salmaq istərdim. Erməni ekspert yazırdı ki, Azərbaycan bizi təkcə sahib olduğu müasir silahlara görə deyil, həm də bizim dislokasiyamızı kosmosdan izləmək imkanlarına görə üstələdi:
“Onlar özlərinin və Türkiyənin kosmosdakı rabitə peykləri ilə bizim əkin-biçin texnikamızın da yerini bilirdilər. Bizim isə belə bir imkanımız yoxdur. Biz o sahədə də kimdənsə asılıyıq”.
Dövlət başçımız bizim kosmosdakı mövcudluğumuzun başqa bir mühüm cəhətini də yada sallır. Onun fikrincə, kosmik sənayenin inkişafı bu sahədə beynəlxalq əməkdaşlığımızı da dərinləşdirir. Biz dünyanın bu sahədə böyük təcrübəyə malik olan aparıcı şirkətləri ilə sıx əməkdaşlıq edirik.
Xatırladaq ki, kosmosdakı rabitə peyklərimizin kommersiya tərəfi var. Yəni Azərbaycan kosmosda əldə etdiyi məhsulunu ixrac edir və peyklərin fəaliyyəti nəticəsində ölkəmizə valyuta gəlir. Ölkəmizin kosmik sənayedə əldə etdiyi uğurlar, eyni zamanda, qeyri-neft sektorumuzu inkişaf etdirir, qeyri-neft sənayemizi irəliyə aparır. Eyni zamanda, “Azersky” müşahidə peyki vasitəsilə biz nəinki ölkəmizin, dünyanın istənilən nöqtəsində baş verən bütün hadisələri daim müntəzəm olaraq izləyə bilirik, nəzarət edə bilirik. Dövlət başçımız deyir: “Azərbaycanın müdafiə və hərbi potensialının gücləndirilməsi işində “Azersky” peykinin xüsusi rolu vardır. Bu peykin fəaliyyəti nəticəsində biz bu sahədə də xaricdən asılılığı tamamilə aradan qaldırdıq və bir çox ölkələr üçün peyk xidməti göstəririk”.
Eləcə də, infrastruktur layihələrimizin icrası və mövcud infrastrukturun qorunması üçün peyklərin böyük əhəmiyyəti var. Kənd təsərrüfatının inkişafı, ekoloji vəziyyətə nəzarət, torpaqlardan səmərəli şəkildə istifadə edilməsi – bütün bu işlərdə “Azersky” müşahidə peykinin xüsusi rolu var.
Bu məqamda xüsusilə vurğulanmalı məqamlardan biri isə 2019-cu il oktyabırın 25-də ABŞ-dan aldığımız xəbər idi. Həmin gün Vaşinqton şəhərində Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilər zamanı Bakı şəhəri 2022-ci ildə keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə ev -- sahibliyi etmək hüququnu qazanıb. Xatırladaq ki, həmin mötəbər tədbirə ev-- sahibliyi etməyə namizəd olan şəhərlər arasında Sinqapur, Rio-de-Janeyro və Nyu Dehli şəhərləri də var idi.
Dünyanın bütün ölkələrinin mətbuat vasitələrinin yaydığı məlumatda deyilirdi ki, 68 ölkəni təmsil edən 398 təşkilatın üzv olduğu federasiya kosmik sahədə fəaliyyət göstərən ən mötəbər beynəlxalq təşkilatdır. 1950-ci ildən bəri fərqli ölkələrdə keçirilən Beynəlxalq Astronavtika Konqresi təşkilatın əsas tədbiridir. Bu konqres dünyanın kosmik sahədə aparıcı agentlikləri, elm mərkəzləri və beynəlxalq təşkilatlarının rəhbərləri, eləcə də məşhur alimlər, özəl sektordan olan yüksək səviyyəli peşəkarlar, gənc tədqiqatçılar və tələbələr də daxil olmaqla, dünya kosmos ictimaiyyətinin 6000-dən çox nümayəndəsini bir araya gətirən qlobal platformadır. Konqres zamanı iştirakçılar kosmos sahəsinə aid aktual trendləri və ən son innovasiyaları izləmək fürsəti əldə edirlər.
Əvvəllər də qeyd etdiyimiz kimi, həmin beynəlxalq tədbirin bizim ölkəmizdə keçirilməsi barədə qərar qəbul edilərkən, Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə kosmik sənayenin inkişafına göstərdiyi xüsusi diqqət və qayğı, kosmosla bağlı olan proseslərə verdiyi dəstək xüsusilə nəzərə alınmışdı.
Beynəlxalq ekspertlərin, xüsusilə kosmik tədqiqatla məşğul olan mütəxəssislərin fikrincə, bu tədbirin Azərbaycanda keçirilməsinin daha bir səbəbi və tarixi var. Belə ki, Beynəlxalq Astronavtika Konqresi ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 7-13 oktyabr 1973-cü il tarixlərində keçmiş Sovet İttifaqında yalnız bir dəfə və məhz Bakı şəhərində keçirilib. Həmin tədbirdə dünyanın 17 ölkəsindən gəlmiş 1500-dən çox nümayəndə, eləcə də kosmonavtlar iştirak edirdilər.
Alimlərimizin fikrincə, Bakıda “Kosmik tədqiqatlar – elm və texnikaya nüfuz” devizi altında keçirilən həmin konqres Azərbaycanın kosmonavtika tarixinin təməlini qoymuşdu. Belə ki, növbəti ilin – 1974-cü ilin avqustunda Bakıda kosmik texnika vasitələrindən istifadə etməklə təbii ehtiyatların tədqiqi üzrə “Kaspi” Elmi Mərkəzi yaradılıb, həmin ilin dekabrında isə Azərbaycan Elmlər Akademiyasının nəzdində “Kosmik cihazqayırma xüsusi konstruktor bürosu”nun fəaliyyəti ilə kosmik tədqiqatların aparılmasına əsaslı start verilib. Sonrakı illər ərzində isə üç minə yaxın azərbaycanlı alim və mühəndisin əməyi nəticəsində ərsəyə gələn avadanlıqlar SSRİ-nin kosmik proqramına xidmət edib, “Salyut 7” və “Soyuz T-11” orbital komplekslərində istifadə olunub.
Xatırladaq ki, Azərbaycanın müasir kosmik sənayesinin inkişafının keyfiyyətcə ikinci mərhələsinə Prezident İlham Əliyevin 2008-ci ilin 4 noyabr tarixində Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında imzaladığı sərəncamı ilə start verilib. 2013-cü ildə “Azerspace-1” telekommunikasiya peyki, 2014-ci ildə “Azersky” Yerin məsafədən müşahidəsi peyki, 2018-ci ildə isə “Azerspace-2” telekommunikasiya peyki orbitə çıxarılıb. Bu gün Azərbaycan özünün peyk layihələri ilə kosmik klubun fəal üzvüdür.
Sonda bir daha xatırladaq ki, gələn il Azərbaycan paytaxtında müstəqillik dövrümüzün ən mühüm beynəlxalq tədbirlərindən biri keçiriləcək. Beynəlxalq Astronavtika Konqresi ölkəmizin tarixi-mədəni ənənələrini, multikultural dəyərlərini və turizm potensialını beynəlxalq aləmdə nümayiş etdirməklə bərabər, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından da böyük əhəmiyyət daşıyacaq.
Şəxsən mən çox arzu edərdim ki, dünyanın Bakıya gələcək astronavt və kosmonavtları, görkəmli kosmos alimləri və ən mötəbər mətbuat vasitələrinin təmsilçiləri azğın və pozğun düşməndən azad etdiyimiz Qarabağdakı viranəlikləri də öz gözləri ilə görsünlər. Doğrudur, onlar səhraya çevrilmiş Qarabağı kosmosdan görüblər, amma l erməni vandallarının “əl işlərini” yerdən də görməklərinin səmərəsi ola bilərdi.
 

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”

13 Aprel 2021 01:01 - SİYASƏT
SİYASƏT
9 May 2021 | 00:42
Elmin və təhsilin hamisi

Köhnə versiyamızdan xəbərləri izlə