Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ağdama səfər edən Türk Şurasının informasiya və media üzrə yüksək vəzifəli rəsmiləri erməni vəhşiliyinə şahid olublar

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirləri, yüksək vəzifəli rəsmiləri işğaldan azad olunmuş Ağdam şəhərinə səfər ediblər. Nümayəndə heyətini Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edib.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının informasiya və media üzrə məsul nazirləri, yüksək vəzifəli rəsmiləri yolboyu Ermənistan ordusunun hərbi istehkamlarının olduğu ərazilərə baxıblar. Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev həmin qurğuların mürəkkəbliyi barədə məlumat verib. Bildirilib ki, üçtərəfli bəyanata uyğun olaraq, Ağdam rayonu noyabrın 20-də Ermənistan ordusundan boşaldılıb. Rayonun ərazisində keçmiş təmas xətti boyunca Ermənistan ordusu tərəfindən yaradılmış mürəkkəb müdafiə istehkamlarının keçilməsi ciddi texnika və insan itkisi olmadan mümkün deyildi. Ancaq Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı və dəmir iradəsi ilə Ermənistan kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur oldu, Ağdam rayonu işğaldan itkisiz azad edildi.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının informasiya və media üzrə məsul nazirləri, yüksək vəzifəli rəsmiləri sonra Ağdam şəhərindəki İmarət qəbiristanlığına gəliblər. Ağdam ziyalısı Zülfü Qasımov məlumat verib ki, burada Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın və xanlıqda müxtəlif illərdə hakimiyyətdə olmuş hökmdarlar - İbrahimxəlil xanın və onun oğlu Mehdiqulu xanın qəbirüstü türbələri, həmçinin Mehdiqulu xanın qızı Xurşidbanu Natəvanın məzarları olub. Qarabağ xanlarının nəslindən olmuş digər görkəmli şəxslər də bu qəbiristanlıqda dəfn edilib. Lakin Ağdam şəhəri işğal olunduqdan sonra Pənahəli xanın buradakı sarayı və qəbiristanlıq erməni vandalizminə məruz qalıb. Erməni vandalları İbrahimxəlil xanın türbəsini və Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvanın qəbirüstü abidəsini də dağıdıblar.
İşğal edilən ərazilərdəki məscidlər, məzarlıqlar kimi Pənahəli xanın imarəti də ermənilər tərəfindən təhqir edilib. Tövlə kimi istifadə edilən xan sarayında inək və donuz saxlanılıb.
Diqqətə çatdırılıb ki, Ağdamda məhv edilən idman infrastrukturundan biri də bu ərazidə yerləşən rayonun “Qarabağ” futbol klubunun meydançası olan “İmarət” stadionudur. Vaxtilə stadionda restoran və futbolçuların bazası da vardı. Yaxınlıqda isə Xurşidbanu Natəvanın heykəli qoyulmuşdu. İndi onlardan əsər-əlamət qalmayıb. Bir çox el şənlikləri, festivallar, eləcə də mədəniyyət və incəsənət xadimlərinin konsertləri məhz “İmarət” stadionunda təşkil edilərdi.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının informasiya və media üzrə məsul nazirləri, yüksək vəzifəli rəsmiləri Ağdam Cümə məscidində ermənilərin törətdikləri vəhşiliyə şəxsən şahid olublar. Onlar ermənilərin müharibə cinayətləri, mədəni, tarixi, dini abidələri məhv etmələri barədə ətraflı məlumatlandırılıb.
Qonaqlara məlumat verilib ki, Ağdam Cümə məscidi 1868-1870-ci illərdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilib. Bu məscid “Qarabağ məscid memarlığı” məktəbinə aiddir. Ermənilər tərəfindən dağıntılara məruz qalan Ağdam məscidinin minarələri daxildən sökülüb, tavanı bir neçə yerdən uçurulub, dizayn və yazıları bilərəkdən yararsız, tanınmaz vəziyyətə salınıb.
Bildirilib ki, Ermənistanın işğalına qədər Ağdam nəinki Qarabağ bölgəsinin, eləcə də respublikanın ən böyük, inkişaf etmiş şəhərlərindən idi. İşğala qədər Ağdam rayonunda 153 min, Ağdam şəhərində isə 42 mindən çox sakin yaşayırdı. Rayonda 17 sənaye müəssisəsi fəaliyyət göstərirdi. Ermənilər işğal etdikləri Ağdam şəhərində və rayonun kəndlərində yaşayış evlərini, ictimai binaları, məktəbləri, uşaq bağçalarını, xəstəxanaları, istehsal müəssisələrini talan edib, dağıdıb və yandırıblar.
Diqqətə çatdırılıb ki, Birinci Qarabağ müharibəsi zamanı Ağdam uğrunda gedən döyüşlərdə altı min nəfərdən çox şəhid olub. Şəhidlər Ağdamdakı üç Şəhidlər xiyabanında dəfn edilib. Erməni vandalları Şəhidlər xiyabanlarını, qəbiristanlıqları da dağıdıblar.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının informasiya və media üzrə məsul nazirləri, yüksək vəzifəli rəsmiləri Ağdam şəhərində mehmanxananın, dram teatrın, rayon icra hakimiyyətinin, bankın binalarının qalıqlarına baxıb, ermənilərin törətdikləri müharibə cinayətlərinin nəticələrini gözləri ilə görüblər.
 

AZƏRTAC

13 Aprel 2021 00:21 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə