Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qarabağda məcburi köçkün vətəndaşlarımız üçün layiqli həyat şəraiti təmin ediləcək

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası bu gün ölkə qarşısında duran ən önəmli vəzifədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də son vaxtlar istər həmin ərazilərə səfərləri, istərsə də keçirdiyi qəbullar zamanı bu barədə ətraflı söhbət açır, bərpa prosesinin ardıcıllıqla həyata keçiriləcəyini, məcburi köçkün vətəndaşlarımızın layiqli şəkildə öz yurd-yuvalarına qaytarılacağını bəyan edir.

 

Dövlət başçısı bu günlərdə BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti Volkan Bozkırı qəbul edərkən də bu məsələyə toxunaraq bildirib ki, Dağlıq Qarabağ münaqişəsi artıq həll olunub. Bu problemi Azərbaycan özü həll edib, 30 ilə yaxın müddətdə kağız üzərində qalmış BMT qətnamələrini yerinə yetirib. İndi isə yeni dövr başlayıb – quruculuq dövrü, bərpa dövrü. Artıq bu işlərə start verilib və bu istiqamətdə BMT-nin bütün qurumları ilə, o cümlədən UNESCO ilə sıx əlaqə saxlanılır.
Prezident İlham Əliyev deyib: “Əslində, biz münaqişə dövründə dəfələrlə UNESCO-ya müraciət etmişdik ki, işğal altındakı bölgələrə faktaraşdırıcı missiya göndərsin. Çünki oradakı tarixi, dini, mədəni abidələrimiz ermənilər tərəfindən dağıdılmışdır və biz istəyirdik ki, beynəlxalq təşkilatlar, o cümlədən, bu məsələ ilə bilavasitə məşğul olan UNESCO gəlsin və bunu təsdiq etsin. Əfsuslar olsun münaqişə dövründə bu təklifimiz cavabsız qalmışdır, ancaq münaqişədən sonra indi missiyanın göndərilməsi gözlənilir. Biz bunu alqışlayırıq. Çünki azad edilmiş torpaqlarda erməni vəhşiliyi, vandallığı göz qabağındadır. Nə qədər çox beynəlxalq təşkilatlar bunu öz gözləri ilə görsələr, münaqişə ilə bağlı, Ermənistanın işğalı ilə bağlı dünya birliyində təsəvvür o qədər geniş olar”.
Azərbaycan Prezidenti martın 14-də İsveçin Xarici İşlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri xanım Ann Lindenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən də bildirmişdi ki, Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub və gələcəyə baxmaq lazımdır. Azərbaycan artıq işğaldan azad edilmiş ərazilərin bərpasına başlayıb. Yenidənqurma proqramı həyata keçirilir. Bu istiqamətdə çox iş görülməlidir. Çünki işğaldan azad edilmiş ərazilərdə hər şey – şəhərlər, kəndlər, mədəni abidələr, bütün infrastruktur dağıdılıb. Ona görə də işlərin miqyası böyük olacaq. Tamamilə dağıdılmış ərazi 10 min kvadratkilometrdən çoxdur. Bu ərazilərin bərpası böyük səylər və təbii ki, vəsait tələb edir.
Dövlət başçısının sözlərinə görə, Ermənistanla Azərbaycan arasında kommunikasiyaların açılması ilə bağlı danışıqlar prosesinə başlanılıb. Məhz bu məsələ müharibə səhifəsini tamamilə bağlamaq və onu tarixdə qoymaq üçün başlanğıc nöqtəsi ola bilər. Çünki kommunikasiyaların açılması bütün region ölkələrinin xeyrinə olacaq, regional əməkdaşlığa dinamika gətirməklə yeni imkanlar yaradacaq. Bu, bir çox başqa sahələrdə potensial əməkdaşlığa gətirib çıxara bilər.
Azərbaycan lideri Avropa Yenidənqurma və İnkişaf Bankının yeni prezidenti xanım Odil Reno-Bassonun və bankın rəhbərliyinin digər nümayəndələrinin videoformatda qəbulu zamanı da bəyan etmişdi ki, hazırda bizim əsas məqsədimiz işğaldan azad edilmiş ərazilərin bərpasıdır. Azərbaycan doğma torpaqlarına qayıtmağı gözləyən insanlar üçün layiqli həyat şəraitini təmin etməlidir. Buna görə də artıq işlərə başlanılıb. Beynəlxalq hava limanı, avtomagistrallar tikilir, dəmir yolu xətləri inşa edilir. Bu ilin sonuna kimi bütün Qarabağ ərazisi üçün enerji təchizatını 100 faiz tamamlamaq nəzərdə tutulur.
Onun sözlərinə görə, işğaldan azad olunmuş torpaqlar “yaşıl enerji” zonası elan edilib. Əsasən bərpa olunan enerji mənbələrindən, su, Günəş və külək mənbələrindən istifadə ediləcək. Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda bu investisiya layihələrinin maliyyələşdirməsində iştirak edir. Eyni təcrübə azad edilmiş ərazilərdə də tətbiq oluna bilər. Çünki bərpa olunan enerji mənbələri baxımından orada böyük potensial var.
İnanırıq ki, Azərbaycan Prezidentinin bu istiqamətdə səyləri müsbət nəticə verəcək, beynəlxalq təşkilatların bu məsələdə Azərbaycana dəstək verməsi işlərin daha tez yekunlaşmasına kömək edə bilərdi.
 

Cavanşir PAŞAZADƏ,
Milli Məclisin deputatı

13 Aprel 2021 00:15 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə