Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ordu quruculuğunun təməlində düşünülmüş siyasət dayanır

Siyasi, iqtisadi, hərbi, mənəvi istiqamətlərdə, gənc nəslin tərbiyə edilməsi istiqamətində məqsədyönlü siyasət aparılırdı və elə gənc nəsil yetişdi ki, canını fəda etdi torpaq uğrunda. Elə gənc nəsil yetişdi ki, öz qanı-canı bahasına torpağımızı düşmənin əlindən aldı. Müharibədə bütün nəsillərin nümayəndələri iştirak ediblər, qəhrəmanlıq göstəriblər. Amma hər kəs bilməlidir ki, əsas missiyanı mənim prezidentlik dövrümdə yetişən gənclər yerinə yetiriblər, 2003-cü ildə uşaq olan gənclər yerinə yetiriblər.
 

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

 

Bizə ordu gərək idi! Ötən əsrin 90-cı illərində yenicə müstəqillik qazanmış Azərbaycanda vahid nizami ordunun olmaması, hakimiyyət uğrunda gedən əsassız çəkişmələr torpaqlarımızın işğalı ilə nəticələndi. Fürsətdən istifadə edən xain ermənilər keçmiş SSRİ-dən qalma hərbi texnika və birləşmələrin fəal dəstəyi ilə lidersiz Azərbaycana qarşı elan edilmədən, terror xarakteri daşıyan müharibəyə başladı. Respublikamızın beynəlxalq aləmdə tanınan, hüquqi torpaqları olan Dağlıq Qarabağı və ətraf rayonlarını işğal edən ermənilər burada misli görünməmiş insanlıq cinayətləri törətdilər. Bütün bunların ardından ölkədə çaxnaşma yarandı. Respublikada digər sahələrdə olduğu kimi, ordu quruculuğunda da xaos hökm sürürdü. Kəskin fikir ayrılıqlarının vətəndaş müharibəsinə çevrilmə ehtimalı var idi. Bu çətin günlərdə Azərbaycanın cəsarətli, aydın oğulları başa düşürdülər ki, belə davam edərsə, ölkə yeni qazandığı müstəqilliyini itirə bilər. Xalq çıxış yolunu Heydər Əliyevin hakimiyyətə qayıtmasında görürdü. Azərbaycanda ordu quruculuğunun təməli məhz belə gərgin siyasi dövrdə qoyulmuşdur.

 

Ümummilli lider Heydər Əliyev başqa sahələrdə olduğu kimi, nizami ordunun qurulması üçün də islahatlar həyata keçirdi. Ulu öndər bilirdi ki, torpaqlarının 20 faizi işğal altında olan Azərbaycana hər şeydən öncə, güclü ordu lazımdır. Heydər Əliyev ordumuzun tez-tez genişmiqyaslı təlimlərdə iştirak etməsinə, əsgərlərin döyüş vərdişlərinin artırılmasına xüsusi diqqət yetirirdi. Ulu öndər deyirdi: “Bizim ordumuz, Silahlı Qüvvələrimiz torpaqlarımıza hücum edənlərin qarşısını almağa hər an, hər saat hazır və layiqli cavab verməyə qadir olmalıdır”. Məhz onun xüsusi diqqət və qayğısı şəxsi heyətin döyüş ruhunun yüksəlməsinə səbəb oldu.
Ümummilli lider hərbi təhsilin inkişaf etdirilməsini də respublikanın prioritet sahələrindən biri kimi qəbul etmişdir. Ulu öndər 1999-cu ildə Hərbi Akademiyanın yaradılması ilə bağlı fərman imzaladı. Onun səyi nəticəsində Azərbaycan Ordusunda yetişən sülhməramlı taborun şəxsi heyəti, Əfqanıstan, İraq və Kosovada sülhün bərqərar olmasında iştirak etdi. Bütün bu faktlar Azərbaycanda ordu quruculuğunun beynəlxalq səviyyədə inkişaf etdiyindən xəbər verirdi.
Bizə ordu gərək idi, hava kimi, su kimi! Hakimiyyətə gəldiyi vaxtdan bu məqamın vacibliyini dərk edən Prezident İlham Əliyev Heydər Əliyevin ordu quruculuğunda qazandığı uğurları davam etdirdi. 2003-cü ildən Azərbaycanın ordu quruculuğunda İlham Əliyev dövrü başlandı. Silahlı Qüvvələrin Ali Baş Komandanı prezidentliyinin ilk günlərindən etibarən bu işə xüsusi diqqət ayırdı. Ölkə başçısı xalqa hər müraciətində ordu quruculuğunun önəmindən bəhs edir, torpaqlarımızın azad olunması üçün ən önəmli faktorun bu olduğunu xatırladırdı.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuzun maddi-texniki bazasının gücləndirilməsi, şəxsi heyətin döyüş və mənəvi hazırlığının yüksəldilməsi, həmçinin, hərbi hissələrdə şəraitin yaxşılaşdırılması üçün mühüm tədbirlər həyata keçirilməyə başlanıldı.
Zaman keçdikcə Azərbaycan iqtisadi və siyasi mənada güclü dövlətlərdən birinə çevrildi. Əlbəttə, bu inkişaf paralel olaraq ordumuzun da güclənməsi demək idi. Ordumuzun şəxsi heyətinin peşəkarlıq və hazırlıq səviyyəsinin artırılması üçün mütəmadi olaraq hərbi təlimlər keçirilir. Prezident İlham Əliyevin tapşırığı ilə ordumuzun maddi-texniki bazasının inkişafı üçün hər il böyük vəsait ayrılır. Hərb sahəsinə ayrılan vəsait, ordumuzun ən müasir hərbi texnologiyalar ilə təchiz olunmasını təmin edir. Ölkə başçısı bu barədə demişdir: “Bundan sonra da ordumuza nə qədər vəsait lazımdırsa, o qədər də ayrılacaqdır. Heç bir məhdudiyyət olmayacaq. Hərbi gücümüz, eyni zamanda, torpaqlarımızın azad olunmasında və ərazi bütövlüyümüzün bərpasında öz rolunu oynayır və oynayacaq”.
Beləliklə, ötən əsrin 90-cı illərinin əvvəllərində bizə ordu gərək idisə, XXI əsrdə Azərbaycanın güclü, əzmli və ən əsası, torpaqlarını işğaldan azad etməyə qadir olan ordusu artıq mövcudluq qazanmışdı.
2016-cı ildəki Aprel döyüşləri bütün dünyaya bu islahatların uğurla həyata keçirildiyini, ordumuzun müasir dövrün tələblərinə uyğun texniki bazaya, yeni nəsil silah və döyüş qurğularına sahib olduğunu sübut etdi. Bütün dünya gördü ki, ordumuzun döyüş əzmi, hazırlığı yüksək səviyyədədir. Ermənistanın atəşkəs rejimini pozaraq, Azərbaycanın ön cəbhədəki mövqelərinə, yaşayış məntəqələrinə intensiv artilleriya zərbələri endirməsi nəticəsində başlayan Aprel döyüşləri, müzəffər ordumuzun adekvat əks-hücumu nəticəsində mütləq zəfər qazanılması ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu.
Prezident İlham Əliyev Aprel döyüşləri ilə bağlı xalqa müraciəti zamanı demişdir: “Biz, sadəcə olaraq, çalışırıq ki, məsələ sülh yolu ilə həll olunsun. Ancaq son illər ərzində aldığımız ən müasir — mən onu bir daha qeyd etmək istəyirəm — dünyanın ən müasir silahları bizə çox böyük imkan yaradır. Aprel döyüşləri zamanı biz sadəcə olaraq, imkanlarımızın cüzi bir faizini nümayiş etdirdik. Bu, bir daha onu göstərir ki, Aprel döyüşləri Ermənistanın təxribatı idi. İndi bəziləri müxtəlif versiyalar, fərziyyələr irəli sürürlər ki, Azərbaycan əməliyyat keçirməyi planlaşdırırdı, o da sonra dayandırıldı və sair. Birincisi, biz nəyi etmək istəmişiksə, onu da etmişik. Əks-hücum əməliyyatında qarşımızda hansı hədəflər durmuşdusa, biz o hədəflərə də çatdıq. Bu gün hərbçilər və beynəlxalq mütəxəssislər bilirlər ki, əldə etdiyimiz strateji mövqelər tamamilə vəziyyəti dəyişdirib. Əgər Aprel döyüşləri zamanı genişmiqyaslı əməliyyat keçirmək fikrində idiksə, biz öz hərbi potensialımızdan istifadə edərdik. Bunlar sirr deyil. Burada hər şey beynəlxalq monitorinq altındadır. Bilirlər ki, bizim uzaqmənzilli raketlərimizin, pilotsuz döyüş aparatlarımızın gücü nədən ibarətdir. Biz onlardan, demək olar ki, istifadə etmədik. Amma əgər istifadə etsək, işğal olunmuş torpaqlarda düşmənin daşı-daş üstdə qalmayacaq. Bunu onlar bilsinlər və özünü növbəti dəfə biabır edən Ermənistanın siyasi rəhbərliyi danışığına fikir versin və bizim səbrimizlə oynamasın”.
Düşmənin daşı-daş üstdə qalmadı! Aprel döyüşlərinin nəticələrindən nəticə çıxarmayan mənfur düşmən 2020-ci il sentyabrın 27-də cəbhə bölgəsində yenə təxribatlar törətdi. Ordumuz bu təxribatlara cavab olaraq əks-hücum əməliyyatına başladı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan əks-hücum əməliyyatları Azərbaycan xalqının 30 ilə yaxın gözlədiyi Vətən müharibəsi idi. Torpaqların işğal olunması ilə başlayan həsrət əsgərlərimizin addım-addım irəliləməsi ilə insanların gözlərindən çəkilirdi. Şanlı Ordumuz ay yarım ərzində işğal altındakı torpaqlarımızı düşməndən azad etdi. Ermənistan, ağır məğlubiyyətlə barışmalı oldu. Düşmən geri qalan rayonlarımızı sülh yolu ilə qaytarmağa məcbur edildi. Bu, həm də hərbi kapitulyasiya idi.
Beləliklə, tarixi Zəfər qazanan müzəffər ordumuz bütün dünyaya sübut etdi ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayıb. Dövlətimiz bu müddət ərzində ordu quruculuğunu dövlət islahatlarında prioritet olaraq saxlayır. Prezident İlham Əliyev bu məqamı xüsusi vurğulayaraq deyib: “Bizim ordumuzun son illər ərzində uğurlu inkişafı göz qabağındadır. Bunu Azərbaycan xalqı bilir, görür. Dünyada orduların reytinqlərini tərtib edən sanballı qurumlar da bunu qeyd edirlər. Bu gün Azərbaycan Ordusu dünyada 50 ən güclü ordu sırasındadır. Biz bunu yorulmaz fəaliyyət nəticəsində əldə etmişik. Çünki mənim prezident kimi fəaliyyətimdə ordu quruculuğu birinci yerdədir”.
Qazandığımız Zəfər xalqın həsrətinə son verməklə yanaşı, həm də XXI əsr hərb tarixinə Azərbaycanın Ermənistan üzərində qazandığı böyük qələbə kimi həkk olundu. Ölkə başçısının dediyi kimi, bu gün bir çox inkişaf etmiş ölkədə bizim təcrübəmiz öyrənilir. Bu məsələ ilə məşğul olan bir çox ekspert qeyd edir ki, Azərbaycan XXI əsrin müharibəsini aparıb. XXI əsrdə ilk dəfə olaraq, bu miqyasda və bu səmərə ilə qısa müddət ərzində tarixi nailiyyətlər əldə edilib. Biz texniki cəhətdən ən müasir silahlarla təchiz edilmişik. İkinci Qarabağ müharibəsi bunu hər kəsə sübut etdi.
Bu, haqqın qələbəsi idi. Bizim işimiz haqq işi idi və biz bu haqq işində heç vaxt geri addım atmadıq. Və öz hüquqi torpaqlarımızı düşməndən geri aldıq. Prezident İlham Əliyevin dediyi kimi: “Azərbaycan indi o dövlət deyil ki, onun maraqlarını kimsə kənara qoya bilər”.
 

İmran ƏLİYEV,
“Xalq qəzeti”

13 Aprel 2021 00:06 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə