Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə ABŞ hərbi gəmilərinin Qara dənizdə yerləşəcəyini bildirib

Rəsmi Ankara xəbər verib ki, Rusiyanın Ukraynanın şərqində hərbi qüvvələrini topladığına görə, ABŞ iki hərbi gəmisinin Qara dənizdə yerləşdirilməsi məqsədi ilə Türkiyəyə boğazlardan keçəcəyi barədə müraciət edib. Bu barədə “Amerikanın səsi” radiosu məlumat yayıb. 

 

Qeyd olunur ki, son günlər Donbasda Ukrayna qoşunları ilə Rusiyanın dəstəklədiyi separatçılar arasında qarşıdurma yenidən qızışıb. Almaniya hökuməti Rusiyadan qoşunlarını geri çəkməsini istəyib. Moskva isə Kiyevi təxribatda günahlandırır.

Türkiyənin Xarici İşlər Nazirliyi bildirib ki, 15 gün əvvəl ABŞ-ın iki hərbi gəmisinin Montrö sazişinə uyğun olaraq Qara dənizə keçəcəyi barədə diplomatik kanallar vasitəsilə Ankaraya bildiriş göndərib. Gəmilər bu il 4 may tarixinə qədər Qara dənizdə qalacaq.

Xatırladaq ki, Montrö sazişi Türkiyənin Bosfor və Çanaqqala boğazları üzərində nəzarətini təmin edir, dənizə hərbi gəmilərinin girişini məhdudlaşdırır.

Qeyd edək ki, Kiyev hazırda Rusiya hərbi qüvvələrinin toplanmasında və cəbhənin təmas xəttində gərginliyin artmasından narahatdır. Rusiya bu hərbi addımlarının müdafiə xarakterli daşıdığını bildirir, eləcə də yüksək səviyyəli Rusiya rəsmisi Moskvanın Ukraynanın şərqində 2014-cü ildə başlayan qarşıdurmaya müdaxilə etmək planının olmadığını deyib. Ukrayna Prezidenti Vladimir Zelenski bu il aprelin 9-da Donbass bölgəsinə səfərinin ikinci günündə şərqdəki liman şəhəri Mariupol yaxınlığında yerləşən hərbi mövqeləri ziyarət edib.

Ukrayna Silahlı Qüvvələrinin başçısı Ruslan Xomçak isə Kiyevin NATO ilə hərbi dialoqunu gücləndirdiyini və ölkəsinin hərbi qüvvələrinin NATO təlimlərində iştirak etdiyini bildirib.

Məsaim ABDULLAYEV, “Xalq qəzeti” 

11 Aprel 2021 01:03 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə