Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kütləvi immunitetin yaranması vaksinasiya ilə mümkün olacaq

Dövlət başçısı İlham Əliyevin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesusa Azərbaycanın COVID - 19 pandemiyasına qarşı qlobal səyləri səfərbər edən ilk ölkələrdən biri olması, eyni zamanda, pandemiya ilə bağlı təcrübəsi və pandemiyanın kəskin fazasının mümkün qədər tez bitməsi üçün görülməsi vacib olan tədbirlərlə bağlı videomüraciətinə qarşı tərəfin müsbət münasibəti ölkəmizdə görülmüş işlərin yüksək dəyərləndirilməsidir. T.Qebreyesus Prezident İlham Əliyevin peyvəndlərə bərabərhüquqlu, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin olunması ilə bağlı BMT-nin İnsan Hüquqları Şurasında göstərdiyi liderliyini alqışlayıb və peyvəndlərin ədalətli şəkildə paylanılması üçün ÜST tərəfindən daha çox iş görülməli olması ilə bağlı fikrini dəstəkləyib.

 

Ölkəmizdə COVID – 19 virusuna qarşı mübarizə, dövlət başçımızın ÜST - ə videomüraciəti, hazırda aparılan vaksinasiya prosesinin gedişinə münasibət bildirməsi üçün “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva ilə söhbətləşdik. Videomüraciətə münasibət bildirən Y. Abdıyeva dedi:
– Azərbaycanın qlobal miqyasda COVID - 19 pandemiyası ilə mübarizəyə verdiyi töhfələrin Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən belə yüksək qiymətləndirilməsi ölkəmizin irəli sürdüyü təşəbbüslərin əhəmiyyətini, dünya üçün vacibliyini bir daha təsdiq edir. Koronavirusla mübarizə bu gün bütün ölkələr üçün prioritetdir. Azərbaycan pandemiyanın yayıldığı ilk günlərdən həm ölkə əhalisinin sağlamlığını qorumaq, həm də beynəlxalq ictimaiyyətin COVID – 19 - la mübarizə tədbirlərinə dəstək vermək üçün mümkün olan bütün zəruri addımları atıb. 2020-ci ilin aprelində Türk Şurasının, həmin ilin may ayında Qoşulmama Hərəkatının zirvə toplantılarının, eləcə də dekabr ayında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının təşkili, Ümumdünya Səhiyyə Təşkilatına göstərilən ianələr Azərbaycanın qlobal əhəmiyyətli problemlərin həllində üzərinə məsuliyyət götürməyə hazır güclü dövlət olduğunu təsdiq edir.
– Dövlət başçısının rəhbərliyi altında Azərbaycanda səhiyyədə həyata keçirilən islahatlar ölkədə müasir standartlara cavab verən tibbi xidmətlər sistemini formalaşdırıb. Bu barədə nə deyə bilərsiniz?
– Həqiqətən belədir. COVID–19-la mübarizədə əldə edilən təcrübə göstərdi ki, Azərbaycanın səhiyyə sistemi ən çətin situasiyalarda belə kifayət qədər effektiv fəaliyyət göstərə bilir. Azərbaycanın dövlət idarəetmə sistemi, müxtəlif təsisatların qəbul etdiyi qərarlar, iqtisadiyyatın qorunması, əhalinin sosial rifahının müdafiəsi istiqamətində görülən tədbirlər bir daha göstərdi ki, ölkəmizdə böhranlı situasiyalarda adekvat davranış nümunəsi ortaya qoya bilən idarəçilik sistemi qurulub. Bu məsələdə bəzi çatışmazlıqların olmasını inkar edə bilmərik. Ancaq əminliklə deyə bilərik ki, boşluqları düzgün təhlil edib qiymətləndirməyə qadir meyarlar sistemi var və ötən dövrün təcrübəsi bu barədə nikbin fikirlər söyləməyə imkan verir. Səhiyyədə islahatlar davam edir. Aprelin 1 – dən icbari tibbi sığortanın bütün ölkə ərazisində tətbiqi insanların həyatında əhəmiyyətli dəyişikliyə səbəb olacaq. Yeni sistemə keçid tibbi xidmətlərin bütün vətəndaşlar üçün əlçatanlığını təmin etməklə bərabər, əhalinin sağlamlığının daha yüksək səviyyədə qorunmasına da imkan yaradacaq.
– Hazırda peyvəndlərin ədalətli şəkildə bölüşdürülməsi məsələsi daha çox müzakirə olunur. Ölkədə aparılan vaksinasiya prosesini necə dəyərləndirirsiniz?
– Azərbaycan dünyada peyvəndlərin bərabər və ədalətli şəkildə paylanması məsələsinə xüsusi həssaslıqla yanaşır. BMT-nin İnsan Hüquqları Şurasında “Koronavirus pandemiyası ilə mübarizədə bütün ölkələrin peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığının təmin edilməsi” adlı qətnamənin qəbul edilməsi bu istiqamətdə əldə olunmuş mühüm nailiyyətlərdən biridir. Peyvəndlərin ədalətli bölgüsü bu gün müzakirə predmetinə çevrilən çox vacib məsələdir. Ümumdünya Sağlamlıq Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin videomüraciətində bu məsələ bir daha xüsusi olaraq vurğulanıb. Azərbaycan bu problemin həllində də kifayət qədər fəallıq göstərir. Bütün bunlar ölkəmizin beynəlxalq nüfuzunu artıran çox önəmli amillərdir. Azərbaycana olan inamı, etimadı daha da yüksəldir. Çünki, ölkəmizin qlobal problemlərin həllində yüksək məsuliyyət nümayiş etdirdiyini göstərir.
Bütün dünya tarix boyu bir çox ağır xəstəliklər və təhlükəli viruslarla qarşılaşıb. Bu gün isə sağlamlığın əsas düşməninə çevrilmiş yeni növ koronavirusla mübarizə aparırıq. Artıq bir ildən çoxdur ki, bəşəriyyətin bəlasına çevrilən infeksiyaya qarşı yeganə mübarizə üsulu olan peyvəndlənmə başlayıb. Azərbaycanda MDB məkanında vaksinasiya ən erkən, yanvarın 18 - dən tətbiq edilir. Pandemiyaya qarşı alternativsiz mübarizə üsulu olan əhalinin peyvəndlənməsi prosesi təkcə paytaxtın xəstəxana və poliklinikalarında deyil, regionlarda da uğurla həyata keçirilir. Şübhəsiz ki, bu iş daha sürətlə və kütləvi şəkildə davam etdirilməlidir, çünki həmin proses əhali arasında geniş vüsət aldıqca yoluxma zamanı xəstələnmə halları və əsasən də ağırlaşmalar az müşahidə ediləcək. İndiyədək ölkəmizdə 1 milyon nəfərdən çox insan peyvənd olunub. İndi mütəxəssislərin və medianın ən başlıca vəzifəsi bu mühüm və taleyüklü məsələ barəsində əhali arasında daha dolğun və hərtərəfli maarifləndirmə və təşviqat işi aparmaq, peyvəndlənmənin üstünlüklərini onlara başa salmaq və normal həyata qayıtmağın bu prosesdən keçdiyini izah etməkdən ibarətdir. İlk növbədə, vaksinlənmədən yayınmağa çalışan və yaxud çəkinən, tərəddüd edən hər kəsə başa salınmalıdır ki, peyvənd vurulması hətta yoluxma zamanı ağırlaşma halları ilə üzləşməyə imkan vermir, fəlakətli və ağır nəticələrdən xilas edir. Ona görə də əhalinin 70-80 faizinin bu prosesə cəlb olunması əvvəlki həyata aparan yeganə xilas rolu oynayır. Nə qədər ki, bu prosesdən kənarda qalanlar olacaq, onda yoluxma da, xəstələnmə halları da davam edəcək, virus daşıyıcıları da olacaq və deməli, hələ infeksiya təhlükəsindən asılı qalan insan həyatı da olacaq. İndi hər kəsə məsləhətimiz yalnız ondan ibarətdir ki, ilk növbədə, vaksinasiya prosesinə qoşulsunlar, inyeksiya olunduqdan sonra isə arxayınçılığa yol vermədən əvvəlki qaydada qorunma tədbirlərinə əməl etsinlər. Həmin tədbirlərə nə qədər tez və ciddi şəkildə nail ola bilsək, bəşəri təhlükədən də o qədər tez qurtulacağıq. Bir ildən çoxdur ki, yeni növ koronavirus infeksiyası nəticəsində ağırlaşmalar, ölüm halları ən çox eşitdiyimiz, rast gəldiyimiz məlumatlardır. Dünyada 130 milyondan çox insan bu virusa yoluxub ki, onlardan 3 milyona yaxını həyatini itirib. Bunlar böyük rəqəmlərdir. Bu bəladan qurtulmaq və normal həyata qayıtmağımız üçün kütləvi immunitetin yaranması labüddür. Onun qısa müddətdə formalaşması yalnız vaksinasiya vasitəsilə mümkündür. Ölkəmizdə Çinin “Sinovac” şirkətinin “CoronaVac” vaksinindən istifadə olunur. Aprelin 4 - dən isə COVAX platforması vasitəsilə Böyük Britaniya və İsveçin birgə hazırladığı “AstraZeneca” vaksini ölkəmizə gətirilib. Bundan başqa, “Sputnic V”, “Biontech/Pfizer”, “Moderna” vaksinlərinin də Azərbaycana gətirilməsi planlaşdırılır.
– Siz də elə düşünmürsünüzmü ki, adət etmədiyimiz bu həyat şəraiti artıq hamını yorub, hər kəs əvvəlki normal həyata qayıtmaq arzusu ilə yaşayır?
– Bu məsələ hamımız üçün ağrılı mövzudur. Hər birimiz məhdudiyyətlərdən, sərt karantin tədbirlərindən həqiqətən həddən artıq yorulmuşuq və tezliklə normal həyatımıza dönmək istəyirik. Amma başqa əlac yoxdur. COVID – 19 - la mübarizədə qısa müddətdə nəticə əldə edilməsi üçün kütləvi immunitetin yaradılması vacibdir. Bu da əhalinin böyük hissəsinin, yəni, 70 - 80 faiz və daha yuxarı bir hissənin vaksinasiyası ilə əldə oluna bilər. Peyvənd, onun zərəri və fəsadları ilə bağlı suallarla tez-tez rastlaşırıq. Bildiyimiz kimi COVID - 19 infeksiyası nəticəsində törənən xəstəlik yenidir. Vaksinlər də qısa müddətdə hazırlanıb. Əlbəttə, digər vaksinlərin istifadəsində olduğu kimi koronavirus peyvəndinin də yan təsirləri mövcuddur. Lakin yoluxma saylarını, ağırlaşmış xəstələr, xəstəxanalarda çarpayıların dolmasını, xəstənin ev şəraitində müalicəsinin həm maddi, həm də fiziki cəhətdən çətinliklər yaratdığını nəzərə alaraq, bu qlobal bəladan yeganə qurtuluş yolunu vaksinasiyada görürük. Doğrudur, vaksinasiyadan sonra da yoluxma və xəstələnmə halları mümkündür. Lakin belə halda xəstəlik ya heç hiss olunmur, ya da çox yüngül keçir. Xəstəxanada yatmağa, müalicə almağa ehtiyac olmur və xəstəlikdən ölüm halları qeydə alınmır. Bu da kütləvi vaksinasiyanın bizə nə qədər lazım və vacib olduğunu nümayiş etdirir.
– Vaksinin keyfiyyətinə və müsbət təsirinə şübhə ilə yanaşanlar da var...
– Təəssüf ki, bütün cəmiyyətlərdə olduğu kimi ölkəmizdə də vaksinasiyanın əleyhinə olan insanlar az deyil. Onlar neqativ, əsası olmayan, qorxulu fikirlər yayaraq insanları vaksinasiyadan yayındırmağa çalışırlar. Lakin ətrafımıza nəzər salmaq, ağır xəstələnənləri, koronavirus səbəbindən dünyasını dəyişənləri düşünmək kifayət edir ki, peyvəndləmənin nə qədər vacib olduğunu anlayaq. Bəladan qurtarmağın yeganə yolu əhali arasında kütləvi immunitetin yaranmasıdır ki, bu da ancaq peyvənd vurulması ilə əldə ediləcək. Vaksinasiyanın önəmi üçün maarifləndirmə tədbirlərinin gücləndirilməsinin tərəfdarıyam. Əhalini isə dezinformasiyalara inanmamağa, peyvəndləmə prosesində aktiv iştiraka səsləyirəm.
 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

11 Aprel 2021 02:38 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə