Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Daha bir Milli Qəhrəman haqqında sənədli film

2020-ci il bizim üçün təkcə 44 günlük müharibədə qazandığımız şanlı Qələbə ilə yadda qalmadı. Həmin il, eyni zamanda, ordu quruculuğunda, şəhid ailələrinin, Qarabağ əlillərinin, qaçqın və köçkünlərin problemlərinin həllində, eləcə də, canını Vətən yolunda fəda etmiş soydaşlarımızın xatirəsinin əbədiləşdirilməsində kifayət qədər uğurlu layihələr reallaşdırılmışdır.

 

Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsinin şəhidi Fərhad Qəmbər oğlu Hümbətov haqqında çəkilmiş “Vətənin sipəri, mərdin təpəri” adlı qısametrajlı sənədli film də belə layihələrdəndir. Filmin ssenari müəllifi, milli qəhrəmanlarımız və şəhidlərimiz haqqında çoxsaylı sənədli filmlərin ərsəyə gəlməsi üçün uzun illər, yorulmadan çalışan Əməkdar mədəniyyət işçisi, yazıçı-publisist Rəfiqə Məsud bu ekran əsəri haqqında danışarkən, öncə mərhum Xalq yazıçısı İsmayıl Şıxlının bir deyimini yada saldı: “Biz gərək xalqın gözəl övladları ilə bağlı xatirələrimizi qəbirə aparmayaq, onları yeni nəslə çatdıra bilək”.
Rəfiqə xanım bildirdi ki, “Salnaməfilm” studiyasında ərsəyə gələn bu film (rejissor Elşən Zeynallı, operator Rüfət Süleymanovdur) ermənilər tərəfindən öz ata-baba yurdundan didərgin salınmış bir nəslin nümayəndəsi, 20 Yanvar qırğını zamanı möcüzə nəticəsində ölümdən qurtarmış, Birinci Qarabağ müharibəsinin ən ağır döyüşlərində iştirak edərək 24 yaşında şəhid olmuş bir gənc haqındadır.
Haqqında film çəkilən Fərhad Hümbətov 1968-ci il sentyabrın 10-da Qərbi Azərbaycanın Qarakilsə (Quqark) rayonunun Arçut kəndində anadan olmuşdur. 1983-cü ildə burada orta məktəbin səkkizinci sinfini bitirmiş və Komanlı (Spitak) rayonundakı texniki-peşə məktəbində sürücü-mexanik peşəsinə yiyələnmişdir. Hərbi xidməti əvvəlcə Çitada, sonra isə Monqolustanda keçirən Fərhad 1988-ci ildə İrkutsk şəhərində ordudan tərxis olunmuşdur.
O zaman Hümbətovun valideynləri də digər azərbaycanlılar kimi tez-tez erməni təcavüzünə məruz qalır, təhlükə içərisində yaşayırdılar. O, bütün çətinliklərə baxmayaraq, doğma kəndinə qayıdır, ailəsini Bakıya köçürür. Bakıdakı Məişət Xidməti İdarəsində sürücü kimi əmək fəaliyyətinə başlayır.
Amma Bakıda da onları erməni kabusu sakit buraxmır. Şahidlər danışırlar ki, Fərhad 1990-cı il 20 Yanvar faciəsi zamanı təsadüf nəticəsində sağ qalmışdır. Həmin gecə ağır texnika ilə şəhərə daxil olan Sovet qoşun hissələri heç kimə aman vermədən qarşısına çıxan hər şeyi əzib keçirdi. Fərhad bir az da ləngisəydi, tankın altında qalacaqdı. Bu məqamı heç zaman unutmayan Fərhad həmin qorxunc hadisədən sonra bir tankçı kimi Vətənin keşiyində durmağı qarşısına məqsəd qoyur və 1991-ci ilin oktyabr ayında – Azərbaycanın öz dövlət müstəqilliyini elan etdiyi günlərdə cəbhəyə gedir. Könüllülərdən ibarət Şıx batalyonunun sıralarında döyüşə atılaraq, bir neçə kəndin azad olunmasında böyük şücaət göstərir.
Filmdə göstərildiyi kimi, Fərhadın döyüş yolu çox çətin olmuşdur. O, 1992-ci ilin martında Şuşa, Kosalar, Xankəndi istiqamətlərində uğurlu döyüş yolu keçmiş və düşmənin 5 postunu dağıtmışdır. Fərhad 1992-ci il aprelin 3-də Xankəndi yaxınlığında sayca üstün olan erməni silahlıları ilə döyüşə girmiş, yaralıları xilas edə bilsə də, özü qəhrəmancasına həlak olmuşdur.
Filmin ssenarisindən də göründüyü kimi, Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Hümbətov Fərhad Qənbər oğluna “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilmişdir. Milli Qəhrəmanımız Bakıdakı Şəhidlər xiyabanında uyuyur. Binəqədi rayonunda isə qəhrəmanımızın adına park salınmış, büstü qoyulmuşdur.
Rəfiqə Məsud əlavə edir: -- Belə bir deyim var: “Ölümsüzlüyə, əbədiyyətə qovuşanların yolu haqq qapısından başlayır. Bu yol, tarixin qan yaddaşında yaşayan qeyrət, amal, şəhidlik yoludur”.
Vətənin azadlığı uğrunda varlığını fəda edib Tanrı dərgahına ucalan ər oğullar, qoy bu gün ruhunuz şad olsun! Çünki bizim əsgərlərimiz erməni ordusunu darmadağın edib, bizim dövlətimiz Ermənistan dövlətini təslim aktı imzalamağa məcbur edib, bizim oğullarımız işğal altındakı torpaqlarımıza sancılmış qanlı erməni bayraqlarınının hamısını rədd edərək, bütün zirvələrdə Azərbaycan Bayrağını ucaldıblar. Biz şanlı Qələbə qazanmışıq!
Bu gün təkcə Fərhad Hümbətovun deyil, bütün şəhidlərimizin ruhu şaddır. Onların əzizləri artıq gördülər və inandılar ki, qisas qiyamətə qalmadı. Çünki, Qarabağ Azərbaycandır!
 

Nərgiz QULAMOVA,
dissertant

11 Aprel 2021 02:17 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə