Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Alim-pedaqoqun uğur düsturu

Qədim romalılara görə, həyatda ciddi uğura nail olmaq üçün əsas şərt öz amal və əməl düsturunu tapmaqdır. Bu düstur çox çalışmağı, öz üzərində işləmyi, məqsədə doğru inamla irəliləməyi, möhkəm iradəli olmağı nəzərdə tutur. Həyatını elmə, təhsilə və ictimai fəaliyyətə həsr etmiş Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov da həyatında belə bir hikməti gerçəkləşdirməklə öz yolunu tapan, arzu və istəyinə qovuşan ziyalılarımızdandır.

 

Şərəfli həyat yolu keçmiş İbrahim
Cəfərov 1956-cı ildə Naxçıvan Muxtar Respublikasında – Şərur rayonunun Düdəngə kəndində anadan olmuşdur. O, 1985-ci ildə S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə bitirmiş, 1985–1988-ci illərdə K.Timirzayev adına Moskva Kənd Təsərrüfatı Akademiyasının fitopatologiya kafedrasının əyani aspiranturasında təhsil almışdır. Elmi tədqiqatlarla ciddi şəkildə məşğul olmağı həyat kredosu seçmiş İbrahim Cəfərov 1989-cu ildə “Naxçıvan Muxtar Respublikasının şəraitində üzüm bitkisinin əsas xəstəliklərinə qarşı mübarizə tədbirlərinin bioloji cəhətdən əsaslandırılması” mövzusunda namizədlik, 2005-ci ildə “Azərbaycanın çəyirdəkli meyvə bitkilərinin mikobiotası” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir. O, 2010-cu ildə professor elmi adını almış, 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilmişdir.
Alim elmi-pedaqoji fəaliyyətinə 1989-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun fitopatologiya və bitkilərin immuniteti kafedrasında asistent kimi başlamış, 1994-cü ildən həmin kafedranın dosenti, 2011-ci ildə professoru seçilmişdir. Özünü bacarıqlı təşkilatçı kimi göstərmiş İbrahim Cəfərov 1993–2002-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının meyvə-tərəvəzçilik və üzümçülük fakültəsinin dekanı, 2009–2013-cü illərdə universitetin tədris işləri üzrə prorektoru vəzifələrində çalışmışdır. Təcrübəli alim-pedaqoq 2013-cü ildən ADAU-nun rektorudur.
AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun fəaliyyəti olduqca çoxşaxəli olmuşdur: tanınmış elm adamı, peşəkar müəllim, təhsil və elm təşkilatçısı, fəal ictimai xadim, vətənpərvər ziyalı... Bu siyahını xeyli uzatmaq da olar. Səriştəli və məqsədyönlü tədqiqatçı kimi elmi fəaliyyəti isə ona böyük nüfuz qazandırmış, apardığı araşdırmaların nəticələri innovativliyi ilə seçilərək istehsalatda geniş tətbiq olunmuşdur.
İbrahim Cəfərov hələ keçən əsrin 80-ci illərinin sonlarında Naxçıvan MR şəraitində üzüm bitkisinin mildyu və oidium kimi əsas xəstəliklərini tədqiq etmiş, onlara qarşı mübarizə tədbirləri sistemini bioloji cəhətdən əsaslandır¬mağa nail olmuş, müxtəlif üsulların kombinasiyasında inteqrir mübarizə üsulunun elementlərini işləmişdir. 1990-cı ildən başlayaraq, alim Azərbaycanda çəyirdəkli meyvə bitkilərinin mikobiota¬sını öyrənmiş, bu bitkilərinin əsas xəstəliklərinin geniş yayılmasına şərait yaradan ekoloji amilləri müəyyən etmişdir. Başlıca xəstəliklərin əsas zərərlilik göstəriciləri aşkarlanmışdır.
Aqrar elm sahəsində bir sıra səmərəli araşdıremaların müəllifi olan İbrahim Cəfərov məhsuldar alimdir. O, 170-dən çox elmi əsərin, o cümlədən 5 dərslik, 3 dərs vəsaiti, fitopatologiya fənninin öyrənilməsinə dair metodik vəsait və çoxsaylı tədris proqramlarının müəllifidir. Onun əsərləri müvafiq ixtisaslı alim və mütəxəssislər, müəllim və tələbələr, kənd təsərrüfatı işçiləri və fermerlər üçün qiymətli mənbə rolunu oynayır.
Ölkədə ali təhsilin həyatın tələbləri ilə üzlaşdırılmasına çalışan təşəbbüskar pedaqoq kimi İbrahim Cəfərov aqrar sahə mütəxəssislərinin və gənc alim kadrların hazırlanmasını da daim diqqət mərkəzində saxlayır. Onun elmi rəhbərliyi ilə 8 fəlsəfə doktoru hazırlanmışdır. Alim-pedaqoq 2008-ci ildən Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitunun nəzdində fəaliyyət göstərən dissertasiya şurasının həmsədri, sədr müavini, 2015-ci ildən Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində fəaliyyət göstərən dissertasiya şurasının sədridir.
AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun təhsil təşkilatçısı, xüsusən də rektor kimi fəaliyyəti də olduqca təqdirəlayiqdir. Onun təşəbbüsü ilə universitetdə yaradılmış və ya yenilənərək kompleksləşdirilmiş, ən müasir avadanlıqlarla təchiz edilmiş aqrokimya, toxumçuluq, qapalı və açıq balıqyetişdirmə, kənd təsərrüfatı maşınlarının intellektual idarəedilməsi laboratoriyaları, quşçuluq, bildirçin və süni mayalanma tədris mərkəzləri, maşın-traktor parkı, qərb regionu üçün xarakterik bitkilərin sahə və toxum kolleksiyaları, təcrübə-təlim əkinləri, seleksiya və heyvandarlıq kompleksləri, bitki və baytarlıq klinikaları, patoloji anatomiya muzeyi-auditoriyası, aqrobiznes inkubasiya mərkəzi tələbələrin hərtərəfli mütəxəssis kimi yetişmələrində, tədqiqat proseslərinə qoşulmalarında, biznes bacarıqlarının üzə çıxarılmasında, mühüm rol oynayır.
Son illərdə universitetin bütün korpusları yüksək sürətli internet şəbəkəsi, auditoriyaları kompüterlər və digər texniki vasitələrlə lazımi səviyyədə təmin edilmişdir. Buradakı otel tipli tələbə yataqxanaları tələbələrin rahat yaşamaları və asudə vaxtlarını maraqlı keçirmələri üçün ideal şəraitə malikdir. Keçmiş SSRİ məkanında çox az ali təhsil müəssisəsi bu cür imkanlarla öyünə bilərdi.
Bitki mühafizəsi sahəsində tanınmış novator-alim və elm təşkilatçısı olan İbrahim Cəfərov universitetdə tədris prosesi ilə yanaşı, burada aparılan elmi-tədqiqat işlərinin keyfiyyətinin yüksəldilməsi, xüsusilə son illərdə dövlətimizin diqqət və qayğısı sayəsində universitetdə yaradılmış tədqiqat mərkəzlərinin imkanlarından səmərəli istifadə edə bilən, hərtərəfli biliklərə yiyələnmiş rəqabətədavamlı mütəxəssis, alim-pedaqoq kadrların hazırlanması məsələsini də daim diqqət mərkəzində saxlayır.
Respublikada aqrar təhsilin və kənd təsərrüfatının inkişafında xidmətləri, elmi və ictimai fəaliyyəti dövlət və xalq tərəfindən yüksək qiymətləndirilən AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və medallarla təltif edilmişdir.
Ölkənin sərhədlərindən kənarda da yaxşı tanınan İbrahim müəllim 2016-cı ildə Qazaxstan Milli Aqrar Universitetinin, 2017-ci ildə Rusiya Federasiyasının Miçurin adına Dövlət Aqrar Universitetinin fəxri professoru, 2018-ci ildə Moldova Dövlət Aqrar Universitetinin fəxri doktoru adlarına layiq görülmüşdür. Bugünlərdə 65 yaşı tamam oln AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov bundan sonrakı həyatında möhkəm cansağlığı, məsul elmi-pedaqoji və ictimai fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırıq.
 

İradə HÜSEYNOVA,
AMEA-nın vitse-prezidenti, akademik

11 Aprel 2021 01:58 - ELM
ELM
11 Aprel 2021 | 01:58
Alim-pedaqoqun uğur düsturu

Köhnə versiyamızdan xəbərləri izlə