Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Naxçıvan dəmir yolu Qafqazın nəqliyyat qovşağı olacaq”

Böyük Britaniyanın “Railfreight” nəşrində çap olunmuş bu başlıqlı məqalədə Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinə son qoymuş, Rusiyanın iştirakı ilə imzalanmış birgə bəyanatdan sonra ölkəmizin unudulmuş Qafqaz dəmir yolu xəttini yenidən canlandırmağı planlaşdırmasından bəhs olunub.

 

Yazıda bildirilib ki, Azərbaycan ərazicə ondan aralı salınmış qərb əyaləti Naxçıvana dəmir yolu xəttini bərpa etmək istəyir. Bu isə həm də Naxçıvandan keçən dəmir yolu xətlərini beynəlxalq Şimal–Cənub nəqliyyat dəhlizinin bir hissəsi kimi görən İran və Türkiyə üçün faydalı
olacaq. Azərbaycanın Naxçıvan bölgəsinə dəmir yolu xətləri SSRİ dövründə –1941-ci ildə çəkilib. 1989-cu ildə Sovet İttifaqının dağılmağa başlaması, Ermənistan və Azərbaycan arasında siyasi gərginliyin ilk əlamətlərinin ortaya çıxması ilə həmin dəmir yolu xətlərindən istifadə dayandırılıb.
Məqalədə daha sonra qeyd edilib ki, Naxçıvan dəmir yolundan bir vaxtlar Sovet İttifaqı ilə İran körfəzi limanları arasında daşımaların həyata keçirilməsi üçün də istifadə olunurdu. Rusiyanı İran körfəzi ilə və hətta Hindistanla əlaqələndirən bu xətt günümüzdə də eyni məqsədə xidmət edəcək. Qarşıdakı işlərə 100 kilometrlik dəmir yolunun yenidən qurulması daxildir.
“Railfreight” nəşri sonda xatırladıb ki, Rusiya bir neçə ay əvvəl Ermənistan və Azərbaycan arasında düşmənçiliyin dayandırılmasında vasitəçilik edib, eyni zamanda, Azərbaycanda dəmir yolunun inkişafına dəstək verən və nəqliyyat layihələrini dəstəkləyən ilk ökələrdən biri olub. İran isə bu ssenaridə birbaşa Transqafqaz dəmir yoluna çıxışını təmin edəcək fürsət görür. Beləliklə, Naxçıvandakı dəmir yolları regional güclər üçün faydalı olacaq, Qafqazda həyati əhəmiyyətli nəqliyyat qovşağına çevriləcək.
 

Hazırladı: R.TAHİR, “Xalq qəzeti”

11 Aprel 2021 01:35 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə