Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qlobal istiləşmə: dünyanı xilas etmək mümkün olacaqmı?

Bəşəriyyəti getdikcə daha çox narahat edən problemlərdən biri də qlobal istiləşmədir. Bu problemə diqqətin artması özünü bir sıra beynəlxalq tədbirlərin, o cümlədən elmi-praktik konfransların keçirilməsində göstərir. İqlim dəyişmələri üzrə hökümətlərarası ekspertlər qrupunun axrıncı qiymətləndirmə hesabatına görə, son 100 ildə Yer kürəsində orta temperatur 0,8 dərəcə artıb. Temperaturun artması isə əsasən antropogen amillərlə bağlıdır. Antropogen amillərin əsasını istilik effekti yaradan qazlar: karbon, metan, azot oksidi, azot-1 oksid və xlor-flor birləşmələri təşkil edir.

 

Kosmik müşahidələr göstərir ki, son bir əsrdə tufanların, çovğunların həm intensivliyi, həm də tezliyi artıb. İsti küləklər, qasırğalar, yağıntılar güclənib. Eyni zamanda, sel, daşqın hadisələrinin də sayı çoxalıb. Müəyyən olunmuşdur ki, temperaturun artması okeanda suyun 1000 metr dərinliyinə qədər hiss olunurdusa, indi 2000 metrə çatır. Bu da isti axınların daha da qızmasına səbəb olur. Yəni bütün bu təbii fəlakətlərin artımında əsas amil iqlim dəyişmələridir.
Ölkəmiz də qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmamış, son bir əsrdə Azərbaycan ərazisində orta illik temperatur xeyli artmışdır. Temperatur artımı regionlardan asılı olaraq qeyri-bərabər paylanır. Azərbaycan ərazisində kiçik dağ çaylarında sel və daşqınların sayı və gücü, yer sürüşmələri, vulkanların aktivləşməsi prosesləri narahatlıq doğuran amillərdir.
Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına 1995-ci ildə qoşulmuşdur. Azərbaycan Respublikası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına əlavə olan Paris Sazişini 22 aprel 2016-cı ildə imzalamış və həmin ilin oktyabr ayında ratifikasiya etmişdir.
Həmin sənəddə qlobal iqlim dəyişmələrinin qarşısının alınması təşəbbüslərinə töhfə olaraq, 1990-cı baza ili ilə müqayisədə 2030-cu ilə istilik effekti yaradan qazların emissiyalarının səviyyəsində 35 faiz azalma hədəf kimi götürülmüşdür. BMT-nin hesabatında göstərilir ki, son 150 ildə dünyada temperatur 1 dərəcə yüksəlmişdir. Ekspertlərin ehtimallarına görə, əgər Yer kürəsində temperatur bu sürətlə qalxmaqda davam etsə, 2050-ci ilə qədər hərarət 2-2,5 dərəcə, 2100-cü ilə qədər isə 6 dərəcəyə qədər yüksələ bilər.
Bəli, iqlim dəyişmələri bugünkü insan nəslinin qarşısında duran ən ciddi problemdir. Qlobal istiləşmə insanlığın varlığı üçün real təhlükəyə çevrilməkdədir.
1997-ci ilin dekabrında Yaponiyanın Kioto şəhərində BMT-nin İqlim Dəyişməsi üzrə üçüncü konfransı keçirilmişdir. Orada dünyanın 171 ölkəsinin dövlət nümayəndələri iqlimin istiləşməsinə təsir edən karbon qazının atılmasının azaldılması üzrə saziş (Kioto protokolu) imzalayıblar və 2007-ci ildə qüvvəyə minib. Bu sazişə görə, dünyanın sənaye cəhətdən güclü inkişaf etmiş 38 ölkəsi atmosferə karbon qazı atılmasını əhəmiyyətli dərəcədə azaltmaq barədə qərar qəbul etdi. 2000-ci ilin noyabrında Hollandiyanın Haaqa şəhərində BMT və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təşkil olunmuş iqlim üzrə konfransda istixana effekti probleminə baxıldı. Burada göstərildi ki, karbon qazının atmosferdə miqdarı artmaqda davam edərsə, temperaturun yüksəlməsi nəticəsində 100 ildən sonra qlobal fəlakət baş verəcəkdir.
Alimlərin fikrincə, iqlim dəyişikliyi hər zaman olub. Məsələn, tarixin müəyyən dönəmində böyük buzlaşma dövrü, sonra istiləşmə dövrü olub. XVII- XVIII əsrlərdə isə kiçik buzlaşma dövrü olub. Amma o vaxt, təbii ki, Yer səthində də vəziyyət başqa idi. Yaşıl kütlə daha çox idi ki, bu da karbon və digər istilik yaradan qazları müəyyən normada saxlayırdı və enerci balansı pozulmurdu. İstilik var idi, amma Yerə düşən və Yerdən qalxan enerci bərabər idi. İndi istiləşmə dövrünü yaşayırıq. Günəşin aktiv fazasıdır. İstiləşmə dövrü son 20-30 ildir ki, davam edir, sürət artır. Nə qədər davam edəcəyini isə alimlər müxtəlif cür izah edirlər. Hətta bəziləri deyirlər ki, qarşıda bizi buzlaşma dövrü gözləyir. Burada alimlərin çoxu tərəfindən qəbul olunan rəsmi sənədlərə əsaslanmaq lazımdır. Hələlik, bu sahədə tam aydınlıq yoxdur. 10 il sonra necə olacağını demək çətindir. Elm hələ o dərəcədə inkişaf etməyib ki, bu suala tam cavab versin.
Ancaq tədricən məlum olur ki, bir çox həyəcanlı proqnozlar özünü doğrultmur. Ümumilikdə, son vaxtlar alimlər 1960-1970-ci illərdə söylənmiş maksimalist fikirlərdən getdikcə uzaqlaşırlar. Belə hesab olunur ki, qlobal istiləşmə və okean səviyyəsinin artması təhlükəsi, həmçinin istixana effektinin həcmi xeyli şişirdilmişdir. Əksinə, fotosintezin intensivləşməsi hesabına kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artması ilə əlaqədar müsbət nəticələrin də olacağı gözlənilir..
İngiltərənin “EDDI” Mərkəzi dünyanın iqlim dəyişməsi üzrə xəritəsini hazırlayıb. Orada əgər temperatur 2 dərəcə artarsa harada nələrin baş verəcəyi əks olunub. Xəritədə əsas təhlükəli ərazilər kimi Qərbi Avropa, Hind-Çin yarımadası, Cənubi Afrika və Cənubi Amerika, Şimali Amerikanın sahil zonaları, ada əraziləri və Avstraliya göstərilib. Qafqaz zonası, eləcə də Azərbaycan ərazisində heç nə göstərilməyib. Yəni bizdə o təsirlər ən minimal səviyyədə olmalıdır. Əsasən ada dövlətləri su altında qala bilər, sahil zonalarında tufanlar daha kəskin xarakter almağa başlayıb və təhlükə qarşısındadır. Həmçinin seysmik zonaları da təhlükə gözləyir.
Nəhayət, alimlər bu gün də o fikirdədirlər ki, əvvəllər insanların ətraf mühitə təsiri indiki qədər olmayıb və ona görə də təbiət özü-özünü tənzimləyə bilirdi. İndi isə, sadəcə olaraq, təbiət özünü tənzimləyib normaya sala bilmir. Bunu yenidən bərpa etmək üçün insanlar təbiətə təzyiqi azaltmalıdırlar.
 

  M.MÜKƏRRƏMOĞLU,
  “Xalq qəzeti”

11 Aprel 2021 01:28 - EKOLOGİYA
EKOLOGİYA
4 May 2021 | 17:24
Sabahın HAVA PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə