Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İnsanın təfəkkürlə yeni dialoqu: Zadə məntiqi

Lütfi Zadə dünya miqyasında əsərlərinə ən çox istinad olunan alimlərdəndir. Onun yaratdığı elmi məktəb və laboratoriyalar bir sıra ölkələrdə yarım əsrdən artıqdır ki, uğurla fəaliyyət göstərməkdədir. Azərbaycanlı olduğunu fəxrlə bildirən və ürəyi daim doğma Vətəni ilə bir döyünən Lütfi Zadə elm və texnologiyaların inkişafında, eləcə də mədəniyyətlərarası dialoqun qurulmasında misilsiz xidmətlərinə görə Azərbaycan Respublikasının ali mükafatlarından olan “Dostluq” ordeninə layiq görülmüşdür.


Görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 25 yanvar 2021-ci il tarixli sərəncamından

 

Dünya mədəniyyəti xəzinəsinə bir sıra fundamental kəşflər bəxş etmiş, özünün heyrətamiz yenilikləri və düşündürücü ideyaları ilə müasirlərinin təfəkkür tərzinə və intellektual dünyagörüşünə ciddi təsir göstərmiş Lütfi Zadə yaradıcılığının mahiyyətini anlamaq və onun ictimai şüura təsirinin yeni impuls və istiqamətlərini obyektiv dəyərləndirmək üçün həmin kəşflərin real məzmunu ilə yanaşı, fəlsəfi mahiyyətinə də varmaq, onları fəlsəfi təfəkkürün dili ilə səsləndirmək vacibdir.

 

Müasir elmi dairələrdə böyük nüfuz qazanmış bu dahi alim və mütəfəkkirin nəzəri təfəkkürü və onun məntiqi aspektlərini yeni rakursdan işıqlandıran və insan idrakının üfüqlərini Aristotelin ənənəvi, binar məntiqindən xeyli yüksəkliyə qaldıran qeyri – səlis məntiqi XX əsrin fundamental kəşflərindən biri kimi dünya alimləri tərəfindən heyranlıqla qarşılanmaqda və tədqiq edilməkdədir. Təsadüfi deyildir ki, bu nəzəriyyə hazırda Yaponiyada, Almaniyada, ABŞ-da, Rusiyada, Çində, Türkiyədə, Fransada vaxtaşırı keçirilən simpoziumların, konfransların, elmi seminarların geniş müzakirə obyektinə, dialoq predmetinə çevrilərək mənimsənilməkdədir. Təkcə bu faktın özü dünya alimlərinin Zadə yaradıcılığına, onun qeyri – səlis məntiq nəzəriyyəsinə verdikləri yüksək dəyərin qabarıq göstəricisidir.
Lütfi Zadənin elmi – nəzəri irsinə maraq istər – istəməz bir sıra suallarla müşayiət olunur: Zadə məntiqinin elmi yenilikləri nədən ibarətdir? Bu nəzəriyyəyə istiqamətlənən idrakı maraq hansı obyektiv və subyektiv səbəblərlə şərtlənir? Zadə nəzəriyyəsinin Aristotelin binar məntiqindən başlıca fərqləri və üstünlükləri məhz nədən ibarətdir? Ehtimal ki, düzgün cavablandırılması mühüm elmi və dünyagörüşü əhəmiyyəti kəsb edən bu suallar hazırda milyonlarla insanın narahat ruhuna və maraq dairəsinə çökərək onları dərindən düşündürməkdədir. Oxucuların diqqətinə verdiyimiz bu məqalədə həmin marağı nəzərə almaqla biz bir sıra məsələlərə aydınlıq gətirməyə və onların konkret və aydın izahını verməyə çalışacağıq.
Məlum olduğu kimi, daxilində yaşadığımız dünya üç elementdən – təbiət, cəmiyyət və düşünən ruhdan, yaxud təfəkkür adlanan ecazkar bir fenomendən ibarətdir. İnsan idrakı bu dünya elementlərini öyrənmək, onların qanunauyğunluqlarını müəyyənləşdirmək məqsədilə inteqrativ elmlər işləyib hazırlamış və onları nisbi həqiqətlərdən mütləq həqiqətlərə yüksəltmək yolu ilə daim təkmilləşdirməyə çalışmışdır. Hazırda təbiəti təbiətşünaslıq, cəmiyyəti sosiologiya və sosial fəlsəfə, təfəkkürü isə hər bir elmin aparıcı komponentlərindən birini təşkil edən məntiq elmi öyrənməkdədir.
Məntiq – düzgün təfəkkürün forma və qanunları, prinsip və qaydaları haqqında elmdir. Məntiq, həmçinin obyektiv gerçəkliyin insan şüurunda düzgün, adekvat inikasını əks etdirən termindir. Təfəkkür isə özünü təşkiledən mürəkkəb, qeyri – xətti sinergetik sistemdir. Onu öyrənmək üçün insanlar müxtəlif məntiq sistemləri işləyib hazırlamışlar: Aristotelin ikiqiymətli (binar) məntiqi, Lukaseviçin üçqiymətli məntiqi, riyazi məntiq, Zadənin çoxqiymətli qeyri – səlis məntiqi və s. Oxucuların diqqətinə verdiyimiz bu məqalədə biz onlardan yalnız ikisi barəsində (Aristotel məntiqi və Zadə məntiqi) danışacaq və onların müqayisəli təhlilini verməyə çalışacağıq. Bu məqsədlə əvvəlcə Aristotel məntiqinə nəzər salaq.
Məlum olduğu kimi, bəşəriyyətin nəzəri fikir tarixində məntiqi təsəvvürlərin inkişafına başlanğıc vermiş Aristotelin klassik, binar məntiqi öz məzmununa görə formal səciyyə daşımış və məntiq anlayışların kəmiyyət və məna dərəcələrinə toxunmadan onların ancaq keyfiyyət halını qəbul etmişdir. Bütün məsələ bundan ibarətdir ki, müasir anlama görə hər bir məntiq sisteminin çıxış nöqtəsini təşkil edən “anlayış” təfəkkürün digər formalarından özünün aşağıdakı xüsusiyyətlərinə görə fərqlənir: anlayışın məzmunu, keyfiyyəti, həcmi olur. Eyni bir anlayışın müxtəlif kəmiyyət və məna dərəcələri də olur. Fikrimizi əsaslandırmaq üçün konkret misallara müraciət edək. Məsələn, “rəng” anlayışına nəzər salaq. Bu anlayışın müxtəlif keyfiyyət halları mövcuddur: qırmızı rəng, narıncı rəng, sarı rəng, göy rəng, yaşıl rəng, qara rəng və s. Rəngin keyfiyyət hallarından biri onun qara rəngdə olmasıdır. Bu rəngin isə özünəməxsus kəmiyyət dərəcələri vardır: qara, zil qara, açıq qara, tünd qara, qapqara və s. Anlayışın həm də məna dərəcələri vardır. Məsələn, “nöqtə” anlayışının məna dərəcələrinə nəzər yetirək: Evklid həndəsəsində nöqtənin iki tərifi verilir: a) ” nöqtə” hissələri olmayan obyektdir, yaxud iki düz xəttin kəsişməsidir; b) fizikaya görə “nöqtə” – maddi nöqtə olub, məsələnin qoyuluşuna görə ölçüləri nəzərə alınmaz dərəcədə kiçik olan obyektdir; c) fəlsəfəyə görə “nöqtə” – gerçəklikdə analoqu olmayan ideal obyektdi; d) dilçiliyə görə “nöqtə” – fikrin bitməsini ifadə edən durğu işarəsidir; e) coğrafiyaya görə “nöqtə” – Yer kürəsində ayrıca bir məntəqədir və s.
Gətirdiyimiz misallardan aydın olur ki, eyni bir anlayış müxtəlif münasibətlərdə müxtəlif məna daşıya bilər və onların sayı münasibətlərin sayından asılı olaraq müxtəlif ola bilər. Konkret desək, hər bir anlayışın kəmiyyət və məna dərəcələri riyazi olaraq ( 0, 1 ) çoxluğu ilə ifadə oluna bilər. Lakin bu nəticə Aristotel məntiqinin nəticəsi olmayıb, aşağıda görəcəyimiz kimi, Zadə məntiqinin nəticəsidir. Aristotel məntiqinin metafizik mahiyyəti bu nəticəni ortaya qoya bilmədiyindən onun üzərindən sükutla keçərək onları kölgədə buraxır.
Aristotel məntiqi binar məntiq olub, cismin mövcud iki halı arasında seçim edir. Buna görə də Aristotel məntiqində proses və hadisələr haqqında həqiqəti aşkara çıxarmaq üçün iki əsas mülahizədən istifadə olunur. Biri tezis, digəri antitezis adlanan bu mülahizələr arasında seçim edilir. Məsələn, “cisim qaradır” mülahizəsi tezis, “cisim qara deyil” mülahizəsi antitezis olaraq qəbul edilir və Aristotel məntiqinin nəticəsi “ya – ya da” düsturu əsasında belə yazılır: “Cisim ya qaradır, ya da qara deyil”. Aristotel təfəkkürdə dialektik ziddiyyəti qəbul etmədiyindən bu mülahizələrdən yalnız birini qəbul edir: məsələn, “cisim qaradır”. Aristotel həm də anlayışların kəmiyyət və məna dərəcələrinin müxtəlifliyini nəzərə almadığından “qara” anlayışının yalnız keyfiyyət cəhətini əsas götürərək onu mütləqləşdirir. Bu isə o deməkdir ki, Aristotelin təklif etdiyi binar məntiq dünyanı obrazlı şəkildə desək, ancaq qara və ya qeyri-qara (məsələn, ağ) rəngdə görür. Deməli, Aristotel cismin yalnız qara olduğunu qəbul edirsə, bu rəngin kəmiyyət müxtəlifliyini ( qara, açıq qara, zil qara, qapqara, tünd qara və s. ) nəzərə almadığından onu diferensiallaşdırmır. O, “qara” rəngi yalnız bir cür görür, onu yalnız bir rəngli qəbul edir. Bu nəticə həm də o deməkdir ki, binar məntiq anlamında “qara” rənginin məna çalarlarının çoxluğu boş çoxluqdur. Bununla da Aristotel məntiqində ixtiyari anlayışın kəmiyyət dərəcələrinin üzərindən sükutla keçilir, onun geniş spektri nəzərə alınmır. Məsələn, Aristotel məntiqində qırmızı ancaq qırmızı, qara ancaq qaradır. Burada anlayışlara xətti yanaşıldığından onların kəmiyyət dərəcələrinə görə təsnifatına fikir verilmir. Aristotel məntiqinin bu xüsusiyyəti özünün qabarıq ifadəsini onun ali prinsiplərindən və fundamental qanunlarından sayılan “ziddiyyətsizlik” ideyasında tapır. Belə ki, binar məntiqə görə, cisim, eyni zamanda, həm böyük, həm də kiçik ola bilməz, o ya böyük, ya da kiçik olmalıdır. Bu o deməkdir ki, binar məntiqə görə, biz cismi əksliklərin vəhdəti halında deyil, yalnız bir halda: ya böyük, ya da kiçik halda qəbul etməliyik. Gətirdiyimiz misaldan aydın olur ki, cismin “böyük”, yaxud “kiçik” kimi keyfiyyət hallarının müxtəlif kəmiyyət xarakteristikaları Aristotel məntiqində öz ifadəsini tapmır.
Digər bir misala müraciət edək: “Əli mənim dostumdur” ( tezis ) – “Əli mənim dostum deyil” ( antitezis ). Bu mülahizələrdə işlədilən “dost” anlayışının müxtəlif kəmiyyət dərəcələri ola bilər: “Əli mənim yaxın dostumdur”, “Əli mənim dostlarımdan biridir”, “Əli mənim sıradan dostumdur”, “Əli mənim uzaq dostumdur” və s. mülahizələri “dost” anlayışının müxtəlif kəmiyyət dərəcələrini ifadə edir. Halbuki, Aristotelin binar məntiqi xətti sadə, bəsit dünyanı, məntiq elminin idrak predmetini təşkil edən insan təfəkkürünün aşağı səviyyələrini öyrəndiyindən burada işlənən “dost” anlayışının müxtəlif kəmiyyət dərəcələrindən sərf – nəzər edərək, onun ancaq ümumi halının təsvirini verir. Burada anlayışa xətti yanaşıldlğından onun kəmiyyət dərəcələrinə görə təsnifatı aradan qaldırılır. Başqa sözlə, onları riyazi dilə çevirib adekvat surətdə modelləşdirmək mümkün olmur.
Halbuki, Zadənin qeyri – səlis məntiq nəzəriyyəsində anlayışın müxtəlif kəmiyyət və məna dərəcələrinə ciddi fikir verildiyindən onların müxtəliflik dərəcələrinə görə qruplaşdırılmasına real imkan yaranır. Onun yaratdığı yeni bilik sahəsində anlayışın qeyri – xəttilik rakursundan öyrənilməsi onun keyfiyyət dərəcələrinin müxtəlifliyini aşkara çıxarmağa və onları riyazi olaraq ( 0, 1 ) intervalında təsvir etməyə əsas verir. Lütfi Zadə bu məqsədlə qeyri – səlis nəzəriyyəyə yeni anlayışlar – “linqvistik dəyişən” və “qeyri – səlis dəyişən” anlayışlarını daxil etmişdir.
Aristotel və Zadə məntiqləri arasında aparılan paralel araşdırmalar göstərir ki, Aristotel məntiqi xətti dünyanı, Zadə məntiqi isə qeyri – xətti dünyanı öyrənir. Aralarındakı bir sıra kəskin fərqlərə baxmayaraq hər iki məntiq nəzəriyyəsi həqiqətdir. Belə ki, dünya vahiddir və eyni zamanda, həm xətti, həm də qeyri – xəttidir. Buna görə də onu həm xətti, həm də qeyri – xətti yanaşma ilə öyrənmək olar. Xətti dünyanın qanunauyğunluqları klassik rasionallıqda, qeyri – xətti dünyanın qanunauyğunluqları isə qeyri – klassik rasionallıqda öyrənilir. Aristotel məntiqi mahiyyət etibarilə metafizik nəzəriyyə olub, cismin ziddiyyət təşkil edən iki mümkün halından yalnız birinin mövcudluğunu qəbul edir. Deməli, Aristotel məntiqi dünyanı yalnız birqütblü qəbul edən və bununla da onu dialektik ziddiyyətlərdən məhrum edən binar məntiqdir. Zadə məntiqindən fərqli olaraq burada üçüncünü istisna qanunu fəaliyyət göstərir.
Məlum olduğu kimi, insan şüuru təfəkkürü müxtəlif metodlarla – sadə və mürəkkəb üsullarla öyrənə bilir. Fikrimizcə, Aristotel və Zadə məntiqlərinin başlıca fərqi də təfəkkür proseslərinə hansı metodlarla yanaşılmasındadır. Aristotel məntiqi dünyanı sadə, Zadə məntiqi isə daha mürəkkəb metodlarla öyrənir. Buna görə də, deyə bilərik ki, bu bilik sahələri qeyri-müəyyənliyin iki müxtəlif qolunu əhatə edir. Gələcəkdə təfəkkürün daha real, adekvat modellərinin qurulması üçün hazırda hər iki nəzəriyyədən eyni zamanda və paralel istifadə etmək gərəkdir. Zadə məntiqinin gücü ondan ibarətdir ki, Aristotel məntiqindən fərqli olaraq Zadə məntiqində təkliflərin doğruluq qiymətləri (0,1) şkalasında nöqtə ilə deyil, müəyyən intervallarla verilir. Bu intervalların hər bir nöqtəsinə isə mənsubiyyət funksiyası vasitəsilə konkret bir dərəcə verilir ki, bu sonuncular da danışıq dilimizdə “bir az doğru”, “doğru”, “lap doğru”, “azacıq doğru”, “demək olar ki doğru” ifadələri ilə modelləşdirilir. Ümumilikdə, Aristotel məntiqinə Zadə məntiqinin xüsusi halı, Zadə məntiqinə isə binar məntiqin ümumiləşmiş halı kimi baxmaq olar. Halbuki, hər iki məntiq sistemi həqiqəti əks etdirir. Fərq isə yalnız ondadır ki, Aristotel məntiqi düşüncə prosesləri üçün nisbətən kobud və sadə model olduğu halda, Zadə məntiqi daha zəngin, daha adekvat və inandırıcı modeldir. Bu modeldə, fikrin xaotikliyi ilə nizamlılığı arasındakı kəskin fərq aradan qaldırılaraq, xaotik düşüncələrin nizamlı fikrə daha çox yaxınlaşması təmin edilir.
İnsan yaranışından genetik əsaslar üzərində formalaşan və zaman-zaman təkmilləşərək inkişaf edən rasional təfəkkür sisteminə malikdir. İnsan varlığında düşünən, fəaliyyət göstərən, qərarlar verən, nəzərdə tutulan məqsəd naminə onu daim mübarizəyə səsləyən və fəaliyyətini istiqamətləndirən ali fenomen məhz onun təfəkkür sistemidir. İnsanın yaradıcı fəaliyyəti, nəzəri və praktik yaradıcılıq sistemində qazandığı bütün uğurlar, gündəlik həyatın gedişində və elm sahəsində həll etdiyi problemlər məhz bu sistem üzərində qurulur. Təfəkkür düşünən ruhdur, mənəvi prosesdir, maddi gerçəkliyin, təbiət və cəmiyyət hadisələrinin az-çox adekvat inikasıdır. Məntiq isə təfəkkürü öyrənən, onun qanunauyğunluqlarını açıqlayan, ona yanaşma üsulunu seçən fundamental elmdir. Tarixi inkişafın müxtəlif dövrlərində, insanlar təfəkkür sisteminə müxtəlif üsullarla yanaşmış, bu üsulların rasionallıq dərəcəsindən asılı olaraq təfəkkürün mahiyyətini və obyektiv qanunauyğunluqlarını müxtəlif səviyyələrdə öyrənmişlər.
Bu sahədə ilk addım atan və təfəkkür haqqında elmin konturlarını müəyyənləşdirən alim elm tarixində yalnız məntiqə deyil, fizika və biologiya elmlərinə də başlanğıc vermiş antik yunan filosofu Aristotel olmuşdur. Alimlər tarix boyu bu nəzəriyyədən öyrənərək məqsədəuyğun əlavələrlə onu xeyli təkmilləşdirmişlər. Və nəhayət, görkəmli Amerika alimi, əslən azərbaycanlı olan Lütfi Ələsgərzadə təfəkkürün öyrənilməsinə yeni prizmadan yanaşaraq onun qanunauyğunluqları haqqında daha mükəmməl, estetik və humanist bir nəzəriyyə yaratmışdır. Bununla belə, Zadənin qeyri-səlis nəzəriyyəsi ilə Aristotelin binar məntiqi arasında hər iki nəzəriyyənin intellektual məziyyətlərini qoruyub saxlayan varislik əlaqəsi mövcuddur. Hər iki nəzəriyyənin məqsədi təfəkkürün modelini yaradıb, onun işləmə prinsipini izah etməkdir. Şübhəsiz, hazırda elmi dairədə mövcud olan təfəkkür modelləri arasında ən mükəmməli Zadə məntiqidir. Bununla belə, bəşəriyyətin intellektual inkişafında Aristotel məntiqinin rolunu nə kiçiltmək, nə də inkar etmək olmaz. Zira elmi ədəbiyyatların əksəriyyəti hələ də bu məntiq üzərində qurulur. Bu isə o deməkdir ki, yaşadığımız günlərdə hər iki məntiq nəzəriyyəsi bəşəriyyətin intellektual inkişafına xidmət edir: insan təfəkkürünün elə məsələləri vardır ki, onların həllində Aristotel məntiqi, elə məsələlər də vardır ki, onların həllində fuzzi, qeyri-səlis məntiqi daha rasional nəticələr verir.
Nəhayət, Zadə məntiqi ilə bağlı cavablandırmaq istədiyimiz məsələlərdən biri də belə bir sualla bağlıdır: elmi dövriyyədə 2300 illik tarixi yaşı olan Aristotel məntiqi olduğu bir zamanda Zadə məntiqi nə üçün yarandı? Bu yaranış hansı səbəblərlə şərtlənir? Məgər uzun əsrlər boyu bəşəriyyətin intellektual həyatına sədaqətlə xidmət etmiş binar məntiq müasir insanların mənəvi tələbatlarını ödəməyə qadir deyilmi? Cavabımız birmənalı və konkretdir: yox, qadir deyildi. Səbəb: XX yüzilliyin ikinci yarısında insan təfəkküründə təzahür etmiş yeni obyektlə bağlıdır. Bu yeni obyekt XXI əsr adamında onun hərtərəfli inkişafı ilə bağlı olan elmi-obrazlı təfəkkürün yaranmasıdır. Ontogenezin – əqli qabiliyyət dinamikasının öyrənilməsi göstərir ki, ayrı-ayrı yaş dövrlərində insanlar müxtəlif keyfiyyətli təfəkkürə malik olurlar: hissi-əməli təfəkkür (3 yaşınadək uşaqlarda), hissi-obrazlı təfəkkür (5 yaşınadək uşaqlarda), məntiqi təfəkkür (məktəb yaşlı uşaqlarda və bütün yaşlı nəsillərdə), dialektik təfəkkür (nadir insanlarda, alimlərdə, yazıçılarda və s.). XX əsrlə XXI əsrin qovşağında ontogenezin yeni təfəkkür tərzi meydana çıxdı və o, elmi-obrazlı təfəkkür adlandırıldı. Belə bir təfəkkür tərzi, əvvəlki nəsillərin bəzi nümayəndələrində də mövcud olmuşdur, məsələn, peyğəmbərlərdə, görkəmli yazıçılarda (Jül Vern, Aleksey Tolstoy və s.). Öncəgörmə ilə sıx bağlı olub, elmin inkişaf səviyyəsini və zəmanəni xeyli qabaqlayan bu yeni təfəkkür obyekti yeni metod, yeni metod isə yeni məntiq nəzəriyyəsi yaratdı. Zadə məntiqi bu yolla yarandı və insan təfəkkürünün zəka səviyyəsini öyrənən yeni paradiqmaya çevrildi.
 

Əziz MƏMMƏDOV,
Bakı Dövlət Universitetinin fəlsəfə kafedrasının professoru, fəlsəfə elmləri doktoru
Azər ALLAHVERDİYEV,
fəlsəfə kafedrasının baş müəllim
i

11 Aprel 2021 02:26 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə