Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan iqtisadiyyatının perspektivi ilə bağlı nikbin proqnozlar

Azərbaycanın sosial - iqtisadi sahələrdə əldə etdiyi uğurlar, eləcə də ölkədə həyata keçirilən iqtisadi islahatlar, rəqabətədavamlı, innovativ iqtisadi sistemin formalaşdırılması istiqamətində atılan ardıcıl addımlar dünyanın aparıcı iqtisadi-maliyyə institutlarının, iqtisadi azadlıq səviyyəsini tədqiq edən mərkəzlərin diqqətindən kənarda qalmır və yüksək qiymətləndirilir.

 

Beynəlxalq reytinq agentliklərinin proqnozları da bir daha təsdiqləyir ki, Azərbaycan artıq iqtisadi cəhətdən azad ölkədir. Respublikada əlverişli biznes, investisiya mühiti mövcuddur. Eyni zamanda, hökumət vergi gəlirlərində və kapital xərclərində, habelə milli valyutanın məzənnəsi ilə bağlı təsirli nizamlayıcı addımlar atmaqla mövcud valyuta ehtiyatlarının azalmasının qarşısını alır. Bu isə liberal iqtisadi islahatların, düşünülən, elmi əsaslara malik inkişaf konsepsiyasının həyata keçirilməsi, siyasi iradə nəticəsində mümkün olub və bütün bunlar dövlətimizin dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə çatmaq əzmindən, Azərbaycanın uğurlu gələcəyindən xəbər verir.
Xatırladaq ki, təkcə bu ilin ötən aylarında dünyanın aparıcı iqtisadi-maliyyə institutlarının, beynəlxalq reytinq agentliklərinin hesabatlarında ölkəmizin sosial-iqtisadi həyatı ilə bağlı ayrı-ayrı sahələrdə əldə edilən uğurlar yüksək dəyərləndirilib, gələcək inkişafla bağlı müsbət proqnozlar verilib. Məsələn, Azərbaycanda aparılan iqtisadi islahatlar Dünya Bankı tərəfindən dəstəklənib, ölkə rəhbərliyinin uğurlu sosial-iqtisadi siyasəti nəticəsində əldə olunan nailiyyətlər yüksək qiymətləndirilib.
Adıçəkilən bankın hazırladığı “İqtisadi inklüzivliyin vəziyyəti-2021” hesabatına əsasən, Azərbaycan həyata keçirdiyi inklüzivlik proqramları ilə digər ölkələrə nümunə rolu oynaya bilər. Burada, əsasən, respublikamızda “Məcburi köçkünlərin iqtisadi inkişafına yardım layihəsi” təhlil edilib.
İlk dəfə təqdim olunan “İqtisadi inklüzivliyin vəziyyəti-2021” hesabatına əsasən, inklüzivlik proqramlarında həssas əhali qrupunun iqtisadi inkişafını reallaşdırmaq üçün aktiv transfertlər (adambaşına düşən orta illik istehlakın 67 faizini təşkil edən 1469 ABŞ dolları dəyərində) göstəricisinə görə, Azərbaycan sənəddə sıralanan ölkələr arasında liderdir.
Ötən ilin dekabr ayında Dünya Bankının daxili audit strukturları tərəfindən aparılmış müfəssəl diaqnostika nəticəsində Azərbaycanın “Doing Business 2020” hesabatındakı mövqeyi də xeyli yaxşılaşıb, ölkəmiz bir daha dünyanın “Ən islahatçı on ölkəsi” sırasına daxil olub.
Yeri gəlmişkən, ilkin hesabatda Azərbaycan 76,7 balla qlobal reytinq sıralamasında 191 ölkə arasında 34-cü olduğu halda, araşdırmadan sonra Azərbaycanın balı 78,5-ə yüksəlib, sıralamada isə ölkəmiz 6 pillə yüksələrək 28-ci olub.
Müvafiq diaqnostik qiymətləndirmə 4 ölkəni – Azərbaycan, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Çini əhatə edib.
Beynəlxalq Valyuta Fondunun (IMF) ənənəvi “Qlobal iqtisadi mənzərə” hesabatında isə Azərbaycanda iqtisadi artımın 2021-ci ildə 2,3 faiz, 2022-ci ildə isə 1,7 faiz olacağı proqnozlaşdırılır. Qurumun müvafiq proqnozlarına əsasən, işsizlik səviyyəsinin də növbəti iki ildə 6 faizdən aşağı olacağı gözlənilir.
Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş proqnozu da diqqət çəkir. Belə ki, burada cari il Azərbaycanda işsizlik səviyyəsinin 5,8 faiz təşkil edəcəyi proqnozlaşdırılır.
Fondun “World Economıc Outlook” hesabatının aprel buraxılışına görə, gələn il bu göstəricinin cüzi azalaraq 5,7 faizə bərabər olacağı gözlənilir.
Qeyd edək ki, 2021-ci il yanvarın 1-i vəziyyətinə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 252 500 nəfər olub, onlardan 4 milyon 876 600 nəfərini məşğul əhali təşkil edib. Bu, sözügedən tarixə işsizliyin 7,2 faiz səviyyəsində olması deməkdir.
BVF növbəti iki ildə Azərbaycan iqtisadiyyatının artımını da proqnozlaşdırır. Belə ki, 2021-ci ildə Azərbaycanda ümumi daxili məhsulun artımının 2,3 faiz, gələn il isə 1,7 faiz artacağı qeyd olunur.
“Moody's” reytinq agentliyi də Azərbaycan iqtisadiyyatı üçün nikbin proqnozlar verib. Belə ki, bu qurum ölkəmizin emitentin və üstün hüquqa malik təmin edilməmiş borc üzrə uzunmüddətli reytinqlərini “Ba2” səviyyəsində stabildən pozitivə doğru dəyişib. Pozitiv mənzərə daha çox idarəetmə və siyasət səmərəliliyinin artırılması ilə bağlı olub və bununla da ölkəmizin kredit profilini daha da yaxşılaşacağı qənaətinə gəlinib.
“Moody's”in analitiklərinin mövqeyinə əsasən, monetar və makrosiyasət çərçivəsinin gücləndirilməsi bank və xarici sektorun şoklara qarşı dayanıqlılığını artırmağa, likvidlik və xarici sektorun risklərinin mitiqasiyasına xidmət edəcəkdir.
Sözügedən beynəlxalq reytinq agentliyinin hesabatında, eyni zamanda, bu il neft-qaz sektorunun Azərbaycan iqtisadiyyatının artımını dəstəkləyəcəyi vurğulanıb. Bu barədə “Moody's”in hesabatında respublikamızın ümumi daxili məhsulunun təxminən 45 faizi, ixracın 90 faizi, sənaye istehsalının 70 faizi və məcmu dövlət gəlirlərinin 60-70 faizinin neft-qaz sektorunun payına düşdüyü diqqətə çatdırılıb.
Hesabatda, həmçinin qeyd olunub ki, 2021-ci ildə Azərbaycanda ÜDM-nin 3,5 faiz çoxalması iqtisadi fəallığın yüksəlməsinə və pandemiya ilə əlaqədar tətbiq olunan məhdudiyyət tədbirlərinin yumşaldılmasına müsbət təsir göstərməklə yanaşı, OPEC+ sazişi çərçivəsində neft hasilatının gözlənilən artımını, habelə Trans-Adriatik boru kəməri vasitəsilə Avropaya qaz ixracını da dəstəkləyəcək.
“Fitch Ratings” beynəlxalq reytinq agentliyi isə “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinin (CQD) xarici valyutada uzunmüddətli kredit reytinqini “BB+” səviyyəsində təsdiqləyib.
Sözügedən reytinqin həmin səviyyədə təsdiqi QSC-nin tədavül müddəti 2026-cı il olan Azərbaycan Respublikası tərəfindən tam zəmanət verilən 2 milyard dollarlıq avrobondların qiymətləndirməsini əks etdirir.
Xatırladaq ki, “Cənub Qaz Dəhlizi” QSC Azərbaycan Prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 2014-cü il 25 fevral tarixli sərəncamı əsasında yaradılan və səhmlərinin 51 faizi dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49 faizi isə SOCAR-a məxsus olan qapalı səhmdar cəmiyyətidir.
Qeyd edək ki, Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizinin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir. Bu boru xətti Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunan təbii qazı Türkiyəyə və bu ölkədən də Avropaya çatdırır. Uzunluğu 3 min 500 kilometr olan Cənub Qaz Dəhlizi vasitəsilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya 10 milyard kubmetr qaz nəql edilir.
2018-ci il mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib və Azərbaycan təbii qazı Cənub Qaz Dəhlizi sisteminə vurulub. Həmin il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi iyunun 30-da başlayıb. Azərbaycan təbii qazı ötən ilin sonunda Avropaya çatdırılıb.
 

“Xalq qəzeti”

11 Aprel 2021 01:45 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə