Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türk dünyasının Zəngəzur dəhlizi

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 31-də Türk Şurasının qeyri-formal Zirvə görüşündə çıxış edərkən Azərbaycanın tarixi zəfərinin türk dünyası üçün önəmini vurğulayaraq, Vətən müharibəsi, müharibəni qaçılmaz edən səbəblər mövzusunda ətraflı danışdı. Dövlət başçısının 26 fevral Xocalı soyqırımının ildönümündə beynəlxalq media quruluşlarının iştirakı ilə keçirilən, 4 dildə, 4 saatdan artıq sürmüş mətbuat konfransı ilə 31 mart – Azərbaycanlıların Soyqırımı Günündə keçrilən Zirvə görüşündəki çıxışı bir-biri ilə sıx bağlı olan, bir-birini tamamlayan hadisələrdir”. Bu sözləri Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva son günlərdə bütün xalqımızın diqqətinin yonəldiyi önəmli tədbirə – Türk Şurasının Zirvə görüşünə münasibət bildirərəkən dedi. Görüşdə səsləndirilən məsələlərdən söz açan Qənirə Paşayeva bildirdi:

 

– Hər iki soyqırımını (1918, 1992-ci illərdə) bizə “mehriban qonşuluq, beynəlxalq hüquq normaları nədir?” bilməyən, yaxud, onu bilərəkdən tapdalayan xəstə erməni ictimai-siyasi zehniyyəti, saxtakar Ermənistan yaşadıb. Və biz 44 günlük Vətən müharibəsində məhz 102 illik (ondan da öncələrə dayanaraq) qeyri- insani gedişatı dayandırmış, zəhərli ilanın başını əzmişik. Cənab Prezidentin müharibə gedişində verdiyi müsahibələr, xalqa tarixi müraciətləri bu ilin 26 fevral və 31 martındakı çıxışlarla xüsusi beynəlxalq ismarıclar olaraq, Azərbaycanın bəşəriyyət üçün necə təhlükə mənbəyi olan düşmənə qalib gəldiyini zərgər dəqiqliyi ilə ifadə etməkdədir. Havadarlarına arxayın olan Ermənistan yeritdiyi işğalçılıq siyasəti, vandallığı, barbarlığı ilə özünü uçuruma aparıb, dalana dirənib. Gözləmədiyi məğlubiyyəti qazanıb və arxalandığı dövlətlər tərəfindən vəd edilən qələbədən əlini birdəfəlik üzüb.
Qarabağın işğaldan azad edilməsinə türk dünyasının xüsusi münasibətini vurğulayan komitə sədri bildirdi:
– Qeyd edim ki, Türk Şurasının toplantısında yalnız, yaxud daha çox iqtisadi əlaqələrin gücləndirilməsindən, bir sıra başqa vacib mövzulardan söz açmaq olardı. Amma cənab Prezident II Qarabağ müharibəsindən danışmaqla, problemlərə və perspektivə daha geniş tablodan baxmaq imkanı yaratdı. İlk baxışdan, indiki ərazisi etibarı ilə Türk Şurasının ən kiçik üzvü sayılan Azərbaycanın bir bölgəsinin işğaldan azad olunmasının böyüt türk dünyasının problem və perspektivləri baxımından necə bir önəm daşıdığı kimlərəsə mübahisəli görünə bilər. Lakin bu, bir həqiqətdir və bu həqiqətin kamil ifadəsi Türk Şurasının hazırkı sədrinin çıxışında yer aldı. Cənab İlham Əliyev dedi:
“Bu gün biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq. Naxçıvanda keçirilmiş Zirvə görüşündə mən demişdim ki, vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi. Çünki, əgər xəritəyə baxsaq görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdır, türk dünyası parçalanmışdır. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq. Çünki, Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün, o cümlədən Ermənistan üçün əlavə imkanlar yaradacaq. Ermənistanın hazırda onun müttəfiqi olan Rusiya ilə dəmir yolu əlaqəsi yoxdur. Bu yol Azərbaycan ərazisindən yarana bilər. Ermənistanın onun qonşusu olan İranla da dəmir yolu əlaqəsi yoxdur. Naxçıvan vasitəsilə bu yol təmin edilə bilər. Azərbaycan Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə birləşir, Orta Asiya Avropa ilə birləşir. Yəni, yeni nəqliyyat dəhlizi yaranmaqdadır. Artıq Azərbaycan bu işlərə start vermişdir. Əminəm ki, tərəfdaş ölkələr də bu imkanlardan istifadə edəcəklər”. Bu sözlər başa çatmış müharibə və bununla da meydana çıxmış yeni imkanlar, o cümlədən vacib nəqliyyat imkanları barədə Azərbaycanın Türk dünyasına töhfələrini ifadə etməkdədir. Məşhur deyimlə söyləsək, bu, mövzuya böyük tabloda baxmaqdır. Bu mövzunun özünə layiq olanı da məhz böyük tablodur...
Heç təsadüfi deyil ki, Türk Şurasının fəxri sədri, qardaş Qazaxıstanın birinci Prezidenti, Elbası Nursultan Nazarbayev də öz çıxışında Azərbaycan Prezidentini qələbə münasibətilə təbrik edərək, iqtisadi əlaqələrin önəminə toxundu: “Biz hamımız bu prosesləri həyəcanla izləyir və nəticələri gözləyirdik. Əlbəttə ki, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi və Rusiyanın dəstəyi ilə Bakı və Yerevan arasında imzalanmış sülh razılaşması böyük İpək Yolunun çiçəklənməsi üçün yeni imkanlara yol açır və Çinin “Bir kəmər, bir yol” təşəbbüsündən istifadə etməklə Xəzər dənizinin rolunu artırır”...
Qənirə Paşayeva sonda Azərbaycan Prezidenti İlham Əliyevin çıxışındakı bəzi məqamlara diqqət çəkərək dedi:
– Dövlət başçımız haqlı olaraq öz çıxışını Vətən müharibəsinə, onun tarixinə və nəticələrinə həsr etdi. Cənab Prezidentin özünün dediyi kimi, bu, təbiidir, çünki videokonfrans iştirakçısı olan ölkə başçılarının məsələnin mahiyyətini bilməsi vacibdir. Cənab Prezidentin çıxışında qardaş Türkiyə dövlətinə, şəxsən Prezident Ərdoğana, Türk Şurasına, şəxsən şuranın fəxri sədri Nazarbayevə, Qoşulmama Hərəkatına, İslam Əməkdaşlıq Təşkilatına bizə göstərdikləri siyasi, mənəvi dəstəyə görə təşəkkür etdi. Dövlət başçımız bu minnətdarlıqla həm də onu nümayiş etdirdi ki, heç nə unudulmur, heç nə yaddan çıxmır. Bu gün bizə dəstək olanların sabah yanlarında olacağıq. Hər cür, maddi, mənəvi, siyasi yardımımızı əsirgəməyəcəyik. Dostluq, qardaşlıq budur və belə olmalıdır...
 

Hazırladı:
Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

11 Aprel 2021 01:31 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə