Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Beynəlxalq qurumlar Ermənistandan tələb etməlidir ki, minaların xəritələrini versin

Uzun illərdir çirkin əməllərindən əl çəkməyən Ermənistan beynəlxalq hüquq çərçivəsindən kənara çıxmaqda davam edir. İstər müharibə dövründə, istərsə də müharibədən sonra düşmənin iyrənc əməllərinin ardı-arası kəsilmək bilmir. Minalanmış sahələrin xəritələrini verməmələri nəticəsində xeyli hərbi və mülki vətəndaşımız həlak olub və ya müxtəlif dərəcəli bədən xəsarəti alıb. Bəs bunlara beynəlxalq qurumların münasibəti necədir, hansı təzyiq metodundan istifadə olunmalıdır? Vətəndaşlarımızı necə bilgiləndirməliyik ki, icazəsiz olaraq bu ərazilərə baş çəkməyi dayandırsınlar. Bu suallarla bağlı Milli Məclisin 120 saylı Cəbrayıl – Qubadlı seçki dairəsi üzrə deputatı Ceyhun Məmmədov “Xalq qəzeti”nə öz fikirlərini bildirib.

 

– Ermənilər mina xəritələrini vermir və nəticədə, xeyli hərbi və mülki şəxs həlak olur. ANAMA-nın son açıqlamasına görə, azad edilmiş ərazilərdə 20 nəfər minadan həlak olub. Ermənistanın bu hərəkəti ağır cinayətdir.
– Əlbəttə, qeyd etdiyiniz kimi, əslində, 10 noyabr razılaşmasına görə, Ermənistan minaladığı ərazilərin xəritəsini bizə verməli idi. Lakin vermədi. Görünür, məqsəd ondan ibarətdir ki, daha çox Azərbaycan vətəndaşının həyatını itirməsinə nail olsunlar. Ermənistan siyasi hakimiyyəti öz çirkin əməllərindən çəkinmir və bu da birmənalı olaraq, bizim həm hərbçilərin, həm də mülki vətəndaşların həlak olmasına gətirib çıxarır. Minalar çox geniş ərazilərdə basdırıldığı üçün bir müddət çətinliklə üzləşəcəyik.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan istəyir ki, tez bir zamanda bölgədə bərpa işlərinə başlayaq. Bunun üçün də xəritələr bizdə olmalıdır, minaların yerini öyrənib daha tez bir zamanda onları zərərsizləşdirək. Eyni zamanda, orada quruculuq, abadlıq işlərinə başlaya bilək. Digər tərəfdən vətəndaşlarımız 30 ilə yaxındır öz dədə-baba yurdlarına getməyi səbirsizliklə gözləyirlər. Xəritənin verilməməsi nəticəsində hələ də onlar oraya gedə bilmirlər. Hələlik, gözləmələri və getməmələri məqsədəuyğundur. Təbii ki, bu situasiya, ümumilikdə, sülhə tam nail olunması prosesinə də öz mənfi təsirini göstərir. Azərbaycan çalışır ki, iki xalq arasında sülh bərpa edilsin, bölgədə əmin-amanlıq bərqərar olsun. Amma Ermənistanın bu davranışları bölgədə sülh və sabitliyin təmin olunmasına öz mənfi təsirini göstərir.
– Ceyhun müəllim, bəs beynəlxalq təşkilatların bu prosesə müdaxilə etməməsinin və Ermənistana təzyiq göstərməməsinin səbəbi nədir?
– Təəssüflə qeyd etməliyik ki, beynəlxalq təşkilatlar Ermənistana qarşı öz mövqelərini ortaya qoymurlar. Əvvəlki dövrlərdə də biz bunu müşahidə edirdik. Burada yenə ikili standartların şahidi oluruq. ATƏT, BMT və digər təşkilatlar bununla bağlı, eləcə də münaqişənin tənzimlənməsində iştirak edən dövlətlər Ermənistandan tələb etməlidir ki, minaların xəritələrini versin. Çünki xəritələrin verilməməsi və vətəndaşlarımızın həlak olması bilavasitə Ermənistan tərəfindən törədilmiş növbəti cinayət əməlidir. Bu tələbin olmaması erməniləri yeni cinayətləri törətməyə sövq edir.
Azərbaycan bütün beynəlxalq hüquq normalarına əməl edir. Biz müharibənin qaydalarına, qanunlarına həmişə əməl etmişik. Mülki əhaliyə toxunmamışıq, amma Ermənistan barədə bunu demək çətindir. Ermənistanın özünü belə aparmasının, beynəlxalq hüququ tapdamasının əsas səbəblərindən biri onun bu davranışlarına hüquqi qiymətin verilməməsidir. Yəni, Ermənistanın qınanılmaması, onlara sanksiyalar tətbiq edilməməsidir. Bu da Ermənistana yeni cinayətləri törətmək üçün əlavə bir stimul verir.
– Siz özünüz əslən Cəbrayıldansınız. Yaxşı bilirsiniz ki, qarabağlıların illərdir ayrı düşdükləri doğma ocaqlarına qayıtmaq istəkləri sərhədsizdir. Ötən günlərdə Cəbrayılda polis şöbəsinin əməkdaşları rayonun işğaldan azad edilmiş, lakin minalardan tam təmizlənməmiş ərazilərinə icazəsiz keçməyə cəhd göstərən şəxslərin qarşısını aldı. Nə etmək lazımdır ki, insanlar müəyyən müddət işğaldan azad olunmuş torpaqlara səfərdən çəkinsinlər?
– Hər kəs bunu yaxşı anlamalıdır ki, biz 30 ilə yaxın müddətdə səbr etmişik. Yəqin bir müddətdən sonra hamıya o bölgələrə getmək üçün şərait yaradılacaq. Amma burada narahatlıq doğuran, ailələrin faciəsinə səbəb olan məsələlər var. Təsəvvür edin ki, bir insan 30 ilə yaxın gözləyir, təlimatlara, aidiyyatı qurumların göstərişlərinə əməl etmir və gedir o torpaqlarda minaya düşür, həlak olur, əlini itirir və ya qolunu itirir. Minanın xəritəsi bizdə yoxdur axı. Biz bilmirik ki, ermənilər haraya mina basdırıblar. Hətta onlar qəbiristanlıqlara da, qəbirlərin içinə də minalar basdırıblar. Ona görə də vətəndaşlarımız bir müddət səbirli olmalıdırlar.
Biz anlayırıq, çox çətindir, Vətən həsrəti bu insanları düşündürür. Onlar çalışırlar ki, tezliklə o yerlərə getsinlər. Amma səbir etməliyik. Bu günə kimi Füzulidə, eləcə də Cəbrayılda, Ağdamda vətəndaşlarımızın minaya düşməsi ilə bağlı xəbərləri oxumuşuq və eşitmişik. Buna görə də vətəndaşlarımız çalışıb səbrli olmalıdırlar. Minalar təmizləndikdən sonra oraya gedəcəklər. Bir daha fürsətdən istifadə edib tövsiyə edirəm ki, səbr edib gözləyək, özümüzü təhlükəyə atmayaq.
 

Şahxanım ƏLIZADƏ,
“Xalq qəzeti”

11 Aprel 2021 01:20 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə