Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistan üzləşdiyi böhrandan xilas ola bilmir

Ermənistanda əhalinin dərinləşən sosial problemləri, işsizlik, iqtisadiyyatın tənəzzülü vəziyyəti getdikcə ağırlaşdırır. Ekspertlər tərəfindən bu, Ermənistan hakimiyyətinin konkret proqramının olmaması ilə əlaqələndirilir.Ötən il Ermənistan iqtisadiyyatında 7,2 faiz azalma olub. Tikinti sektoru 11,2 faiz, ticarət dövriyyəsi 13,5 faiz, xidmətlərin həcmi 13,6 faiz geriləyib. O cümlədən, ölkənin xarici ticarət dövriyyəsi 12,4 faiz, ixrac 5,2 faiz, idxal 15,9 faiz aşağı düşüb. İqtisadi vəziyyətin pisləşməsi dövlət büdcəsinə vergi gəlirlərinin azalmasına gətirib çıxarıb.

 

İqtisadiyyatdakı böhran səbəbindən Ermənistanda büdcə balansı da pozulub. Belə ki, ötən il büdcə kəsirləri kapital qoyuluşunu üstələyib. Cari il üçün büdcə kəsirinin 342 milyard drama (dövlət büdcəsinin təxminən 18,5 faizi və yaxud təxminən 700 milyon dollar) çatacağı, kapital xərclərinin isə 215 milyard dram (400 milyon dollardan çox) təşkil edəcəyi proqnozlaşdırılır.
Keçən il müharibədəki məğlubiyyət Ermənistanın beynəlxalq imicinə də ciddi ziyan vurub. Artıq beynəlxalq investorlar Ermənistanla əməkdaşlıqdan yayınırlar. “Verelq.am” saytı yazır ki, müharibədən məğlub çıxan ölkədən birbaşa xarici sərmayə gözləmək sadəlövhlükdür. Üstəlik, qeyri-müəyyənlik, təhlükəsizlik üçün təhdidlər mövcud investorları da qorxudub. Bəziləri, hətta öz kapitallarını Ermənistandan geri çəkirlər.
“Ameria Group Inc'” şirkətinin direktoru Tiqran Crbaşyan mətbuata müsahibəsində deyib ki, təhlükəsizlik riskləri, ölkədə hökm sürən siyasi qeyri-müəyyənlik, iqtisadi vəziyyətin getdikcə pisləşməsi və Ermənistandan davamlı kapital axını yeni fəlakətlərə gətirib çıxaracaq. Bu, müharibədən, koronavirus pandemiyasından sonra baş verə biləcək ən böyük zərbədir. T.Crbaşyan daha sonra bildirib ki, böhranlı iqtisadi vəziyyətdə dövlət məcburən öz kapital qoyuluşlarını azaldır. Bu isə digər investorları ehtiyatlı olmağa, təhlükədən yayınmağa sövq edir, investisiya “aclığını” gücləndirir.
Beləliklə, müharibədən ağır itkilərlə çıxan Ermənistanı bu il çətin iqtisadi problemlər gözləyir. Mütəxəssislərin fikrincə, siyasi qeyri-müəyyənlik kontekstində ölkə iqtisadiyyatı ciddi geriləməyə gedir. Milli valyuta bu risklərə devalvasiya ilə “cavab verir”. Növbəti illərdə Ermənistan indiki böhranın yaratdığı tektonik təkanların acısını daha çox hiss edəcək.
Ancaq təəssüf ki, erməni cəmiyyətində bu sərt gerçəyi anlamayanlar hələ də çoxluq təşkil edir. Əks halda, qonşu Azərbaycan və Türkiyə ilə barışıq çağırışları dərhal süngü ucunda qarşılanmaz, bu çağırışların müəllifləri “satqın”, “türkün agentləri” kimi damğalanmaz, ölümlə təhdid edilməzdi. Aydındır ki, Ermənistanda isterik və şovinist ovqat, ksenofobiya, irqçilik körüklənməyə davam etdikcə bu ölkə heç vaxt tənəzzül zolağından çıxmayacaq və ümumiyyətlə, onun axırı olmayacaq.
Artıq belə bir şəraitdə Ermənistan baş naziri Nikol Paşinyan vəziyyətdən çıxış yolunu özünə tərəfdaş bildiyi ölkələrə, necə deyərlər, əl açıb dilənməkdə görür. Bu barədə Rusiyanın hərbi eksperti, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko teleqram-kanalında yazır: “Paşinyan problemi aradan qaldırmaqda acizdir. Vecsiz, “əli işə yatmayan” insan kütləsi isə Yerevanda boş-boşuna dolaşır, mitinqlər keçirir, işləməkdən yayınır. Rusiya isə onlara dotasiya ayırmalı, güzəştli şərtlərlə kredit verməli, silah tədarük etməli, təhlükəsizliyi təmin etməlidir… Bəlkə onlara rus general-qubernatoru lazımdır?”.
“Amnesty International” beynəlxalq qeyri-hökumət təşkilatının Ermənistanla bağlı 2020−2021-ci illər üzrə məruzəsində bu ölkənin, həm də siyasi böhranla üzləşdiyi, bundan xilas ola bilmədiyi xüsusi qeyd edilib.
Məruzədə bildirilir ki, ölkədə koronavirus pandemiyasına görə, tətbiq olunmuş fövqəladə vəziyyət rejimi fikir ifadəsi və sərbəst toplaşma azadlığını məhdudlaşdırıb. Ermənistanın ikinci Qarabağ müharibəsində məğlubiyyəti ölkədə siyasi həyəcanlara və baş nazirin istefası çağırışlarına gətirib çıxarıb, siyasi böhrana səbəb olub. Ötən il noyabrın 12-də baş verən qarışıqlıqlarda iştiraka görə 12 müxalifətçi həbs edilib. O zaman baş nazirin iqamətgahı dağıdılıb, parlamentin spikeri qəzəbli kütlə tərəfindən amansızcasına döyüldükdən sonra xəstəxanaya yerləşdirilib.
Qeyd edilir ki, ölkədə hakimiyyət tərəfindən söz verilmiş məhkəmə və antikorrupsiya islahatları dayandırılıb. Bu isə bir sıra fəsadlara yol açıb. İslahatların gedişini, həmçinin Qarabağ müharibəsi və pandemiya dayandırıb. Konflikt, pandemiya iqtisadiyyata və səhiyyə sisteminə dağıdıcı təsir göstərib. Xəstəxanalar və ümumilikdə səhiyyə sektoru dəhşətli halda yüklənib. Tibb müəssisələri pandemiya və hərbi əməliyyatlar zamanı pasiyentlərin, yaralı hərbçilərin artan sayının öhdəsindən çətinliklə gəlib.
Məruzədə, eyni zamanda, Ermənistanın ikinci Qarabağ müharibəsi zamanı beynəlxalq humanitar hüquqla qadağan olunan kassetli bombalardan istifadəsi, Azərbaycanın mülki insanların yaşadığı Bərdə şəhərini atəşə tutması da qeyd edilib.
Yeri gəlmişkən, Rusiyanın “Kommersant” nəşri üçün məqalələr yazan jurnalist Arşaluys Mqdesyan “Civilnet.am” saytında erməni cəmiyyətinin hələ də məğlubiyyətlə barışmaq istəmədiyini yazır. Bildirir ki, ermənilər ölkədə baş verənlərdən indiyədək nəticə çıxarmayıblar.
A.Mqdesyanın sözlərinə görə, erməni lovğalığı və illüziyalara qapanılması ona gətirib çıxarıb ki, Yerevandakı “Yerablur” hərbi məzarlığında 4 minə yaxın təzə qəbir yaranıb.
Jurnalist daha sonra yazır: “Yadınızdadırsa, ötən illərdə “Yerablur”da lovğalanıb deyirdik ki, “Bakıda çay içəcəyik”. Reallıqlardan uzaq qaçmağımız bizə 4 minə yaxın insan həyatı hesabına başa gəldi. Bütün bunlara biz “Arsax-Ermənistandır və nöqtə”, “Erməni ordusu məğlubedilməzdir”, “Ağdam mənim vətənimdir” kimi şüarlarla gəlib çıxdıq. İndi “Arsax” tarixi minimuma qədər azaldı, “Yerablur” isə tarixi maksimuma qədər böyüdü”.
A.Mqdesyan daha sonra bildirir ki, “Yerablur” təkcə qələbə deyil, həm də məğlubiyyətdir: “Biz qələbəni qiymətləndirmədik və indi məğlubiyyəti etiraf edib ondan dərs çıxarmaq da istəmirik”.
Jurnalist sonda qeyd edir ki, Ermənistanda ordunun məğlubedilməzliyi haqda danışanda Azərbaycanda yeni müharibə metodlarını öyrənirdilər: “Biz deyirdik ki, ordumuz məğlubedilməzdir və mövzunu qapadırdıq. Biz orduda xidmətə, zabitlərin hazırlığına və yeni texnologiyaların tətbiqinə barmaqarası baxırdıq. İnformasiya texnologiyası sənayemiz haqda lovğalanırdıq, halbuki sonradan onun əslində online-qumar oyunlarından ibarət olduğu üzə çıxdı. Azərbaycanlılar isə dronlarla döyüşməyi, müasir müharibə aparmağı öyrənirdilər…”.
 

V.BAYRAMOV, “Xalq qəzeti”

11 Aprel 2021 00:59 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə