Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“O divarlar, daşlar sanki dilə gəlmişdi və öz nisgilini bizə çatdırırdı”

Azərbaycanın Vətən müharibəsində möhtəşəm Zəfərindən sonra insanlarda baş qaldıran ruh yüksəkliyi sərhədsizdir. Uşaqdan-böyüyə hər kəs işğaldan azad olunan ərazilərimizə getməyə can atır. Torpaqlar azadlığına qovuşandan sonra ora baş çəkənlər erməni barbarlığını böyük kədərlə qarşılayır. Bu günlərdə işğaldan azad edilən Ağdam rayonuna səfər edən Azərbaycandakı dini konfessiyaların rəhbərləri və din xadimləri inamla bildirdilər ki, erməni barbarları tərəfindən viran qoyulan məbəd və abidələrimiz yenidən bərpa olunacaq. Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli Ağdam səfəri barədə təəssüratlarını “Xalq qəzeti” ilə bölüşdü.

 

– Şahin müəllim, Ağdama səfər etdiniz. 30 il sonra o torpaqlarda olarkən hansı hissləri keçirdiniz?
– Həqiqətən də izaholunmaz, ziddiyyətli hisslər idi. Həm sevinc hissi yaşayırdıq ki, torpaqlarımız işğaldan azad olunub, eyni zamanda, viran olmuş bir şəhəri gördük, erməni vəhşiliyinin şahidi olduq. Bu, insana bir kədər hissi yaşadırdı. Ağdam cümə məscidində ibadət etdim. Müqəddəs məkanların ziyarətində çox olmuşam, oxşar duyğular yaşadım. O divarlar, daşlar sanki dilə gəlmişdi və öz nisgilini bizə çatdırırdı. Biz uzun illərdir namazlarda, cümə xütbələrində torpaqlarımızın işğaldan azad olunması üçün dua edirdik. Artıq bu xəyalımız gerçəkləşdi. İnsana bir yuxu kimi gəlirdi ki, uzun illərdən sonra Ağdam şəhəri Cümə məscidində azan səsləndi, inanclı insanlar ibadət etdilər. Çox qəribə duyğular, hisslər yaşadıq. Orada bir sıra ziyarətgah və türbələrə baş çəkdik. Türbənin tövlə kimi istifadə edilməsinin şahidi olduq. Növbəti dəfə erməni vəhşiliyini yaxından izlədik. Ağdam məscidində yanıq izləri indiyə qədər qalıb. O abidələrə qarşı amansız davranışın təzahürlərini gördük. Azərbaycan tərəfindən orada müxtəlif dini konfessiyaların nümayəndələri iştirak edirdilər, yəhudi, xristian və müsəlman din xadimləri birgə bu ziyarəti gerçəkləşdirdilər. Bu, bir daha sübut edir ki, Azərbaycan tolerant ölkədir, burada bütün dinlərə hörmətlə yanaşılır. Azərbaycan ərazisində yaşayan bütün xalqlar, din mənsubları bu dövləti özünə Vətən hesab edirlər. Abidələr, dini məbədlər, digər dinlərə aid məbədlər məscidlərlə yanaşı təmir olunur. Dövlət səviyyəsində qayğı ilə əhatə olunub. Amma erməni tərəfdən bunun əksini gördük. Ermənilər hətta Qarabağda olan kilsələri belə dəyişdirməyə, alban abidələrini erməniləşdirməyə cəhd göstəriblər. Bizim qəbiristanlıqlarımız indiyə qədər minalanmış ərazidədir. Bütün tarixi, dini irsimizi məhv etməklə məşğul olublar. Keçirilən mətbuat konfransında da bu fikirlər səsləndirildi ki, bir daha dünya ictimaiyyətinə ermənilərin hansı vəhşilikləri törətdikləri çatdırılsın.
– Qarşıdan Ramazan ayı gəlir və hazırda ölkəmizdə vaksinlənmə prosesi davam edir. Peyvənd olunan insanlar, eləcə də koronavirus xəstələrinin oruc tutması məqsədəuyğundur?
– Koronavirus xəstələrinin oruc tutması mümkün deyil. Çünki onlar müalicə olunur, dərman qəbul edir, həkim nəzarətindədirlər. Amma peyvənd olunmuş insanlar oruc tuta bilərlər. Mən də peyvənd olunmuşam və özümü tam normal hiss edirəm. Hətta bu proses zamanı mən oruc idim. Ramazan ayı boyunca insanlar oruc tutacaqsa, bu vəziyyətdə peyvənd olunmaq mümkündür. Yəni din də bunu qadağan etmir, orucu pozmur. Qaydalar çərçivəsində oruc tutula bilər, amma xəstəliyə yoluxmuş insanlar və ya həkimin orucu qadağan etdiyi ağır xəstələr tutmamalıdırlar. Çünki bu, onların səhhətinə ciddi zərər vura bilər.
– Pandemiya dövründə insanlara tövsiyəniz nədir?
– Pandemiya başlayan gündən ölkə rəhbərliyi tərəfindən çevik tədbirlər həyata keçiriblər. Azərbaycan vaksinasiya prosesinin uğurla aparılmasındakı göstəriciyə görə MDB məkanında liderlər sırasındadır. İnsanlar qaydalara riayət etməyə çalışsınlar, ümidlərini itirməsinlər. Bu, keçici haldır, bədbinliyə qapılmamalıyıq. Bəzən belə hadisələrlə sınanırıq. Bunlar özümüzə gəlməyə, hadisəyə baxışımızı dəyişməyə fürsət yaradır. Allahın verdiyi elmin gücü ilə insanlar bu böhrandan çıxacaqlar.
 

Şahxanım ƏLİZADƏ,

“Xalq qəzeti”

11 Aprel 2021 00:56 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə