Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənipərəst qüvvələrin Cənubi Qafqazda sabitliyi pozmaq cəhdləri əbəsdir

Milli Məclisin deputatı, Avropa İttifaqı–Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev ötən həftə Avropa Parlamentinin Fransadan olan üzvü, qurumun təhlükəsizlik və müdafiə məsələləri alt komitəsinin sədri Natali Luazonun Fransanın “Croix” jurnalında “Dağlıq Qarabağ kilsələrini qoruyaq” sərlövhəli yazısına və AP-nin Fransadan olan digər üzvü, Fransua–Xavier Belaminin Ermənistana səfəri, bu səfər çərçivəsində Ermənistanın xarici işlər naziri, bütün ermənilərin katalikosu və digər şəxslərlə keçirdiyi görüşlərə və verdiyi bəyanatlarla bağlı qəzetimizə açıqlamasında bildirdi:

 

Avropa Parlamenti çox mühüm siyasi qurumdur. Bu qurumda təmsil olunan siyasətçilər regiondakı vəziyyətlə bağlı fikir bildirərkən öz siyasi məsuliyyətlərini başa düşməlidirlər. Lakin son dövrlər Avropa Parlamentinin bir sıra üzvləri Cənubi Qafqazda gərginliyi artırmağa yönəlmiş bəyanatlar səsləndirir, regionda formalaşmış kövrək sülh şəraitini pozmağa xidmət edən addımlar atırlar. Bunlar erməni lobbilərinin və ermənipərəst dairələrin məqsədyönlü şəkildə gerçəkləşdirdiyi pozucu tədbirlərdir.
AP üzvləri Ermənistanda revanşist meyilləri stimullaşdırmaq əvəzinə, Cənubi Qafqazda davamlı sülhün bərqərar olunmasına çalışmalıdırlar. Xanım Natali Luazo artıq uzun bir müddətdir ki, Fransa erməni lobbisinin təsir dairəsində olan və ölkəmizə qarşı haqsız hücumlarda iştirak edən qərəzli bir siyasətçidir. Pandemiyadan əvvəlki illərdə AP-yə səfərlərimiz çərçivəsində qurumun təhlükəsizlik və müdafiə məsələləri alt komitəsinin sədri kimi xanım Luazo ilə bir neçə dəfə görüşməyə təşəbbüs etsəm də, təəssüf ki, heç vaxt ondan müsbət cavab ala bilməmişəm.
Cavanşir Feyziyev açıqlamasının davamında bildirdi ki, hazırda regionda mövcud olan sülh kövrəkdir və bu kövrəkliyi nəzərə alaraq AP üzvləri öz bəyanatlarında, addımlarında diqqətli və balanslı olmalıdırlar:
– Avropa İttifaqı ölkələri İkinci dünya müharibəsindən sonra qitədə siyasi-iqtisadi inteqrasiyanı təmin etmiş, Avropanı sülh qitəsinə çevirmişlər. Dolayısı ilə, bu dövlətlər müharibədən sonra sülhün təmin edilməsi üçün bütün kommunikasiyaların bərpa olunmasının, əlaqələrin intensivləşdirilməsinin nə qədər vacib olduğunu yaxşı bilirlər. İndiki halda 44 günlük müharibədə əldə edilmiş Zəfərdən sonra Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanla bütün kommunikasiyaların açılması, əlaqələrin tam bərpa olunması təşəbbüsünü irəli sürüb və bu təşəbbüslər 10 noyabr bəyanatında öz əksini tapıb.
Postmüharibə dövründə Azərbaycan həmin bəyanatın müddəalarının həyata keçirilməsinə çalışır və dünya birliyini də bölgəmizdə sülhün qorunmasına və regional əməkdaşlığın bərpa olunmasına dəstək verməyə səsləyir. Bütün bu prosesləri özünün çox da uzaq olmayan tarixində yaşamış və kifayət qədər sülhyaratma təcrübəsi qazanmış Avropa ölkələri və siyasətçiləri Azərbaycanın bu cəhdlərinə dəstək verməlidir.
O ki qaldı, xanım Luazonun öz yazısında erməni kilsələrinin taleyindən təşviş ifadə etməsinə, belə bir narahatlıq üçün heç bir əsas yoxdur. Azərbaycan çoxmillətli və multi-konfessional bir ölkədir və öz tolerantlığı ilə əksər dünya dövlətlərinə nümunədir. Bakıda və Azərbaycanın ayrı-ayrı bölgələrində çoxlu kilsə və sinaqoqlar var. Paytaxtın mərkəzində erməni kilsəsi yerləşir və dövlət tərəfindən qorunur. Azərbaycanda bu gün 30 min erməni əsilli vətəndaş yaşayır. Heydər Əliyev Fondu dünyanın bir sıra ölkələrində, o cümlədən Vatikanda dini abidələri bərpa etmək üçün layihələr icra edir.
Bütün bunlar Azərbaycanın tolerantlıq və digər mədəniyyətlərin tarixi-dini abidələrinə həssas yanaşmasının bariz nümunələridir. Belə bir multikultural dəyərlərin fonunda Avropa Parlamentinin təmsilçisi adından işğaldan azad olunmuş ərazilərdə olan kilsələrin taleyi ilə bağlı əsassız narahatlığı dilə gətirmək, qisasçı ritorikadan ruhlananların dəyirmanına su tökmək siyasi mədəniyyətə sığmır.
Cavanşir Feyziyev Avropa İttifaqı–Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri olaraq AP-nin hər iki üzvünə məktub ünvanlandığını və həmkarlarını daha konstruktiv mövqe tutmağa səslədiyini söylədi:
– Həmin məktublarda mən fransalı parlamentarilərə işğaldan azad olunmuş ərazilərdə 30 illik işğal dövründə ermənilər tərəfindən törədilmiş vandalizm aktları ilə bağlı geniş məlumat vermişəm. 30 il ərzində işğal altında qalmış ərazilərimizdə dini və mədəni abidələrimizə, məscidlərimizə qarşı törədilmiş mədəni terror haqqında bütün məlumatları, o cümlədən xalqımızın müqəddəs dəyəri olan məscidlərimizdə donuz və başqa heyvanların saxlanıldığını da fransız həmkarlarımın diqqətinə çatdırmışam.
Sonda ümidvar olduğumu bildirirəm ki, qeyd edilən dairələrin bilərəkdən atdıqları təxribatçı addımların qarşısı qətiyyətlə alınacaq. Ermənipərəst qüvvələrin Cənubi Qafqazda sabitliyi pozmaq cəhdləri əbəsdir. Dünya ictimaiyyətinin təmsilçiləri, xüsusilə siyasi xadimlər regionun reallıqları ilə tanış olduqdan sonra bölgədə sülhün bərqərar olması üçün xeyirxah səylərini davam etdirməli, Cənubi Qafqaz regionunun sülh və sabitlik şəraitində daha sürətli inkişaf etməsinə, bölgə xalqlarının rifahının təmin olunmasına öz töhfələrini əsirgəməməlidirlər.
 

Təqdim etdi:
R.TAHİR,
“Xalq qəzeti”

11 Aprel 2021 00:44 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə