Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan BMT ilə əməkdaşlığa xüsusi önəm verir

BMT qurumları ilə bizim ənənəvi sıx əlaqələrimiz olubdur və bu əlaqələr davam edir. Müharibədən sonrakı dövr ərzində təmaslar daha fəal olub və bu təmaslar davam etdiriləcək və əlbəttə ki, bundan sonra BMT dünyanın aparıcı qurumu kimi postmünaqişə dövründə də fəal olmalıdır.

 

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

 

İşğalçı qonşularımızın və onların bədxah himayədarlarının illər boyu davam etdirdikləri fitnəfəsadlara baxmayaraq , gənc müstəqil Azərbaycan dövlətinin beynəlxalq aləmdəki reytinqi durmadan artır. Xüsusən, ötən ilin payızında olmuş 44 günlük müharibə zamanı BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrini və ATƏT-in qərarlarını icra etməyimiz dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilmişdir. İndi artıq elə bir beynəlxalq təşkilat yoxdur ki, o, Azərbaycanın haqq işini dəstəkləməsin. Bundan başqa, ölkəmizin COVID – 19 pandemiyasına qarşı aparılan beynəlxalq mübarizənin önündə getməsi də hamı tərəfindən təsdiqlənir. 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti Volkan Bozkırı qəbul edərkən bu məsələlər məxsusi olaraq vurğulandı. Dövlət başçımız qeyd etdi ki, biz COVID-lə bağlı bir neçə təşəbbüslə çıxış etdik. Türk Şurasının Zirvə görüşünü, Qoşulmama Hərəkatının Zirvə görüşünü keçirdik və BMT Baş Assambleyasının COVID-lə bağlı xüsusi sessiyasının keçirilməsinə də nail olduq və buna BMTnin də dəstəyi oldu. Ondan sonrakı hadisələr göstərdi ki, doğrudan da bu, indi gündəlikdə duran önəmli məsələlərdən biridir: “Çünki vaksin millətçiliyi, vaksinlərin ədalətsiz bölüşdürülməsi bu gün artıq dünya gündəmini zəbt edən bir məsələdir. Azərbaycan ilk ölkələrdən idi ki, bu məsələni açıb qaldırdı. Bu gün biz çalışırıq ki, bu ədalətsizliyi aradan qaldıraq. Eyni zamanda, COVID dönəmində biz 30-dan çox ölkəyə maddi və humanitar yardım göstərmişik və bu fəaliyyəti davam etdirmək əzmindəyik”.

Təbii ki, digər və daha aktual məsələ Azərbaycan ərazilərinin işğaldan azad edilməsi üçün aparılan siyasi-diplomatik mübarizədə və erməni təxribatına cavab olaraq başlanmış hərbi əməliyyatlarda ölkəmizin möhtəşəm dəstək görməsi idi. Bu gün – işğalçı ölkənin kapitulyasiya aktını imzalamasından sonra isə regionda və dünyada yeni reallıqlar yaranıb. Dövlət başçımız BMT rəsmisinə xatırlatdı ki, Dağlıq Qarabağ münaqişəsi həll olunub, Azərbaycan bunu həll edib və 30 ilə yaxın kağız üzərində olan qətnamələri yerinə yetirib və artıq münaqişə tarixdə qalıbdır. İndi isə yeni dövr başlayıb – quruculuq dövrü, bərpa dövrü.

Təkcə Azərbaycan üçün deyil, Türkdilli Dövlətlər, İslam ölkələri, Qafqaz – Anadolu və Orta Asiya coğrafiyasındakı hər kəs üçün maraqlı və xoş olan xəbərdir ki, artıq işğaldan azad edilmiş ərazilərin bərpasına start verilmişdir. Azərbaycan bu məsələlərlə bağlı BMT-nin bütün qurumları ilə, o cümlədən UNESCO ilə sıx əlaqə saxlayır.

Dövlət başçımız BMT rəsmisinə xatırlatdı ki, UNESCO ilə gedən müzakirələr əsnasında missiyanın göndərilməsi nəzərdə tutulur. Əslində, Azərbaycan rəhbərliyi münaqişə dövründə dəfələrlə UNESCO-ya müraciət etmişdi ki, faktaraşdırıcı missiyanı işğal edilmiş bölgələrə göndərsin. Çünki orada bizim tarixi, dini, mədəni abidələrimiz ermənilər tərəfindən dağıdılmışdır və biz istəyirdik ki, beynəlxalq təşkilatlar, o cümlədən bu məsələ ilə bilavasitə məşğul olan UNESCO gəlsin və bunu təsdiq etsin.

Dövlət başçımızın da dediyi kimi, münaqişə dövründə bu təklifimiz cavabsız qalmışdır, ancaq münaqişədən sonra indi missiyanın göndərilməsi gözlənilir: “Biz bunu alqışlayırıq. Çünki azad edilmiş torpaqlarda erməni vəhşiliyi, vandallığı göz qabağındadır. Nə qədər çox beynəlxalq təşkilatlar bunu öz gözləri ilə görsələr, münaqişə ilə bağlı, Ermənistanın işğalı ilə bağlı dünya birliyində təsəvvür o qədər də daha geniş olar”.

Volkan Bozkırın ölkəmizə gəlişinin səbəbini söyləməsi sadə bir azərbaycanlı kimi, məni xeyli dərəcədə məmnun etdi. O, Azərbaycanın Qoşulmama Hərəkatına son dərəcə müvəffəqiyyətlə sədrlik etdiyini xatırladaraq dedi ki, bu, BMT üçün çox önəmli bir təşkilatdır və onun sədri olmaq da xüsusi əhəmiyyət daşıyır: “ Bu baxımdan fəaliyyətinizə görə Sizə təşəkkür etmək məqsədilə gəldim... Bəhs etdiyiniz bütün məsələləri həqiqətən Nyu-Yorkdan diqqətlə izləyirik.”

Elə həmin gün Milli Məclisin sədri Sahibə Qafarova da BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti Volkan Bozkırın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Parlament sədri artıq tarixə qovuşmuş Ermənistan – Azərbaycan münaqişəsinə dair BMT Təhlükəsizlik Şurasının vaxtilə qəbul etdiyi 4 qətnaməni xatırladaraq, 44 günlük Vətən müharibəsi dönəmində bu sənədlərin Azərbaycanın özü tərəfindən icra edildiyini və ölkənin ərazi bütövlüyünün bərpa olunduğunu söyləyib. Qeyd edilib ki, Ermənistan rəhbərliyi işğaldan azad olunmuş ərazilərimizdə minalanmış sahələrin xəritələrini hələ də bizə təqdim etmir. Bu isə müharibə cinayətidir və təhlükəsizliklə bağlı çox böyük problemlər yaradır.

Cənab Bozkırın həmin görüşdə səsləndirdiyi bir fikir isə milyonlarla soydaşımızın məmnunluğuna səbəb olduğu kimi, məğlub edilmiş, əzilmiş, sındırılmış və alçaldılmış Ermənistanın özünə və havadarlarına göz dağı çəkmişdir: “BMT bu təşkilat üçün çox önəmli ölkə olan Azərbaycanla əlaqələri daha da dərinləşdirməkdə maraqlıdır”.

BMT rəsmisinin Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla görüşü də yaddaqalan məqamlarla zəngin olmuşdur. Belə ki, Volkan Bozkır Baş Assambleyanın prezidenti qismində ilk səfərlərini reallaşdırdığını və bu çərçivədə Azərbaycana gəldiyini vurğuladı və dedi ki, Azərbaycan həm geostrateji, həm də BMT-yə töhfəsi baxımından vacib ölkədir.

Yəni öz dövlətçiliyini kiminsə qoltuğuna sığınmaqla qorumaq istəyən Ermənistan ənənəvi himayədarları üçün yükə çevrildiyi günlərdə Azərbaycan bütün beynəlxalq təşkilatlar və dünya ictimaiyyəti üçün “vacib ölkələr” sırasında möhkəmlənir. Bu isə Prezident İlham Əliyevin yeritdiyi mükəmməl xarici siyasətin, etibarlı tərəfdaşlığın və səmimi münasibətlərin nəticəsidir.

 

İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

11 Aprel 2021 00:02 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə