Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiyadan Qazaxıstana əlavə peyvənd göndərilib

Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayev ölkənin paytaxtı Nur-Sultanda Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüş zamanı respublikaya koronovirus əleyhinə əlavə peyvəndlərin göndərilməsi məsələsində göstərdiyi dəstəyə görə Rusiya lideri Vladimir Putinə minnətdarlığını bildirib.

Bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidmətinə istinadən TASS xəbər verib.  

 

Tokayev deyib: “Biz pandemiyaya qarşı birgə mübarizə məsələsində göstərdiyi köməyə və diqqətə görə Rusiya rəhbərliyinə, şəxsən Rusiya Federasiyasının Prezidentinə minnətdarlığımızı bildiririk. Martın 23-də RF Prezidenti ilə danışarkən məsələ qaldırdım ki, Rusiya tərəfi bizə əlavə 4 milyon doza peyvənd göndərsin. Xahişim anlayışla qarşılandı”. Qazaxıstanın dövlət başçısı bildirib ki, bir qədər əvvəl Rusiya tərəfi ilə Karaqandadakı fabrikdə birgə peyvənd istehsal etmək barədə razılaşıblar: “Orada istehsal artıq qaydaya salınıb. Bu yaxınlarda mən özüm də məhz Karaqanda farmakoloji kompleksində istehsal olunmuş “Sputnik V” peyvəndindən istifadə etdim”.

Qazaxıstan Prezidentinin mətbuat xidmətinin məlumatında daha sonra deyilir: “Öz növbəsində, Rusiyanın xarici işlər naziri Sergey Lavrov da QasımComərd Tokayevə Prezident Vladimir Putinin salamlarını çatdırıb və bildirib ki, Rusiya tərəfi Qazaxıstana peyvəndlərin göndərilməsi ilə bağlı bütün məsələləri həll edəcək” .

Qeyd edək ki, bu il fevralın 1-dən etibarən Qazaxıstanda əhalinin koronovirus infeksiyası əleyhinə peyvəndlənməsi kampaniyasına başlanılıb. Prosesdə Rusiyada istehsal olunan “Sputnik V” peyvəndindən istifadə edilir. Fevralın axırlarında artıq ölkənin bölgələrinə Karaqanda farmakoloji kompleksinin bazasında istehsal olunmuş “Sputnik V” preparatları göndərilib. Onu da bildirək ki, bu ilin ikinci rübündən etibarən əhalinin peyvəndlənməsində Qazaxıstan istehsalı olan “QazCovid-in” preparatlarından istifadə olunacaq. Hazırda həmin peyvəndin kliniki sınaqlarının üçüncü fazası həyata keçirilir.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

10 Aprel 2021 02:11 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə