Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Koronavirusa yoluxanların sayının artması arxayınçılığın nəticəsidir

Bir ildən artıqdır ki, bəşəriyyəti ciddi narahat edən, getdikcə genişlənən, qocaya, cavana aman verməyən koronavirus pandemiyası çox ciddi bəlaya çevrilib. Dünyada 133 034 086 nəfərin bu virusa yoluxması, 2 milyon 886 min 246 nəfərin dünyasını dəyişməsi də bu faktı təsdiqləyir. Dünyanın ABŞ kimi super gücə malik olan dövlətində COVID-19-dan əziyyət çəkənlərin sayının 31 milyonu ötməsi, Braziliya, Hindistan, Fransa, Rusiya və digər dövlətlərdə yoluxanların sayının getdikcə çoxalması pandemiyanın nə qədər təhlükəli olduğundan xəbər verir.

 

Azərbaycanda da koronavirusa yoluxanların sayı az deyil. Son məlumata görə, 273 min 869 nəfər bu virusa yoluxub və onlardan 3 min 743 nəfəri dünyasını dəyişib. Ölkəmizdə pandemiyaya qarşı aparılan mübarizə öz təsirini göstərib. Belə ki, bu vaxta qədər 243 min 467 xəstə sağalaraq evə buraxılıb.
Göründüyü kimi, digər dövlətlərlə müqayisədə ölkəmizdə həm yoluxanların, həm dünyasını dəyişənlərin, həm də sağalanların sayı fərqlidir. Faktlar da təsdiqləyir ki, respublikamızda pandemiyaya qarşı düzgün mübarizə aparılır. Bunu Ümumdünya Səhiyyə Təşkilatının rəhbərliyi də təsdiqləyir. Üstəlik, ölkəmiz həm ÜST-ə, həm də pandemiyadan əziyyət çəkən iqtisadi cəhətdən zəif olan bir sıra ölkələrə köməyini əsirgəməyib.
Respublikamızda modul tipli xəstəxanaların qısa zamanda istifadəyə verilməsi koronavirusa qarşı mübarizə tədbirlərindən ən zərurisi idi. Hadisələrin gedişi də göstərdi ki, virusa yoluxanlar bu xəstəxanalarda şəfa taparaq evlərinə buraxıldılar.
Koronavirusa qarşı aparılan əsas tədbilrlərdən biri də peyvəndləmə prosesinin uğurla həyata keçirilməsidir. Müqayisə üçün diqqətə çatdırım ki, birinci mərhələdə bir gün ərzində peyvənd olunanların sayı 27 min 992 nəfər olub. İkinci mərhələdə isə onların sayı 15 min 507 nəfər olub. Ümumilikdə isə ölkədə vaksin vurulanların ümumi sayı 1 milyon 25 min 790 nəfərdir.
Məlumat üçün bildirim ki, artıq peyvənd olunmanın ikinci mərhələsi başlayıb. Vaksin vurulanların sayı birinci mərhələdə ümumilikdə 643 min 463, ikinci mərhələdə 386 min 327 nəfəri təşkil edir. Peyvəndləmə prosesi uğurla davam etdirilir.
Bu faktları diqqətə çatdırmaqda əsas məqsədimiz ölkəmizdə pandemiyaya qarşı ciddi mübarizə aparıldığını yada salmaqdır. Hazırda Azərbaycan pandemiyaya qarşı mübarizədə dünyanın aparıcı dövlətlərindən biridir.
Dünyanın inkşaf etmiş bir sıra ölkələrində sərt karantin rejmi tətbiq olunduğu, əhali ilə yerli hüquq- mühafizə orqanları əməkdaşları arasında qarşıdurma yarandığı halda, ölkəmizdə belə hallara rast gəlinmir. Bu da işin düzgün təşkilindən irəli gəlir. Təəssüf ki, bu, bəzi adamlarda arxayınçılıq yaradıb. Son vaxtların statistikası da bunu təsdiqləyir. Pandemiyaya yoluxanların sayı sürətlə artmağa başlayıb. Acınacaqlı olsa da, qeyd edim ki, dünyasını dəyişənlərin sayında da artım var. Bu, hər birimizi ciddi narahat etməlidir. Elə ailə var ki, 4 gün ərzində həm ata, həm də ana virusdan dünyasını dəyişib.
Pandemiya ölkəmizin başı üzərini alan gündən bu vaxta qədər bir həkim kimi bu virusa qarşı mübarizə aparıram. Hər dəfə də insanlara tövsiyə edirəm ki, tibbi maskalardan istifadə etsinlər, ictimai yerlərdə məsafə saxlasınlar, sanitar-gigiyenik qaydaları gözləsinlər. Təəssüf ki, heç də hamı bu qaydalara əməl etmir və pandemiyaya yoluxanların sayının artmasına şərait yaradırlar. Nəticə göz qabağındadır. Dövlətimizin humanistliyindən öz məqsədləri üçün istifadə edənlər bununla həm özlərini, həm ailə üzvlərini, həm də yaxınlarını çətin vəziyyətə salırlar.
Gündəlik təcrübəmdə də bir ailədən 3-4 nəfərin koronavirusdan dünyalarını dəyişdiyinin şahidi olmuşam. Belə acınacaqlı halların qarşısını almaq üçün hər birimiz ciddi düşünməli, qaydalara əməl etməli, pandemiyanın geniş yayılmasının qarşısını almalıyıq. Bu, hər kəsin üzərinə düşən məsul vəzifədir. Biz arxayınlığa son qoymalı, qaydalara əməl etməklə koronavirusa yoluxanların sayının artmasının qarşısını almalıyıq.
 

Çingiz FƏTULLAYEV,
Saatlı Mərkəzi Rayon Xəstəxanası təcili-təxirəsalınmaz tibbi yardım şöbəsinin həkimi

10 Aprel 2021 01:07 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə