Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Laçına I dərəcəli yolun çəkilişinə başlanıb

Qarabağa böyük Qayıdışın zəruri əsaslarından sayılan kommunikasiyaların bərpası və yenilərinin yaradılması layihələrinə bu günlərdə daha bir önəmli yolun çəkilişi əlavə olunub. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Ermənistanın işğalından azad edilmiş ərazilərdə yol infrastrukturunun yenidən qurulması istiqamətində genişmiqyaslı tikinti işləri çərçivəsində Xudafərin–Qubadlı–Laçın və Xanlıq–Qubadlı avtomobil yollarının çəkilişinə başlayıb.

 

Qurumun KİV-ə açıqlamasında bildirilib ki, başlanğıcını Hacıqabul–Mincivan–Zəngəzur dəhlizi magistral avtomobil yolunun Xudafərin su anbarı yaxınlığından keçən hissəsindən götürən yeni Xudafərin–Qubadlı–Laçın avtomobil yolunun uzunluğu 66 kilometr olacaq. Bu magistral xəttin Xanlıq yaşayış məntəqəsindən ayrılıb Qubadlı şəhərinə qədər uzanacaq, 17 kilometrlik yeni qolunun da inşası nəzərdə tutulub. Layihələndirilən yolların ümumi uzunluğu 83 kilometrdir.
Dövlət başçısının tapşırığına əsasən, Xudafərin–Qubadlı–Laçın və Xanlıq–Qubadlı avtomobill yolları Qarabağın inkişaf planı nəzərə alınmaqla, 4 hərəkət zolaqlı və I texniki dərəcəyə uyğun olaraq inşa ediləcək. Artıq Xudafərin–Qubadlı–Laçın avtomobil yolunun Xudafərin Su Anbarı və Xanlıq yaşayış məntəqəsi arasında olan hissəsində tikinti işlərinə start verilib.
İş həcmi və layihənin qısa müddət ərzində yekunlaşdırılması tapşırığı nəzərə alınaraq, tikintini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “37 N-li Yol İstismarı” MMC ilə subpodratçı şirkət olaraq yol tikintisi sahəsində ixtisaslaşmış və ölkəmizdə indiyədək bir-neçə layihəni uğurla tamamlamış Türkiyənin “Polat Yol Yapı San.və Tic. Anonim Şirkəti” birgə icra edir.
Hazırda avtomobil yolunun başlanğıc hissəsində torpaq işləri görülür. Belə ki, xüsusi texnikadan istifadə olunmaqla yolun genişləndirilərək profilə salınması və I texniki dərəcəyə uyğun 21,5 metr enində yeni torpaq yatağının inşası işləri həyata keçirilir. Bunun üçün tikinti ərazisinə lazımi qədər qüvvə cəlb edilib.
Yeni inşa edilən yollar boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə dairəvi boruların və düzbucaqlı su keçidlərinin qoyulması, həmçinin zəruri olan yerlərdə 5 yeni avtomobil körpüsünün inşası planlaşdırılır.
Yolun çəkilişini qısa müddətdə icra etmək üçün Xanlıq yaşayış məntəqəsi yaxınlığında yeni düşərgə inşa edilir. Burada asfalt-beton zavodu, maşın-mexanizmlərin saxlanılması və xidməti üçün xüsusi ərazi, həmçinin işçilər üçün hər bir şəraiti olan ofis, yeməkxana və dincəlmək üçün yerlər qurulur.
Yeni Xudafərin–Qubadlı–Laçın və Xanlıq–Qubadlı avtomobil yolları işğaldan azad edilmiş Zəngilan, Qubadlı və Laçın rayonlarının ərazisindən keçir. Avtomobil yolu Qubadlı və Laçın şəhərləri də daxil olmaqla bu bölgənin 30-dan artıq yaşayış məntəqəsini əhatə edəcək.
Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin nəqliyyat, rabitə və yüksək texnologiyalar işçi qrupu çərçivəsində digər aidiyyəti dövlət qurumları ilə koordinasiyada həyata keçirilən bu yol layihəsi Qarabağın vahid nəqliyyat konsepsiyasının ayrılmaz tərkib hissəsini təşkil edir.
 

 R.TAHİR,
“Xalq qəzeti"

10 Aprel 2021 00:56 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə