Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın İƏT-lə əməkdaşlığı yüksək səviyyədədir

Azərbaycanın haqq işinin müdafiəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) danılmaz xidmətləri var. Təşkilat, xüsusilə Ermənistan – Azərbaycan münaqişəsinin həlli ilə bağlı ölkəmizə davamlı dəstək nümayiş etdirmişdir.
Bu günlərdə İƏT-in Baş katibi Yusif bin Əhməd əl-Osaymini qəbul edən Prezident İlham Əliyev görüş zamanı bunu xüsusi vurğulamış və onu Azərbaycanla əməkdaşlığın inkişafına verdiyi müstəsna töhfəyə görə “Dostluq” ordeni ilə təltif etmişdir. Dövlətimizin başçısı bildirmişdir ki, qonağın Azərbaycana növbəti səfəri bu əməkdaşlığın və ölkəmizə özəl münasibətin parlaq nümayişidir.

 

Ən yeni tariximizin qızıl hərflərlə yazılmış parlaq səhifəsi 44 günlük Vətən müharibəsinin Azərbaycan torpaqlarının 30 il davam edən və bir milyondan çox həmvətənimizin iztirabına, şəhər və kəndlərimizin tamamilə dağıdılmasına gətirib çıxaran işğalına son qoymasıdır. Qarabağ münaqişəsi ilə bağlı ən prinsipial məqamlarda İƏT Azərbaycanın yanında olmuş, ədalətin bərpasına nail olunması üçün göstərilən səylərə açıq şəkildə öz dəstəyini ifadə etmişdir. Son vaxtlarda əcnəbi jurnalistlər və diplomatlar, həmçinin müxtəlif konfessiyaları təmsil edən din xadimləri işğaldan azad olunmuş ərazilərə səfərləri zamanı görüblər ki, ermənilər şəhər və kəndlərimizi, tarixi və dini məkanları, məscidləri, qəbiristanlıqları necə vəhşicəsinə dağıdıblar. Bu, islamofobiyanın, Azərbaycanofobiyanın, vandalizmin təzahürüdür. Havadarlarına güvənən nankor qonşularımız əzəli torpaqlarımızdan bütün Azərbaycan və İslam irsini silmək, həmin torpaqların mənşəyini dəyişdirmək üçün qəsdən təcavüzkar siyasət yeridiblər. Qarabağa səfərdən sonra erməni vandallarının vəhşilikləri ilə bağlı əksər ziyarətçilərin, o cümlədən də din xadimlərinin verdikləri bəyanatlar, müsahibələr dünyanın bölgəmizlə bağlı əsl həqiqətdən hali olması baxımından önəmlidir.
Biz Qarabağda haqqı, ədaləti bərpa etdik. İndi biz bütün dünyanın bunu görməsini, başa düşməsini istəyirik ki, atdığımız addımlar haqq işi idi, beynəlxalq hüquqa, BMT-nin Nizamnaməsinə, özünümüdafiə hüququmuza əsaslanırdı. Təcavüzkar bizim torpaqlarımızdan qovuldu və indi bərpa vaxtıdır. Ancaq müharibənin törətdiyi problemlər çoxdur və bunların ən böyüyü minalardır. Məhz ermənilərin ərazilərimizdə basdırdığı minalar səbəbindən müharibə bitəndən sonra onlarca itki olub. O cümlədən, minalardan ölənlər var. Ermənistan bizə minaların xəritəsini verməyib. Bu, daha bir müharibə cinayətidir. Xəritəni vermək onların borcudur. Lakin münaqişənin bitməsindən beş ay keçsə də, onlar azərbaycanlılara qarşı bu siyasəti davam etdirirlər. Əlbəttə, biz lazım olan hər şeyi edəcək, minatəmizləməni sonadək aparacağıq.
Artıq Qarabağda yenidənqurma işlərinə başlanıb. Şəhərlərin, kəndlərin baş planları hazırlanma prosesindədir və Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, İslam dünyasından olan qardaşlarımızın gəlib həmin prosesləri görməsini istəyirik. Bu günlərdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə və dini konfessiya rəhbərlərinin Bərdə və Ağdama səfər etmələri Azərbaycandakı Dağ yəhudiləri və Avropa yəhudiləri icmalarının, habelə ölkəmizdəki Roma Katolik icması təmsilçilərinin oradakı məscidləri ziyarət etmələri də həmin məqsədə xidmət edir və erməni vəhşiliyinin dünyaya daha geniş yayılacağına inam hissimizi artırır.
Böyük qələbə münasibətilə Azərbaycan Prezidentini təbrik edən İƏT-in Baş katibi Yusif bin Əhməd əl-Osaymi bunu bütün İslam dünyasının və tərəqqipərvər bəşəriyyətin zəfəri kimi dəyərləndirib. “Sizin məsələniz haqq işi idi – torpaqlar sizin idi, beynəlxalq hüquq tərəfinizdə idi, İslam Əməkdaşlıq Təşkilatı yanınızda idi və onun qətnamələri sizi dəstəkləyirdi. Burada söhbət ölkənizin ərazisinin 20 faizindən, Azərbaycanın böyük bir hissəsindən gedir. Allaha şükürlər olsun ki, Sizin müdrikliyiniz və təmkinliyiniz öz bəhrəsini verdi və məsələ müsbət həll olundu”.
 

Hacı Rauf SƏRDAROV,
ilahiyyatçı

10 Aprel 2021 00:33 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə