Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənilərin xalqımıza qarşı soyqırımı siyasəti: tarixi və siyasi-hüquqi müstəvidə

Son iki yüz ildə Azərbaycan xalqı dəfələrlə kütləvi qırğınlara və soyqırımlarına məruz qalmışdır. XIX əsrin əvvəllərindən başlayaraq kütləvi və məqsədli şəkildə Cənubi Qafqaza köçürülən ermənilər xarici havadarlarının köməyi ilə soydaşlarımızın yaşadıqları minlərlə yaşayış məntəqəsini viran etmiş, bir milyondan artıq soydaşımıza qarşı bəşəri cinayət olan soyqırımı siyasətini həyata keçirmişlər.

 

Xalqımıza qarşı erməni təcavüzünün başlıca məqsədi tarixi Azərbaycan torpaqları hesabına erməni dövlətinin əsasını qoymaq və sonradan müxtəlif yollarla onu genişləndirməklə “böyük Ermənistan” yaratmaqdan ibarət olmuşdur.
1826–1828-ci illər
Rusiya – İran, 1828–1829-cu illər Rusiya – Türkiyə müharibələrindən sonra İran və Türkiyədən köçürülən 130 minə yaxın erməni əsasən İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılmışdır. Həmin müharibələr nəticəsində 359 müsəlman kəndi dağıdılmış, əhalisinin xeyli hissəsi məhv edilmiş və torpaqlarından didərgin salınmışdır. Türkmənçay müqaviləsindən sonra İrəvan və Naxçıvan xanlıqları ərazisində təşkil edilən Erməni vilayətində mövcud olan 1111 yaşayış məntəqəsindən cəmi 62 kənddə (erməni kilsələrinin ətrafında) ermənilər yaşayırdılar.
Son iki yüz ildə indiki Ermənistan ərazisində Azərbaycan türklərinə qarşı həyata keçirilən qırğınlar, deportasiya və soyqırımları nəticəsində onların yaşadıqları iki minə yaxın yaşayış məskəni boşaldılmışdır. Azərbaycanlıların öz əzəli torpaqlarından qovulması ilə paralel ermənilərin onların yerində məskunlaşdırılma kampaniyası XIX əsrin sonunda Türkiyədə baş qaldıran erməni separatizminin yatırılmasından sonra daha geniş vüsət almışdır. 20-ci əsrin əvvəllərində Cənubi Qafqzda yaşayan 1,3 milyon erməninin 1 milyonu xaricdən gələn ermənilər idi.
Həmin dövrdə “Daşnaksütyun” partiyası öz proqramında dəyişiklik edərək, fəaliyyətinin ağırlıq mərkəzini Cənubi Qafqaza keçirmiş, müstəqil erməni dövləti qurmaq məqsədilə terrorçu silahlı birləşmələr yaratmışdır.
Rusiyanın rəsmi dairələrinin ermənipərəst mövqeyindən istifadə edən “Daşnaksütyun” İrəvan, Gəncə (Yelizavetpol) və Tiflis quberniyalarında Azərbaycan türkləri yaşayan əraziləri təmizləmək və orada erməniləri məskunlaşdırmaq məqsədilə kütləvi qırğınlar törətmişdir. 1905-1906-cı illərin əvvəlində Rusiyada baş verən iğtişaşlardan bir fürsət kimi istifadə edən ermənilər əvvəlcə Bakıda, sonra isə İrəvanda, Naxçıvanda, Gəncədə, Qarabağda, Zəngəzurda, Qazaxda və Tiflisdə dinc azərbaycanlılara qarşı qırğınlar törətmişlər. Erməni silahlı dəstələri İrəvan – Naxçıvan – Zəngəzur – Qarabağ istiqamətində yerləşən azərbaycanlı yaşayış məskənlərinin əhalisini qırmaqla, qovmaqla və həmin ərazilərdə erməniləri məskunlaşdırmaqla, gələcək Ermənistan dövlətinin əsasını qoymaq istəyirdilər. Sayları on min silahlıdan artıq olan erməni birləşmələri İrəvan şəhərində və onun ətraf kəndlərində, Eçmiədzin (Üçkilsə) və Şərur –Dərələyəzdə, Gəncə quberniyasının Zəngəzur qəzasının Gorus, Qafan və Qarakilsə (Sisyan) nahiyələrində, Şuşa, Cavanşir, Cəbrayıl, Qazax qəzalarında kütləvi soyqırımı törətmiş, 200-dən artıq azərbaycanlı kəndini viran qoymuşlar.
Ermənilərin Azərbaycan xalqına qarşı çevrilmiş soyqırımı siyasəti çar Rusiyasında mərkəzi hakimiyyətin süqut etdiyi, keçmiş imperiyanın dərəbəylik və anarxiya şəraitində yaşadığı 1918-ci ildə daha geniş vüsət almışdır. Bu dövrdəki soyqırımı daha mütəşəkkil şəkildə və daha böyük bir qəddarlıq və amansızlıqla həyata keçirilmişdi. Təkcə 1918-ci ilin mart-aprel aylarında Bakıda, Şamaxıda, Qubada, Muğanda və Lənkəranda ermənilər 50 mindən çox azərbaycanlını qətlə yetirmiş, evlərini talan etmiş, on minlərlə adamı öz yurd-yuvalarından didərgin salmışdılar. Yalnız Bakıda 30 minə yaxın soydaşımız xüsusi amansızlıqla qətlə yetirilmiş, Şamaxı qəzasının 58 kəndi dağıdılmış, 7 min nəfərədək adam, o cəmlədən, 1653 qadın və 965 uşaq öldürülmüş, Quba qəzasının 122 müsəlman kəndi yerlə yeksan edilmişdi. Qarabağın dağlıq hissəsində 150-dən çox, Zəngəzur qəzasında 115 Azərbaycan kəndi vəhşicəsinə dağıdılmış, əhaliyə cinsinə və yaşına fərq qoyulmadan qəddarcasına divan tutulmuşdu. İrəvan quberniyasında 211, Qars vilayətində 92 Azərbaycan kəndi dağıdılmış, yandırılmış və talan edilmişdir.
İrəvan azərbaycanlılarının çoxsaylı müraciətlərindən birində göstərilir ki, qısa müddət ərzində bu tarixi Azərbaycan şəhərində və onun çevrəsində 88 kənd dağıdılmış, 1920 ev yandırılmış, 132 min azərbaycanlı məhv edilmişdir. Erməni cəza dəstələrinin törətdikləri vəhşiliklər, daşnak hakimiyyəti dövründə yürüdülən “türksüz Ermənistan” siyasəti nəticəsində İrəvan quberniyasının azərbaycanlı əhalinin sayı 1916-cı ildə 375 min nəfərdən 1922-ci ildə 70 min nəfərə enmişdir. Göründüyü kimi, qısa müddət ərzində soyqırımının və kütləvi etnik təmizləmələrin aparılması nəticəsində erməni millətçiləri qarşılarına qoyduqları məqsədə əsasən nail olmuşlar.
Şovinist ruhlu erməni millətçilərinin azərbaycanlılara qarşı soyqırımı cinayətlərinin cəzasız qalması, bu cinayətlərə heç bir siyasi-hüquqi qiymətin verilməməsi səbəbindən sovet hakimiyyəti dövründə də azərbaycanlılar onlara qarşı yeridilən antihumanist siyasətlə dəfələrlə üzləşmişlər. Ermənistan SSR ərazisində yaşayan azərbaycanlıların taleyi bu düşünülmüş, rüsvayçı siyasətin əyani təzahürüdür. “Sürünən” deportasiyalar, habelə 1948–1953 və 1988–1989-cu illərin zorakı deportasiyaları nəticəsində Ermənistan SSR-dən yarım milyona yaxın azərbaycanlı qovulmuş, onların bütün əmlakı talan edilmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra Fövqəladə İstintaq Komissiyası yaradılmış və ermənilərin xalqımızın başına gətirdikləri müsibətlər şahid ifadələri əsasında sənədləşdirilmişdir. Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə hər il 31 martı matəm günü kimi qeyd etmək qərara alınmışdı. Erməni təcavüzünün qurbanlarının xatirəsi 1919-cu və 1920-ci il martın 31-də matəm kimi qeyd edilmişdi. 1920-ci ildən sonra Ermənistanda Azərbaycan türklərinə qarşı deportasiya siyasəti “dostluq” və “beynəlmiləlçilik” pərdəsi altında davam etdirilmişdir. 1930-1937-ci illərdə Ermənistanın Türkiyə və İranla sərhəd boyunda yaşayan 50 minə yaxın azərbaycanlı repressiyaya məruz qalaraq həbs edilmiş, Qazaxıstan və Sibir çöllərinə sürgün edilmişdir.
1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Sovetinin qəbul etdiyi “Ermənistan SSR-də kolxozçu və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür – Araz ovalığına köçürülməsi haqqında” qərara əsasən 1948-1953-cü illərdə azərbaycanlılar yaşayan ən münbit ərazilərdən, xüsusən də İrəvan və onun ətraf rayonlarından 150 minə yaxın əhali deportasiyaya məruz qalaraq Azərbaycanın aran rayonlarına köçürülmüşdür. Köçürülən əhalinin, təqribən, yarısı iqlim şəraitinə uyğunlaşmayaraq tələf olmuşdur.
Keçmiş SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli mövqeyindən istifadə edən Ermənistan Respublikası Dağlıq Qarabağ Muxtar Vilayətini anneksiya etməyə cəhd göstərməklə yanaşı, Ermənistan SSR Ali Soveti sessiyasının məxfi göstərişinə əsasən, 1988-ci il noyabrın 22-dən 28-dək müddət ərzində soydaşlarımız yaşayan 22 rayonda 170 tam və 94 qarışıq (ermənilərlə) yaşayış məskənləri azərbaycanlılardan təmizlənmiş, nəticədə 200 mindən artıq azərbaycanlı 18 min müsəlman kürd, min nəfər rusdilli əhali Azərbaycana pənah gətirmişdir. Həmin vaxt 216 azərbaycanlı vəhşicəsinə qətlə yetirilmiş, minlərlə qadın, uşaq və qoca bədən xəsarəti almış, on minlərlə ailənin əmlakı qarət olunmuşdur.
Ermənistan Respublikası azərbaycanlılara qarşı təkcə fiziki soyqırımı siyasətini deyil, onları tarixi-etnik torpaqlarından təmizlədikdən sonra mənəvi soyqırımı – türk mənşəli toponimləri erməniləşdirmək aksiyasını da həyata keçirmişdir. Son vaxtlara qədər mövcud olan türk mənşəli toponimlərin hamısı dəyişdirilmiş və yaxud soydaşlarımızın yaşadıqları kəndlər ölü zonaya çevrilərək, yaşayış məntəqələrinin siyahısından silinmişdir.
Monoetnik Ermənistan dövləti yaratmağa nail olan Ermənistan rəhbərləri onu dəstəkləyən dövlətlərin hərbi-sənaye potensialından bəhrələnərək əhalisinin 30 faizini azərbaycanlılar təşkil edən Dağlıq Qarabağ Muxtar Vilayətini, habelə, 7 ətraf rayonu (Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Ağdam və Füzuli) işğal edib xarabazara çevirmiş, əhalini soyqırımına məruz qoymuşlar.
Ermənistan silahlı qüvvələri Azərbaycanın 12 rayonunu işğal etmiş (ərazisinin 20 faizi, yaxud beşdən bir hissəsini), 20 minə yaxın Azərbaycan vətəndaşını öldürmüş, 4 minə yaxın əhalini girov götürmüşlər ki, onların da əksəriyyətini uşaq, qadın və qocalar təşkil edir. İşğal edilmiş ərazilərdə 4 mindən çox sənaye və kənd təsərrüfatı obyekti, 724 şəhər, kənd və qəsəbə qarət edilmiş, ümumi sahəsi 6 milyon kvadratmetr olan 180 mindən artıq mənzil və şəxsi ev, minə yaxın təlim tərbiyə müəssisəsi, 3 minə yaxın mədəni-maarif ocağı, 700-dən artıq tibb müəssisəsi erməni vandalları tərəfindən dağıdılmışdır...
Ermənistanın işğalçı siyasəti, azərbaycanlılara qarşı soyqırımı daimi ola bilməzdi. Getdikcə güclənən Azərbaycan Ordusu işğal altındakı ərazilərimizi azad etməyə qadir idi. 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Günnüt əməliyyatında hamımız, eləcə də dünya birliyi bunun şahidi oldu. Həmin illərdə işğalçı Ermənistan ordusu sərhədboyu ərazilərdə yenidən təxribatlar törətməklə günahsız insanların ölümünə bais oldu. Lakin bu dəfə, necə deyərlər, “daş qayaya rast gəldi”. Həm 2016, həm də 2018-ci illərdə rəşadətli ordumz düşmənə ağır zərbələr vuraraq, 25 ildən artıq müddətdə işğal altında olan ərazilərimizin bir hissəsini – 10 min hektarlarla torpağımızı, bir sıra mühüm əhəmiyyətli, strateji yüksəklikləri düşməndən azad etdi.
“İştah diş altındadır” deyib aqillər. “Böyük Ermənistan” yaratmaq ideyası ilə yaşayan şovinist ermənilər 2020-ci il sentyabrın 27-də yenidən Azərbaycan ərazilərini işğal etmək üçün cəbhə boyu ərazilərdə təxribatlara, sonra isə müharibəyə başladı. Ancaq bu dəfə daha çətin duruma düşdülər. Döyüşlərin ilk günündən işğalçı ordu darmadağın edildi. Bunu gözləməyən Ermənistan ordusu başını soxmağa yer tapmadı. Müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyevin düzgün müəyyənləşdirdiyi strategiya sayəsində işğal altında olan ərazilərimiz bir-birinin ardınca düşməndən azad edildi. Cəmi 44 gün ərzində Azərbaycan parlaq qələbə qazandı və XXI əsrdə dünyada ilk dəfə olaraq Zəfər paradı keçirildi. Həmin paradda dah çox diqqəti cəlb edən məsələlərdən biri düşmən tərəfindən qənimət kimi götürülmüş silah-sursatın nümayişi oldu. Bu, Ermənistanın dünyada rüsvay olunmasında növbəti addım oldu. Bu tarixi qələbə Azərbaycanın beynəlxalq aləmdəki mövqeyini daha da möhkəmləndirdi, reytinqini yüksəltdi. Bütün dünya şahidi oldu ki, Azərbaycan Ordusu, həqiqətən, dünyanın güclülərindəndir.
Dünyanın müxtəlif ölkələrindən dövlətimizin başçısına hələ də parlaq qələbə münasibətilə təbriklər gəlməkdədir. Bu təbriklər bir daha təsdiqləyir ki, dünya birliyi Azərbaycan dövlətinin siyasətini, ərazi bütövlüyünü dəstəkləyir. Hazırda Ermənistanda, necə deyərlər, “ara qarışıb, məzhəb itib”. Azərbaycanda isə ordu quruculuğu sahəsində işlər davam etdirilir, islahatlar aparılır, nəzərdə tutulmuş layihələrin reallaşdırılması istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilir.
Dövlətimzin başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevin öz ailə üzvləri ilə birlikdə işğaldan azad edilmiş ərazilərimizə gedib Azərbaycan Bayrağını qaldırması, Şuşada, Cıdır düzündə çay dəsgahı qurulması, Novruz bayramı tonqalının, məhz Cıdır düzündə çatılması həm ermənilərə, həm də onların havadarların göz dağıdır. Bütün bunlar bir daha təsdiqləyir ki, günahsız qətlə yetirilmiş insanların, şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycanın ərazi bütövlüyü öz hərbi gücü vasitəsilə təmin olundu. İndi həmin ərazilərin bərpa olunmasına başlanılıb. Dünya birliyi də şahid oldu ki, “Qarabağ bizimdir!”, “Qarabağ Azərbaycandır!”.
 

Elman NƏSİROV,
Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor

9 Aprel 2021 00:39 - SİYASƏT
SİYASƏT
18 Aprel 2021 | 03:59
Tarixi dəyişdirən lider

Köhnə versiyamızdan xəbərləri izlə