Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ATƏT-in Minsk qrupu oyundankənar vəziyyətdə

Təcavüzkar Ermənistanın Azərbaycanın Qarabağ bölgəsini işğal etməsini beynəlxalq hüququn ən kobud şəkildə pozulması halı kimi aradan qaldırmalı olan ATƏT-in Minsk qrupunun 30 ilə yaxın səmərəsiz fəaliyyətinin, əslində, nəticəsiz qalmış fəaliyyətsizliyinin özü dünyanın çağdaş siyasi tarixinə beynəlxalq hüququn biabırcasına hörmətdən salınması faktı kimi daxil oldu.

 

Qarabağ münaqişəsinin 20 faiz ərazisi işğal olunmuş, 1 milyon insanı məcburi köçkünə çevrilmiş tərəf kimi Azərbaycanın Minsk qrupundan qanuni və haqlı gözləntilərini lap əvvəldən bu qurumun həmsədrlərinin öz aralarındakı qeyri-həmrəyliyi, bir-birinə qarşı hegemon mövqeləri və münaqişə tərəflərinə subyektiv münasibətləri ciddi şübhə altına almışdı. Qarabağ davasının alovlanmasına imkan yaratmış SSRİ superdövlətinin varisi olan birinci həmsədr dövlət Rusiyanın münaqişənin həlli ilə bağlı daim üstün mövqe sərgiləməsi, Cənubi Qafqazdakı bu qarşıdurmadan regionda təsirinin güclənməsi vasitəsi kimi yararlanmağa çalışan ikinci həmsədr ABŞ-ın, hər şeydən əvvəl, öz maraqlarını önə çəkməsi, təpədən-dırnağa qədər ermənipərəst ölkə olan üçüncü həmsədr Fransanın isə Azərbaycana birtərəfli və əsasən qərəzli münasibəti ATƏT-in Minsk qrupunun fəaliyyətini 28 il imitasiyalar silsiləsinə çevirdi.
Azərbaycan dövlətinin rəhbərləri – ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin bu qurumun aldadıcı, konkret nəticəyə yönəldilməyən təsirsiz fəaliyyəti barədə davamlı xəbərdarlıqlarına baxmayaraq, Minsk qrupu bu mövqesizliyi ilə Ermənistanın açıq-aşkar işğalçılıq siyasətinin davam etməsinə şərait yaratdı, öz işində nəinki illəri, eləcə də on illəri bir-birinin ardına düzdü. Nəhayət, ötən ilin payızında Azərbaycanın BMT Təhlükəsizlik Şurasının 27 ildən bəri icrasız qalmış 4 qətnaməsinin və öz ərazi bütövlüyünü təmin etmək barədə beynəlxalq hüququn verdiyi mötəbər əsaslarla işğalçı Ermənistanın silahlı birləşmələrini əzərək Qarabağdan qovub çıxardı. Bununla Minsk qrupunun on illər boyu uzadıb həll etmədiyi Qarabağ münaqişəsinə hərbi yolla son qoyuldu və bu qurumun mövcudluğuna isə bir ehtiyac qalmadı.
Lakin Minsk qrupunun həmsədrləri Qarabağ münaqişəsinin Azərbaycanın haqlı sülhəməcburetmə aksiyası günlərində də ermənipərəst mövqeləri ilə məsələnin yeganə mümkün görünən hərbi yolla həllini əngəlləməkdən çəkinmədilər. Aradan keçən 5 ayda Minsk qrupunun həmsədrləri onun roluna artıq heç bir ehtiyac qalmaması faktı ilə barışmaq istəmir, Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağ münaqişəsinin artıq tarixə qovuşmuş olması barədə bəyanatlarından nəticə çıxarmaq istəmirlər. Görəsən, gərəksizliyini və kəsərsizliyini 3 onillik müddətində sübuta yetirmiş bir qurum özünü buraxılmış saymaq əvəzinə, indi nə ilə məşğul olmaq istəyir?
Minsk qrupunun ABŞ-dan olan keçmiş həmsədri Riçard Hoqlandın Beynəlxalq Münaqişələrin Həlli Mərkəzinin saytında dərc olunmuş məqaləsində bu suala cavab qismində açıqladığı mətləblər həmin qurumun ötən uzun illərdə nə ilə və necə məşğul olması barədə az-çox təsəvvür yaradır.
R.Hoqland bildirib ki, bu vəzifəyə gəlməzdən əvvəl tərəddüd edib, çünki Minsk qrupunun həmsədri vəzifəsi siyasətdə karyera yox, gözləmə postu sayılırdı. Yəni diplomatlar bu vəzifədə, adətən, daha yüksək vəzifəyə gedənədək vaxt keçirirdilər. Amerikalı həmsədr bütün bunlara baxmayaraq, maaşlı vəzifəsinə vicdanla yanaşdığını qeyd edib: “Biz beşulduzlu hotellərdə, ayrıca yemək otağı və içərisi dolu barı olan və heç bir əlavə xərc tələb etməyən lüks nömrələrdə qalırdıq. Biz olduğumuz şəhərlərdə ən yaxşı restoranlarda yeyib-içirdik. Yaxşı yaşayırdıq və arabir ATƏT bayrağını qaldıraraq Bakı və İrəvanın yadına Minsk qrupunun mövcud olduğunu salırdıq. Amma lap açıq danışsam, çox-çox az iş görülürdü”.
R.Hoqland daha sonra açıqlayıb ki, uzun illər ərzində ATƏT Madrid prinsiplərini – Dağlıq Qarabağ münaqişəsinin yekun həlli və Dağlıq Qarabağ əhalisinə öz müqəddəratını təyinetmə hüququ verəcək yol xəritəsini formalaşdırmışdı: “Mənim həmsədr olduğum dövrdə isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov münaqişənin həlli üçün öz planını açıqlamışdı. Dərhal “Lavrov planı” adlandırılan bu təklif mövcud Madrid prinsiplərinə xeyli oxşar idi. Amma bizə xəbərdarlıq edilmişdi ki, bunu, sadəcə olaraq, masa üstündəki plan adlandıraq”.
ABŞ diplomatı bunun ardınca sensasiyalı bir açıqlama da verib: “Lavrov planı” adlanan plan təqdim olunanda, mən hörmətli həmkarım, rusiyalı həmsədr İ.Popovdan soruşdum ki, əgər İrəvan və Bakı, birdən özlərində güc tapıb bu planı qəbul etsələr, Kreml onu, doğrudan da, həyata keçirəcəkmi? Bilirsinizmi onun səmini cavabı nə oldu?-- Əlbəttə ki, yox! Hər şeydən artıq, bununla mənə aydın oldu ki, Dağlıq Qarabağ təkcə Ermənistan və Azərbaycan arasında olan ikitərəfli problem deyil. Reallıqda bu, Rusiyanın əsas və yəqin ki, həlledici rol oynadığı üçtərəfli məsələdir”.
Minsk qrupunun amerikalı həmsədri yazıb ki, o, həmsədrlərin İrəvan və Bakıya səfərləri zamanı tərəflərin öz mövqelərindən bir addım da geriyə çəkilmək niyyətində olmadıqlarını görürdü: “Mən şəxsən belə bir qənaətə gəlmişdim ki, Dağlıq Qarabağ problemini yalnız müharibə həll edə bilər. Hərçənd bu qənaətimi heç vaxt açıq bildirmədim”. R.Hoqland əlavə edib ki, Moskva bu münaqişəni sonadək həll edə bilərdi, lakin o, faktiki olaraq müstəqil Azərbaycanın ərazisinə SSRİ dağılandan bəri ilk dəfə özünün sülhməramlı qoşununu yeritdi.
Diplomat münaqişənin həllində iştirakını uduzmuş tərəf kimi qısqanclıqla qeyd edib ki, indi Cənubi Qafqazın hər 3 ölkəsində müxtəlif ampluada Rusiyanın qoşunları var. Rusiya beləliklə özünün xüsusi nüfuz dairəsini qoruyub saxlaya bildi. Məqalədə ABŞ-ın mövqeyinə uyğun olaraq bildirilib ki, guya, ATƏT-in Minsk qrupunun işinin davam etdirilməsi İrəvana Dağlıq Qarabağın yekun statusunun həlli üçün lazımdır. Amma Bakı bunun tamamilə əksini düşünür və bildirir ki, Dağlıq Qarabağ onun tərkib hissəsidir və bu, həmişə belə olacaq. Diplomat, görəsən, hansı əsasla belə bir qənaətə gəlib: “Minsk qrupu öz missiyasını yenidən müəyyənləşdirə bilməsə, çox təəssüf, beynəlxalq diplomatiyadan kənarda qalacaq”. “Kənarda qalmağın” başqa adı və görkəmi varmı?!
Amerikalı həmsədrin yazdıqları, doğrudan da, Azərbaycan Prezidenti İlham Əliyevin Minsk qrupu haqqında indiyə qədər dediklərinin təsdiqi oldu. Azərbaycan rəhbəri Minsk qrupu həmsədrlərinin illərlə bölgəyə mənasız səfərlər etdiyini, gərəksiz danışıqlar apardığını və baş qatmaqla məşğul olduğunu dəfələrlə bəyan eləmişdi. Amerikalı diplomatın yazdıqları Prezident İlham Əliyevin və Azərbaycan cəmiyyətinin, siyasətçilərinin, politoloqlarının Minsk qrupu həmsədrlərinin fəaliyyəti, əslində, fəaliyyətsizliyi barədə illərdən bəri formalaşmış qənaətlərində nə qədər haqlı olduğunu bir daha sübut edir.
Tanınmış politoloq, Milli Məclisin deputatı Elman Nəsirov ABŞ diplomatının müəyyən mətləbləri etiraf müstəvisinə çıxaran açıqlaması ilə bağlı bildirib ki, 1992-ci il martın 24-də yaradılan Minsk qrupunun missiyası Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini həll etmək olsa da, reallıqda onların 30 ilə yaxın fəaliyyətinin heç bir müsbət nəticəsi olmadı. Hətta münaqişənin uzanmasına, həll edilməmiş qalmasına Minsk qrupu səbəb olub:
– Minsk qrupu, əslində, münaqişənin həlli yollarının bağlanmasına xidmət edən fəaliyyət göstərib. R.Hoqlandın məqaləsi bunu bir daha təsdiq edir. Azərbaycan Prezidenti İlham Əliyev Vətən müharibəsi dövründə verdiyi müsahibələrdə, xalqa müraciətlərində bu fikri dəfələrlə səsləndirmişdi ki, Minsk qrupunun fəaliyyətinin heç bir nəticəsi olmayıb. Onlar yalnız sülh yolu deyirdilər, amma Azərbaycan rəhbəri söyləyirdi ki, sülh yolu ilə bu məsələnin həlli mümkün deyil, ona görə də sonda Azərbaycan hərbi yolla bu münaqişəni həll etməli olacaq.
Minsk qrupu həmsədrləri Vətən müharibəsi dövründə Azərbaycana təzyiq göstərir, Ermənistana dəstək verirdilər ki, vəziyyət Ermənistanın xeyrinə dəyişsin. Təsadüfi deyil ki, müharibədən sonra Prezident İlham Əliyev Bakıya gələn həmsədrlərə dedi ki, sizi buraya mən dəvət etməmişəm. Orada da onları açıq tənqid etdi ki, fəaliyyətlərinin nəticəsi olmayıb. Cənab İlham Əliyev həmsədrlərin fəaliyyətinin sıfıra bərabər olduğunu bəyan etdi. İndi amerikalı keçmiş həmsədr özü etiraf edir ki, onların bu illər ərzində fəaliyyətləri münaqişənin həlli üçün deyil, uzanması üçün olub. Onlar bölgəyə yeyib-içməyə, bahalı hotellərdə dincəlməyə gəlirmişlər.
Əslində, bunu Azərbaycan Prezidenti həmişə açıq deyirdi. Bu dəfə birbaşa keçmiş amerikalı həmsədrin məqaləsi Azərbaycan tərəfinin necə haqlı olduğunu, bu münaqişənin həllinin qarşısının kimlər tərəfindən və nə üçün alındığını açıq ortaya qoydu. “Lavrov planı” deyilən planın da, sadəcə, baş qatmaq, vaxt uzatmaq üçün masa üzərinə qoyulan kağız olduğu bu məqalədən bir daha məlum oldu. Hoqlandın məqaləsi həqiqətin üzərinə işıq saldı və Azərbaycanın arqumentlərini möhkəmlətdi.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev isə Minsk qrupunun bədnam tarixçəsinə münasibətini belə açıqlayıb:
– Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məqsədilə təsis edilən ATƏT-in Minsk qrupu yarandığı gündən münaqişənin həlli yolunda heç bir səmərəli təşəbbüs göstərmədi. Nəticədə, etimadı itirən bu qurumun fəaliyyətsizliyi problemin sülh yolu ilə deyil, hərbi əməliyyatlarla həllinə gətirib çıxardı. 2020-ci il sentyabrın 27-də Azərbaycan ordusu əks-hücum əməliyyatına başlayaraq, işğal altındakı torpaqlarını azad etdi. Bəs 30 ilə yaxın mövcudluğu dövründə və müharibə vaxtı heç bir fəaliyyəti səmərə verməyən bu qurum kimə, nəyə lazımdır? Minsk qrupu niyə ləğv edilmir?
Minsk qrupunun fəaliyyətinin tamamilə dayandırılması, buraxılması ATƏT-də xüsusi konsensusla qəbul olunmalıdır. Bu, çətin prosesdir. Həm Amerika, həm də Fransa hələ də münaqişənin tam həll olunmadığını hesab edirlər. Onlar bundan sonrakı prosesdə özləri üçün müəyyən yer saxlamaq istəyirlər. Fransanın və ABŞ-ın ayrı-ayrılıqda öz maraqları var. Rusiya isə həmişə istəyirdi ki, Minsk qrupu çərçivəsində öz təşəbbüsünü irəli çıxarsın, bunu bir növ monopoliyaya götürsün. Vətən müharibəsinin yekunu olan 10 noyabr bəyanatında da Rusiya var, digər iki həmsədr yoxdur. Sülhməramlı prosesdə də Rusiya və Türkiyə iştirak edir.
Göründüyü kimi, Rusiya bir tərəfdən kiminsə prosesə müdaxilə etməsini istəmir, digər tərəfdən isə, çox güman ki, vəziyyətə nəzarət və təsir vasitəsi kimi Minsk qrupunu əlində saxlamaq niyyətindədir. Burada söhbət daha çox Fransadan gedir. Çünki Fransa həmişə Rusiyanın maraqlarına Avropada daha çox yaxınlığı ilə seçilir. Minsk qrupunun buraxılması çətin məsələdir.
Hələlik Minsk qrupu ilə bağlı üstün mövqe Azərbaycanın tərəfindədir. Hətta həmsədrlərin Dağlıq Qarabağa səfərinə belə icazə verilmədi. Müəyyən vaxtdan sonra ola bilər, razılığa gəlinsin. Bununla bağlı daha çox ABŞ-ın yeni Administrasiyası ilə işləməliyik. Amerika Konqresinə erməni diasporunun təsiri amili göz qabağındadır. Bu da məsələyə öz təsirini göstərəcək. Amerika Rusiyanın Qarabağ məsələsində həlledici rolunu istəmir. Bəzi proseslər onu göstərir ki, digər aktorların iştirakı vacibdir. Ən əlverişlisi, bizim üçün Türkiyənin Qarabağda aktiv roluna nail olmaqdır.
Minsk qrupunun fəaliyyəti münaqişənin tənzimləmə, danışıqlar prosesində nəticə verməsə belə, gələcəkdə hansısa layihələr həyata keçirə bilər. Avropa Birliyinin də Balkanlarda, digər bölgələrdə müəyyən layihələri var. Söhbət bu cür fəaliyyətdən gedir. Minsk qrupuna etimad göstərib-göstərməməyimiz artıq önəmli məsələ deyil. Bu təsisat ATƏT çərçivəsində hansısa layihələri maliyyələşdirə bilər. Əvvəldən təcrübə də var idi.
Jurnalistlər, mədəniyyət nümayəndələri, ictimai xadimlər Ermənistana, Azərbaycana gedib-gəlirdilər. Hər bir halda gələcəkdə Qafqazda Ermənistan da, Azərbaycan da mövcudluğunu davam etdirəcək. Ona görə, müəyyən formada təmasları bərpa etmək məcburiyyəti yaranacaq. Bu işdə Minsk qrupu hər hansı missiya ilə iştirak edə bilər.
 

Tahir AYDINOĞLU,
“Xalq qəzeti”

9 Aprel 2021 00:27 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə