Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Cənubi Qafqazda yeni geosiyasi reallıqlar yaratdı

Bu gün bizim bölgəmizdə yeni vəziyyət yaranmışdır, yeni reallıq yaradılmışdır. Artıq Dağlıq Qarabağ münaqişəsi tarixdə qaldı, artıq həll edildi, bitdi. İndi gələcəyə baxmalıyıq və bölgəmizdə əməkdaşlıq haqqında düşünməliyik, xüsusilə nəqliyyat layihələrinin həyata keçirilməsi, Zəngəzur dəhlizinin açılması çox önəmli məsələlərdən biridir. Əminəm ki, birgə səylərlə buna da nail olacağıq.

 

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti 

 

Sözügedən bəyanatın digər bəndlərinin icrası istiqamətində hazırda ciddi tədbirlər görülür. Bu barədə ətraflı bəhs etməzdən əvvəl xatırladaq ki, bəyanatın 9-cu maddəsində bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunmasının zəruriliyi vurğulanır. Başqa sözlə desək, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının reallaşdırılması nəzərdə tutulur. Fevralın 14-də Prezident İlham Əliyevin Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoyması da sözügedən bəyanatın 9-cu maddəsinin icrasına başlanılmasının bariz ifadəsidir.

Yeri gəlmişkən, Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri arasında 2021-ci il yanvarın 11-də reallaşan üçtərəfli görüş zamanı da nəqliyyatkommunikasiya sistemlərinin bərpası əsas müzakirə mövzusu olub. Görüşün gedişində imzalanan yeni bəyanata əsasən, 10 noyabr bəyanatının 9-cu bəndinin müddəalarını icra etmək üçün Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə üçtərəfli işçi qrupu yaradılıb. Həmin qrupun iclasında isə Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin 2020-ci il noyabrın 10-da imzaladıqları bəyanatın həyata keçirilməsi, dəmir yolu və avtomobil yolunun salınmasının prioritet məsələ kimi icra olunması, eləcə də üç ölkə rəhbəri arasında razılaşdırılan digər istiqamətlərin müəyyənləşdirilməsi ilə bağlı əsas fəaliyyət istiqamətlərinin siyahısı hazırlanıb.

Xatırladaq ki, əməkdaşlıq və nəqliyyat baxımından Zəngəzur dəhlizinin yaradılması Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan sənədlər arasında ən mühüm məsələlərdən biri sayılır və bu, Ermənistan da daxil olmaqla bütün regional ölkələrin maraqlarına xidmət edir. Azərbaycan bölgədə davamlı sülhün bərqərar olunması üçün əsas vasitəni əməkdaşlıqda görür və buna görə də Zəngəzur dəhlizin yaradılmasını, nəqliyyat əlaqələrinin bərpasını qətiyyətlə dəstəkləyir.

Prezident İlham Əliyev aprelin 1-də Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçuku qəbul edərkən, bu fikir bir daha öz təsdiqini tapıb. 

Bəyanatda nəzərdə tutulunan müddəaların reallaşdırılması üçün yaradılan üçtərəfli işçi qrupun fəaliyyətinin qənaətbəxş olduğu vurğulanıb. Prezident İlham Əliyev deyib: “Üçtərəfli işçi qrupu çərçivəsində işlər uğurla gedir. Çox intensiv məsləhətləşmələr aparılır. Bu məsələ barədə mənə vaxtaşırı məruzə edirlər. Şadam ki, qəbul edilmiş qərarın düzgün olması təsdiqlənir, ən başlıcası, artıq konkret nəticə var”.

Dövlətimizin başçısı məsləhətləşmə çərçivəsində keçirilən iclasların həm iqtisadi preferensiyalar, həm regional əməkdaşlıq, həm də regionda təhlükəsizliyin və sülhün möhkəmlənməsi baxımından mühüm önəm daşıdığını diqqətə çatdırıb. Prezident İlham Əliyev görüşdə münaqişədən sonrakı dövrdə vəziyyətin bütövlükdə müsbət istiqamətdə inkişaf etdiyini, eskalasiya risklərinin minimallaşdığını xüsusi vurğulayaraq, əməkdaşlıq elementlərinin çox olmasının təhlükəsizlik və sabitliyə müsbət təsir göstərdiyini bildirib.

Yuxarıda vurğulandığı kimi, Vətən müharibəsinin parlaq qələbəmizlə başa çatması ilə yaranan yeni imkanlar arasında ən vacib məsələ nəqliyyat infrastrukturunun yaradılmasıdır. Bunun bariz ifadəsi hazırda Zəngəzur dəhlizi üzərində çox fəal iş aparılmasıdır. Bu dəhlizin əhəmiyyəti barədə dövlətimizin başçısı martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında reallaşan qeyri-formal Zirvə görüşündəki çıxışında deyib: “Naxçıvanda keçirilmiş Zirvə görüşündə mən demişdim ki, vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi. Çünki əgər xəritəyə baxsaq görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdır, türk dünyası parçalanmışdır. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq, o cümlədən Ermənistan üçün. Ermənistanın hazırda onun müttəfiqi olan Rusiya ilə dəmir yolu əlaqəsi yoxdur. Bu dəmir yolu əlaqəsi Azərbaycan ərazisindən yarana bilər. Ermənistanın onun qonşusu olan İranla dəmir yolu əlaqəsi yoxdur. Naxçıvan vasitəsilə bu dəmir yolu təmin edilə bilər. Azərbaycan Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə birləşir, Orta Asiya Avropa ilə birləşir. Yəni, yeni nəqliyyat dəhlizi yaranmaqdadır. Artıq Azərbaycan bu işlərə start vermişdir. Əminəm ki, tərəfdaş ölkələr də bu imkanlardan istifadə edəcəklər”.

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, hazırda işğaldan azad edilən ərazilərdə torpaq islahatının aparılması üçün yeni mexanizm və meyarlar hazırlanır, torpaqların su ehtiyatlarından səmərəli istifadə məsələləri araşdırılır, Qarabağ bölgəsinin yaşıl enerji zonasına çevrilməsi, həmin ərazilərdə su mənbələrindən istifadə edilərək, su elektrik stansiyalarının tikintisi imkanları nəzərdən keçirilir, keçmiş köçkün əhalinin öz dəbə-baba yurdlarına qaytarılması ilə əlaqədar xüsusi proqram tərtib olunur. Şübhəsiz ki,bu zaman işğaldan azad edilən ərazilərin bərpası zamanı hər bir iqtisadi rayonun təbii-iqlim şəraiti və profili də nəzərə alınır.

Hazırda Azərbaycan Prezidentinin diqqət mərkəzində olan önəmli məsələlərdən biri də işğaldan azad edilən torpaqlarda meliorativ tədbirlərin görülməsi ilə bağlıdır.

Xatırladaq ki, bu ərazilərdə böyük su mənbələri mövcuddur. Düşmən Azərbaycanı 30 ilə yaxın müddətdə bu potensialdan istifadə etməyə imkan verməyib, respublikamıza qarşı ekoloji terror həyata keçirib. Təkcə belə meşələrin qırılması, qoruqların məhv edilməsi ilə Azərbaycan təbiətinə böyük zərbə vurulub. Məsələn, 54 min hektar meşə sahəsi ermənilər tərəfindən cinayətkarcasına dağıdılıb, talanıb. İşğalçı uzun illər ərzində su təminatı istiqamətində də xain mövqe tutub, Sərsəng və Suqovuşan su anbarlarını nəzarətində saxlayıb. Bu infrastrukturlar azad ediləndən sonra artıq Ağdam, Tərtər, Bərdə, Goranboy və digər rayonlarımızın su təminatının yaxşılaşması üçün əlverişli şərait yaranıb.

Prezident İlham Əliyev Zaur Mikayılovu Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən, bu barədə ətrafl danışıb, eyni zamanda, diqqəti yağı tapdağından xilas edilən ərazilərimizdə, məsələn, Laçın və Kəlbəcərdə böyük çay resurslarımızın olduğuna, bu potensialdan səmərəli istifadəyə yönəldib.

Dövlətimizin başçısı nitqində, həmçinin azad edilən torpaqlarda bizim ən böyük su mənbəyimizin qonşu İranla sərhəddə yerləşən Xudafərin və Qız Qalası su anbarları olduğunu da vurğulayıb: “Bunlar çox böyük su anbarlarıdır. Xudafərin su anbarının həcmi 1,6 milyard kubmetrdir, çox böyük su anbarıdır. Bu su anbarından istifadə etmək üçün əlbəttə ki, əlavə infrastruktur layihələri icra edilməlidir. İlk növbədə, kanallar çəkilməlidir ki, azad edilmiş torpaqlara - Zəngilan, Cəbrayıl, Qubadlı və digər bölgələrə biz bu su anbarlarından su götürüb, ondan səmərəli şəkildə istifadə edə bilək. Bu, bizim böyük potensialımızdır”.

Göründüyü kimi, ölkə rəhbəri düşməndən təmizlənən torpaqlarımızda aqrar sektoru dirçəltmək, burada məskunlaşacaq əhalinin ərzaq təhlükəsizliyini təmin etmək üçün su təminatının mühüm önəm daşıdığını bir daha xatırladıb. Bunun üçün bütün su ehtiyatları potensialının dəqiq təhlil olunmasının, eyni zamanda, vəziyyətin yaxşılaşdırılması məqsədilə konkret proqramların hazırlanmasının zəruriliyini qeyd edib.

Artıq bərpa-quruculu prosesinə diqqətlə koordinasiya olunan tərzdə, vahid mərkəzdən idarə edilərək başlanılıb. Prezident bu torpaqlarda bütün işlərin ardıcıllıqla həyata keçiriləcəyini, birincisi, keçmiş məcburi köçkünlərin doğma yurdlara qayıdışı üçün ərazilərin minalardan təmizlənəcəyini, erməni vandallarına qarşı beynəlxalq səviyyədə təzminat davasının açılması üçün onların vurduqları ziyanın qiymətləndiriləcəyini, lazımi inventarlaşdırma, pasportlaşdırma işlərinin aparılacağını, əhalinin infrastruktur layihələrinin icra ediləcəyini xatırladıb.

İşğaldan azad edilən ərazilərimizin bərpası prosesinə beynəlxalq maliyyə institutları da qoşulmağa ciddi maraq göstərirlər. Prezident İlham Əliyev aprelin 1-də Dünya Bankının regional direktoru Sebastian Molineusu qəbul edərkən, bunun bir daha şahidi olduq. Dövlətimizin başısı qəbul zamanı qonağa düşməndən azad olunan torpaqlarda sosial-iqtisadi islahatlar aparmağa yeni imkanlar yarandığını, orada infrastrukturun inkişafına böyük ehtiyac duyulduğunu diqqətə çatdırdı: “ Çünki bütün infrastruktur dağıdılmışdır və insanları qaytarmaq üçün biz, əlbəttə ki, minalardan təmizləmə işlərini, sonra isə yenidənqurma işlərini həyata keçirməliyik. İnfrastruktur layihələri olmadan məcburi köçkünləri və qaçqınları qaytarmaq mümkün olmayacaq. Odur ki, biz bu məsələlərdə də Dünya Bankı ilə əməkdaşlığa güvənirik”.

Qarabağın bərpasına Avropa Yenidənqurma və İnkişaf Bankı da maraqlıdır. Prezident İlham Əliyev martın 11-də adıçəkilən bankın yeni prezidenti xanım Odil Reno-Bassonu videoformatda qəbul edərkən, bu barədə ətraflı danışılıb. Görüşdə Ermənistan tərəfindən 10 min kvadratkilometrdən böyük bir ərazinin tamamilə dağıdıldığı vurğulanaraq, hazırda həmin ərazilərin yenidən qurulmasının, sakinlərinin dədə-baba yurdlarına qaytarılmalarının zəruriliyinə toxunulub. Dövlətimizin başçısı çıxışında deyib: “Bu, bizim əsas vəzifəmizdir və biz artıq buna başlamışıq. Münaqişənin və müharibənin faktiki sonu olan bəyanatın imzalanmasından yalnız dörd ay keçməsinə baxmayaraq, biz artıq işlərə başlamışıq. Biz indi beynəlxalq hava limanı tikirik, avtomagistrallar tikirik, dəmir yolu xətlərini inşa edirik, artıq başlamışıq. Bu ilin sonuna kimi bütün Qarabağ ərazisi üçün demək olar ki, enerji təchizatını 100 faiz tamamlamağı planlaşdırırıq və bizim bir çox başqa planlarımız da var”.

Videoformatda qəbul zamanı bu məsələlərdə Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlığa güvənildiyi diqqətə çatdırılıb. Eyni zamanda, bu maliyyə qurumunun , işğaldan azad olunan torpaqlarda “yaşıl enerji” zonasının yaradılmasına mühüm töhfə verəcəyinə, investisiya layihələrinin maliyyələşdirməsində fəal iştirak edəcəyinə əminlik ifadə olunub.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

9 Aprel 2021 00:05 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə