Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Taliban”ın hücumu nəticəsində altı hərbçi həlak olub

“Tolo News” telekanalının yaydığı məlumata görə, Əfqanıstanda “Taliban” hərəkatının hərbi düşərgəyə hücumu nəticəsində hökumət qüvvələrinin, azı, altı əməkdaşı həlak olub.

Çinin “Sinxua” informasiya agentliyinin məlumatına görə, insident Tahar əyalətində baş verib. Əfqanıstan hüquq-mühafizə orqanlarının məlumatına əsasən, döyüşlər nəticəsində, həmçinin səkkiz yaraqlı öldürülüb.

Xatırladaq ki, ABŞ və “Taliban” hələ ötən ilin fevral ayında Qətərdə sülh sazişi imzalayıblar. Sazişə əsasən, Birləşmiş Ştatlar və onun müttəfiqləri 14 ay ərzində bütün qoşunları Əfqanıstandan çıxarmalıdırlar. O cümlədən “Taliban” hərəkatı və Əfqanıstan hökuməti arasında danışıqlar və atəşkəs rejimi başlanmalı idi. Lakin bu yaxınlarda “Taliban” tərəfi Əfqanıstan hökuməti ilə danışıqlarda sülh prosesinin pozduğunu bildirib.

Yeri gəlmişkən, ABŞ hərbi kontingentinin Əfqanıstandan çıxarılmasının dəqiq vaxtı da hələ müəyyən edilməyib. Hazırda Vaşinqton öz müttəfiqləri ilə bu mövzu ətrafında müzakirələr aparır. Bu barədə ABŞ Prezidenti Cozef Bayden mart ayında ABC “News” telekanalına müsahibəsində deyib: “Hazırda qoşunların Əfqanıstandan çıxarılması barədə qərarın qəbul edilməsi prosesindəyəm. ABŞ-ın sabiq Prezidenti Donald Trampın “Taliban” hərəkatı ilə əldə etdiyi razılaşma o qədər də möhkəm deyil. Bu səbəbdən müttəfiqlərimizlə, həmçinin hökumətlə məsləhətləşmələr aparırıq və qərar hazırlıq mərhələsindədir”.

Rövşən TOĞRUL,

“Xalq qəzeti”

8 Aprel 2021 01:20 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə