Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Energetika naziri: Amerikalılar Prezident Baydenin infrastruktur planını dəstəkləyirlər

ABŞ-ın Energetika naziri Cennifer Qranholm ABŞ Prezidenti Cozef Baydenin iki trilyon dollarlıq infrastruktur planını Demokratlar Pariyasının Respublikaçı qanunvericilərin dəstəyi olmadan belə həyata keçirməyə hazır olduğunu bildirib. Nazir bu fikri CNN telekanalına müsahibəsində səsləndirib.

 

C.Qranholm bildirib ki, Prezident Baydenin planı qarşıdakı illər ərzində ABŞ dövlətinin daha da qüdrətli olmasını təmin etmək məqsədi daşıyır. Nazirin fikrincə, cənab Bayden Amerika üçün iş görmək üçün prezident seçilib və amerikalıların böyük qismi onun infrastruktur planını dəstəkləyir.

Milli İqtisadi Şuranın direktoru Brayan Dees “Fox news” telekanalına müsahibədə bildirib ki, C.Baydenin infrastruktur planında nəzərdə tutulan sərmayələr uzunmüddətlidir və ölkədə yeni iş yerlərinin kəskin artırılmasının stimullaşdırılması üçün olduqca lazımlıdır.

Lakin ABŞ-da dövlət başçısının yeni layihəsinin əleyhinə olan siyasətçilər də az deyil. Siyasi təhlilçilər hesab edirlər ki, C.Baydenin ikinci böyük qanunvericilik təşəbbüsü olan infrastruktur planının hər iki tərəfin keçən ay yalnız demokratların dəstəyi ilə qəbul edilmiş 1,9 trilyon dollarlıq COVİD–19-a dair yardım paketindən daha çox dəstək ala biləcəyi ehtimalı azdır.

Senatda Respublikaçıların lideri Mitç Makkonnell Baydenin infrastruktur planının “cəsarətli” olduğunu, amma layihənin daha yüksək vergilərə və daha çox borca səbəb olacağını deyib. O, plana qarşı “hər addımda” mübarizə aparacağına söz verib.

C.Baydenin planında iri korporasiyaların gəlirlərindən vergi dərəcələrinin mövcud 21 faizdən 28 faizə qaldırılması nəzərdə tutulur. Xatırladaq ki, C.Baydenin sələfi, keçmiş prezident Donald Tramp korporativ vergi dərəcələrini 2017-ci ildə 35 faizdən 21 faizə endirmişdi.

 

Məsaim ABDULLAYEV,

“Xalq qəzeti” 

8 Aprel 2021 02:15 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə