Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vaksinləmə sağlam və təhlükəsiz həyatımızın qarantıdır

Azərbaycanın COVID–19 ilə mübarizədə atdığı addımları dəyərləndirərkən, nə qədər böyük işlər görüldüyünü anlamaq mümkündür. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən pandemiya elan olunduqdan sonra ölkəmiz bu xəstəliklə bağlı ciddi və əməli tədbirlər görməyə başladı. Halbuki, o vaxt bir çox ölkələr koronavirusla mübarizədə passivlik göstərirdilər. Azərbaycan xəstəliklə mübarizəyə ilk qoşulan ölkələrdən biri oldu və ölkəmizdə dövlət səviyyəsində preventiv və qabaqlayıcı tədbirlər həyata keçirildi. Bunun nəticəsində, respublikamız istər iqtisadiyyatı, istərsə də əhalisi pandemiyanın dağıdıcı təsirinə ən az məruz qalmış ölkələr sırasında yer aldı. Payız dönəmində Azərbaycan gözlənilən ikinci və üçüncü dalğanın qarşısının alınması istiqamətində də mühüm işlər gördü, yoluxma azaldı.

 

Aprelin 6-da Azərbaycan Prezidenti İlham Əliyev ÜST-ün rəhbərinə ünvanladığı video-müraciətdə pandemiya ilə bağlı təcrübəsi və pandemiyanın kəskin fazasının mümkün qədər tez bitməsi üçün görülən tədbirlərdən danışıb. T.Qebreyesus dövlət başçımızı peyvəndlərə bərabərhüquqlu, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin olunması ilə bağlı BMT-nin İnsan Hüquqları Şurasına göstərdiyi dəstəyə görə alqışlayıb. Həmçinin cənab Prezidentin peyvəndlərin ədalətli şəkildə paylanması üçün ÜST tərəfindən daha çox işlər görülməli olduğu fikri ilə razılaşdığını bildirib.
Son zamanlar bir sıra ölkələrdə COVID–19 virusuna yoluxma faktı yenidən artmaqdadır. Təəssüf ki, bu hal Azərbaycandan da yan keçmir. Dünya alimlərinin və səhiyyə qurumlarının müşahidəsi bunu göstərir ki, pandemiyadan qurtulma yolu yalnız vaksinasiyadır. Yəni, əhalinin kütləvi şəkildə immunitetinin yaradılması ilə biz
COVID–19 virusundan can qurtara biləcəyik. Azərbaycanda əhalinin vaksinasiyası sahəsində mühüm işlər görülür. Belə ki, Azərbaycan regionda, həm əhalinin peyvəndlənməsində, həm də pandemiya dövründə virusa yoluxanların tibbi yardımının əlçatanlığında öndə gedən ölkələrdən hesab edilir.
Qeyd edək ki, koronavirusla mübarizədə ölkələrdə infrastrukturun qurulmasının əhəmiyyəti böyükdür. Azərbaycanda da laboratoriyaların gücünün artırılması, modul tipli xəstəxanaların istifadəyə verilməsi, onların tibbi ləvazimatlarla təmin olunması, çarpayıların bu istiqamətdə istifadəsinin artırılması, dərman preparatlarının vaxtında ölkəyə gətirilməsi və digər tədbirlər ölkəmizin və cəmiyyətimizin bu xəstəlikdən az zərərlə çıxmasında mühüm rol oynadı. Hətta, belə çətin məqamda Azərbaycan koronavirusla mübarizədə yüksək fəallıq göstərərək dost ölkələrə də yardım əlini uzatdı. Ümumilikdə, 30-dək ölkəyə yardım edildi. Ölkəmiz ÜST-ün tövsiyələrinə uyğun olaraq, iqtisadi cəhətdən zəif olan ölkələrdən də köməyini əsirgəmədi. Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi, dünya ölkələrini bu amansız xəstəliklə mübarizəyə çağırdı. Azərbaycan həm ÜST, həm də BMT səviyyəsində, bir sözlə, beynəlxalq müstəvidə koronavirusla mübarizədə həmrəyliyə, birliyə çağıran təşəbbüskar ölkə kimi tarixə düşdü. Azərbaycan Prezidentinin təşəbbüsü və sədrliyi ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, habelə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşlərinin keçirilməsi bu Hərəkata və Ümumdünya Səhiyyə Təşkilatına üzv olan yardıma ehtiyacı olan dövlətlərə maddi yardım göstərilməsi Azərbaycanın beynəlxalq arenada etibarlı tərəfdaş ölkə olmasının bariz nümunəsidir. Prezident İlham Əliyev çıxışlarında ümumbəşəri bəlaya çevrilən bu virusa qarşı mübarizədə insanların sağlamlığının və sosial müdafiəsinin təmin edilməsinin vacibliyini vurğuladı və bütün üzv dövlətləri birgə əməkdaşlığa, qarşılıqlı dəstəyə çağırdı. Vaksinlərin bölüşdürülməsinə nəzarət edən COVAX -ı ədalətli olmağa səsləyən də məhz Prezident İlham Əliyev oldu. Koronavirusla mübarizədə “qızıl açar” rolunu oynayan vaksinlərin ölkəyə vaxtında gətirilməsi, peyvəndləmə işinə Avropanın qabaqcıl ölkələri ilə birlikdə start verilməsi, Cənubi Qafqazda xəstəliklə mübarizədə peyvənd prosesinə ilk başlayan ölkə olması və Azərbaycanın peyvənd olunmuş əhalinin faizinə görə MDB regionunda liderliyi, məhz dövlət başçısının koronavirusla mübarizəyə xüsusi diqqət və nəzarəti sayəsində mümkün oldu.
Cəmiyyətimizin dövlətimizə həmrəylik göstərməsi ölkəmizi tibbi, iqtisadi və sosial nöqteyi-nəzərdən müəyyən mənada qorumuş oldu. Əhalinin xeyli hissəsi artıq peyvənd olunub və insanlar bunun faydasını anlayırlar. Vaksinasiya işi davam edir və Azərbaycan qalan əhalinin də peyvənd olunması üçün bütün mümkün tədbirlərdən istifadə edir. Yaxın bir il ərzində əhalinin yetmiş faizinin peyvənd olunması qarşıda duran vacib məsələdir. Bu, bizim sağlam və təhlükəsiz həyatımızın təmin olunması deməkdir. Vaksin olunan insanlar ay yarımdan sonra orqanizmdə yaranan immunitet və anticisimlər səbəbindən özünü gələcəkdə baş verəcək ağırlaşma halına qarşı hazırlayır. Yəni, həm tibbi nöqteyi-nəzərdən, həm də psixoloji cəhətdən insan buna hazır olur. Digər tərəfdən, peyvənd olunan şəxslərin gələcəkdə xarici ölkələrə səfər zamanı heç bir problemlə üzləşməyəcəkləri deyilir. Peyvənd olunanların sayının artması, təbii ki, xəstəliklə mübarizədə təhlükəsizliyin təminatıdır. Bəziləri elə düşünür ki, peyvənd olunanlar koronavirusa yoluxmayacaq. Əslində, vaksinasiya yoluxmanın deyil, təhlükənin qarşısını almağa xidmət edir.
COVID–19-a səbəb olan SARS-CoV-2 virusunun mənşəyinə dair məruzənin yayılmasına həsr olunmuş mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri, doktor Tedros Qebreyesus deyib ki, biz hələ virusun mənbəyini tapmamışıq, buna görə elmi araşdırmaları davam etdirmək və bundan ötrü bütün səyləri əsirgəməmək lazımdır. Bu məqsədlə Avstraliya, Böyük Britaniya, Vyetnam, Almaniya, Danimarka, Qətər, Keniya, Çin, Hollandiya, Rusiya, ABŞ və Yaponiyadan olan 34 nəfərdən ibarət alimlər qrupu yanvar ayında infeksiyanın mənbəyi olan Çinin Uhan şəhərində olublar. Mütəxəssislər virusun mənşəyinin dörd: vəhşi heyvandan insana ötürülməsi, vasitəçi heyvanla ötürülməsi, dondurulmuş qida məhsulları ilə yoluxma və laboratoriyadan sızma versiyasını araşdırıblar. Amma son bir nəticəyə gələ və mövcud fərziyyələrdən birini tamamilə təkzib və ya təsdiq edə bilməyiblər. Məruzədə deyilir ki, hətta, səfər zamanı mütəxəssislərdə gələcək araşdırmalarda cavablandırılacaq bir sıra suallar yaranıb.
Doktor Tedros vurğulayıb ki, elm adamlarının zəngin məlumatlar əldə etdiklərinə baxmayaraq, 2019-cu ilin sentyabr ayına aid bioloji nümunələr də daxil olmaqla, koronavirus infeksiyasına ilk yoluxma hadisələrini araşdırmaq üçün onlara Çin səlahiyyətlilərindən əlavə məlumatlar lazımdır: “Mən bir qrup elm adamı ilə ünsiyyətdə oldum, onlar mənə təsdiqlənməmiş məlumatları əldə etməyə çalışarkən qarşılaşdıqları çətinliklərdən bəhs etdilər. Mən ümid edirəm ki, gələcəkdə birgə araşdırmalar zamanı vaxtında və daha tam məlumat mübadiləsi aparılacaqdır”.
Alimlər vəhşi heyvan əti satılan Uhan bazarında çoxsaylı yoluxma hallarını təsdiqləyiblər, lakin yoluxmanın mənbəyi hələ də müəyyən edilməyib. Ekspertlər qeyd ediblər ki, araşdırmaları davam etdirmək, Uhan və ətrafındakı bazarlarda satılan ətin mənşəyini yoxlamaq lazımdır. Lakin koronavirusun yayılmasında onların rolu hələ ki, aydın deyil. Virusun bazarlardan birinə necə düşdüyünü anlamaq üçün məhsullarını orada satan bütün fermerlər və təchizatçıları sorğulamaq və onların bütün əlaqələrini izləmək lazımdır. Ekspertlər Uhandakı bir neçə laboratoriyada olublar və laboratoriyanın sızması nəticəsində virusun insana ötürülmə ehtimalının az olduğu qənaətinə gəliblər. ÜST rəhbəri isə hesab edir ki, bu versiyanın təhlili dərin olmayıb, daha çox məlumatlara və əlavə araşdırmalara ehtiyac var: “Komanda laboratoriya sızmasının ən az ehtimal olunan fərziyyə olduğu qənaətinə gəlsə də, bunun əlavə araşdırmaya ehtiyacı var. ...Virusun mənşəyini müəyyənləşdirmək üçün vaxt lazımdır, bu, bizim dünya qarşısında borcumuzdur. O zaman gələcəkdə bunun təkrarlanmaması üçün kollektiv tədbirlər görə bilərik. Bir araşdırma səfəri zamanı bütün suallara cavab tapmaq mümkün deyil”.
ÜST rəhbəri və bir sıra dünya lideri qlobal pandemiyalara hazırlığın artırılması üzrə beynəlxalq müqavilənin hazırlanmasına çağırıblar. Onların bəyanatında COVID–19 pandemiyasının “hər kəsin müdafiə olunmayacağına qədər heç kəsin özünü təhlükəsiz hiss edə bilməməsinə” xəbərdarlıq olduğu bildirilir. Virusdan müdafiə üçün isə peyvəndləmənin vacibliyi xüsusi qeyd edilir.
Çox güman ki, kollektiv immunitet yaranandan sonra pandemiyanın bitdiyini deyə biləcəyik. Ötən ildən bəri ölkədə 275 mindən çox insan koronavirusa yoluxub. Xəstəliyi asimptomatik və test vermədən keçirən şəxsləri də nəzərə alsaq, bu rəqəmlər, ümumilikdə, təxminən 600 min nəfərdən çox insan deməkdir. İki ay ərzində peyvənd vurulanların sayı da 950 mini ötüb. Yoluxanlarla peyvənd vurulanları nəzərə alsaq, bu, 2 milyona yaxın insan deməkdir. Deməli, hələ 3 milyondan çox insanın ya virusa yoluxması, ya da peyvənd olunması lazımdır. Ən vacib, təhlükəsiz yol isə peyvənd olunmaqdır. Buna görə də hər kəs vaksinasiya prosesində aktiv iştirak etməli, bəlanın ölkəmizdən çəkilməsi üçün öz töhfəsini verməlidir.
 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

8 Aprel 2021 02:51 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə