Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şuşanın başından “duman” çəkilir

Oxuculara Şuşa şəhərində tikilmiş Molla Pənah Vaqifin məqbərəsinin müxtəlif vaxtlarda çəkilmiş üç fərqli şəkili təqdim edilir. Birinci şəkil Şuşa şəhərinin çal-çağırlı vaxtlarını, ikincisi, 1992-ci ilin may ayının 8-dən erməni qəsbkarları tərəfindən işğal olunandan sonra talan edilmiş abidənin vəziyyətini, üçüncüsü isə Şuşanın azad olunmasından sonra qısa müddətdə təmir bərpa işlərinin aparıldığını təsdiq edən görüntülərdir.

 

2020-ci ilin payızından Şuşaya da yeni həyat, yeni nəfəs gəldi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə, igid Azərbaycan əsgərinin qanı, canı bahasına mənfur düşməndən azad olan şəhərin dağıdılan, sökülən, yerlə yeksan edilən hər bir abidəsi dövlətimizin qüdrəti və qüvvəti sayəsində yenidən qurulacaq. Divarlarında, daşlarında tarix yaşayan, babalarımızın ruhu hopmuş qeyrət qalamız bundan sonra da yüz illər boyu yaşayacaq, Azərbaycan xalqının iftixar yeri, qüruru olacaq. Şuşanın dağları bir də “başı dumanlı” olmayacaq. Çünki bu “duman”ın dağılması bizə çox baha başa gəldi. Minlərlə insan köçkünlükdə dərddən, xiffətdən vaxtsız dünyasını dəyişdi, doğma torpaqlarına dönə bilmədi. Yüzlərlə şəhid verdik, Şuşanın geri qaytarılması üçün minlərlə gəncimiz sağlamlığını itirdi, qazi oldu.
Bu gün uzun ayrılıqdan sonra fəxrlə deyə bilirik:–Şuşa bizimdir! Vətən torpağının hər qarışı kimi, bu şəhərin bərpası, onun inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsi bizim üzərimizə düşən ən böyük vəzifələrdəndir. Çünki əsası Pənahəli xan tərəfindən qoyulan – Qarabağın incisi sayılan Şuşa inkişaf etdikcə, nankor qonşularımızın yuxusu hələ çox ərşə çəkiləcək.
Xoş gördük! Düşmənə cəhənnəm, gözdağı, bizlərə cənnət ŞUŞA!
İnanırıq ki, tezliklə xalqımızın birliyi, dövlətimizin iradəsi sayəsində işğaldan azad edilmiş digər torpaqlarımızda da bərpa işləri sürətlənəcək, qaçqınlar öz doğma yurdlarına dönəcək. Hər bir azərbaycanlı qəlbində böyük ümidlə böyük qayıdışı səbirsizliklə gözləyir.
 

Qabil YUSİFOĞLU,
“Xalq qəzeti”

8 Aprel 2021 02:39 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə