Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Naxçıvan – Zəngəzur dəhlizindən açılan Böyük Türk qapısı

Cənubi Qafqaz Avropa və Asiya arasında mühüm mövqedə yerləşməklə əsrlər boyu Qərb və Şərq güclərinin maraq dairəsində olub. XX əsrin əvvəlində baş verən mühüm hadisələr, bu bölgədə müstəqil dövlətlərin yaranması və onların gələcək statusunun müəyyənləşdirilməsi dünyanın yaxın və uzaq gələcəyi ilə bağlı böyük dövlətləri də ciddi maraqlandıran və toqquşduran məsələlərdən olmuşdur.

 

Burada hər güc mərkəzinin bir-birinə güzəştə getməmək şərti ilə daha çox nüfuz dairəsinə malik olması, gələcək planlarını reallaşdırmaq üçün daha çox strateji əraziləri ələ keçirmək planları üz-üzə gəlmişdi. Belə taleyüklü hadisələrdən biri də indi öz əhəmiyyətini hər zamankından daha artıq şəkildə göstərən, bir zamanlar əlçatmaz xəyal kimi görünən, amma Azərbaycanın işğalçı Ermənistan üzərində şanlı Qələbəsi ilə gündəmə gələn Türk Birliyi layihəsinin əsaslarını qoymuş Qars müqaviləsinin 1921-ci ildə imzalanması olmuşdu.
Böyük dağıdıcı proseslərin getdiyi, milyonlarla insanın məhv edildiyi Birinci Dünya müharibəsindən sonra Cənubi Qafqazda da mürəkkəb vəziyyət yaranmışdı. Böyük dövlətlərin zəifləməsindən istifadə edən bəzi qüvvələr, xüsusən, azğınlaşmış silahlı erməni qrupları üsyanlar qaldırmaqla, yeni yaranmış dövlətlərin hökumətlərinə itaətsizlik etməklə, xaos və qarışıqlıq törətməklə de-fakto əzici güclərin də dəyirmanına su tökürdülər.
Təkcə Azərbaycana qarşı deyil, eləcə də Türkiyə və Gürcüstana qarşı əsassız ərazi iddiaları qaldıran ermənilər 1918–1920-ci illərdə qonşu ölkələrə silahlı basqınlar, dinc əhaliyə qarşı amansız hücumlar edərək minlərlə insanı qətlə yetirsələr də əsl məqsədlərinə çata bilmədilər. Bu baxımdan, hətta o dövrün qalib ölkələri olan İngiltərə və ABŞ kimi güc mərkəzlərində Naxçıvanın Ermənistana verilməsi planları cızılsa da, qarşı cəbhədə baş verən proseslər və ən vacibi Naxçıvan əhalsinin cəsarətli, inadlı müqaviməti bütün bu məkrli planları alt-üst etdi.
Qərb dairələrinin Anadoluda oyuncaq bir erməni dövləti yaratmaq planlarının bolşevik Rusiyası Cənubi Qafqazda həyata keçirdi. Tarixən ermənilərin satqın xislətinə bələd olan bütün böyük dövlətlər onların vasitəsilə bu coğrafiyada möhkənməlnmək üçün bu azğınlaşmış topluma qahmar çıxırdılar. Hətta Rusiyadakı bolşevik hakimiyyəti onlara da düşmən olan erməni daşnakları ilə qonşu dövlətlərə təzyiq məsələsində bir mövqedən çıxış edirdilər. Məqsəd tarixi Azərbaycan torpaqları olan Zəngəzur kimi, Naxçıvanı da, nəyin bahasına olursa-olsun, yeni yardılan Ermənistana qatmaq idi.
1920-ci illərin sonlarında Rusiyanın növbəti qızışdırıcı təhrikindən quduzlaşan ermənilərə layiqli cavab verən Türkiyə Ordusundan aman diləyən ermənilər Gümrü muqaviləsi ilə Naxçıvana olan iddalarından əl çəkməyə məcbur edildilər. Göründüyü kimi, Ermənistanın bolşevik Rusiyası tərəfindən işğal edilməsi də onları bu məkrli planlarından çəkindirməmişdi. Görkəmli ictimai-siyasi xadim Behbud ağa Şahtaxtinskinin rəhbərliyi ilə 1921-ci ilin yanvarında Naxçıvanda keçirilmiş referendumda yerli əhalinin 94 faizinin bu tarixi diyarın Azərbaycanın tərkibində qalmaq istəyi erməni iddialarına qəti zərbə vurdu.
Əhalsinin böyük əksəriyyəti müsəlman olan Naxçıvanın taleyini həll etmiş bu qərar sovet Rusiyası rəhbərliyini də bu mövqe ilə hesablaşmağa məcbur etmişdi. Bu qətiyyət sonrakı proseslərdə – 1921-ci ildə Naxçıvanın statusu ilə bağlı Türkiyə və Rusiya dövlətləri arasında əvvəlcə Moskvada, sonra isə Qarsda keçirilmiş gərgin danışıqlarda bir daha özünü göstərmişdi. Naxçıvan məsələsini gələcəyin “Türk qapısı” kimi görən Türkiyə rəhbərliyi, nəyin bahasına olursa-olsun, Naxçıvanı güzəştə getməyəcəyini qarşıya məqsəd qoymuşdu. Danışıqlar prosesində Naxçıvanın Azərbaycanın tərkibində muxariyyət statusu qazanmasında Nəriman Nərimanov və Behbud ağa Şahtaxtınskinin gərgin səyləri də öz bəhrəsini vermişdi. Beləliklə, 1921-ci ilin oktyabrında bağlanmış Qars müqaviləsinin müvafiq bəndlərində göstərildiyi kimi, Naxçıvan muxtar diyar kimi Azərbaycanın tərkibində qalmışdı. Türkiyə və Rusiya kimi, Ermənistan da bu tarixi sənədə imza atmışdı.
Çox böyük strateji əhəmiyyəti olan bu tarixi sənəd sonrakı dövrlərdə ermənilərin bitmək bilməyən torpaq iddialarını həmişə gözlərində qoymuşdu. Keçən yüz il içərisində ermənilər dəfələrlə ara qarışdırıb Naxçıvana tamah saldıqları zaman bu müqavilə onların qarşılarına qoyulmuşdu. Ermənilər sonuncu dəfə XX əsrin sonlarında Qarabağda başlatdıqları növbəti fitnəkarlıqları zamanı da Naxçıvana olan əsassız iddialarını yenidən hay-küylə qaldırmışdılar. Lakin o zaman Naxçıvanda fəaliyyət göstərən xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyevin göstərdiyi qətiyyət və qardaş ölkə Türkiyə ilə yaratdığı sıx əlaqələr nəticəsində bu dəfə də erməni millətçilərinin ağzı daşa dirənmişdi.
Bu il Naxçıvanın Azərbaycan Respublikası tərkibində muxtariyyət statusuna beynəlxalq səviyyədə qarantiya verən Qars müqaviləsinin 100 illiyi tamam olur. Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Qars müqaviləsinin 100 illiyinin keçirilməsi haqqında” 2021-ci il 8 fevral tarixli sərəncam imzalamışdır. Həmin sərəncama əsasən, nəzərdə tutulan Tədbirlər Planında bu taleyüklü müqavilənin tarixi önəmi geniş əksini tapmışdır.
Doğurdan da, ötən yüz ildə baş verənlər göstərdi ki, hələ o dövrlərdə XXI əsrin “Türk dünyası əsri” olacağını öncədən görə bilən, bunun üçün hər cür fədakarlıq göstərən və riskləri nəzərə alan vətənpərvər insanların hədsiz səyləri hədər getməmişdir. Naxçıvanın Azərbaycanın tərkibində toxunulmazlığını birdəfəlik olaraq təsbit etmiş Qars müqaviləsinin imzalanmasına nail olmuş o zamankı Türkiyə və Azərbaycan rəhbərləri bir gün bu qardaş ölkələrin regionun mütləq güc sahibi olacağını, Zəngəzuru itirsələr də böyük Türk dünyasına pərçimlənmiş paslı erməni xəncərinin ayaq altına atılacağını yaxşı bilirdilər. Axı tarix çox zaman baş verən mürəkkəb proseslərin diqtəsi altında yazılsa da, dünyanı irəli aparan cəmiyyətin iqtisadi-mədəni inkişaf meyilləri bir çox hallarda bu proseləri, sanki, tərsinə də çevirə bilir. Bu dəfə də belə oldu.
Ermənilər xaricdəki havadarlarının himayəsi ilə əzəli Azərbaycan torpağı Qarabağı 30 il işğal altında, Naxçıvananı isə sərt blokdada saxlamaqla məşğul ikən Azərbaycan və Türkiyə elmin, təhsilin və ən başlıcası, çalışqanlığın və dözümün yaratdığı əzmlə yüksək inkişaf səviyyəsinə çatıb, iqtisadi-hərbi qüdrətini yüksəldib işğalçı troplumu diz köçdürməklə bütün dünyada öz sözünü dedi. Təkcə Qars müqaviləsinin bağlandığı dövrdən deyil, eləcə də ermənilərin Cənubi Qafqaza köçürülməsindən keçən müddət ərzində baş vermiş erməni ioddialarına birdəfəlik son qoymuş müzəffər Azərbaycan Ordusunun apardığı şanlı Vətən müharibəsi Ermənistanın təcavüzkarlığına layiqli cavab oldu.
Biabırçı məğlubiyyətə uğradılaraq, sanki, özündən böyük ov udmuş vəhşi heyvan kimi qıvrılan erməni cəmiyyəti indi son yüz il içərisində törətdiyi saysız-hesabsız cinayətlərə görə cavab verməli olmuşdur. İşğalçı toplum bütün bunlarla bərabər, bir zamanlar Anadolu–Qafqaz bölgəsi ilə yanaşı, Qərb–Şərq istiqamətində kommunikasiyaların inkişafında mühüm rolu olmuş Zəngəzur qapısını da yenidən açmağa məcbur edilmişdir.
Zaman sürətlə dəyişsə də, xülyapərəst ermənilər hələ də 1920-ci ilin səviyyəsində qalsalar da, artıq onların da Qars müqaviləsi imzalanan dövrdəki tarixi proseslərdən düzgün nəticə çıxarmasının, son 30 ildə isə yolkəsənin, qapıbağlayanın ən böyük ziyanı elə özünə vurduğunu dərk etməsinin vaxtı çatıb. Yüz il əvvəl Türk dünyasının böyük öndərləri Türkiyə ilə həmsərhəd Naxçıvan qapısının açıq qalması üçün nə qədər qətiyyətli olmuşdularsa, bu gün də onların layiqli davamçıları qədim Azərbaycan torpağı Zəngəzur qapısını açmaqda bir o qədər əzmlidirlər.
Dünya türklərini bir-birinə daha yaxınlaşdıracaq bu yol bütün bölgə ölkələri üçün mühüm iqtisadi faydalar gətirməklə bərabər, XXI əsrin ən böyük humanitar-mədəni dəhlizlərindən biri olacaq. Bu layihənin titul vərəqində isə Naxçıvan–Zəngəzur adları qoşa yazılacaq.
 

Əli CABBAROV,
Nadir HÜSEYNBƏYLİ,
Naxçıvan Dövlət Universitetinin əməkdaşları

8 Aprel 2021 02:16 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə