Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qubadlıda zəngin su ehtiyatları var

İşğaldan azad edilmiş ərazilərdə meliorativ təbirlərin həyata keçirilməsi dövlətimizin diqqət mərkəzindədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zaur Mikayılovu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri vəzifəsinə təyin edilməsi ilə əlaqədar videoformatda qəbul edərkən bu məsələnin prioritet olduğunu diqqətə çatdırmışdır. Cənab Prezident demişdir: “Digər önəmli məsələ azad edilmiş torpaqlarda meliorativ tədbirlərin görülməsi ilə bağlıdır. Azad edilmiş torpaqlarda bizim böyük su mənbələrimiz mövcuddur və su mənbələrimiz orada formalaşır. Biz uzun illər ərzində, 30 ilə yaxın müddətdə bu imkanlardan məhrum idik. Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini, o cümlədən bu sahədə də aparırdı və bizə qarşı ekoloji terror təşkil edilmişdir”.

 

Qubadlı Rayonu Suvarma Sistemləri İdarəsi ötən il noyabrın 13-dən yenidən bərpa edilmiş və mən də 2018-ci ildən fəaliyyəti dondurulmuş vəzifəmin icrasına başlamışam. Biz işğaldan azad edilmiş rayonumuzun su təsərrüfatı və meliorasiya imkanlarını yenidən nəzərdən keçirmiş, mövcud imkanlar daxilində hansı tədbirlərin görülməsinin vacibliyini müəyyənləşdirmişik. Əlbəttə, Qubadlı ərazisində erməni vandalları bütün meliorativ qurğuları məhv etmiş, suvarma kanallarımızı bərbad hala salmışlar.
Qubadlıda zəngin su ehtiyatları var. Rayon ərazisindən Həkəri, Bərgüşad və Ağa çayları keçir. Vaxtilə bu çaylardan çəkilmiş kanallar rayonda kənd təsərrüfatının suvarma suyu ilə təmin olunmasında mühüm rol oynayırdı. Biz bu sistemləri bərpa etməyə hazırlaşırıq və inanıram ki, ASC-nin yeni rəhbərliyinin köməyi ilə tezliklə bu problemlərin öhdəsindən gələcəyik.
İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Qubadlıda su anbarlarının tikintisi də nəzərdə tutulur. Dövlət başçımız həmin qəbulda bununla bağlı dedi: “Azad edilmiş torpaqlarda su anbarlarının tikintisinə ehtiyac varmı, yoxmu, bu məsələyə də mütləq baxılmalıdır. Əlbəttə ki, azad edilmiş torpaqlarda bizim ən böyük su mənbəyimiz qonşu İranla sərhəddə yerləşən Xudafərin və Qız Qalası su anbarlarıdır. Bunlar çox böyük su anbarlarıdır. Xudafərin su anbarının həcmi 1,6 milyard kubmetrdir, çox böyük su anbarıdır. Bu su anbarından istifadə etmək üçün əlbəttə ki, əlavə infrastruktur layihələri icra edilməlidir. İlk növbədə, kanallar çəkilməlidir ki, azad edilmiş torpaqlara – Zəngilan, Cəbrayıl, Qubadlı və digər bölgələrə biz bu su anbarlarından su götürüb, ondan səmərəli şəkildə istifadə edə bilək. Bu, bizim böyük potensialımızdır”.
Cənab Prezident onu da bildirdi ki, köhnə qurğular yenilənməlidir. Bunun üçün tapşırıq və tövsiyələrini də verdi: “Sizin qarşınızda duran vəzifələrdən biri çatışmazlıqların aradan qaldırılmasıdır, idarəetmədə müasir yanaşmanın tətbiq edilməsidir, müasir texnologiyaların ölkəmizə gətirilməsidir. Çünki biz bundan sonra meliorativ tədbirləri, necə deyərlər, dədə-baba üsulu ilə apara bilmərik. Dünyanın bu sahədə ən müasir texnologiyaları Azərbaycana gətirilməlidir, sudan səmərəli istifadə edilməlidir”.
Biz rayonda su təsərrüfatı sistemlərini yenidən qurmalıyıq. Cənab Prezidentin tapşırıqlarının həyata keçirilməsi üçün imkanlarımızı səfərbər etməliyik.
Çətinliklərimiz olacaq. Amma yaxşı bilirik ki, dövlətimiz, onun rəhbəri bu problemin həllində bizə yardımçı olacaq və tezliklə rayonumuzda suvarma sistemləri müasir tələblərə uyğun yenidən qurulacaq.
 

Əlisalam BAYRAMOV, Qubadlı Rayonu Suvarma Sistemləri İdarəsinin rəisi

8 Aprel 2021 02:05 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə