Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Meliorativ tədbirlərin səmərəliliyinin artırılmasının böyük faydası olacaq

Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zaur Mikayılovu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edib. Dövlət başçısının qəbuldakı parlaq, dərin məzmunlu çıxışı ölkə ictimaiyyətinin ən müxtəlif təbəqələri, xüsusilə, aqrar sektorda çalışan alim və fermerlər tərəfindən böyük maraqla qarşılanıb. Salyan rayonunun Qızılağac kəndindən olan qabaqcıl fermer Emin Mirzəyev bu barədə fikir və mülahizələrini bizimlə bölüşərkən dedi:

 

– Möhtərəm Prezidentin çıxışını televiziyadan dərin maraqla izlədim. Cənab İlham Əliyevin dilindən səslənən olduqca dəyərli fikir və mülahizələr, tapşırıq və tövsiyələr məndə belə bir əminlik hissini gücləndirdi ki, ölkəmizdə meliorasiya sahəsinə, bütövlükdə, aqrar sektora diqqət və qayğı bundan sonra daha da gücləndiriləcək.
Mütəxəssislər yaxşı bilirlər ki, aqrar sektorın davamlı inkişafı üçün meliorativ tədbirlərin düzgün və səmərəli həyata keçirilməsi olduqca vacibdir. Təsadüfi deyildir ki, Prezident İlham Əliyev bu barədə demişdir: “Meliorativ tədbirlər hər bir ölkə üçün xüsusi əhəmiyyət daşıyır, xüsusilə, su ehtiyatları o qədər də böyük həcmdə olmayan ölkələrdə bunun daha da böyük əhəmiyyəti var. Bir daha demək istəyirəm ki, su anbarlarının, su kanallarının tikintisi infrastruktur layihələr arasında həmişə prioritet yerdə olub və bundan sonra da belə olacaq. Bütün bu işlərlə bərabər, biz əlbəttə ki, suyun səmərəli istifadəsindən də həmişə narahat idik. Bu sahədə əldə edilmiş uğurlar var, eyni zamanda, çətinliklər var, çatışmamazlıqlar var. Bunlar aradan qaldırılmalıdır”.
Mənə elə gəlir ki, hər bir ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi sərhədlərin qorunması qədər vacib vəzifədir. Azərbaycan dövləti bu vacib amili nəzərə alaraq, qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişafına xüsusi önəm verir. Son illər ölkəmizdə bu istiqamətdə xeyli işlər görülmüşdür. Lakin qəbulda qeyd edildiyi kimi, çatışmazlıqlar, həlllini gözləyən problemlər də az deyil. İnanıram ki, bu problemlər tezliklə öz müsbət həllini tapacaq.
Dövlətimizin başçısı bu sahədə qarşıda duran vəzifələrdən də geniş bəhs etmişdir. Qeyd olunmuşdur ki, indi ən mühüm vəzifələrdən biri idarəetmədə müasir yanaşmanın tətbiq edilməsi, müasir texnologiyaların ölkəmizə gətirilməsidir. Hədəf bəllidir: dünyanın bu sahədə ən müasir texnologiyaları Azərbaycana gətirilməli, sudan səmərəli istifadə edilməlidir. Möhtərəm Prezident demişdir: “Biz bundan sonra da kənd təsərrüfatı ilə məşğul olan vətəndaşlarımızı dəstəkləyəcəyik. Artan subsidiyalar bunu bir daha göstərir. Bizim niyyətimiz, siyasətimiz dəyişməz olaraq qalır. Ancaq bununla bərabər, kənd təsərrüfatı ilə məşğul olan hər bir adam öz məsuliyyətini də dərk etməlidir”.
Qəbulda işğaldan azad edilmiş ərazilərdə meliorativ tədbirlərin görülməsi ilə bağlı məsələlərdən də bəhs edildi. Qeyd olundu ki, azad edilmiş torpaqlarda bizim böyük su mənbələrimiz mövcuddur və bir çox su mənbələrimiz məhz orada formalaşır. Əminəm ki, bərəkətli Qarabağ torpağı tezliklə ölkəmizin ərzaq təhlükəsizliyinə böyük töhfə verəcək.
Sonda qeyd etmək istəyirəm ki, son illər ölkəmizin digər bölgələrində olduğu kimi, Salyan rayonunda da kənd təsərrüfatının inkişafında uğurlu göstəricilər əldə olunmuşdur. 2020-ci ilin məhsulu üçün rayonda 47 min 387 hektar sahədən məhsul toplanmışdır. Demək olar ki, rayonda becərilən bütün bitkiçilik növləri üzrə məhsul istehsalında artım qeydə alınmışdır. Rayonumuzun pambıqçıları ötən il xüsusilə nəzəçarpan uğur əldə ediblər. Belə ki, 2020-ci ildə pambığın məhsuldarlığı rayon üzrə 22,5 faiz artmışdır. Bu, əlbəttə, yüksək göstəricidir.
Rayonda heyvandarlıq sahəsində də ötən il yaxşı göstəricilər əldə olunmuşdur. Nəticədə ət və süd istehsalı artmışdır. Başçılıq etdiyim fermer təsərrüfatının üzvləri ötən il ərzində qazandıqları uğurlardan ruhlanaraq, bu il daha yüksək göstəricilər əldə etmək əzminədirlər. Düşünürəm ki, qarşıdakı illər ərzində ölkəmizdə meliorativ tədbirlərin səmərliliyinin yüksəldilməsi fermer təsərrüfatlarında məhsuldarlığın yüksəldilməsinə səbəb olacaq. Əlbəttə, biz fermerlər də öz növbəmizdə suvarma suyudan maksimum dərəcədə səmərəli istifadə etməyə çalışmalıyıq.
 

Söhbəti qələmə aldı:
Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”

8 Aprel 2021 01:55 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə