Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qeyri-neft sektorunun inkişafı xalqın firavan gələcəyinə ünvanlanıb

Qeyri-neft sektorunun inkişafı ölkənin iqtisadi potensialının gücləndirilməsi üçün mühüm amillərdən biridir. Bunun nəticəsidir ki, son illər ərzində uğurla həyata keçirilmiş dövlət proqramları və bu sahədə görülən tədbirlər qeyri-neft sektorunun davamlı inkişafına, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına təkan vermişdir.
 

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

 

Ölkəmiz zəngin karbohidrogen ehtiyatlarına malikdir. Hələ 1846-cı ildə Bibiheybətdə 21 metr dərinliyi olan quyudan sənaye üsulu ilə neft çıxarılıb. Bu, dünyada ilk belə quyu idi. Elə həmin ildən etibarən Azərbaycanda neft sənayesinin inkişafı start götürüb. 1857-ci ildə Bakıda ilk neftayırma zavodu fəaliyyətə başlayıb. Quyuların mexaniki üsulla qazılması texnologiyası inkişaf etdirildikcə, Azərbaycanda bir çox yeni neft yataqları aşkar edilib.
1994-cü ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yeni neft strategiyası hazırlandı. Bu strategiyanın başlıca amalı Azərbaycan neftinin yüksək texnologiyalar vasitəsilə hasilatı, xarici bazarlara ixrac edilməsi və satışı idi. Bu prosesdən əldə olunan gəlir bütün problemlərin həlli üçün kifayət idi. Lakin həmin dövrdə Azərbaycan məhdud imkanları ilə bütün bunları etmək iqtidarında deyildi. Bu səbəbdən neft sahəsində dünyanın öndə gedən şirkətləri və müasir texnologiyaya sahib ölkələrlə əlaqə yaratmaq, onların bu sahəyə yatırım etmələrinə imkan yaratmaq lazım idi. Uzaqgörən siyasətçi Heydər Əliyev bilirdi ki, yalnız bu yolla Azərbaycan neft və qaz hasilatını artıra, bu sahəyə böyük məbləğdə sərmayə cəlb edə bilər. Həmin il sentyabr ayının 20-də Heydər Əliyevin qətiyyəti sayəsində Azərbaycan Neft Şirkəti ilə xarici dövlətlərin nəhəng neft şirkətləri qrupu arasında “Əsrin müqaviləsi” adlanan saziş imzalandı. Bununla da Azərbaycan neftinin Qərb bazarına çıxış imkanı yarandı.
2006-cı il mayın 28-də Azərbaycan nefti Türkiyənin Ceyhan terminalına çatdı. İyul ayının 13-də Bakı–Tbilisi–Ceyhan neft kəməri tam istismara verildi. Açılış zamanı Prezident İlham Əliyev demişdir: "Hamımız xatırlayırıq ki, bu nəhəng transmilli layihənin təməli 1994-cü ildə Bakıda – “Əsrin müqaviləsi”nin imzalanması ilə başlanmışdır. Məhz o ağır, çətin dövrdə Azərbaycan rəhbərliyinin qətiyyəti və uzaqgörənliyi nəticəsində “Əsrin müqaviləsi” imzalandı və bundan sonra bütün məsələlər öz həllini tapdı. Yeni kəmərlər tikildi, yeni neft infrastrukturu yaradıldı. O illər Azərbaycanda çox böyük təlatüm müşahidə olunurdu, Azərbaycana ciddi təzyiqlər edilirdi. Bakı–Tbilisi–Ceyhan neft kəmərinin yaranmasını istəməyən qüvvələr müxtəlif təzyiqlər göstərirdi. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan rəhbərliyinin, xalqımızın ümummilli lideri Heydər Əliyevin qətiyyəti, cəsarəti, Azərbaycan xalqının dəstəyi bizə imkan verdi ki, ölkəmiz öz zəngin neft, qaz yataqlarını işə sala bilsin və bu gün bizim təbii ehtiyatlarımız dünya bazarlarına çıxarılır."
Neft təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün çox mühüm əhəmiyyətə malik təbii enerji ehtiyatıdır. Lakin tükənən təbii ehtiyat olan “qara-qızıl” heç də həmişə ona sahib olan ölkələrə xoşbəxtlik gətirməyib. Tarix boyu neftə sahib olan bir çox ölkələr güclü dövlətlərin istismarına məruz qalıb. Ərazi və əhali baxımından kiçik ölkə sayılan Azərbaycanda müstəqilliyin ilk illərindən etibarən həmin ölkələrin aqibəti ilə üzləşmək üçün olduqca əlverişli şərait var idi. Lakin Heydər Əliyev uğurlu iqtisadi islahatlar həyata keçirərək, nəinki Azərbaycanın müstəmləkə vəziyyətə düşməsinə imkan verməmiş, hətta ölkəmizi beynəlxalq aləmdə iqtisadi cəhətdən güclü, özünü idarə edə bilən hala gətirmişdir. Daha sonrakı dövrlərdə Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsi nəticəsində Azərbaycanın heç bir xarici dövlətdən asılılığı qalmamışdır. Xarici borcu ÜDM-nin çox kiçik bir hissəsini təşkil edən Azərbaycan qüdrətli ölkəyə çevrilmişdir.
Neft təkcə kiçik ölkələrdə deyil, həmçinin bir çox güclü dövlətlərdə də iqtisadi cəhətdən doğru dəyərləndirilməmişdir. İlk dəfə 1977-ci ildə “Economist” jurnalında istifadə edilən “Holland sindromu” termini bu vəziyyətin nə dərəcədə önəmli iqtisadi problem olduğunu sübut edir. Bu, təbii resursların istismarı ilə istehsal sektorunun tənəzzülü arasında qarşılıqlı əlaqəni izah etmək üçün istifadə edilən iqtisadi konsepsiyadır. Belə ki, təbii sərvətlərdən gələn böyük məbləğlərdə gəlir milli valyutanın mübadilə qüvvəsini artırmaqla, istehsal sektorunun rəqabət gücünü azaldır. Bu yolla ölkənin bütün iqtisadiyyatı həmin təbii resursdan asılı vəziyyətə düşür. Bu da qarşıdakı dövrlərdə böyük problemlərin yaranmasına səbəb olur. Təbii sərvətlər tamamilə tükəndikdən sonra isə birdən-birə məlum olur ki, ölkədə bütün başqa sahələr tənəzzül edib. Dövlətlərin bir çoxu eyni səhvə yol verərək, iqtisadi baxımdan xarici qüvvələrdən asılı vəziyyətə düşmüşdür. Bu sindrom hətta İngiltərə, Norveç və Meksikada da yaşanmışdır.
Bununla yanaşı, neft ehtiyatlarının tükənən olması alternativ enerji mənbələrinin və qeyri-neft sektorunun inkişafını labüd edir. Müasir dövrdə o ölkələr sürətlə inkişaf edir ki, onlar zamanın tələblərinə uyğun inkişaf planı hazırlamağı bacarır.
Son illər ərzində respublikamızda iqtisadi cəhətdən baş verən kəmiyyət və keyfiyyət dəyişiklikləri ölkəmizin inkişafına mühüm töhfələr vermişdir. Azərbaycanda iqtisadi islahatlar həyata keçirilir. Bu islahatların ölkəmiz üçün ən mühüm olanı qeyri-neft sektorunun inkişaf etdirilməsi yolunda atılan addımlardır. Tükənən təbii ehtiyatlardan tükənməyən ehtiyatlara, tükənən enerjidən tükənməyən enerjiyə keçid qloballaşan dünyanın gələcəyinin formalaşmasında ən önəmli faktorlardan biridir. Bu prosesdən geri qalmaq iqtisadi və bilavasitə siyasi cəhətdən zəifləmək deməkdir. Ölkəmizin, o cümlədən dünyanın gələcəck iqtisadi tərəqqisi, xüsusən, qeyri-neft sektorunun inkişaf etdirilməsindən asılıdır.
Bu gün Azərbaycanda qeyri-neft sektorunun inkişafı yönündə uğurlu addımlar atılır. Respublikada yaradılan əlverişli biznes mühiti, özəl sektora dövlət dəstəyinin artması sahibkarlığın sürətlə inkifına səbəb olub. “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Prezident İlham Əliyevin fərmanına uyğun olaraq, ölkədə biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, prosedurların sadələşdirilməsi, elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, kənar müdaxilələrin qarşısının alınması üzrə işlər davam etdirilir. Ölkə başçısı 2017-ci ildə keçirilən “barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair dövlət müşavirəsi” zamanı demişdir: “İnfrastruktur layihələrimiz də kənd təsərrüfatının inkişafına xidmət göstərir. Əgər elektrik enerjisi, su təminatı olmasa, heç kim heç bir yerdə investisiya qoymaz. Ona görə, kənd təsərrüfatının inkişafı üçün çox böyük işlər görülür. Qeyd etdiyim kimi, fermerlər bütün vergilərdən azaddırlar. Ölkəmizə, xüsusilə, son illər ərzində ən müasir texnika alınıb gətirilir. Bu il ölkəmizə 10 min texnika gətiriləcək. Onlardan 7 mini artıq gətirilib, cəmi bir il ərzində. Azərbaycan dövləti bu məqsədlər üçün 100 milyonlarla dollar vəsait ayırır, sonra da lizinq yolu ilə güzəştli şərtlərlə fermerlərə verir ki, onlar bu texnikadan istifadə etsinlər. Bu yaxınlarda Kənd Təsərrüfatı naziri mənə məlumat vermişdir ki, biz özümüzü kənd təsərrüfatı texnikası ilə, demək olar, təmin etmişik. Əlbəttə, növbəti illərdə yeni texnikalar alınacaq. Ancaq biz əsas çətinliyi aradan qaldıra bilmişik. Subsidiyalar verilir, o cümlədən bu gün müzakirə etdiyimiz sahələrin inkişafı üçün. Onların da çox böyük mənası var. Güzəştli şərtlərlə gübrələr, yanacaq verilir. Sahibkarlara 2 milyard manat səviyyəsində güzəştli şərtlərlə kreditlər verilir, onların da böyük əksəriyyəti fermerlərin işini yüngülləşdirmək üçün kəndlərə gedir. Sahibkarlara metodik tövsiyələr verilir ki, onlar işlərini daha da yaxşı qursunlar. Yəni, Azərbaycanda kənd təsərrüfatının, sahibkarlığın inkişafı üçün görülən işlər, inanmıram ki, hansısa başqa ölkədə görülsün. Bəlkə də var, mən eşitməmişəm. Ən gözəl şərait Azərbaycandadır və biz bunun hesabına regionların sosial-iqtisadi inkişafına nail ola bilmişik.”
Dövlət başçımızın dediyi kimi, qeyri-neft sektorunun inkişafı ölkənin iqtisadi potensialının gücləndirilməsi üçün mühüm amillərdən biridir. Bunun nəticəsidir ki, son illər ərzində uğurla həyata keçirilmiş dövlət proqramları və bu sahədə görülən tədbirlər qeyri-neft sektorunun davamlı inkişafına, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına təkan vermişdir.
Ölkəmizin iqtisadi potensialının davamlı olaraq artmasında qeyri-neft sektorunun rolu böyükdür. Azərbaycanda qeyri-neft iqtisadiyyatının inkişafı üçün həyata keçirilən layihələr müsbət nəticələr verir. Qeyri-neft sahələrinin inkişafında bütün respublika boyu yaradılan müasir infrastruktur önəmli amillərdən biridir. Sənayenin inkişafını bunsuz təsəvvür etmək mümkün deyil. Azərbaycan dövlət vəsaiti qoyulması hesabına infrastruktur təminatı baxımından dünyada ən güclü ölkələr sırasına yüksəlib. Sənaye quruculuğu gücləndirilib. Son 17 il ərzində ölkəmizin sənaye istehsalı 3 dəfədən çox artıb. Azərbaycanda qeyri-neft sektorunda buraxılan ət və süd məhsulları, duz, meyvə və tərəvəz konservləri, mineral sular, sement və klinkerlər, gips, əhəng, alçipan, kərpic, betondan tikinti blokları, armatur, alüminium və ondan alınan məmulatlarla özünütəminetmə səviyyəsi digər sənaye məhsulları ilə müqayisədə daha yüksəkdir. Respublikamızda istehsal olunan qeyri-neft məhsulları, kimya sənayesi məhsulları, tikinti materialları müxtəlif ölkələrə ixrac olunur. Bu, Azərbaycanın öz təbii resuslarından səmərəli istifadə etməsindən xəbər verir.
 

İmran ƏLİYEV,
“Xalq qəzeti”

8 Aprel 2021 01:50 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə