Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İşğaldan azad edilmiş ərazilərə həyat yenidən qayıdır

2020-ci il ölkəmiz üçün yeni dövrün başlanğıcı oldu. Böyük zəfər qazanıldı. Azərbaycan öz tarixi torpaqlarını geri qaytardı. Prezident İlham Əliyevin də dediyi kimi, qarşıda görüləcək çox iş var. Hər kəsə məlumdur ki, işğal olunan ərazilər ermənilər tərəfindən xarabalığa çevrilib. Mənəviyyatdan bixəbər olan bu “insanlar” yaşayış binalarını, evləri, müxtəlif səhiyyə və təhsil obyektlərini, tarixi abidələrimizi, hətta məscidləri belə dağıdıb, həmin torpaqlardakı tarixi və mədəni irsimizi silməyə çalışıblar. Aradan keçən illər ərzində ermənilər heç bir abadlıq işi görməyib, əksinə, yaşayış məntəqələrimizi insanların yaşaması üçün əlverişsiz hala salıblar.
100 min hektar ərazi susuz qalmışdır. Baxmayaraq ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ötən əsrdə Sərsəng və Suqovuşan su anbarları inşa edilmişdir, ermənilər bizi susuz qoymağa çalışırdı... Bu fikirləri bizimlə söhbətində fəlsəfə elmləri doktoru, professor Əlisa Əhmədov bildirdi.

 

Həmsöhbətimiz sözünə davam edərək dedi:
– Müharibənin bitməsindən dərhal sonra, azad olunmuş ərazilərə silsilə səfərlər edən ölkə başçısı bildirdi ki, tarixi torpaqlarımıza yenidən həyatın, ruhun qayıtması üçün bütün imkanlar səfərbərliyə alınacaq. Rayon və şəhərlərdə “yaşıl enerji” zonasının yaradılması üçün bir çox layihələr həyata keçiriləcək. Pilot layihələr qismində bəzi yerlərdə “ağıllı kənd”, “ağıllı şəhər” konsepsiyalarının tətbiqi baş tutacaq. Qələbədən cəmi səkkiz gün sonra Füzuli–Şuşa yolunun çəkilməsinə başlanılmışdır. Ümumən, Azərbaycanın işğaldan azad edilən ərazilərlə bağlı kifayət qədər bərpa planı var.
Əlbəttə, ölkə başçısının şəxsən həmin ərazilərə səfər etməsi və burada olan vəziyyətlə yaxından tanış olması bərpa layihələrinin sürətlənməsinə təkan verdi. Ümumilikdə, bu işlər üçün indiyədək 4,6 milyard manat maliyyə vəsaiti ayrılıb. Həm də biz bilirik ki, azad edilən torpaqların böyük iqtisadi potensialı var. Bu quruculuq işləri təkcə bölgənin deyil, ölkənin ümumi iqtisadiyyatının inkişafı üçün yeni təkan olacaq. Əlbəttə, layihələr həyata keçirildikdən, insanlar öz doğma torpaqlarına qayıtdıqdan, torpaqların münbitləşdirilməsindən, sosial-iqtisadi infrastrukturun yaradılmasından sonra biz həmin ərazilərin ölkə iqtisadiyyatına nə qədər müsbət təsir etdiyinin şahidi olacağıq.
Professor əlavə etdi ki, Dağlıq Qarabağ və ətraf rayonlarda kifayət qədər təbii ehtiyatlar var. Burada təbii su ehtiyatları mövcuddur. Məlum olduğu kimi, son illərdə təbii su ehtiyatlarına tələb artıb. Belə olan halda, işğaldan azad edilmiş ərazilərimizin hesabına biz suya olan tələbatımızı ödəməklə yanaşı, həm də, xarici ölkələrə ixracını həyata keçirə bilərik. Bölgə, həmçinin qızıl ehtiyatları ilə zəngindir. Bununla yanaşı, Kəlbəcər və Laçın rayonlarında Külək enerjisi potensialı mövcuddur. Kəlbəcər, Tərtər və Füzuli kənd təsərrüfatı – ət, süd istehsalı imkanlarına görə bölgənin qabaqcıl rayonları hesab edilir.
Hal-hazırda ərazilərin minalardan təmizlənmə prosesi intensiv davam edir. İnsanlar bu torpaqları ziyarət etmək, görmək istəyirlər. Təmizlənmə prosesi tam başa çatdıqdan sonra, bölgədə daxili turizm sektorunun inkişafı üçün geniş imkanlar açılacaq.
Ə.Əhmədov bildirdi ki, regiona həyatın qayıtması naminə minimum yaşayış üçün ehtiyac duyulan sahələrin bərpasına xüsusi diqqət ayrılır. Əlbəttə, ilkin olaraq ərazilər minalardan təmizlənməlidir. Elektrik enejsinin təmin edilməsi, içməli su, sanitar qovşaqları və irriqasiya sistemlərinin bərpası, evlərin, yaşayış məntəqələrinin təmin edilməsi ən başlıca yaşayış amillərindəndir. Postmüharibə dövründə bütün bu işlərə başlanılıb. Ümid edirəm ki, yaxın dövrdə bölgədə həyat tamamilə bərpa ediləcək.
Söhbəti qələmə aldı:
 

İmran ƏLİYEV,
“Xalq qəzeti”

8 Aprel 2021 01:37 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə