Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bərpa işləri maksimum səmərəlilik nəzərə alınmaqla aparılmalıdır

Müzəffər Azərbaycan Ordusu Vətən müharibəsində düşmən üzərində tarixi qələbə qazanaraq 30 ildən bəri Ermənistanın işğalı altında qalmış ərazilərimizi azad edib. Prezident İlham Əliyev bu ərazilərin bərpa olunacağını, bütün şəhər və kəndlərimizin dirçəldiləcəyini bildirib. Artıq bu istiqamətdə konkret işlərə başlanılıb.

 

Azərbaycan Prezidenti son aylarda işğaldan azad edilmiş ərazilərimizə, eləcə də, Şuşaya səfərləri zamanı dəfələrlə bəyan edib ki, yaşayış məskənlərimiz qısa müddət ərzində bərpa olunacaq, indiyədək məcburi köçkün həyatı yaşamağa məhkum edilmiş vətəndaşlarımız öz yurd-yuvalarına qayıdacaqlar. Hazırda dövlət başçısının birbaşa qayğısı və diqqəti altında bu istiqamətdə işlər gedir. Bunu Prezidentin Şuşaya səfəri zamanı da müşahidə etdik. Səfər zamanı dövlət başçısı Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməlini qoyub.
Dövlət başçısı Füzuliyə səfəri zamanı burada tikiləcək beynəlxalq hava limanının azad edilmiş bölgələrimizin inkişafı üçün çox önəmli olduğunu qeyd edib. Onun sözlərinə görə, limanın qısa müddətdə istifadəyə verilməsində əsas məqsəd xarici qonaqların Şuşaya gəlişini təmin etməkdir. Çünki buradan Şuşaya olan məsafə çox da uzaq deyil. Füzuli-Şuşa yolu dördzolaqlı və bəzi yerlərdə altızolaqlı olacaq. Xarici qonaqlar Füzuli Beynəlxalq Hava Limanına gələrək, çox rahat və qısa müddət ərzində Şuşa şəhərinə gedə biləcəklər.
Prezident İlham Əliyev bu günlərdə Zaur Mikayılovu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar qəbul edərkən də bu məsələdən danışaraq deyib ki, azad edilmiş torpaqlarda meliorativ tədbirlərin görülməsi çox vacibdir. Çünki həmin torpaqlarda böyük su mənbələri mövcuddur və su mənbələrimiz orada formalaşır. 30 ilə yaxın müddətdə Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasəti, o cümlədən, ekoloji terror təşkil edib. 54 min hektar meşə sahəsi ermənilər tərəfindən kəsilib, dağıdılıb, talanıb, oğurlanıb. Bu, böyük cinayətdir.
Dövlət başçısının sözlərinə görə, hazırda dəymiş bütün ziyan hesablanır, o cümlədən, ermənilərin Azərbaycan təbiətinə vurduğu ziyan da. Sərsəng və Suqovuşan su anbarları ermənilərin nəzarətində olub. 1970-ci illərdə ulu öndər Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə tikilmiş bu iki su anbarı Ağdam, Tərtər, Goranboy, Bərdə və digər rayonlarımızda suvarma işləri üçün nəzərdə tutulurdu. “Biz Suqovuşan qəsəbəsini azad edərkən Suqovuşan su anbarını da nəzarətimizə götürdük. Suqovuşan nəzarətimizə keçəndən sonra imkan yaranıb ki, dediyim Ağdam, Tərtər, Bərdə, Goranboy və digər rayonlarımızda su təminatı böyük dərəcədə yaxşılaşsın”.
Bunlardan əlavə, Ağdam rayonunda (Xaçınçay su anbarı), Füzuli şəhəri yaxınlığında, azad edilmiş digər rayonlarda su anbarları var. Prezident göstəriş verib ki, görüləcək bərpa işləri sırasında onların bütün parametrləri təhlil edilsin. Bu su anbarlarından səmərəli şəkildə istifadə olunmalıdır. Azad edilmiş torpaqlarda böyük çay resurslarımız da var. Onların da potensialı təhlil edilməlidir. Çayların məcrası ilə bağlı düzgün təhlil aparılmalıdır ki, biz bu çaylardan necə səmərəli istifadə edək.
Bütün bunlar azad edilmiş ərazilərdə bərpa işlərinin daim Prezidentin diqqət mərkəzində olduğunu göstərir. Təbii ki, bu sahədə görüləcək işlər çoxdur. Dövlət başçısının dediyi kimi, “əsas prinsip müasirlik, ekoloji təhlükəsizlik və maksimum səmərəlilik olmalıdır ki, Azərbaycan vətəndaşları, kənd təsərrüfatı ilə məşğul olan vətəndaşlar öz həyatlarında müsbət dəyişiklikləri görsünlər. Əminəm ki, bu, belə də olacaq”. Biz mütəxəssislər də Azərbaycan liderinin bu ideyalarının həyata keçməsi üçün əlimizdən gələni edəcəyik.
 

Çingiz VƏLİYEV,
Kənd Təsərrüfatı Nazirliyi Ağdam sort-sınaq məntəqəsinin müdiri, aqronom

8 Aprel 2021 01:25 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə