Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İcbari tibbi sığorta çərçivəsində 2550 sayda tibbi xidmət göstəriləcək

Ölkə əhalisinin sosial problemlərinin həlli istiqamətində Azərbaycan hökumətinin apardığı islahatların əsas məqamlarından biri də icbari tibbi sığorta xidmətinin yüksək səviyyədə təşkil edilməsidir. Təəssüf ki, respublikanın ayrı-ayrı bölgələrində bu istiqamətdə aparılan uğurlu işlərə koronavirus pandemiyası bir qədər problemlər yaşada bildi. Bir sözlə, ölkənin səhiyyə sistemi əsas səyləri ilk növbədə COVID–19-un törətdiyi çətinliklərin aradan qaldırılmasına yönəltməyə məcbur oldu. Lakin virusun yaşatdığı problemlərin ağırlığına baxmayaraq, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin uğurlu təşkilatçılığı ilə tibbi sığorta sisteminin ölkənin bütün bölgələrində tətbiqinə nail olundu.

 

Cari il aprelin 1-dən Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanıldı. Beləliklə, bütün ölkə ərazisində sistemin tətbiqi təmin edildi.
Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda sistemin tətbiqi ilə bağlı icbari tibbi sığorta çərçivəsində fəaliyyət göstərəcək dövlət tibb müəssisələrində hazırlıq işləri davam etdirilir. Hazırda Bakı şəhərində icbari tibbi sığortanın tətbiqinə dair işlərin ən yüksək səviyyədə aparılması üçün paytaxtın Nərimanov rayonu üzrə poliklinikaların fəaliyyətləri optimallaşdırılır.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ölkəmizdə icbari tibbi sığortanın yüksək standartlar səviyyəsində qurulmasını öz fəaliyyətinin əsas hədəfi kimi müəyyən edib.
Bu il yanvarın 1-dən etibarən “Tibbi sığorta haqqında” Qanuna əsasən dövlət və neft sektorunda, qeyri-dövlət və qeyri-neft sektorunda çalışanlardan, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən icbari tibbi sığorta haqlarının toplanılmasına başlanılıb.
Belə ki, dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8 min manata qədər olan hissəsindən 2 faiz, 8 min manatdan yuxarı olan hissəsindən 0,5 faiz miqdarında icbari tibbi sığorta haqqı tutulur.
Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8 min manata qədər olan hissəsindən 1 faiz, 8 min manatdan yuxarı olan hissəsindən 0,5 faiz miqdarında icbari tibbi sığorta haqqı tutulur. Sözügedən sektor üzrə aylıq hesablanmış əməyin ödənişi fondunun 8 min manata qədər olan hissəsindən ödənilən sığorta haqqının məbləğinə 2022-ci il yanvarın 1-dək 50 faiz güzəşt tətbiq edilir. Gələn ildən etibarən isə sözügedən sektor üzrə işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8 min manata qədər olan hissəsindən 2 faiz miqdarında icbari tibbi sığorta haqqının tutulması müəyyən olunub.
Mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslərin aylıq gəlirlərinin 8 min manatadək olan hissəsindən 2 faiz, 8 min manatdan yuxarı olan hissəsindən 1 faiz icbari tibbi sığorta haqqı tutulur.
Sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, Vergi Məcəlləsinə əsasən vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) üzrə minimum aylıq əməkhaqqının 4 faizi miqdarında icbari tibbi sığorta haqqı müəyyənləşdirilib.
İcbari tibbi sığorta vətəndaşlarımızın sosial həyatının ən mühüm bir hissəsində onlara yüksək dövlət dəstəyinin verilməsinə gətirib çıxaracaq.
Bütün vətəndaşlar üçün dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığorta haqqı ayrılır. Heç bir yerdə əmək və ya mülki müqavilə əsasında işləməyən, eləcə də, sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslər 2024-cü il yanvarın 1-dək icbari tibbi sığorta haqqı ödəməkdən azaddır. Onlar icbari tibbi sığortanın xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərdən dövlət büdcəsinin vəsaiti hesabına istifadə edə bilərlər.
İcbari tibbi sığortanın tətbiqi ilə vətəndaşlarımız xidmətlər zərfinə daxil olan 2550 sayda müxtəlif tibbi xidmətdən istifadə edə biləcəklər. Bu xidmətlərə ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti, ixtisaslaşdırılmış ambulator yardım xidməti, laboratoriya xidməti, fizioterapiya xidməti, invaziv radiologiya xidməti və stasionar tibbi xidmət daxildir.
 

Fikrət YUSİFOV,
iqtisad elmləri doktoru, professor

8 Aprel 2021 01:13 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə