Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İslahatlar möhtəşəm uğur pillələridir

Yeni əsrin əvvəllərindən Azərbaycan özünün sürətli inkişaf dövrünə qədəm qoymuş, xeyli güclənmiş və əhalinin rifahı daha da yaxşılaşmışdır. Ölkəmiz son on yeddi illik zaman kəsiyində qarşıya qoyulan hədəflərə maksimum çatmış, həm siyasi, həm də iqtisadi sahədə dayanıqlı inkişafa nail olmuşuq. Beynəlxalq aləmdə ölkəmiz çox böyük nüfuz qazanmış və ən başlıcası, ərazi bütövlüyümüzün bərpası təmin edilmişdir.

 

Azərbaycanın nailiyyətləri ölkəmizin məruz qoyulduğu informasiya blokadasını yarmaqla haqq səsimizi dünyaya çatdıra bilməyimizin, milli iqtisadiyyatı gücləndirməyimizin və ordu quruculuğunda uğurlu islahatlar həyata keçirməyimizin aşkar nəticəsidir.
Dövlətimizin başçısı İlham Əliyev daim xalqla bir yerdədir. Müsahibələrinin birində bu barədə fikirlərini səmimi şəkildə belə açıqlayıb: “Bu canlı ünsiyyət mənə əlimi xalqın nəbzində saxlamaq, nəyin insanları narahat etdiyini bilmək və əlbəttə, qərarların yerinə yetirilməsinə nəzarət etmək imkanı verir”. İdarəetməyə gənc kadrların təyinatı, korrupsiya və digər neqativ hallarla barışmaz mübarizə, modern ordu quruculuğu və düzgün kommunikasiya siyasəti tərəqqi üçün münbit şərait yaradır, xalqın dövlət institutlarına etimadını yüksəldir. Bütün bunlara adekvat olaraq, həyatımızın bütün sahələrində böyük canlanma yaranıb, tərəqqi meyilləri daha da güclənib və Azərbaycan regionda əsas söz sahibinə çevrilib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatlar qarşıda geniş üfüqlər açıb. Bütün islahatların başında, məhz insan amilinin durması, insan kapitalına ciddi önəm verilməsi uğurların özəyini təşkil edir. Dünyanı çənginə almış pandemiya ilə mübarizə şəraitində Azərbaycanın iri layihələr həyata keçirməsi və zamanın sınaqlarından daha az itki ilə çıxması, məhz möhtərəm Prezidentimizin ölkəyə rəhbərlik missiyasının öhdəsindən heyrətamiz dərəcədə layiqincə gəlməsinin nəticəsidir.
Tərəqqi üçün möhkəm iqtisadi bazanın yaradılması sayəsində COVID-19-la mübarizənin başlandığı 2020-ci ildə ölkəmizdə 72,4 milyard manatlıq ümumi daxili məhsul istehsal edilib, qeyri-neft və qaz sektorunda məhsul istehsalı 12,5 faiz artıb. Bu, o demək deyil ki, böyük sərvətimiz olan karbohidrogen ehtiyatlarının dünyaya nəqli arxa plana keçib. Əksinə, bu sahədə uğur tendensiyamız daha da artıb. Ötən ilin son günlərində Cənub Qaz Dəhlizinin son seqmentinin istismara verilməsi ilə Azərbaycan qazının Avropaya ixracına başlanıb. Digər sahələrdə də uğur dinamikası qorunub saxlanıb. Cari ilin ilk rübündə də strateji layihələrin icrası, sosial-iqtisadi və digər islahatların həyata keçirilməsi sahəsində aparılan zəruri tədbirlər davam etdirilib.
Bütün bunların fövqündə isə əlbəttə, ötən ilin payızında tarixə qızıl hərflərlə yazdığımız 44 günlük zəfər yürüşü durur. Torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda apardığımız mübarizənin gətirdiyi böyük uğur sayəsində hamılıqla yükləndiyimiz qələbə enerjisi daha işıqlı sabahlara nəql olunmaqdadır.
Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində müstəqilliyimizin bu baharına dövlətçilik tariximizdə qızıl hərflərlə əbədi qalacaq və həyatımıza hələ yeni-yeni nailiyyətlər bəxş edəcək parlaq qələbə ilə qədəm qoyduğumuzu xüsusi vurğulayıb: “Ruhumuzun yenilməzliyinin təntənəsinə çevrilən və bizi dünyaya məğrur millət olaraq tanıdan şanlı zəfərimiz Azərbaycana əbədi bahar gətirmişdir… İrəlidə bizi işğaldan azad olunmuş yurd yerlərimizdə nəhəng quruculuq işləri gözləyir. İnanıram ki, yaz fəslinin qurub-yaratmaq əzmimizi artıran yeniləşdirici ab-havası ilə həmahəng birlik və həmrəylik nümayiş etdirəcək, böyük qayıdış planımızı sülh və əmin-amanlıq şəraitində uğurla gerçəkləşdirəcək, doğma Qarabağı qısa müddətdə dirçəldəcəyik”.
Elə, əslində, bu gün Qarabağda aparılan bərpa-quruculuq işləri də geniş islahatdır. Həmin layihələrin Azərbaycanın qurucu və sülhpərvər imici baxımından önəmi böyükdür. İnsan öz bədəninin ağrıyan bir əzasına daha həssas olub, onu qorumağa çalışdığı kimi, biz də bu gün dogma Qarabağımızı təbii olaraq, daha əziz tutur, onun yaralarına diqqətlə yanaşır, azadlığına qovuşmuş torpaqlarımızı tezliklə dirşəltməkdən ötrü ciddi və prinsipial səylər göstəririk. Doğma yurdlarına qayıdacaq soydaşlarımıza orada təhlükəsiz yaşam şəraitinin yaradılması, illərcə istifadəsiz qalmış Zəngəzur dəhlizində nəqliyyat axınını tıxamış siyasi “xolesterol”un aradan qaldırılması önəmli məskunlaşdırma və logistik-infrastruktur islahatlarıdır. Çox keçməyəcək ki, Azərbaycanın Naxçıvanla, Türkiyə ilə birbaşa nəqliyyat-tranzit əlaqəsi yaranacaq, region ölkələri də bundan bəhrələnəcək, strateji, siyasi, iqtisadi dividentlər əldə ediləcək. Eyni zamanda, erməni işğalından azad olunmuş rayonlarımızın arasında magistral yolların salınması infrastrukturun inkişafına böyük töhfə olacaq.
Bu baxımdan, regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə Azərbaycan, Rusiya və Ermənistan baş nazirləri müavinlərinin üçtərəfli işçi qrupu çərçivəsində aparılan işlər nikbinlik yaradır. Bir neçə gün əvvəl Prezident İlham Əliyev Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçuku qəbul edərkən bildirib ki, üçtərəfli işçi qrupu çərçivəsində işlər uğurla gedir, intensiv məsləhətləşmələr aparılır və qəbul edilmiş qərarın düzgünlüyü təsdiqlənir. Ən əsası, artıq konkret nəticə var və bu mövzu həm iqtisadi preferensiyalar, həm regional əməkdaşlıq, həm də bölgədə təhlükəsizliyin və sülhün möhkəmlənməsi baxımından vacibdir.
Bu yaxınlarda Bakıya gəlmiş Dünya Bankının regional direktoru Sebastian Molineus Azərbaycanda iqtisadi sahədə gedən proseslərin və ölkəmizlə əməkdaşlığın önəmini qeyd edib, Azərbaycan Prezidentinin islahatlar siyasətini yüksək qiymətləndirib. Onu qəbul edərkən Prezident İlham Əliyev bildirib ki, Dünya Bankı ilə çox uğurlu əməkdaşlıq davam edir, 47 layihə həyata keçirilib və onların bəziləri hələ icra mərhələsindədir. Ümumi paket, təxminən, 4 milyard ABŞ dolları təşkil edir. Dünya Bankı Azərbaycanın inkişafının çox vacib sahələrinə, infrastruktura güclü dəstək göstərir. Dövlətimizin başçısı bu baxımdan, TANAP-ın maliyyələşdirilməsi ilə bağlı verilən dəstəyi xüsusi qeyd edib. Çünki, bu, maliyyə baxımından, həm də digər maliyyə institutlarına müəyyən çağırış edilməsi baxımından çox önəmlidir. Artıq həmin layihənin açılışı olmuşdur. Cənub Qaz Dəhlizi tam olaraq 3 aydır ki, fəaliyyət göstərir və bu, yalnız başlanğıcdır.
Azərbaycan “Doing Business” proqramında mövqeyinin yaxşılaşdırması ilə öyünə bilər. Biz 191 ölkə arasında 28-ci mövqedəyik. Əlbəttə, islahatlar davam edəcək, eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə bundan ötrü yeni imkanlar açılıb. “Orada infrastrukturun inkişafına böyük ehtiyac var. Çünki bütün infrastruktur dağıdılmışdır və insanları qaytarmaq üçün biz, əlbəttə ki, minalardan təmizləmə işlərini, sonra isə yenidənqurma işlərini həyata keçirməliyik. İnfrastruktur layihələri olmadan məcburi köçkünləri və qaçqınları qaytarmaq mümkün olmayacaq. Odur ki, biz bu məsələlərdə də Dünya Bankı ilə əməkdaşlığa güvənirik”.
Beləliklə, Azərbaycan hökuməti və Dünya Bankı arasında işgüzar əməli münasibətlərin daha da təkmilləşdirilməsi, strateji istiqamətlərdə işbirliyinin davam etdirilməsi üçün bütün keyfiyyət və atributların olması fərəh doğurur.
Sonda əlavə edək ki, siyasi və iqtisadi islahatların uğurla reallaşdığı ölkəmizin inkişaf perspektivləri sabaha daha böyük inam yaradır. Dünya Bankının region üzrə dərc olunmuş yeni hesabatında bildirilib ki, cari ildə Azərbaycanın xalis birbaşa investisiya balansı profisitli olacaq. Bu, o anlama gəlir ki, xaricdən cəlb edilən birbaşa investisiyalar göndərilən birbaşa investisiyaları üstələyəcək və ÜDM-in 1,3 faizini təşkil edəcək. Gələn il bu göstəricinin ÜDM-in 1,2 faizinə, 2023-cü ildə isə 1,1 faizinə bərabər olacağı proqnozlaşdırılır.
Cari vəziyyət qürurverici olduğu kimi, proqnozlar da sabaha inam hissini gücləndirir. Uğurlu islahat pillələri bizi zirvələrə yüksəldir.
 

Əli NƏCƏFXANLI, “Xalq qəzeti”

8 Aprel 2021 01:02 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə