Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Xalqımızın böyüklüyünü bütün dünyaya göstərəcəyik”

Biz azərbaycanlılar bundan sonra öz dədə-baba torpaqlarımızda əbədi yaşayacağıq. Bütün dağıdılmış şəhərləri, kəndləri yenidən quracağıq, həyat qayıdacaq, insanlar qayıdacaq və biz bütün dünyaya bir daha xalqımızın böyüklüyünü göstərəcəyik.
 

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

 

Ermənistanın 30 il ərzində işgal altında saxladığı yaşayış məntəqələrimiz düşmən barbarlığının qurbanı olub, şəhər və kəndlərimiz xarabalığa çevrilib. Bütün infrastruktur, o cümlədən, elektrik stansiyaları, yarımstansiyaları, ötürücü xətləri dagıdılaraq yerlə yeksan edilib. Bu ərazilərdə enerji sistemindən əsər-əlamət belə qalmayıb. Laçın, Kəlbəcər, Şuşa və digər ərazilərdə isə bütün enerji qurğuları sıradan çıxarılıb, düşmənin gücü çatıb apara bildiyi avadanlıqlar daşınıb, apara bilmədiyi isə ya partladılıb, ya da yandırılıb.


Vətən müharibəsində işğalçı Ermənistanın həm də terrorçu dövlət olduğu bir daha təsdiqini tapdı. Düşmən döyüşdə uduzduğunu anladığına görə, respublikamızın cəbhə xəttindən kilometrlərlə uzaq ərazisini əməliyyat-taktiki raket komplekslərindən ballistik raketlərlə atəşə tutdu. Azərbaycanın ikinci böyük şəhəri Gəncənin mülki əhalisinin sıx yaşadığı məntəqələrinə, eyni zamanda, ölkəmizin əsrlərdən bəri qorunub saxlanan tarixi məkanlarına zərbələr endirdi. Qəbələ, Kürdəmir və Siyəzən istiqamətlərində raketlər buraxdı, mülki vətəndaşlarımızı atəşə tutmaqla, infrastrukturumuzu dağıtmaqla qeyri-insani xislətini, beynəlxalq hüquqa, ali bəşəri dəyərlərə, zərrə qədər də olsun, məhəl qoymadığını nümayiş etdirdi. Bununla da işğalçı beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə konvensiyaları və onların əlavə protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozdu.
Azərbaycan Respublikasının Baş Prokurorluğunun məlumatına görə, Vətən müharibəsinin gedişində erməni silahlı birləşmələri tərəfindən dinc əhalinin atəşə tutulması nəticəsində 93 nəfər, o cümlədən, 12 azyaşlı və 27 qadın qətlə yetirilib, 407 nəfər, o cümlədən, 50 azyaşlı və 101 qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Döyüşlər zamanı respublikamızın rayon və şəhərlərinin ərazisinə, ümumilikdə, 30 minə yaxın mərmi və 227 raket atılıb, çoxsaylı əmlaka ziyan vurulmaqla, fərdi yaşayış evləri, yardımçı tikililər, çoxmənzilli yaşayış binaları, qeyri-yaşayış sahələri, ayrı-ayrı dövlət qurumlarına məxsus inzibati binalar, dini obyekt, məscid, kilsə və qəbiristanlıqlar dağıdılıb.
Göründüyü kimi, işğalçı müharibə zamanı Azərbaycanın təmas xəttindən kənarda yerləşən yaşayış məntəqələrini də daim atəş altında saxlayıb. Ordumuzla yanaşı, dinc sakinlərimizə qarşı da müharibə aparıb.
Vətən müharibəsi getdiyi günlərdə Ermənistan həmişə olduğu kimi, yenə də Azərbaycana iftira atmaqdan, məkrli yalanlarla ordumuzun haqq işinə – tarixi, müqəddəs missiyasına kölgə salmaqdan belə çəkinmədi. Bütün dünyaya silahlı qüvvələrimiz tərəfindən guya fosfor tərkibli sursatların tətbiqi iddiasını yaydı. Halbuki, Azərbaycan Ordusunun silahlanmasında beynəlxalq hüquqla qadağan olunan heç bir silah və sursat yox idi. Bu kimi əsassız xəbərlər yaymaqla işğalçı ölkə dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi hərbi cinayətləri gizlətmək məqsədi güdürdü. Əslində isə ordumuzun sarsıdıcı cavab zərbələri qarşısında geri çəkilən düşmən beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən, 1949-cu il tarixli Cenevrə konvensiyaları və onların əlavə protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə alır, döyüş əməliyyatlarının aparıldığı bölgədən uzaqda yerləşən şəhərləri və əhalinin sıx yaşadığı məntəqələri intensiv atəşə tuturdu.
Bəli, Ermənistan cəbhədə aldığı ağır məğlubiyyətlərin acısını dinc sakinlərdən çıxır və Azərbaycanın mülki şəxslərini hədəf alırdı. Düşmən ölkəyə qarşı siyasi-diplomatik təzyiqlərin olmaması və işğalçının əməllərinin qınanılmaması onu yeni cinayətlər törətməyə sövq edirdi. İstifadəsi qadağan olunmuş raketlərin dinc insanlara qarşı tətbiqi isə çoxsaylı mülki şəxsin həlak olması ilə nəticələndi.
İndi televiziyada yağı tapdağından xilas edilən ərazilərimizə baxanda erməni vəhşiliyi açıq-aydın görünür, düşmənin hansı fəlakətlər tötətdiyi nəzərə çarpır. Təəssüf ki, bu gün onları müdafiə edən, onların arxasında dayanan bəzi xarici dairələr tərəfindən nədənsə bu acı, dəhşətli həqiqətlər etiraf olunmur. Onlar erməni vəhşiliyi nəticəsində dağıdılan, xaraba qoyulan kənd və şəhərlərimizin, təhqir edilən, saxtalaşdırılan maddi-mədəni irsimizin barəsində danışmaqdan, işğalçıya heç olmasa qınaq münasibəti bəsləməkdən belə yayınırlar.
Azərbaycan isə bu müharibədə düşmənə fərqli mövqedən yanaşdı, ancaq işğalşı orduya qarşı vuruşdu. Bunun nəticəsidir ki, bütövlükdə, 44 günlük müharibə zamanı mülki erməni əhali arasında itkilər kifayət qədər az oldu. Çünki Azərbaycan Ordusu heç vaxt dinc insanlara qarşı müharibə aparmayıb. Ermənilərdən fərqli olaraq, silahlı qüvvələrimiz savaş zamanı ancaq düşmənin hərbi birləşmələrinə qarşı döyüş əməliyyatları keçirib. Onu da xatırladaq ki, Ermənistanın statistikasına görə, Vətən müharibəsi dövründə, təqribən, 40-a yaxın mülki şəxs həlak olub. Onların da böyük əksəriyyəti məhz hərbi əməliyyatlarda iştirak edən şəxslər idi.
Azərbaycan Ordusu cənab Prezidentin vurğuladığı kimi, ancaq öz torpaqlarımızı azad edib. Silahlı qüvvələrimiz döyüş zamanı ermənilərin Ermənistandan və xarici ölkələrdən gətirilib zorla məskunlaşdırıldığı yaşayış məntəqələrinə belə, bir güllə də atmayıb. Prezident İlham Əliyev Füzuli və Xocavənd rayonlarında səfərdə olarkən, bununla bağlı deyib: “Bax, bu qəsəbədə qanunsuz olaraq Ermənistandan və xarici ölkələrdən ermənilər gətirilib zorla məskunlaşdırılıb. Amma bu qəsəbə salamatdır, bir bina da dağıdılmayıb, bir bina da yandırılmayıb. Budur, Azərbaycan Ordusunun yanaşması, budur, bizim mənəvi kodeksimiz. Ermənilər nə ediblər? Bütün binalarımızı dağıdıblar, məscidlərimizi dağıdıblar. Məscidlərdə heyvan saxlayıblar. Bizim müqəddəs abidələrimizi təhqir ediblər. Azərbaycanlıların tikdirdikləri, – ermənilər orada qanunsuz yaşayıblar, – o evləri noyabrın 10-dan dekabrın 1-nə qədər yandırıblar, dağıdıblar, meşələri qırıblar. Su elektrik stansiyalarını dağıdıblar. Bax, fərq bundadır...”.
Bu müqayisə Azərbaycan əsgər və zabitinin yüksək mənəvi keyfiyyətlərindən, mülki erməni əhalisinə qarşı müharibə aparmamalarından xəbər verir.
Bax, belə bir fərq, belə bir müqayisə həm də xalqımızın böyüklüyünü, ordumuzun humanizm prinsipinə sadiqliyini açıq-aydın göstərir.
Vətən müharibəsində müzəffər silahlı qüvvələrimiz tərəfindən parlaq qələbə əldə edildikdən sonra indi Qarabağ torpağında bir canlanma duyulur. İşğaldan azad edilən ərazilərimizdə hazırda quruculuq tədbirləri həyata keçirilir, infrastruktur layihələri reallaşdırılır. Ziyanın hesablanması aparılır, şəhərlərin baş planları tərtib olunur. Bütün bunlardan sonra isə sosial obyektlərin, inzibati binaların inşası, nəhayət, məskunlaşmaya başlanılması nəzərdə tutulur.
Bu gün respublikamızın qarşısında duran ən ümdə məsələ bu zəfərin əbədiləşdirilməsi üçün doğma torpaqlarından 30 ilə yaxın bir müddətdə köçkün düşən insanların öz yerlərinə qayıdışını təmin etməkdir. Bu mənada, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də işğaldan azad olunan ərazilərə qayıdışla bağlı xüsusi bəndin yer almasının mühüm siyasi və iqtisadi əhəmiyyəti var.
“Böyük qayıdış” strategiyası vətəndaşlarımızın işğaldan azad edilən ərazilərdə dayanıqlı məskunlaşmasını və həmin ərazilərin ölkənin iqtisadi sisteminə inteqrasiyasını reallaşdıracaq. Bununla bərabər Azərbaycanın regionda beynəlxalq nəqliyyat-logistika dəhlizinin respublikamızın qlobal bazarlara çıxış imkanlarının artırılmasına, faşistlərdən təmizlənən xaraba torpaqlarda həyatın canlanmasına əhəmiyyətli təkan verəcək.
Artıq bərpa-quruculuq prosesinin vahid mərkəzdən həyata keçirilməsinə başlanılıb. Azərbaycan Prezidenti bu torpaqlarda bütün işlərin ardıcıllıqla həyata keçiriləcəyini, birincisi, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı üçün ərazilərin minalardan təmizlənəcəyini, erməni vandallarına qarşı beynəlxalq səviyyədə təzminat davasının açılması üçün onların vurduqları ziyanın qiymətləndiriləcəyini, lazımi inventarlaşdırma, pasportlaşdırma işlərinin aparılacağını, infrastruktur layihələrinin icra ediləcəyini xatırladıb. Bu tədbirlərin paralel şəkildə icrası ilk gündən etibarən diqqət mərkəzində saxlanılıb.
Yeri gəlmişkən, artıq yeni reallıqların formalaşması bölgədə yeni beynəlxalq əməkdaşlıq formatının qurulmasını zəruri etməkdədir. İşğaldan azad olunan ərazilərdə sosial infrastrukturun yenidən qurulması və əhalinin işlə təmin olunması üçün dövlət investisiyası ilə yanaşı, yerli və xarici investisiya da cəlb edilir. Böyük quruculuq işlərinə dost ölkələrin təşviq olunması siyasəti Azərbaycanın beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirir.
Azərbaycan Prezidenti İlham Əliyev martın 15-də Füzuli və Xocavənd rayonlarında olarkən, bərpa-quruculuq işləri ilə bağlı deyib: “Yenə işğaldan azad edilmiş torpaqlardayam. Bu gün Füzuli-Hadrut avtomobil yolunun təməlini qoyacağam. Bu avtomobil yolunun inşası azad edilmiş ərazilərin bərpası üçün böyük əhəmiyyət daşıyır. Bu, birinci layihə deyil. Artıq bir neçə yol layihəsi icra edilməkdədir. Azad edilmiş torpaqların bərpası başlamışdır. Füzulidən Şuşaya yol çəkilir – zəfər yolu çəkilir. Eyni zamanda, Bərdə-Ağdam yolunun çəkilişi yaxın gələcəkdə icra ediləcəkdir. Horadizdən Zəngilana qədər yol çəkiləcək. Bir sözlə, müharibədən dörd ay keçməsinə baxmayaraq, böyük quruculuq işləri başlamışdır”.
Dövlətimizin başçısı bərpa olunacaq yaşayış sahələrində müasir iqtisadi və texnoloji innovasiyaların tətbiqini xüsusi diqqət mərkəzində saxlayır. Bu isə Qarabağın yaxın gələcəkdə “ağıllı region” kimi dünyada tanınacağına əlverişli şərait yaradır. Bu baxımdan Zəngilan rayonunun Birinci, İkinci və Üçüncü Ağalı kəndlərində ilk olaraq “ağıllı kənd” layihəsinin həyata keçirilməsi mühüm önəm daşıyır.
İnşa ediləcək “ağıllı kənd”lərdə sakinlərin enerjiyə tələbatı yalnız alternativ enerji mənbələri hesabına ödəniləcək. Eyni zamanda, texnoloji innovasiyanın tətbiqi istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji kimi sahələrin inkişafını sürətləndirəcək.
 

V.BAYRAMOV,
“Xalq qəzeti”

8 Aprel 2021 00:24 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə