Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Qoşulmama Hərəkatına sədrlik missiyasını uğurla davam etdirir

Qoşulmama Hərəkatı bəşəri dəyərlərin təbliğinə xidmət edir və bütün ölkələrin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə sadiqliyini nümayiş etdirir. Qoşulmama Hərəkatı özündə 120 ölkəni birləşdirməklə BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatdır.
 

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

 

Məlum olduğu kimi, BMT Baş Assambleyasının 2018-ci il 12 dekabr tarixli qətnaməsi ilə 24 aprel Beynəlxalq Multilateralizm və Diplomatiya Günü kimi qeyd olunur. Azərbaycan Respublikası çoxsaylı beynəlxalq təşkilatların üzvü olaraq, fəal surətdə çoxtərəfli diplomatiyanı və multilateralizmi dəstəkləyir. On ildən bəri Qoşulmama Hərəkatının üzvü olan Azərbaycan ona sədrlik etdiyi hazırkı dövrdə öz prioritetlərini və fəaliyyətini tarixi Bandunq prinsipləri üzərində qurmuş, bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq, qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqini təməl məramı kimi qəbul etmişdir.

Azərbaycan müxtəlif ölkələrdə yoxsulluğun azaldılması, elm, mədəniyyət, səhiyyə, informasiya texnologiyalarının inkişafı sahələrində bir sıra dəyərli layihələr həyata keçirmişdir. Ölkəmizin sədrliyi ilə zamanın çağırışlarına müvafiq onlayn görüşlər keçirilib, COVID-19 pandemiyasına qarşı birgə mübarizədə dünya ölkələri səfərbər olub. BMT Baş Assambleyasının bununla bağlı xüsusi sessiyası çağırılıb.
Mövcud olduğu illər ərzində hərəkat özünü beynəlxalq münasibətlər sistemində çoxtərəflilik və sülh naminə diplomatiyanı təşviq edən əsas tərəflərdən biri kimi sübut edib. Təsadüfi deyil ki, Qoşulmama Hərəkatının üzv dövlətlərinin təşəbbüsü ilə 24 aprel 1955-ci il Bandunq Konfransının bağlanış tarixi – BMT Baş Assambleyası tərəfindən Beynəlxalq Çoxtərəflilik və Sülh Naminə Diplomatiya Günü elan edilib.
Azərbaycan Respublikası 10 il əvvəl İndoneziyanın Bali adasında üzv dövlətlərin yekdil dəstəyini əldə edərək, QH-yə tam hüquqlu üzv qəbul olunmuşdur. Bundan bir il sonra (2012-ci il, may) Misirin Şarm əl-Şeyx şəhərində QH əlaqələndirici bürosunun nazirlər səviyyəsində növbəti iclasında yekun sənədin qəbulu zamanı Qarabağ münaqişəsi ilə bağlı bənd də daxil edilmiş, üzv dövlətlər tərəfindən Ermənistan və Azərbaycan arasında münaqişənin dövlətlərin ərazi bütövlüyünə hörmət, ərazi bütövlüyünə qarşı güc tətbiq etməmək və beynəlxalq aləmdə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həll olunmasına dəstək ifadə edilmişdir. Sonrakı dövrlərdə Tehranda QH Dövlət və Hökumət Başçılarının 16-
cı Zirvə görüşünün, Əlcəzairdə QH XVII nazirlər iclasının, Bakıda QH Aralıq Nazirlər Konfransının, Venesuelanın Karakas şəhərində əlaqələndirici büronun nazirlər səviyyəsində iclasının yekun sənədlərində də həmin prinsipial mövqe aydın əks etdirilmişdir.
25-26 oktyabr 2019-cu il tarixində keçirilmiş Bakı Sammiti zamanı dövlət və hökumət başçıları BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə baxmayaraq, Ermənistan və Azərbaycan arasında münaqişənin həll edilməmiş qalması və beynəlxalq və regional sülh və təhlükəsizliyə hədə olmasından təəssüflərini ifadə etmiş və tərəflərə münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü əsasında həlli üçün danışıqları davam etdirməyə çağırışmışlar.

Bununla əlaqədar olaraq vurğulanmışdır ki, heç bir dövlət Azərbaycan ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımayacaq və bu ərazilərdə iqtisadi fəaliyyət də daxil olmaqla, bu cür vəziyyətin saxlanması üçün hər hansı kömək göstərilməyəcək.
Bundan başqa, QH-nin əlaqələndirici bürosu 4 aprel 2020-ci il tarixində “Azərbaycan Respublikasının işğal altındakı ərazilərində keçirilmiş qondarma “seçkilər”lə bağlı Kommunike” qəbul etmişdir. Kommunikedə hərəkata üzv dövlətlərin 31 mart 2020-ci il tarixində Azərbaycan Respublikasının işğal altında olan Dağlıq Qarabağ bölgəsində keçirilmiş qondarma “prezident və parlament seçkiləri”ni tanımadıqları və bu aktı qeyri-qanuni hesab etdikləri bəyan olunmuşdur.
Azərbaycan Respublikası 2019-cu ilin oktyabrindan etibarən QH-yə sədrlik edir. Hərəkatın Bakıda keçirilən 18-ci Zirvə görüşündə ona sədrlik 2022-ci ilədək ölkəmizə keçmişdir. Sammitdə möhtərəm Prezidentimiz İlham Əliyev parlaq çıxış etmiş, qoşulmama ölkələrinin dünyada möhkəm sülh və əməkdaşlıq naminə səylərini gücləndirmək zərurətini diqqətə çatdırmışdır. Azərbaycanın QH-yə sədrlik missiyası uğurla davam etməkdədir. Dost ölkələrin Qarabağ münaqişəsinin Azərbaycanın böyük zəfəri ilə başa çatmasına verdikləri mənəvi dəstək, hazırkı postmüharibə dövründə orada bərpa və quruculuq işlərinə töhfə vermək səylərinin artması da ölkəmizin beynəlxalq miqyasda nüfuzunun daim güclənməsinin göstəricisidir.
Ötən ilin mayında Azərbaycan Respublikası Prezidenti və QH-nin hazırkı sədri cənab İlham Əliyevin təşəbbüsü əsasında üzv ölkələrin “COVID-19-a qarşı birlikdəyik” mövzusunda video-konfrans formatında Zirvə görüşü təşkil olunmuşdur. Hazırkı mürəkkəb beynəlxalq şəraitdə sədr qismində ölkəmizin çoxtərəfliliyin təşviqi üzrə prioritetlərə uyğun olaraq, qlobal pandemiyanın üzv dövlətlərə təsirinin qiymətləndirilməsi və onların ehtiyaclarının müəyyən olunması təşəbbüsü hərtərəfli bəyənilmişdir. Görüşdə QH üzv dövlətlərindən 25 dövlət və hökumət başçısı, 1 vitse-prezident, 1 baş nazirin müavini və 11 nazir iştirak etmişdir. BMT səviyyəsində mötəbər şəxslər də tədbirə qoşularaq çıxışlar etmişlər. Görüşün yekunu olaraq QH üzv dövlətləri tərəfindən bəyannamə qəbul edilmiş və QH-nin COVID-19 pandemiyasına qarşı mübarizə üzrə işçi qrupu təsis edilmişdir. Qrup QH üzv dövlətlərinin pandemiyaya qarşı mübarizədə əsas tibbi, sosial və humanitar ehtiyaclarının əks olunduğu vahid məlumat bazası hazırlayır və müvafiq tədbirlər görülür. Onu da xüsusi qeyd edək ki, zirvə görüşündə cənab İlham Əliyev BMT TŞ-də də bu mövzuda toplantı keçirmək təşəbbüsünü irəli sürmüşdür. İlin sonunda həmin təşəbbüs reallaşmış, xüsusi sessiya təşkil olunmuşdu.
Azərbaycanın QH-yə uğurlu sədrliyini sübut edən amillərdən biri də üzv dövlətlərin gənclərinin fəallığının artırılmasına əməli səylər göstərilməsidir. Bu məqsədlə hərəkatın tarixində ilk dəfə olaraq Gənclər Sammiti keçirilmişdir. Tədbirdə 40 dövlətdən ölkəmizə gəlmiş gənclər iştirak etmişlər.
Qoşulmama Hərəkatına üzv dövlətlərin beynəlxalq miqyasda qarşılıqlı dəstək nümayiş etdirmələri fərəh doğuran haldır. Ötən ilin payızında 25 illik fasilədən sonra BMT Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan münaqişəsinə dair müzakirələri zamanı Rusiya Federasiyası və Fransa tərəfindən TŞ-nin sədri adından hazırlanan bəyanat layihəsində BMT TŞ-nin məlum qətnamələrinə istinad öz əksini tapmamışdı. Müzakirələrdə iştirak edən İndoneziya, Niger, Tunis, Vyetnam, Cənubi Afrika, Sent Vinsent və Qrenadin və Dominikan Respublikası iki dəfə sükut prosedurunu pozaraq, BMT TŞ qətnamələrinə istinadın bəyanata daxil edilməsinə nail olublar. Bununla həmin dövlətlər BMT Nizamnaməsinə, beynəlxalq hüququn norma və prinsiplərinə, BMT TŞ-nin qətnamələrinə, Bandunq prinsiplərinə sadiqliklərini növbəti dəfə nümayiş etdiriblər. Nəticədə həmin dövlətlərinin israrlı tələbindən sonra haqqında bəhs olunan bəyanat layihəsi rəsmən geri götürülüb. Prezident İlham Əliyev həmin ölkələrə həmrəylik göstərərək ədalətli və prinsipial mövqe sərgilədiklərinə görə təşəkkürünü bildirmişdir. Qoşulmama Hərəkatının sədri olaraq, 2019-cu ildə Bakıda keçirilmiş XVIII Zirvə toplantısında çıxışında dediyi kimi, bundan sonra da üzv dövlətlərin maraqlarını, beynəlxalq hüququ və ədaləti BMT-də və digər beynəlxalq təşkilatlarda müdafiə edəcəyini yenidən diqqətə çatdırmışdır.
Bir neçə gün öncə isə Qoşulmama Hərəkatının UNESCO yanında qrupunun onlayn formatda növbəti plenar iclasında beynəlxalq qurumun baş direktorunun müavini Qabriela Ramos Azərbaycanın Qoşulmama Hərəkatına uğurla sədrlik etdiyini bildirib. O, postpandemiya dövründə dünyanı daha yaxşı bərpa etmək üçün mədəniyyətlərarası dialoqun təşviqinin vacibliyinə toxunaraq qeyd edib ki, xalqlar arasında qeyri-səmimi münasibətlərin hökm sürdüyü dünyada COVID-19 pandemiyası səbəbindən ayrı-seçkilik halları daha da kəskinləşib. Odur ki, Azərbaycanın nümunəsi bu gün xüsusilə təqdirəlayiqdir. Tədbirdə pandemiyaya qarşı müvafiq təmas qrupunun “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü bir daha razılıqla xatırlanıb.
Bəli, dünyanı ağuşuna almış koronavirus pandemiyasına qarşı beynəlxalq səviyyədə tədbirlərin məhz möhtərəm Prezidentimiz İlham Əliyevin təşəbbüsü ilə keçirilməsi qürurverici faktdır. Bir sıra dövlətlərin vaxtilə soyuq müharibə dövründə iki siyasi-hərbi qütb arasında qarşıdurmaya cəlb olunmamaları üçün təsis etdiyi və hazırda beynəlxalq münasibətlərin tənzimlənməsində iştirak edən mühüm çoxtərəfli mexanizmlərdən birinə çevrilmiş, 120 üzvü, 17 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı olan Qoşulmama Hərəkatına Azərbaycanın uğurla sədrlik etməsi bütün dünyada təqdir olunur. Məlumdur ki, QH daxilində razılaşdırılmış mövqe BMT Baş Assambleyası çərçivəsində qərarların qəbuluna təsir baxımından əhəmiyyətli rol oynayır. Azərbaycan bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursu və heç bir hərbi bloka qoşulmadan balanslı siyasət həyata keçirir. Bunun bütün dünyanın diqqətinə çatdırılması baxımından QH-də fəal üzvlüyümüz və nümunəvi sədrliyimiz böyük önəm daşıyır.
Aprelin 6-da Ümumdünya Səhiyyə Təşkilatının Cenevrədə yerləşən mənzil qərargahında təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesusun təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin videomüraciəti yayımlanmışdır. Pandemiya ilə bağlı qabaqcıl təcrübədən bəhs edən və COVID-19-un kəskin fazasının mümkün qədər tez bitməsi üçün hansı tədbirlərin görülməsinin vacib olduğunu söyləyən dövlətimizin başçısı, eyni zamanda, peyvəndlərin inkişaf etməkdə olan və inkişaf etmiş ölkələr arasında qeyri-bərabər və ədalətsiz paylanmasından narahatlıq ifadə etmişdir. Prezident İlham Əliyev Azərbaycanın peyvəndlərin paylanmasında ədalətliliyi dəstəkləyərək BMT-nin İnsan Hüquqları Şurasında “Koronavirus pandemiyası ilə mübarizədə bütün ölkələrin peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığının təmin edilməsi” adlı qətnamə layihəsi irəli sürdüyünü və həmin qətnamənin martın 23-də konsensus əsasında qəbul olunduğunu qeyd etmişdir. Dövlət başçımızın çıxışından sonra ÜST-ün baş direktoru təşəkkür edərək, Azərbaycanın peyvəndlərə bərabərhüquqlu, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin olunması ilə bağlı BMT-nin İnsan Hüquqları Şurasında göstərdiyi liderliyi alqışladığını bildirmişdir.
Mötəbər beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatında Azərbaycanın fəallığı və layiqli sədrliyi bizi gələcəyə daha nikbin baxmağa sövq edir.
 

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”

8 Aprel 2021 00:14 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə