Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Biz pandemiyanın öhdəsindən yalnız birlikdə gələcək və normal həyata qayıdacağıq”

Builki Ümumdünya Sağlamlıq Günü “Daha ədalətli və daha sağlam dünyanın qurulması” mövzusuna həsr olunub. Bu mənada, peyvəndlərin bərabər və ədalətli şəkildə paylanması məsələsi mühüm əhəmiyyət kəsb edir. Bununla belə, peyvəndlərin inkişaf etməkdə olan və inkişaf etmiş ölkələr arasında qeyri-bərabər və ədalətsiz paylanması bizi dərindən narahat edir. Bəzi ölkələr ehtiyacı olduğundan dəfələrlə çox peyvənd tədarük edir. Aydındır ki, belə şəraitdə digər ölkələr peyvənd qıtlığı ilə üzləşəcək.
 

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

 

Ümumdünya Səhiyyə Təşkilatının İsveçrənin Cenevrə şəhərində yerləşən mənzil qərargahında təşkilatın Baş direktoru Tedros Adhanom Qebreyesusun təşəbbüsü ilə aprelin 6-da Azərbaycan Prezidenti İlham Əliyevin videomüraciəti təqdim olunub. Qeyd edək ki, tədbirdə 4 ölkənin dövlət və hökumət başçısının videomüraciəti yayımlanıb. Dövlətimizin başçısı videomüraciətində 1950-ci ildən etibarən hər il aprelin 7-də Ümumdünya Sağlamlıq Günününün qeyd edildiyini, bu ildən etibarən isə sağlamlığa daha çox önəm verildiyini, hazırda müasir, davamlı, yüksək keyfiyyətli səhiyyə sisteminə sahib olmağın hər bir ölkə üçün prioritetə çevrildiyini vurğulayıb.

 

Ölkə rəhbəri, eyni zamanda, bu gün respublikamızın səhiyyə sisteminin əhəmiyyətli dəyişikliklərlə müşahidə olunduğunu, Azərbaycanın icbari tibbi sığorta tətbiq etməklə ilkin tibbi yardımı gücləndirdiyini, təcili tibbi yardım xidmətlərini müasirləşdirdiyini, elektron səhiyyə platforması və dövlət səhiyyə hesablarını işə salmaqla rəqəmsallaşmanı həyata keçirdiyini diqqətə çatdırıb. Dövlətimizin başçısı daha sonra deyib: “Bu arada, COVID-19 pandemiyası nın ikinci ili bütün dünyada səhiyyə sistemlərinə böyük təzyiq göstərməyə davam edir. Azərbaycan COVID-19 pandemiyasına qarşı qlobal səyləri səfərbər edən ilk ölkələrdən biri olub. Bizim təşəbbüsümüzlə 2020-ci ilin aprelində Türk Şurasının Zirvə toplantısı, 2020-ci ilin mayında Qoşulmama Hərəkatının Zirvə toplantısı və 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirilib. Azərbaycan öz beynəlxalq məsuliyyətinə sadiq olaraq Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə yardımı ayırıb. Biz, həmçinin 30-dan çox ölkəyə koronavirusla mübarizədə birbaşa humanitar və maliyyə yardımı göstərmişik”.
Prezident İlham Əliyev videomüraciətində hazırda bütün dünyanı narahat edən peyvəndlərin bərabər və ədalətli şəkildə paylanılması vəziyyətinə də toxunub. Dövlətimizin başçısı bu məsələnin mühüm əhəmiyyət daşıdığını vurğulayıb, eyni zamanda, peyvəndlərin inkişaf etməkdə olan və inkişaf etmiş ölkələr arasında qeyri-bərabər və ədalətsiz paylanmasının ciddi narahatlıq doğurduğunu, bir sıra dövlətlərin ehtiyacdan dəfələrlə çox peyvənd tədarük etdiyini, nəticədə peyvənd qıtlığı ilə üzləşildiyini bildirib.
Ölkə rəhbəri videomüraciətinin sonunda xatırladıb: “Azərbaycan peyvəndlərin paylanılmasında ədalətliliyi dəstəkləyərək, BMT-nin İnsan Hüquqları Şurasında “Koronavirus pandemiyası ilə mübarizədə bütün ölkələrin peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığının təmin edilməsi” adlı qətnamə layihəsi irəli sürüb. Qətnamə bu il martın 23-də konsensus əsasında qəbul edilib.
Azərbaycan, həmçinin COVAX təşəbbüsünə qoşulan və onu dəstəkləyən ilk ölkələrdən biri olub. Biz və bütün beynəlxalq ictimaiyyət bu təşəbbüsün pandemiya ilə mübarizədə əməkdaşlıq və həmrəylik modeli olmağını gözləyir”.
Yeri gəlmişkən, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus dövlətimizin başçısına bu videomüraciətinə görə təşəkkürünü bildirib. Baş direktor, eyni zamanda, Prezident Əliyevin peyvəndlərə bərabərhüquqlu, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin olunması ilə bağlı BMT-nin İnsan Hüquqları Şurasında göstərdiyi liderliyi alqışlayıb və peyvəndlərin ədalətli şəkildə paylanılması üçün Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən daha çox işlərin görülməli olması ilə bağlı fikrini dəstəkləyib.
Xatırladaq ki, BMT Baş katibi Antonio Quterreş də aprelin 7-də qeyd edilən Ümumdünya Sağlamlıq Günü ilə əlaqədar müraciətində bildirib ki, COVID-19 böhranı cəmiyyətlərimizin nə qədər qeyri-bərabər olduğunu göstərdi: “Yoxsulluq, əlverişsiz iş və həyat
şəraiti, ayrıseçkilik və sosial təcridin olduğu ölkələrdə COVID-19-a yoluxma halları, habelə bu xəstəliyə görə həyatını itirənlərin sayı digər ölkələrə nisbətən daha çoxdur”.
Baş katib müraciətində peyvəndlərin paylanılmasına da toxunub: “Dünyada peyvəndlərin əksəriyyəti bir neçə zəngin və ya bu peyvəndləri istehsal edən ölkələr üçün ayrılıb. COVAX təşəbbüsü sayəsində daha çox ölkə peyvənd əldə etməyə başlayıb. Lakin aşağı və orta gəlirli ölkələr hələ də gözləmək məcburiyyətində qalıb. Bu cür bərabərsizlik heç bir mənəvi dəyərə sığmır və sağlamlığımız, iqtisadiyyatlarımız və cəmiyyətlərimiz üçün təhlükəlidir.
Bu məqamda qeyd etmək yerinə düşər ki, Azərbaycanda 44 günlük Vətən müharibəsi – haqq savaşı dünyanı çənginə alan koronavirus pandemiyası ilə mübarizə şəraitində aparıldı. Ötən il fevral ayından başlayaraq ölkəmizdə COVID–19-un törətdiyi fəsadların qarşısını almaq üçün vaxtında çevik tədbirlər reallaşdırıldı. Azərbaycan Prezidentinin tapşırığı əsasında əhalinin həyatının və sağlamlığının qorunması, sosial müdafiəsinin təmin olunması, iqtisadi fəallığının inkişaf etdirilməsi diqqət mərkəzində saxlanıldı. Bununla bərabər, Ümumdünya Səhiyyə Təşkilatının COVID-19 əleyhinə mübarizə fonduna 10 milyon ABŞ dolları, həmçinin 5 milyon ABŞ dolları Qoşulmama Hərəkatının daha çox ehtiyacı olan dövlətləri üçün ayrıldı. Eyni zamanda, 30-dan çox ölkəyə humanitar yardım göstərildi.
Dövlətimizin başçısı BMT Baş Assambleyasının xüsusi sessiyasında Qoşulmama Hərəkatının sədri kimi çıxış edərkən bütün ölkələri həmrəyliyə çağırdı, bu bəlaya qarşı mübarizədə bigə səy göstərilməsinin zəruriliyini vurğuladı: “Burada hansısa birtərəfli addımlar atılmamalıdır, zəngin ölkələr məsuliyyət göstərməlidirlər. Peyvənd bütün ölkələrin xalqlarına çatmalıdır. Hətta demişdim ki, kasıb olan ölkələrin vətəndaşları üçün zəngin olan ölkələr o peyvəndi alıb onlara ötürsünlər. Şirkətlərə də çağırışlar etmişdim ki, onlar da bu sahədə qazanc dalınca qaçmasınlar, yəni, məsuliyyətli olsunlar. Prinsipcə, mənim bu çağırışlarımı bir çox ölkələr dəstəklədi, amma əfsuslar olsun ki, real həyat bizə tam başqa mənzərə nümayiş etdirir. Burada sözlə əməl arasında böyük bir fərqi görürük”.
Prezident İlham Əliyev ayrı-ayrı çıxışlarında da narahatlıq doğuran bu məsələnin əsasında dayanan müəyyən məqamlara aydınlıq gətirib. Bildirib ki, bunun səbəbi ədalətsizlikdir, bu sahədə, hətta müttəfiqlər arasındakı münasibətlərdə olan ziddiyyətlərdir. Bu fakt özlüyündə ciddi narahatlıq doğurur. Çünki Böyük Britaniya indiyədək Avropa İttifaqının üzvü idi və bu qurum ölkələrini Böyük Britaniya ilə çoxəsrlik tellər bağlayır. Eyni zamanda, bu ölkələr NATO-nun üzvləridir və onların arasında belə qalmaqal, əlbəttə ki, bir çox suallar doğurur: “Əgər inkişaf etmiş ölkələr bu vaksinləri öz aralarında ədalətli bölə bilmirlərsə və qarşılıqlı ittihamlar irəli sürürlərsə, onda başqa ölkələr nə fikirləşməlidir? Kasıb ölkələr, inkişafda olan ölkələrin vətəndaşları, bəs onlara kim kömək göstərəcək? Bu haqda düşünülmür? Mən inkişaf etmiş bir çox ölkələrin liderlərindən bu günə qədər bu çağırışları eşitməmişəm”.
Azərbaycan Prezidenti Qoşulmama Hərəkatının sədri olaraq və verdiyi bəyanatlara sadiq qalaraq, artıq dünya arenasında bu məsələni diqqətə çatdırıb. Bu, təsadüfi deyil. Çünki dövlətimizin başçısının vurğuladığı kimi, sədrliyi öz üzərinə götürərkən Azərbaycanın beynəlxalq hüququ və ədaləti, bütün üzv ölkələrin maraqlarını müdafiə edəcəyini bildirib.
İki zirvə görüşünün və bir xüsusi sessiyanın keçirilməsi Azərbaycanın bu sahədə də özünü məsuliyyətli ölkə kimi apardığını və bundan sonra da öz səsini daim ucaldacağını göstərir. İstisna edilmir ki, indən sonra vaksinlər uğrunda mübarizə daha da kəskinləşə və bu, çox faciəvi fəsadlara gətirib çıxara bilər.
Dövlətimizin başçısı bütün bunlarla yanaşı, Azərbaycanın Cənubi Qafqazda ilk olaraq artıq vaksinasiya işlərinə start verdiyini, bu prosesin uğurla həyata keçirldiyini də xüsusi vurğulayıb.
Qeyd edək ki, dünyada vaksin qıtlığı yaşandığı bir zamanda bu məsələ respublikamızda yüksək səviyyədə həll olunur. Azərbaycan 4 milyon doza vaksinin gətirilməsini öncədən təmin edib. Eləcə də ötən həftə ölkəmizə “AztraZeneca” şirkətinə məxsus 84 min doza, Çindən isə əlavə 500 min doza vaksin gətirilib. Yəni, bu gün dünyada onlarla dövlət hələ də vaksin ala bilmədiyi halda, ölkəmizdə artıq peyvənd problemi həll olunub və vaksinasiya işləri də uğurla həyata keçirilir.
 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

8 Aprel 2021 00:01 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə