Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli demokratik mətbuatın klassikasına çevrilmiş jurnal

Azərbaycan demokratik mətbuatının inkişafında xüsusi rolu, mövqeyi və xidmətləri olan satirik “Molla Nəsrəddin” jurnalının nəşrə başlamasından 115 il keçir. Azərbaycançılıq ideoloji düşüncəsinin formalaşmasında, milli maarifçilik çağırışlarının istiqlal məfkurəsinə qovuşdurulmasında inadlı və davamlı mübarizə aparmış bu jurnal öz ərtafında dövrünün tanınmış ədəbi-ictimai simalarını cəmləşdirməklə nadir bir yaradıcılıq məktəbinə çevrilmişdir.

 

Böyük demokrat ədib Cəlil Məmmədquluzadənin rəhbərlik etdiyi bu mollanəsrəddinçilər məktəbinin yaratdığı zəngin və qiymətli irs Azərbaycan demokratik mətbuatının ən şərəfli bir səhifəsini təşkil etməklə, sonrakı nəsil yazarların milli ruhda tərbiyələndirilməsinə və yurdsevərlik yönündə fəaliyyətinə də önəmli təsir göstərmişdir. İctimai həyatla sıx bağlı olan ”Molla Nəsrəddin” jurnalı inqilabi-demokratik mətbuatın klassik nümunəsi idi. Bugünlərdə nəşrə başlamasının 115 illiyini qeyd etdiyimiz jurnalın 25 illik fəaliyyətini yada salarkən Cəlil Məmmədquluzadənin sonralar dediyi kimi, “Molla Nəsrəddin”i zəmanənin özünün yaratdığını bir daha yəqin edirik.
Azərbaycan mətbuatı tarixində ilk satirik jurnal olan “Molla Nəsrəddin” 1906-cı il aprelin 7 də Tiflisdə “Qeyrət” mətbəəsində işıq üzü gördü. Cəlil Məmmədquluzadənin redaktorluğu və Ömər Faiq Nemanzadənin fəal iştirakı ilə nəşrə başlayan jurnalın birinci nömrəsi onun sonrakı fəaliyyəti üçün məramnamə və proqram idi. Həmin nömrənin üz qabığındakı mənalı şəkil və Cəlil Məmmədquluzadənin ”Sizi deyib gəlmişəm” adlı proqram məqaləsi yatmış müsəlman Şərqini oyanmağa səsləyirdi. Böyük satirik mürgüləməkdə olan Şərqə üz tutub deyirdi: “Ey mənim müsəlman qardaşlarım! Zəmani ki, məndən bir gülməli söz eşidib, ağzınızı göyə açıb və gözlərinizi yumub, o qədər “xa-xa!...” edib güldünüz ki, az qala bağırsaqlarınız yırtılsın və dəsmal əvəzinə ətəklərinizlə üz-gözünüzü silib, “lənət şeytana” dediniz, o vaxt güman etməyin ki, Molla Nəsirəddinə gülürsünüz.
Ey mənim müsəlman qardaşlarım! Əgər bilmək istəsəniz ki, kimin üstünə gülürsünüz, o vaxt qoyunuz qabağınıza aynanı və diqqətlə baxınız camalınıza” Dövrün gözüaçıq publisisti kimi Cəlil Məmmədquluzadə avam camaatın başa düşəcəyi bir dildə yazır, başqalarını da bu dildə yazmağa çağırırdı. Ustad publisist “salınız yadınıza o günləri ki, ananız sizi beşikdə yırğalaya-yırğalaya sizə türk dilində lay-lay deyirdi”.
Jurnalın əsas yükünü Cəlil Məmmədquluzadə çəksə də, çox keçmədən onun ətrafında başqa müəlliflər də toplaşdı. Ədib bu barədə “Xatiratım”da belə söz açmışdı: “Molla Nəsrəddin” bir neçə mənim əziz yoldaşlarımın qələmlərinin əsərinin məcmuəsidir ki, mən də onların ancaq ağsaqqal yoldaşıyam”. Kim idi ədibin qələm dostları?-- Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Əliqulu Qəmküsar, Məmməd Səid Ordubadi, Ömər Faiq Nemanzadə, Əli Nəzmi, Salman Mümtaz, Bayraməli Abbaszadə və dövrün digər demokratik düşüncəli ziyalıları.
Sabir “Molla Nəsrəddin”də böyük ustad Cəlil Məmmədquluzadədən sonra ikinci qüdrətli qələm sahibi idi. Sabirşünas alim Alxan Bayramoğlu yazır ki, “Molla Nəsrəddin” Sabiri bütün Yaxın Şərqə tanıtdığı kimi, Sabir poeziyası da jurnalın oxucular arasında geniş yayılıb şöhrət qazanmasında mühüm rol oynamışdır.
“Molla Nəsrəddin”in Azərbaycan şifahi xalq ədəbiyyatına müntəzəm müraciəti onun oxucular arasında nüfuzunu xeyli artırmışdı. Atalar sözü və məsəllər jurnalda çox zaman xalqda işləndiyi adi mənasından fərqli olaraq, daha dərin ictimai-siyasi məzmun kəsb edir”. Məsələn, xalq arasında belə deyilir: “Ölmə eşşəyim ölmə, yaz gələr, yonca bitər”, “Keçinin əcəli gələndə çobanın çomağına sürtüşər”, “Qurddan qorxan qoyun saxlamaz” və s. “Molla Nəsrəddin” isə belə yazırdı:”Ölmə eşşəyim ölmə, yaz gələr hürriyyət bitər”, “Müsəlmanın əcəli gələndə xanın ağacına sürtüşər”, “Xandan qorxan qoyun saxlamaz”.
“Molla Nəsrəddin” təkcə Azərbaycan xalqının həyatını işıqlandırmırdı. Jurnal Rusiyanın Volqaboyu, Orta Asiya regionlarının, İran, Türkiyə, Hindistan, Əfqanıstan və s. ölkələrin həyatına dair yazılarında əzab-əziyyət çəkən, əzilən kütlənin mənafeyini müdafiə edirdi.
“Molla Nəsrəddin” publisistikası, sözün əsl mənasında, novator yaradıcılıqdır. Mərhum professor Famil Mehdi “Bədii publisistika” monoqrafiyasında yazırdı ki, bu publisistikanın novatorluğu zamanın ən böyük problemlərinə, ictimai-siyasi hadisələrinə dərindən, son dərəcə qüvvətli və cəsarətli müdaxiləsində, ifadə etdiyi fikirlərinin orijinallığı və təzəliyində, gerçəkliyi əks etdirmə üsulunda, faktların ustalıqla mənalandırılması və ümumiləşdirilməsində, bədii priyomların, dil- ifadə vasitələrinin çoxcəhətliliyi, sadə, aydın və emosionallığındadır. Bu publisistikada bir günün, bir ayın, bir ilin deyil, bir əsrin nəbzi döyünür.
Cəlil Məmmədquluzadənin “Molla Nəsrəddin”i bütün namuslu, vicdanlı adamları zəmanənin acınacaqlı bəlalardan xilas olmağa səsləyirdi. Ədib “Azərbaycan” adlı məqalədə Rusiyada fevral inqilabından sonrakı dövrdə o tay-bu tay Azərbaycanın tarixi taleyini gündəmə gətirmişdi: “Ax unudulmuş vətən, ax yazıq vətən!
Dünyalar titrədi, aləmlər mayallaq aşdı, fələklər bir-birinə qarışdı, millətlər yuxudan oyanıb gözlərini açdılar və pərakəndə düşmüş qardaşlarını tapıb, dağılmış evlərini binə etməyə üz qoydular. Bəs sən hardasan, ay biçarə vətən?!”
Ustad sənətkar burada da dil məsələsinə qayıdır, ”sözünün canını” izaha başlarkən açıq göstərir ki, Tiflisdə müsəlmanların milli komitəsi yığılıb məsələ müzakirə etməli olur. Lakin məclisin hansı dildə aparılması problemə çevrilir – rusca, osmanlıca, yoxsa ermənicə. Ədib Bakıda keçirilən yığıncaqlarda belə halların təkrarlanmamasına bir eyham vurduqdan sonra yazır: “Ax, gözəl Azərbaycan vətənim!... harada qalmısan?... Ay torpaq çörəyi yeyən təbrizli qardaşlarım, ay keçəpapaq xoylu, meşkinli, sərablı, goruslü və moruslu qardaşlarım, ay bitli marağalı, mərəndli, gülüstanlı quli-biyaban vətəndaşlarım, ey ərdəbilli, qalxanlı bəradərlərim! Gəlin, gəlin, gəlin mənə yol göstərin! Vallah ağlım çaşıb! Axır dünya və aləm dəyişilibdi, hər bir şey qayıdıb öz əslini tapdı, hər mətləbə əl vuruldu, gəlin biz də bir dəfə oturaq və keçə papaqlarımızı ortalığa qoyub bir fikirləşək haradır bizim vətənimiz?! Gəlin, gəlin, ey unudulmuş vətənin cırıq-mırıq qardaşları! Gəlin görək beşikdə yad millətlərin südünü əmmiş, vətənimizdən yadırğamış və millətimizin ruhundan xəbərsiz bir para millət başçılarımız sizə nə gün ağlayacaqlar?! Niyə sakitsiniz, ey mənim lüt-üryan vətən qardaşlarım”?!
Böyük ədibin bu publisistik harayı insanları ayağa qaldırır, gözlərini açır, lüt-üryan yaşamalarını bir daha yada salır, ideya-siyasi cəhətdən silahlandırırdı. Akademik İsa Həbibbəyli “Azərbaycan” məqaləsi haqqında deyir ki, bu misilsiz publisistika nümunəsi milli oyanış və siyasi intibah dövrünün həqiqi manifestidir.
“Molla Nəsrəddin” öz mübarizəsini, əsasən, satirik janrlarda aparırdı. Jurnalda felyeton janrından daha çox istifadə olunurdu. Azərbaycan jurnalistikasında felyeton janrının formalaşmasında jurnalın rolunu xüsusi qeyd etməliyik. Janrlar içərisində ən qədimi olan xəbər “Bilməli xəbərlər”, “İçəri xəbərlər”, “Qafqaz xəbərləri”, “Hesab məsələləri”, “Poçt qutusu”, “Elan” və s. rubrikalar altında verilirdi.
Mollanəsrəddinçilər yerli hökumətdən, onların senzurasından qorxduqları üçün bir çox hallarda açıq adlarla yox, gizli imzalarla çıxış edirdilər. Cəlil Məmmədquluzadə jurnalda yazılarını “Molla Nəsrəddin” təxəllüsü ilə təqdim edir, bəzən də “Lağlağı”, “Dəli”, “Cırcırama”, “Hərdəmxəyal” imzalarından istifadə edirdi. Mirzə Ələkbər Sabir “Hop-hop”, “Ağlar güləyən” “Çingiz bəy”, Əbdürrəhim bəy Haqverdiyev “Xortdan”, “Ceyranəli”, “Mozalan bəy”, Əliqulu Qəmkusar “Cüvəllağı bəy”, “Saqqalqulu bəy”, Ömər Faiq Nemanzadə “Ümidvar”, “Salman Mümtaz “Xortdan bəy” gizli imzaları ilə jurnalda fəal iştirak edir, rəngarəng satirik əsərləri ilə nəşrin nüfuzunu yüksəldirdilər. “Molla Nəsrəddin”in məşhurlaşmasında onun karikaturalarını çəkən alman rəssamlar Rotter və Şmerlinq, eləcə də soydaşımız Əzim Əzimzadənin rolu böyükdür. Təbriz nəşrinin rəssamı isə Əli Behzad olmuşdur.
“Molla Nəsrəddin” jurnalı haqqında çox danışılıb, çox yazılıb. Lakin inqilabi-demokratik mətbuatın klassik nümunəsi olan bu satirik nəşr elə bir ədəbi məktəbdir ki, zaman-zaman ondan öyrəniləsi hələ çox mətləb var. Akademik İsa Həbibbəylinin bu misilsiz jurnala verdiyi yüksək qiymət onun mətbuat tariximizdəki yerini, milli düşüncəli yaradıcı prosesdə çəkisini dəqiq və tutumlu ifadə edir: “Jurnal milli mətbuatın şah əsəri, millətimizin və milli dövlətimizin dərin mənalı istiqlal kitabıdır. “Molla Nəsrəddin” ideyaları və mübarizəsi bu gün də müasir və gərəklidir”.
 

Əlövsət ƏLİYEV,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

7 Aprel 2021 02:02 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
13 Aprel 2021 | 01:35
On bir ayın sultanı gəldi...

Köhnə versiyamızdan xəbərləri izlə