Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vətəndaşlar peyvənd olunmaqla, virusa yoluxma riskini azaldırlar

Son zamanlar COVID–19 infeksiyasına yoluxub sağalan insanlar təkrar eyni simptomları keçirdiklərini, ikinci dəfə yoluxduqlarını bildirirlər. Lakin PZR test təkrar yoluxmanı göstərmir. Bəs xəstələrin hiss etdikləri nədir? Virusoloqlar bu məsələdə virusun bədəndə təkrar aktivləşməsini önə çəkirlər. Bu, o deməkdir ki, koronavirus herpes kimi daim xəstənin bədənində qalır və zamanla, fəsillər dəyişəndə, immunitet zəifləyəndə üzə çıxır.

 

Mütəxəssislərin fikrincə, orqanizmə bir dəfə virus düşəndə orada hüceyrədaxili və humoral cavab yaranır. Məntiqə görə canlı virus orqanizmi tərk etsə də, geridə qalan antitellər onu təkrar yoluxmadan qoruyur və zaman keçdikcə virusun özünü reaktivasiyası baş verir, yəni onun aktivliyi azalır.

Koreya və Amerika alimlərinin birgə nəzəriyyəsinə görə, koronavirus sona qədər orqanizmi tam tərk etmir və orada qalır. Bu nəzəriyyəni sübut edən elmi işlər və testlər də var. Münbit şərait yarananda, soyuqdəymə olanda, immunitet düşəndə təkrari alovlanma olur və eyni simptomlar yaranır. Bu, tamamilə herpes virusu modeli kimidir. Yəni, koronavirus da bədəndə gizli “yata bilir”.

Mərkəzi Neftçilər Xəstəxanasının infeksionisti Aişə Kərimova bildirib ki, vəziyyət gərgindir. Bu sözləri deməklə, məqsədi insanları vahiməyə salmaq, qorxutmaq deyil: “Amma ən yaxın tanışlarını koronavirusdan itirmiş və bu virusla məşğul olan bir həkim kimi müşahidələrimi və eşitdiklərimi paylaşmağı borc bilirəm: Virus daha sürətlə yayılır. Bildiyimiz və tətbiq etdiyimiz müalicələrə demək olar ki, az tabe olur. Ağciyərləri daha çox zədələyir, ildırımsürətli ağırlaşma verə bilir. Ağırlaşma və ölüm hallarının ehtimalı çoxdur!”

Həkim, eyni zamanda, koronavirusdan qorunmaq üçün tövsiyələr də verib: “Ən yaxşısı virusa yoluxmamaqdır. Ona görə də fiziki məsafə saxlayaq. İnsanlarla açıq havada ən azı 1 metr, qapalı məkanlarda ən azı 1,5 metr aralı dayanaq. Maskanı cərimə olunmamaq üçün yox, qorunmaq üçün istifadə edək. Burun və ağız nahiyəsini tam qapayaq. Yaxşı olar ki, N95 maskasından istifadə edək. Əl ilə görüşməyək. Bu stereotiplərdən çıxaq. Bəziləri burnunu, dişlərini qurdalayır, müxtəlif əşyalara, səthlərə əlini vurur, sonra insanlarla əl tutub görüşür. Belə olmaz. Ən yaxşısı əl ilə görüşməmək, qucaqlaşmamaq, öpüşməməkdir. Əllərimizi tez-tez sabunlayıb yuyaq, ən azı 70 faizli etil spirti əsaslı məhlullarla dezinfeksiya edək. Sıx toplaşmayaq və insanların sıx toplaşdığı məkanlardan uzaq duraq, digərlərini də buna təşviq edək. Dövlət tərəfindən ictimai nəqliyyatın sayı artırılsa, yaxşı olar. İctimai nəqliyyatda çox sıxlıq olur. Bəzən yas sahibləri insanlardan inciyir ki, yasıma gəlmədi. Belə olmaz. Hətta koronavirusdan dünyasını dəyişən insanların yasına toplaşırlar. Bəs toplaşanlar yoluxub həyatını itirsə, necə olacaq? Belə hallar artıq olub. Nəticə çıxaraq. Peyvənd edilənlər, arxayın olmasınlar. Onların arasında da yeni ştamma yoluxub ağır keçirənlər var. Yoluxma sayı günbəgün artır. Mən sərt karantinin əleyhinəyəm. Amma yoluxma sayı bir az da artsa, sərt karantin qaçılmaz olacaq. Sərt karantin istəmiriksə, qorunmalıyıq. Yoluxma sayı azalana qədər qonaqlıqlardan, ad günlərində və digər tədbirlərdə toplaşmaqdan çəkinək”.

Onu da deməliyik ki, bəzi insanlar tibbi maskanın onun görünüşünə xələl gətirdiyini düşünərək, rəngli maskalardan istifadəyə üstünlük verirlər. Unutmamalıyıq ki, aksessuar kimi taxılan rəngli və bəzəkli maskalar sağlamlığımız üçün təhlükəlidir. Mütəxəssislər rəngli maskalarda ölüm riskinin olması ilə bağlı insanlara xəbərdarlıq edir. Türkiyəli həkim Kübra Topal da bildirib ki, maska tərkibindəki kimyəvi maddələrə görə, allergiyaya səbəb ola bilər: “Qaşınma, ekzema, qızartı kimi hallar yarana bilər. Amma bu problem daha da artarsa, allergik şok dediyimiz, yəni nəfəs dayanmasına gətirib çıxarır. Bir çoxlarımız tibbi maskalardan istifadə edir, digəriləri isə qoruyuculuğu daha çox olan N95 dediyimiz qoruyucu maskalardan. Bir də insanların istifadə etdiyi, yuyula bilən maskalar var. Bütün bu maska növlərində allergiya yarana bilər. Əgər nəfəsdə xışıltı, nəfəsalmada çətinlik, dildə və ya boğazda şişmə və ya şişmə hissi, udqunmada çətinlik kimi hallar olarsa, mütləq həkimə getmək lazımdır. Tibbi maskalara qarşı allergiyanız varsa, maskanı taxmazdan əvvəl mütləq pambıq bir parça kəsib maskanın iç hissəsinə qoya bilərsiniz. Yuyula bilən maskalarda isə daha çox maskanın üzərində qalan yuyucu vasitə allergiyaya səbəb olur. Buna görə də maskaları yuduqdan sonra təmiz durulamaq lazımdır. Maskalar 90 faiz bizi virusdan qoruyur. Maskanı taxmadan virusdan qorunmaq mümkün deyil. Bəlkə də vurdurğumuz vaksinlərin maska qədər qoruyuculuğu yoxdur”.

Aişə Kərimova bildirib ki, əhalinin orta hesabla 70 faizi COVID – 19 - a qarşı peyvəndin ikinci dozasını vurdurduqdan sonra uğurlu vaksinasiya prosesi haqqında nəsə deyə bilərik. Onun sözlərinə görə, bütün dünyada olduğu kimi Azərbaycanda da peyvənd əleyhinə fikir yayanlar var. Biz hətta valideynlərin uşaqlarını vacib peyvəndlərdən necə yayındırdığını görürük. Bu məsələdə sosial şəbəkənin də rolu var. Ümid edək ki, vətəndaşlarımız vaksinlərin ölümcül viruslardan qoruduğunun fərqini anlayacaq.

Onu da qeyd etməliyik ki, sosial şəbəkələrdə yayılmış dezinformasiyalara baxmayaraq, hazırkı zamanda əhali peyvəndləmə prosesində aktiv iştirak edir.

Mütəxəssislər, xüsusilə risk qrupuna daxil olan şəxslərin vaksin vurdurmasını zəruri hesab edirlər. Bildirirlər ki, əhali vaksinasiyada nə qədər aktiv iştirak etsə, biz bu bəladan bir o qədər sürətlə qurtula bilərik. Bəzi insanlar müəyyən xəstəliklərini bəhanə edib, vaksin vurdurmaq istəmirlər. Amma xroniki xəstəliyi olanlar daha çox risk qrupuna daxildirlər və onlar COVID – 19 -a yoluxarlarsa, xəstəliyi daha ağır keçirə bilərlər. Bu səbəbdən onların vaksin vurdurması çox vacibdir.

Hazırda dünyanın bir sıra ölkələri koronavirus pandemiyasının üçüncü dalğasını yaşadığını elan edir. Digər tərəfdən isə virusun yeni, qorxulu ştamının sürətlə yayıldığı haqda xəbərlər yayılır. Bu gün COVID – 19 virusunun 200 -dən çox mutasiya keçirmiş ştammları aşkarlanıb. Bu virus bir formada qalmır, quruluşunu dəyişib başqa formada özünü biruzə verir. Bir müddət əvvəl İngiltərə kraliçası İkinci Elizabet açıqlama vermişdi ki, koronavirus beş dəfə hücum edəcək. Kraliçanın sözlərinə görə, bu hələ virusun üçüncü dalğasıdır və bundan sonra dörd və beşinci dalğalar da olacaq. Virus hələ 2023 - cü ilə qədər davam edəcək, modifikasiya edib başqa formada qarşımıza çıxacaq.

Rusiya Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun klinik və analitik iş üzrə direktor müavini Natalya Pşeniçnaya deyib ki, baharda belə yüksəlişlərin görünməsi mövsümi infeksiyalar üçün xarakterikdir. Güman ki, COVID – 19 - da da bənzər vəziyyətdir. Ancaq alovlanmanın payızdakı zirvəsinə çatması mümkün deyil. Onun sözlərinə görə, koronavirusun dinamikasında azalma tendensiyası müşahidə olunur. Buna həm karantin tədbirləri, həm də universal immunitetin daha sürətli inkişafına imkan verən peyvəndlənmənin genişlənməsi təsir edib. Yoluxma nisbətinin azalmasına baxmayaraq, mütəxəssis arxayınlaşmağın hələ tez olduğunu vurğulayıb. O deyib: “Koronavirus infeksiyasının qarşısının alınması üçün bütün tövsiyələrə əməl edilməlidir. Epidemiya əleyhinə bütün tədbirlərə riayət etsək, bəlkə də yazda stabil vəziyyəti qorumaq mümkün olacaq, beləliklə yayda daha minimum səviyyəyə çata biləcəyik. Koronavirus yoluxmalarında alovlanmalar mümkündür, lakin əvvəlki gərginliyin olması gözlənilmir”.

Çox güman ki, kollektiv immunitet yaranandan sonra pandemiyanın bitdiyini deyə biləcəyik. Ötən ildən bəri ölkədə 262 mindən çox insan koronavirusa yoluxub. Xəstəliyi asimptomatik və test vermədən keçirən şəxsləri də nəzərə alsaq, bu rəqəmlər ümumilikdə təxminən 500 minə yaxın insan deməkdir. İki ay ərzində peyvənd vurulanların sayı da 560 mindən çoxdur. Yoluxanlarla peyvənd vurulanları nəzərə alsaq, bu, 1 milyon insan deməkdir. Deməli, hələ 4 milyon insanın ya xəstələnməsi, ya da peyvənd olunması lazımdır. Ən vacib, təhlükəsiz yol isə peyvənd olunmaqdır. Buna görə də hər kəs vaksinasiya prosesində aktiv iştirak etməli, bəlanın ölkəmizdən çəkilıməsi üçün öz töhvəsini verməlidir.

 

Zərifə BƏŞİRQIZI,

“Xalq qəzeti”

7 Aprel 2021 01:52 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə