Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ölkənin meliorasiya və su təsərrüfatı sistemində yeni mərhələ başlanır

Ümummilli lider Heydər Əliyevin bilavasitə rəhbərliyi və dəstəyi ilə yaradılan güclü potensiala malik meliorasiya və su təsərrüfatı kompleksi son 18 il ərzində Prezident İlham Əliyevin xüsusi diqqəti nəticəsində daha da inkişaf etdirilib.  

 

Dövlətimizin başçısının müvafiq fərman və sərəncamları ilə respublikamızda pambıqçılığın, taxılçılığın, baramaçılığın, tütünçülüyün, üzümçülüyün, sitrus meyvələrinin və digər kənd təsərrüfatı məhsulları istehsalının inkişaf etdirilməsi ilə əlaqədar təsdiq edilmiş Dövlət proqramları və Tədbirlər planlarında, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında, Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində meliorasiya və su təsərrüfatı sahəsi üzrə geniş tədbirlər uğurla reallaşdırılıb. Bu, suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılmasına, yeni suvarılan torpaqların istifadəyə verilməsi nəticəsində ölkə əhalisinin daxili istehsal hesabına çörək və ərzaq məhsulları ilə etibarlı təminatına, yaşayış məntəqələrinin, əkin sahələrinin, hidrotexniki qurğuların, habelə digər infrastruktur obyektlərin sel və daşqın sularının zərərli təsirlərindən mühafizəsinə, çayların su ehtiyatlarının nizamlanması hesabına onlardan daha səmərəli istifadə edilməsinə geniş imkanlar yaradıb.

Bütün bu qeyd edilənlərə baxmayaraq, meliorasiya və su təsərrüfatı kompleksində hələ də müəyyən çatışmazlıqlar, problemlər nəzərə çarpır.

Prezident İlham Əliyev Zaur Mikayılovu Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bu barədə ətraflı danışıb. Dövlətimizin başçısı çıxışında meliorasiya və su təsərrüfatının prioritet sahələrdən biri kimi, daim diqqət mərkəzində saxlanıldığını, kompleksin müasirləşdirilməsinə xüsusi önəm verildiyini vurğulayıb. Ölkə rəhbəri deyib: “Son illər ərzində bu sahədə böyük işlər görüldü. Köhnə infrastrukturun təmiri ilə bağlı əsaslı işlər görülmüşdür. Çünki əsas infrastruktur sovet dövründə yaradılmışdı və vaxt keçdikcə yararsız vəziyyətə düşmüşdü, ona görə buna ehtiyac var idi. Eyni zamanda, mənim təşəbbüsümlə bir neçə böyük su anbarı inşa edilmişdir. Əgər vaxtında bu su anbarları inşa edilməsəydi, bu gün meliorasiya sahəsində bizim böyük problemlərimiz ola bilərdi. Eyni zamanda, içməli su təminatı da Meliorasiya və Su Təsərrüfatı Səhmdar Cəmiyyəti tərəfindən həmişə diqqət mərkəzində olmuşdu. Cəmiyyət ölkəmizdə bir neçə içməli su layihəsini də icra etmişdir”.

Prezident İlham Əliyev nitqində Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin yeni sədrinə kompleksin inkişafı ilə bağlı tövsiyələrini də verib. Dövlətimizin başçısı diqqəti kompleksin idarəetməsində müasir yanaşmanın tətbiq edilməsinin, müasir texnologiyaların ölkəmizə gətirilməsinin zəruriliyinə yönəldib. Eyni zamanda, səhlənkarlıq ucbatından, yaxud uçotun düzgün aparılmaması səbəbindən irəli gələn su itkilərinin aradan qaldırılmasının əhəmiyyətinə toxunub.

Ölkə rəhbəri nitqində yuxarıda qeyd edilənlərlə bərabər, kanalların təmiri, yenidən qurulması, suyun ədalətsiz bölüşdürülməsi hallarının aradan qaldırılması və azad edilmiş torpaqlarda meliorativ tədbirlərin icrası istiqamətində təhlillər aparılmasını, bununla əlaqədar tədbirlər planı hazırlanaraq həyata keçirilməsini yeni sədr qarşısına önəmli vəzifə kimi qoyub.

Beləliklə, dövlət başçısının Zaur Mikayılovu Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən söylədiyi fikirlər, qarşıya qoyduğu vəzifələr Azərbaycanın meliorasiya və su təsərrüfatında nəzərə çarpan, narahatlıq doğuran problemlərin həllində mühüm önəm daşıyacaq, iqtisaiyyatın daha sürətli inkişafını şərtləndirəcək. Həmçinin bu sahədə struktur və institutsional islahatların aparılmasını sürətləndirəcək. Eyni zamanda, içməli suya olan tələbatın ödənilməsi üçün daxili mənbələrdən daha səmərəli istifadəyə əlverişli zəmin yaradacaq.

 

Emin BAĞIROV,

AMEA Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru

7 Aprel 2021 01:47 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə