Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Beynəlxalq təşkilatlar Ermənistanın hərbi cinayətlərinə hüquqi-siyasi qiymət verməlidirlər

Ermənistan Respublikası adlı qurama dövlətin hərbi cinayətləri bütün dünyaya məlumdur. 1992-ci ildə törətdikləri Xocalı soyqırımından tutmuş 2017-ci ildə 2 yaşlı Zəhra Quliyevanı qətlə yetirmələrinədək, hətta bu tarixlərdən sonrakı dövrlərdə də həyata keçirdikləri təxribat və kriminal xarakterli əməllərindən hamı xəbərdardır. Buna görə də, rəsmi İrəvanın istər birinci, istərsə də ikinci Qarabağ müharibələrində insanlıq əleyhinə atdıqları addımları Azərbaycanda və bütün dünyada hiddətlə pislənilir.
Elə bu günlərdə dünya mətbuatının diqqət mərkəzindən düşməyən iki ədəd partlamış “İskəndər” operativ-taktiki raket qalıqlarının Şuşa şəhəri yaxınlığında aşkar edilməsi xəbəri də ölkə ictimaiyyətində təəccüb doğurmadı. Ona görə ki, azərbaycanlılar antihumanizm və faşizm xəstəliyindən əziyyət çəkən Ermənistan dövlətinin beynəlxalq hüquqa uzun illərdir saymazyana baxdıqlarını gözəl bilir və erməni rəhbərliyinin mənfur məqsədlərinə çatmaq naminə bir sıra konvensiyalarla qadağan edilmiş silahlardan belə yararlanmaqdan çəkinməyəcəyini yaxşı anlayırlar.
Ermənistan İkinci Qarabağ müharibəsi zamanı Azərbaycana qarşı “İskəndər” raketlərindən istifadə etməsi barədə açıqlamanı Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) təmsilçisi vermişdi. ANAMA rəsmisi bildirmişdi ki, onlar bu raketlərin qalıqlarına Şuşada ərazinin minalardan təmizlənməsi zamanı rast gəlmişlər. Bu xəbər dünyanın aparıcı KİV-ində geniş əks-səda doğurması ilə yanaşı, bir sıra cavablarını gözləyən suallar da doğurmuşdur. Belə ki, agentliyin mütəxəssisləri tərəfindən identifikasiya nömrəsinə (9M723) baxış zamanı və əlavə araşdırma nəticəsində qalıqların “İskəndər-M” raketinə aid olduğu müəyyən edilmişdi.
Açıq mənbələrdən əldə edilən məlumata görə, Rusiya Ermənistana “İskəndər -M” raketinin sadələşdirilmiş variantı olan, 280 kilometr məsafəyədək uçan “İskəndər -E” raket kompleksi vermişdi. Bununla müqayisədə “İskəndər -M” raketi daha çox dağıdıcı qüvvəyə malikdir və 500 kilometrədək məsafə qət edə bilir. NATO-da raketin kod təyinatı “SS-26 STONE”, raketin maksimum məsafəsi 400 km, diametri 920 mm, uzunluğu 7,2 metr, döyüş başlığının kütləsi 480 kq və raketin başlanğıc kütləsi 3 800 kq-dır. Bəs belə olduğu halda, ermənilər “İskəndər -M” raketini necə əldə etmiş və Şuşaya zərbəni necə endirmişdilər?
Görünən odur ki, bu dəfə də Ermənistan kriminal yollarla bu dağıdıcı silahlı əldə etməyi bacarmış və beynəlxalq konvensiyanı pozaraq İkinci Qarabağ müharibəsi zamanı Şuşaya dağıdıcı zərbə endirməyə çalışmışdır. Doğrudur, bu dəfə də ermənilər qeyri-peşəkarlıqlarını nümayiş etdirərək, məqsədlərinə çata bilməmiş və raket hədəfdən kənar əraziyə düşmüşdü.
İstənilən halda yalnız başqa ölkənin arsenalında olan “İskəndər -M” raketinin Ermənistanın əlinə düşməsi ciddi araşdırma mövzusudur. “Bolşaya Aziya” telekanalının əməkdaşı Aleksandr Artamonov da belə düşünür. “İskəndər” və ya Qarabağ müharibəsinin cəsusluq əks-sədası” başlıqlı məqaləsində yazır ki, həqiqət daha dəhşətli oldu. Belə ki, rusiyalı müstəntiqlərin araşdırmalarına görə (artıq bu işin materialları Rusiya və Azərbaycan KİV-ində geniş işıqlandırılır və müzakirə olunur), ixracatı qəti şəkildə qadağan olunmuş yüksək radiusa malik döyüş raketlərini cinayətkar qruplaşma anbardan silah tədarükçülərinə satılmış, onlar da öz “qənimətlərini” dərhal Ermənistana göndərmişlər. A.Artamonov əlavə edir ki, ən çox ehtimal olunan versiyaya görə, hətta cinayətkar əməl üçün xüsusi olaraq İl-76 nəqliyyat təyyarəsi də alınmış və onun köməyi ilə yüklərin daşınması da həyata keçirilmişdi. Müəllif daha sonra əlavə edir ki, bu cür saxtakarlığın yüksək təhlükəsi və rəhbərliyin təcili əmri ilə Rusiya Müdafiə Nazirliyi və Rusiya Federal Təhlükəsizlik Xidməti əməkdaşlarının birgə səyləri ilə bir neçə gün ərzində həqiqətən, sözün əsl mənasında, araşdırma aparılmışdır.
A.Artamonov daha sonra yazır: “Görünən odur ki, cinayətkarların fəaliyyəti etnik qruplar vasitəsilə həyata keçirilmiş və geniş miqyasda inkişaf etdirilmişdir. Jurnalistlər materiallarda sərhədsiz Vətənimizin hər yerində – Moskva, Sankt-Peterburq, Xabarovsk, Oryol və Tula bölgələrində, Krasnoyarsk və Krasnodarda yerləşən müxtəlif ticarət mərkəzlərinin, dükanların və hətta inşaat ofislərinin yer aldığını öyrənə bilmişlər”.
Raketlərin oğurlanmasının və satışın qeyri-adi hal olduğunu vurğulayan müəllif əlavə edir ki, ancaq bundan da dəhşətlisi, ölkə daxilində və xaricə daşınmada gizli nəqliyyat şəbəkəsinin olmasıdır: “Əslində, söhbət Rusiya ərazisində xarici kəşfiyyatın fəaliyyətindən gedir. Üstəlik, bu işdə fayda götürən İrəvandır”. A.Artamonov düşünür ki, xoşbəxt bir təsadüf nəticəsində, qanunsuz olaraq əldə edilən və ünvan sahibinə çatdırılan silahlar, əslində, istifadə edilmədi və nəticəsiz qaldı. Müəllifin fikrincə, bu, Rusiya ordusunun uzaqgörənliyindən irəli gəlirdi: “Məsələ ondadır ki, hərbi anbarlarda heç bir “istifadə təlimatları” yoxdur. Yəni, raketi götürüb ondan istifadə edə bilmək, necə deyərlər, böyük bir fərqdir”. Bütün bunlar, A.Artamonovun fikrincə, rusiyalı müstəntiqlərin “forma geyən canavarları” sərt cəzalandırmalarına mane olmayacaq.
Məqalə müəllifi hesab edir ki, bu, həqiqətən də, Rusiya üçün yaxşı xəbərdir. A.Artamonovun sözlərinə görə, Azərbaycan da mürəkkəb vəziyyətin araşdırılması ilə bağlı Rusiyaya kömək etməklə iki Avrasiya ölkəsi arasında dostluq və tərəfdaşlıq münasibətlərinin olduğunu təsdiqlədi. Müəllifin fikrincə, etibar olduqda bir çox problemlərin öhdəsindən gəlmək olar. A.Artamonov çox sərt cəzanın tətbiq olunmasını da təklif edir: “İndi yalnız silahlı qüvvələrin sıralarında deyil, həm də silahların cinayət dövriyyəsində iştirak edə biləcək bir sıra mülki təşkilatların müəyyən edilməsi və təmizlənməsi üçün uzun və əziyyətli bir iş var, çünki əhatə dairəsi dəhşətli dərəcədə genişdir. Bu baxımdan Rusiya qanunvericilərinə qanunlara “Çin versiyasına uyğun” düzəliş etmələrini tövsiyə edirəm. Axı, yalnız müharibə dövrünün qanunlarına görə, Çində bu cür işlərə görə necə qəti şəkildə mühakimə olunduqları yaxşı bilinir. Bununla birlikdə, ÇXR-də, sadə korrupsiya üçün belə çox güllələnmə icra edilir. Bəlkə də buna görə Çin min ildən çoxdur Çin olaraq qalır”.
Bir sözlə, hazırda “İskəndər -M” raketinin ermənilər tərəfindən Azərbaycana qarşı istifadə etmələrinə çox az adam şübhələnir. ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, ABŞ-ın Azərbaycandakı sabiq səfiri, Atlantik Şuranın (Atlantic Council) böyük elmi işçisi Metyu Brayza da Axar.az saytına müsahibəsində bildirmişdir ki, Ermənistanın Azərbaycana ən azı iki “İskəndər” raketi atdığı yəqinləşmişdir. Bu xəbər özü-özlüyündə sürpriz olmadı, çünki “İskəndər”ləri atan erməni əsgərlərinin video görüntülərini görmüşdü. Odur ki, kriminalı dövlət siyasətinə çevirmiş Ermənistanın bu əməlinə beynəlxalq səviyyədə qiymət verilməsi bölgədə təhlükəsizliyin daha da gücləndirilməsi baxımından, eyni zamanda, belə hadisələrin gələcəkdə bir daha təkrarlanmasının qarşısının alınması nöqteyi-nəzərindən mühüm əhəmiyyət daşıyır.
 

Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”

7 Aprel 2021 01:34 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə