Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Böyük Qələbənin təməli

Beş il əvvəl düşmən tərəfindən Azərbaycan-Ermənistan sərhədi boyunca yerləşən rayon və kəndlərimiz işğalçı ordu tərəfindən iriçaplı silahlardan, minaatanlardan, qumbaraatanlardan və artilleriya qurğularından intensiv atəşə tutuldu. Dörd gün davam edən şiddətli savaş tarixə Aprel döyüşləri kimi düşdü.

 

Aprel döyüşləri hərbi cəhətdən iflasa uğrayan Ermənistanın kriminal rejiminin öz daxilindəki böhranlı siyasi-iqtisadi vəziyyətdən xalqın diqqətini yayındırmaq, cəbhədəki uğursuzluqlarının, canlı qüvvə və döyüş texnikası sarıdan xeyli itkisinin əvəzini çıxmaq məqsədi ilə növbəti təxribat cəhdi idi. Lakin Silahlı Qüvvələrimiz işğalçının layiqli cavabını verdi. Bununla da Ermənistan ordusunun hərbi-texniki və peşəkarlıq baxımdan geriliyini sübuta yetirdi.
Təəssüf ki, Ermənistanın ovaxtkı hərbi-siyasi rəhbərliyi Aprel döyüşlərindəki məğlubiyyətdən düzgün nəticə çıxara bilmədi. Buna düşmən ölkənin uydurma və saxta tarixə əsaslanan dövlət ideologiyası, uzun illər ərzində Ermənistan ordusunun məğlubedilməzliyi haqqında yaradılan mif, Ermənistanın kriminal xunta rejiminin dövlət və cəmiyyət daxilindəki dərin sosial-iqtisadi böhran vəziyyətini düzgün qiymətləndirməməsi mane oldu.
Aprel döyüşlərindən sonra hakimiyyətə yiyələnən Ermənistanın baş naziri Nikol Paşinyan da bu savaşdan heç bir nəticə çıxarmadı, əksinə, işğalçılıq siyasətini davam etdirərək “Qarabağ Ermənistandır və nöqtə” kimi məsuliyyətsiz bəyanatlar səsləndirdi. Eyni zamanda, işğalçı dövlət tərəfindən 2020-ci ilin iyul ayında Ermənistan-Azərbaycan sərhədində təxribatlar törədildi. Həmin ilin avqustunda isə terror məqsədilə Azərbaycana diversiya qrupu göndərildi. Bütün bunlar Ermənistanın Aprel döyüşlərindən nəticə çıxarmadığını, işğalçılıq siyasətini davam etdirdiyini göstərdi.
Onu da vurğulayım ki, Aprel döyüşləri və bu savaş zamanı Azəbaycan Ordusunun əldə etdiyi qələbə həm hərbi, həm tarixi, həm də mənəvi baxımdan mühüm əhəmiyyətə malik idi. Çünki bir sıra yüksəkliklərin və yaşayış məntəqələrinin Ermənistan ordusunun işğalından azad edilməsi ilə nəticələnən döyüşlər zamanı Silahlı Qüvvələrimiz öz güc-qüdrətini düşmənə göstərdi, işğalçının yarılmaz saydığı möhkəmləndirilmiş müdafiə xətlərini bir həmlə ilə keçdi. Azərbaycan Silahlı Qüvvələrinin Aprel döyüşləri zamanı göstərdiyi bu əzm və iradə Ermənistan ordusunu sarsıtdı, onu geri çəkilməyə məcbur etdi. Ordumuz əməli surətdə sübuta yetirdi ki, işğaldakı torpaqları azad etməyə qadirdir və heç bir qüvvə ona mane ola bilməz.
Aprel savaşı düşmənə tarixi gözdağı və əbədi ibrət dərsi oldu. Lakin Ermənistan 2016-cı ildə yaşadığı bu acı məğlubiyyətdən lazımi dərs çıxarmadı. Əgər belə olmasaydı, düşmən işğalçılıq siyasətindən əl çəkər, 44 günlük Vətən müharibəsi nəticəsində indiki acınacaqlı, rüsvayçı duruma düşməzdi.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən ilin payızında işğaldakı torpaqları azad edən Silahlı Qüvvələrimizin sürətli hücumu, ölümcül həmlələri nəticəsində düşmən kapitulyasiyaya imza atmağa məcbur oldu. Müharibə Ermənistanın hərbi potensialının 80 faizinin məhv edilməsi, kütləvi fərarilər ordusunun meydana çıxması, işğalçı ölkə iqtisadiyyatının tamamilə çökməsi ilə nəticələndi.
Sonda xatırlatmaq istərdim ki, istər Aprel döyüşləri, istərsə də 44 günlük Vətən müharibəsi zamanı Ordumuzun sərgilədiyi qəhrəmanlıq, şücaət təkcə bu gün deyil, illər, əsrlər keçsə də, xalqımız tərəfindən qürur hissi ilə yad ediləcək, fərəhlə xatırlanacaq.
 

Cəlil XƏLİLOV,
Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik

7 Aprel 2021 01:23 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə