Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dördüncü sənaye inqilabı İKT-nin inkişafını sürətləndirəcək

Cəmiyyətdə hər zaman böyük ehtiyac duyulan informasiya bu sahə ilə bağlı texnologiyaların sürətli inkişafını şərtləndirib. Təbii ki, belə halda investisiya qoyuluşu da dinamik şəkildə artıb. İnformasiya-kommunikasiya texnologiyalarının (İKT) keçdiyi tərəqqi yoluna diqqət yetirsək, bunu aydın görə bilərik. Belə ki, bu sahədə ilk mərhələ II Dünya müharibəsi zamanı təqribən 5 ton çəkisi olan elektromaqnit kalkulyatorun hazırlanması ilə başlanıb. Tranzistorların 1947-ci ildə kəşfi isə daha kiçik, lakin çoxfunksiyalı kompüterlərin inkişafına səbəb olub.

 

İkinci mərhələnin əsası XX əsrin 70-ci illərində fərdi kompüterlərin istehsalı ilə qoyulub. Çip texnologiyasının inkişafı və maqnit disklərin buraxılması nəhəng kompüterləri masaüstü kompüterlərlə əvəzləyib.
Mikroprosessor cihazların istehsalı ilə bu qurğuların rəqəmsal məlumatları qəbul edərək, yaddaşındakı təlimatlara uyğun emala yönəltməsi və beləliklə, nəticə hazırlaması növbəti dövrə təsadüf edir. Dördüncü mərhələdə əsasən kiçik coğrafi ərazidə kompüterlərin birləşdirilməsi (şəbəkələşməsi) əsasında internetin dünya miqyasında yayımı reallaşır.
İKT-nin inkişafının beşinci-indiki mərhələsində isə simsiz əlaqə (WiFi) meydana çıxıb və mobil telefonlar kəşf edilib. Zaman keçdikcə bu telefonların ölçüsü azaldılmaqla funksiyaları genişləndirilib. Bununla da insanların ictimai həyatda sosiallaşması gerçəkləşib, əlaqələri möhkəmlənib.
Azərbaycanda İKT-nin inkişafı son 17 ildə daim diqqət mərkəzində saxlanılıb. Belə ki, 2003-cü ildə İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə Milli Strategiya, 2004-cü ildə “2005-2007-ci illərdə ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Dövlət Proqramı”, 2005-ci ildə “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı”, “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası kimi mühüm sənədlər bu sahənin tərəqqisini sürətləndirib. Bütün bunlar isə İKT-nin inkişafı ilə bağlı tətbiqlərin miqyasını genişləndirib. Məsələn, “elektron hökumət”dən (“Rəqəmsal dövlət”, “e-hökumət”) istifadə imkanı yaranıb: kağız əsaslı formalar aradan qaldırılıb, günlərlə davam edən əməliyyatların elektron yolla qısa vaxtda icrası reallaşıb. “ASAN xidmət” mərkəzlərinin fəaliyyətə başlaması ilə əvvəllər dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsi gerçəkləşib, dövlət qulluqçusu-vətəndaş münasibətləri keyfiyyətcə yeni müstəviyə keçib. Qurumun xidmət mərkəzlərinin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında qurulub.
Hazırda dünyada kompüter və telefon əməliyyatı sistemləri nümunəsində rəqəmsal göstərici əlavə edilməklə “Sənaye 4.0” kimi adlandırılan 4-cü sənaye inqilabı başlayıb.
Bu inqilabın əsas mahiyyəti bəşəriyyət üçün həyatı daha da asanlaşdırmaq və yaşayış şəraitinin keyfiyyətini yüksəltməkdir. Bununla yanaşı, yeni kvant kompüterlərinin tətbiqi ilə kompüter sistemlərini sürətləndirmək və daha əvvəl mümkün olmayan qədər informasiyanı bir yerdə toplamaqdır. Eyni zamanda, sözügedən inqilabın əsas vəzifələrindən biri də insanların təhsil və dünyagörüşünün artırılması, iqtisadiyyata yeni işçi qüvvəsinin cəlb olunmasıdır. Burada ən maraqlı məqam həm də odur ki, əvvəllər çarəsi tapılmayan xəstəliklərin yeni texnologiyanın tətbiqi ilə aradan qaldırılmasıdır.
Bu gün bağlantı xidmətləri (connectivity), avtomatlaşma və süni intellektin geniş tətbiqi ilə davam edən 4-cü sənaye inqilabının çağırışları Azərbaycanda özünü necə büruzə verir? Sualın cavabı ilə bağlı əvvəlcə xatırladaq ki, hələ 2019-cu ilin sonlarında Çindən sürətlə yayılan və ölümlə nəticələnən yeni virus infeksiyası pandemiyaya çevrildiyi ilk vaxtlardan etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bu dəhşətli bəlaya qarşı strateji xarakter daşıyan mübarizə şəraitində sosial-iqtisadi layihələrin də icrası davam etdirilib. Eyni zamanda, “Sənaye 4.0”ün çağırışları diqqət mərkəzində saxlanılıb və buna uyğun siyasət yürüdülüb. Ən əsası isə respublikamızda bu sənaye inqilabının çağırışları ilə ayaqlaşa bilmək üçün inteqrativ və dayanıqlı inkişaf mühiti yaradılıb, rəqəmsal təşəbbüslər dəstəklənib.
Bir sözlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan rəqəmsal transformasiyanın yeni mərhələsinə uğurla daxil olub. BMT, Davos İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi, Microsoft, CISCO, VISA, Mastercard kimi beynəlxalq təşkilatlar və transmilli korporasiyalar bu təşəbbüsün gerçəkləşməsində Azərbaycan dövləti ilə yaxından əməkdaşlığa başlayıb.
Mütəxəssislərin fikrincə, Azərbaycanın “ağıllı dövlət” (smart nation) konsepsiyası səmərəli və hesabatlı rəqəmsal dövlət, vətəndaş-mərkəzli rəqəmsal cəmiyyət və rəqabətqabiliyyətli rəqəmsal iqtisadiyyat quruculuğuna təkan verə bilər. Buna görə də ölkəmizin rəqəmsal transformasiyasının həm milli inkişaf strategiyası, həm də qlobal davamlı inkişaf məqsədləri ilə uzlaşdırılması yönündə tədbirlər həyata keçirilir.
Dünyada “ağıllı” kənd və şəhərlərin yaradılması
“yarışı” gedir
Hazırda dünyada yeni yaşayış sahələrinin salınmasında xüsusi əhəmiyyət verilən “ağıllı kənd” və “ağıllı şəhər” layihələrinin reallaşdırılması, ilk növbədə, insanların firavan yaşayışı, rahatlığı, məişət şəraitinin yaxşılaşması məqsədi daşıyır. Bu konsepsiya əsasən elm və texnologiyanın son uğurları əsasında gerçəkləşir. Bir sıra ölkələrdəki yaradılan “ağıllı” kənd və şəhərlərin fəaliyyətində bu, aydın nəzərə çarpır. Məsələn, Qazaxıstanın paytaxtı Nur-Sultandan 100 kilometr məsafədə yerləşən və 15 min əhalisi olan Aqkol “Rəqəmsal Qazaxıstan” dövlət proqramı çərçivəsində qurulan rəqəmsal şəhər kimi tanınır. Burada müvafiq sahələrə məsul şəxslər tərəfindən smart cihazlardan (telefonlar, yaxud avtomobil sensorları) yararlanmaqla ayrı-ayrı vətəndaşlardan daxil olan məlumatların təhlili aparılır və bu yolla şəhərin ehtiyacları müəyyənləşir. Bundan sonra isə zəruri infrastruktur layihələrinin gerçəkləşdirilməsinə başlanır.
Yaponiyanın Fudzisava yaşayış sahəsi də 2016-cı ildən dünyanın “ağıllı” şəhərləri sırasındadır. Üç min əhalisi olan Fudzisavanın bütün evlərində yalnız günəş enerjisindən istifadə olunur. Əsas nəqliyyat vasitələri–avtomobillər,velosiped və samokatlar da elektriklə işləyir.
Şəhərin küçələri sensorlu sistemlərlə işıqlandırılır. Yerli sakinlərin isti və soyuq su, həmçinin ərzaq təminatı daxili potensial hesabına ödənilir.
Bunlarla bərabər, Çinin Ninsya vilayətinin İnçuan, Böyük Britaniyanın Milton-Kins, Birləşmiş Ərəb Əmirliklərinin Məsdər yaşayış mərkəzləri də dünyada elm və texnologiyanın son uğurları əsasında yaradılan “ağıllı şəhər”lər kimi tanınır.
Hazırda digər ölkələrdə də “ağıllı” kənd və şəhərlərin salınması sürətlə aparılır. IDC tədqiqat mərkəzinin araşdırmasına əsasən, ötən il dünyada təkcə “ağıllı şəhər”lərin yaradılması ilə bağlı çəkilən xərclərin 2019-cu illə müqayisədə təxminən 19 faiz artaraq, 120 milyard dolları keçməsi bunun bariz ifadəsidir.
“Qafqazın Xirosiması” dünyada həm də “ağıllı” kənd və şəhərlər mərkəzi kimi tanınacaq
İşğalçı Ermənistan 30 ilə yaxın müddətdə Qarabağ bölgəsində bütün infrastrukturu tamamilə dağıdıb, kənd və şəhərləri xarabalığa çevirib, zəngin yeraltı, yerüstü sərvətləri vəhşicəsinə talayıb.
Hazırda işğaldan azad edilən ərazilərimizin bərpa və yenidən qurulması, həmin ərazilərdə iqtisadi inkişafın formalaşması ilə bağlı sistemli və kompleks tədbirlər həyata keçirilir. Layihələrin gerçəkləşdirilməsi zamanı müasir iqtisadi və texnoloji innovasiyaların tətbiqi diqqət mərkəzində saxlanılır. Bu isə Qarabağın yaxın gələcəkdə “ağıllı region” kimi dünyada tanınacağına əlverişli şərait yaradır. Bu baxımdan Zəngilan rayonunun Birinci, İkinci və Üçüncü Ağalı kəndlərində ilk olaraq “ağıllı kənd” layihəsinin həyata keçirilməsi mühüm önəm daşıyır.
Prezident İlham Əliyev fevralın 26-da yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında bu məsələ ilə bağlı bildirib: “Zəngilan rayonunun üç kəndində - Birinci, İkinci, Üçüncü Ağalı kəndlərində bu layihə həyata keçiriləcək. Mən təlimat vermişdim ki, bu ilin sonuna qədər layihə tam başa çatsın. Yəni, orada təqribən 1000-ə yaxın insan yerləşəcək. Bütün lazımi infrastruktur qurulacaq, əkin sahələri bərpa ediləcək və insanlar oraya qayıdacaqlar. Belə pilot layihələr çox ola bilər. Biz indi onun üzərində işləyərik”.
Xatırladaq ki, inşa ediləcək “ağıllı kənd”lərdə sakinlərin enerjiyə tələbatı yalnız alternativ enerji mənbələri hesabına ödəniləcək. Eyni zamanda, texnoloji innovasiyanın tətbiqi istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji kimi sahələrin inkişafını sürətləndirəcək.
Qlobal çağırışların şərtləndirdiyi “ağıllı” kənd və şəhərlərin azad edilən ərazilərdə qurulması Qarabağ regionunu texnoloji investisiyaların maraq mərkəzinə çevirməklə bərabər, həm də digər bölgələrimizdə barəsində danışılan konsepsiyanın tətbiqi üçün təcrübə rolunu oynayacaq.
 

V.BAYRAMOV, “Xalq qəzeti”

7 Aprel 2021 02:46 - TEXNİKA
TEXNİKA

Köhnə versiyamızdan xəbərləri izlə