Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zəngəzur dəhlizi türk dünyasını birləşdirəcək

2009-cu ildə yaradılan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) ötən dövr ərzində fəaliyyət sahəsini genişləndirərək regiona ciddi fayda verməyə başlayıb. Keçən il oktyabrın 15-də Bakıda keçirilən VII Zirvə görüşündə Azərbaycanın sədrliyi ilə təşkilat dünyanı ciddi narahat edən COVID-19 daxil olmaqla, bir sıra qlobal problemlərin həllində təşəbbüskar mövqedən çıxış etdi.

Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra Türk Şurasına üzv ölkələr üçün yeni perspektivlər açıldığından artıq təşkilatın fəaliyyətinə yeni reallıqlar fonunda baxılır. Belə ki, bu gün Cənubi Qafqazda nəqliyyat-kommunikasiya sferası əsas əməkdaşlıq hədəfləri sırasındadır.
Türk Şurasının sonuncu qeyri-formal Zirvə görüşündə də hazırkı sıx əlaqələrin, əməkdaşlığın daha da gücləndirilməsinə toxunuldu.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini Sevinc Fətəliyeva açıqlamasında Türk Şurasının ötən 12 il ərzində səmərəli fəaliyyətindən söz açdı: "Bu dövr ərzində mədəni, humanitar, iqtisadi və siyasi əlaqələrin genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Azərbaycan bütün türkdilli dövlətlərlə geniş münasibətlərə malikdir və bu ölkələr arasında əlaqələrin güclənməsində maraqlıdır. Budəfəki qeyri-formal Zirvə görüşündə Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin əhəmiyyətini xüsusi vurğulayıb”.
Milli Məclisin deputatı həmçinin bildirib ki, Türk Şurasının Bakıda keçirilmiş VII Zirvə görüşü mühüm önəmə malikdir: “COVID-19 pandemiyasına həsr olunmuş Zirvə görüşündən sonra bu, Azərbaycanın sədrliyi dövründə dövlət başçılarının üçüncü görüşüdür. Bu, Azərbaycanın təşkilata sədrliyini xarakterizə edən əlamətdar məqamlardan biri idi. Azərbaycanın sədrliyi COVID-19 pandemiyası dövrünə təsadüf etsə də, təşkilatın fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində ardıcıl səylər göstərilib”.
Deputat Zirvə görüşündə Prezident İlham Əliyevin Vətən müharibəsi və ərazi bütövlüyümüzün bərpası barədə səsləndirdiyi fikirlərə önəminə diqqət çəkib: “Ermənilərin 30 ilə yaxındır işğal altında saxladığı ərazilərdə vandalizm aktlarından bəhs edilib. Cənab Prezident Vətən müharibəsində Türk Şurasının Azərbaycana dəstəyini yüksək dəyərləndirib. Zirvə görüşündə üzv dövlətlər Azərbaycan ərazilərinin hərbi işğaldan azad edilməsini təqdir edib. Ermənistan-Azərbaycan münaqişəsinin sona yetməsini alqışlanıb”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa şəhərinə səfər edəcəyini bildirməsi xüsusi məmnunluq doğurur. Biz Vətən müharibəsində Türkiyənin qardaşlıq dəstəyini hər zaman hiss etdik. Zəngəzurdan keçəcək, Naxçıvan və Türkiyəni birləşdirəcək yeni dəhliz regionun nəqliyyat sektorunda böyük imkanlar yaradacaq. Zəngəzur dəhlizindən istifadə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlər arasında nəqliyyat sahəsində əməkdaşlığın, yükdaşımaların həcminin daha da artmasına gətirib çıxaracaq. Bu amil türkdilli dövlətlərin birliyini daha da gücləndirəcək.
Zirvə görüşünün yekun bəyannaməsi üzv dövlətlər arasında əlaqələrin daha da gücləndirilməsinə yönəlmiş səylərin ifadə olunması ilə yanaşı, bir sıra əhəmiyyətli məqamlarla da xarakterizə olunur. Türk Şurasına üzv ölkələr Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası, yenidən qurulması və reinteqrasiyası istiqamətindəki səylərində Azərbaycan hökuməti və xalqı ilə həmrəy olduqlarını ifadə edib, Ermənistan və Azərbaycan arasında münasibətlərin bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və onlara hörmət edilməsi əsasında normallaşmasını dəstəkləyiblər. Bütün bunların fonunda türk dövlətlərinin birliyi qürurvericidir.
Türkiyə diplomatı, Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç da türk dünyasının gündən-günə birləşdiyi və gücləndiyinə toxunaraq Zirvə görüşü barədə təəssüratlarını bölüşüb: “Zirvə görüşünə üzv dövlətlərlə yanaşı, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Macarıstanın Baş naziri Viktor Orbanın qatılması da mühüm əhəmiyyətə malikdir. Ümid edirik ki, növbəti dönəmdə Türkmənistan da Türk Şurasının sırasına qatılacaq və beləliklə türkdilli dövlətlər arasında əməkdaşlıq daha da güclənəcək. Bu görüş qeyri-formal formatda təşkil olunsa da, tədbirdə çox vacib məsələlər müzakirə olundu. İlk olaraq Qarabağ məsələsi vurğulandı. 30 ildir işğal altında olan can Azərbaycanın torpaqlarının 44 günlük Vətən müharibəsi nəticəsində azad olunması Türk Şurasına üzv dövlətlər tərəfindən də məmnuniyyətlə qarşılandı və təqdir edildi. Bəyannamənin yekununun 4-cü maddəsində açıq şəkildə bu məsələyə toxunuldu. Bundan başqa, cənab Prezident Rəcəb Tayyib Ərdoğanın Zirvə görüşündəki çıxışında Azərbaycana dəstək olması digər qardaş ölkələrin də diqqətini çəkdi. Qarabağ məsələsində Türkiyənin dəstəyinin vurğulanması ilə yanaşı, Zəngəzur dəhlizinin türk dünyasını birləşdirəcəyinə dair fikirləri böyük əhəmiyyət kəsb edir”.
Diplomatın qeyd etdiyi kimi, Türk Şurası heç kəsə qarşı bir strukturlaşma deyil, soy, dil, mədəniyyət birliyinə əsaslanan təşkilatdır. Şura eyni nəsildən olan, eyni dildə danışan və eyni mədəniyyəti bölüşən dövlətlər arasında bir əməkdaşlıq birliyidir. Şahidi olduğumuz kimi türk dünyası gündən-günə dəyişir, güclənir və daha da bütünləşir. Bunu da qeyd etmək lazımdır ki, həm Azərbaycan Prezidenti İlham Əliyevin, həm də cənab Rəcəb Tayyib Ərdoğanın Qarabağ məsələsinə toxunması digər qardaş ölkələr üçün də bir mesaj oldu. Bu ismarıc türk dövlətləri arasında gələcək əməkdaşlıq üçün böyük önəm daşıyır.
 

Şahxanım ƏLİZADƏ,

“Xalq qəzeti”

7 Aprel 2021 00:28 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə