Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın su təhlükəsizliyinin təmin edilməsi prioritet istiqamətdir

Azərbaycanda 18 il ərzində infrastruktur layihələri uğurla həyata keçirilib. Bu isə ölkəmizin müasirləşdirilməsinə, qeyri-neft sektorunun, xüsusən də regionların inkişafına mühüm təsir göstərib, işsizlik probleminin həllində, əhalinin həyat şəraitinin yaxşılaşdırılmasnda böyük rol oynayıb.
Ötən müddətdə kənd təsərrüfatını stimullaşdırmaq üçün böyük həcmli meliorasiya tədbirləri görülüb. Yüz minlərlə hektar torpağın meliorasiya vəziyyəti yaxşılaşdırılıb və suvarılan sahələr dövriyyəyə buraxılıb. Taxtakörpü, Şəmkirçay, Tovuzçay, Göytəpə nəhəng su anbarları tikilib. Bunun nəticəsidir ki, meliorasiya sahəsində ciddi problemlərlə qarşılaşılmayıb. İçməli su təminatı da Meliorasiya və Su Təsərrüfatı Səhmdar Cəmiyyəti tərəfindən daim diqqət mərkəzində olub. Belə ki, adı çəkilən qurum ölkəmizdə bir neçə içməli su layihəsini də uğurla icra edib.

 

Azərbaycan Prezidenti İlham Əliyev Zaur Mikayılovu Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən, bu barədə ətraflı məlumat verib: “Bu sahə prioritet sahələrdən biridir. Mən bu sahəyə həmişə çox böyük diqqət göstərmişəm. Bu gün, indiki şəraitdə bu sahənin əhəmiyyəti daha da artır. Son illər ərzində bu sahədə böyük işlər görüldü. Köhnə infrastrukturun təmiri ilə bağlı əsaslı işlər görülmüşdür. Çünki əsas infrastruktur sovet dövründə yaradılmışdı və vaxt keçdikcə yararsız vəziyyətə düşmüşdü, ona görə buna ehtiyac var idi. Eyni zamanda, mənim təşəbbüsümlə bir neçə böyük su anbarı inşa edilmişdir. Əgər vaxtında bu su anbarları inşa edilməsəydi, bu gün meliorasiya sahəsində bizim böyük problemlərimiz ola bilərdi. Eyni zamanda, içməli su təminatı da Meliorasiya və Su Təsərrüfatı Səhmdar Cəmiyyəti tərəfindən həmişə diqqət mərkəzində olmuşdu. Cəmiyyət ölkəmizdə bir neçə içməli su layihəsini də icra etmişdir”.
Dövlətimizin başçısı çıxışında bütün bunlarla yanaşı, sözügedən sahədə qarşıya qoyulan məqsədə hələ tam nail olunmadığını qeyd edərək, hazırda içməli su və meliorasiya layihələrinin gündəlikdə ən vacib məsələlər kimi durduğunu diqqətə çatdırıb.
Azərbaycan Prezidenti nitqində su təsərrüfatı və meliorasiya sistemində nəzərə çarpan, ciddi narahatlıq doğuran səhvlər barədə ətraflı bəhs edib, növbəti illərdə isə yol verilən çatışmazlıqların aradan qaldırılması, vahid idarəetmə mexanizminin işlənilib hazırlanması və ardıcıl şəkildə qısamüddətli, ortamüddətli və uzunmüddətli fəaliyyət planının icrası zəruriliyini vurğulayıb.
Dövlətimizin başçısı çıxışında öz təşəbbüsü ilə inşa edilmiş Taxtakörpü su anbarının əhəmiyyətinə toxunarkən, bu infrastrukturun suvarma ilə yanaşı, Bakının da içməli su ilə təminatında mühüm rol oynadığını xatırladıb: “Çünki Taxtakörpü-Ceyranbatan su kanalının çəkilməsi Ceyranbatan su anbarında suyun səviyyəsinin lazımi səviyyədə saxlanmasına şərait yaratmışdır. Əgər biz son iki ilin quraqlığını nəzərə alsaq, birmənalı şəkildə demək olar ki, vaxtilə Taxtakörpü su anbarı və su kanalı tikilməsəydi, Bakıda çox kəskin su problemi olacaqdı. Taxtakörpü su anbarından sonra Şəmkirçay su anbarı inşa edilmişdir. Beləliklə, ölkəmizin həm şimal, həm də qərb bölgələrində vaxtilə suvarılmayan on minlərlə hektar torpağa su verilmişdir. Artıq bu, özünü kənd təsərrüfatı istehsalının, məhsuldarlığın artmasında göstərir”.
Ölkə rəhbəri meliorativ tədbirlərin respublikamızın həyatında önəmli rol daşıdığını diqqətə çatdıraraq, su anbarları və kanalların tikintisinin infrastruktur layihələr arasında həmişə prioritet yerdə olduğunu, bundan sonra da məsələyə bu yöndə yanaşılacağını vurğulayıb. Eyni zamanda, suyun səmərəli istifadəsinə də xüsusi diqqət yetiriləcəyini bildirib. Dövlətimizin başçısı bu sahədə əldə edilən uğurlarla yanaşı, müəyyən çətinliklərin, çatışmazlıqların olduğunu və bunların aradan qaldırılmasının zəruriliyini də diqqətə çatdırıb.
Prezident İlham Əliyev son illər ərzində kənd təsərrüfatının dayanıqlı inkişafının su təminatının səmərəliliyi ilə bilavasitə bağlı olduğunu da qeyd edib: “Biz son illər ərzində vaxtilə suvarılmayan torpaqlara su gətirmişik. Bu torpaqların həcmi 100 min hektarlarla ölçülür. Vaxtilə, ümumiyyətlə, su görməyən torpaqlara, yaxud da ki, qismən suvarılan torpaqlara suyun verilməsi bu bölgələri canlandırdı və 100 minlərlə hektar torpağa su verildi.
Bu gün biz kənd təsərrüfatının müxtəlif sahələrində bu siyasətin təzahürlərini görürük. Bizim bəzi iri fermer təsərrüfatlarımızda, taxılçılıqla məşğul olan təsərrüfatlarda məhsuldarlıq bir hektardan 50, 60, hətta 70 sentnerə çatır. Bu, Avropanın aparıcı ölkələrinin səviyyəsinə uyğundur və ona bərabərdir. Burada, əlbəttə ki, təkcə suvarma işləri yox, eyni zamanda, digər tədbirlərin də xüsusi çəkisi var. Ancaq suvarma olmadan məhsuldarlıqdan söhbət gedə bilməz”.
Dövlətimizin başçısı Azərbaycanda son illər ərzində aqrar sektorda su təminatının yaxşılaşdırılması, eləcə də digər mühüm tədbirlərin həyata keçirilməsi nəticəsində ərzaq təhlükəsizliyində yüksək göstəricilərin əldə edilməsinə, kənd təsərrüfatının bir sıra sahələrinin, o cümlədən pambıqçılığın dirçəldilməsinə nail olunduğunu bildirib.
Ölkə rəhbəri qeyd edib ki, təqribən 5-6 il bundan əvvəl pambıqçılıq tamamilə məhv olmuşdu və respublikada cəmi 20-30 min ton pambıq yığılırdı. Görülmüş tədbirlər nəticəsində keçən il rekord göstərici əldə edildi – 330 min tondan çox pambıq yığıldı və hektardan məhsuldarlıq 33 sentnerdən çox oldu. “Yəni, əgər sovet dövrünün ən uğurlu illəri ilə müqayisə etsək, deyə bilərik ki, ancaq sovet dövründə cəmi iki ildə hektardan məhsuldarlıq 33 sentnerdən çox olmuşdur. Yəni, bütün bunların təməlində məqsədyönlü siyasət və aidiyyəti qurumların koordinasiyalı şəkildə fəaliyyətinin təkmilləşməsi dayanır. Kənd təsərrüfatında məhsuldarlığın artırılması bizim üçün bundan sonra da prioritet məsələlərdən biri olacaq”.
Prezident İlham Əliyev nitqində bütün bunlarla bərabər, diqqəti qarşıda duran vəzifələrə də yönəldib:
– idarəetmədə müasir yanaşma tətbiq edilməlidir;
– müasir texnologiyaların ölkəmizə gətirilməsinə xüsusi önəm verilməlidir. Çünki bundan sonra meliorativ tədbirlər, necə deyərlər, dədə-baba üsulu ilə aparılmamalı, sudan səmərəli istifadəyə xüsusi diqqət yetirilməlidir;
– itkilərin böyük həcmdə olması narahatlıq doğurur. Bu, bəzi hallarda təbii xarakter alır, amma müəyyən vaxtlarda səhlənkarlıq ucbatından baş verir. Uçotun olmaması, əlbəttə ki, işi çətinləşdirir. Ona görə tam uçot aparılmalıdır;
– kanalların təmiri və yenidən qurulması da önəmli vəzifələrdən biridir. Belə ki, sovet vaxtında çəkilmiş kanalların əksəriyyəti torpaq kanallar idi. Onların böyük hissəsi bu gün də istismardadır. Əlbəttə, torpaq kanallar suyun istənilən həcmdə ötürülməsinə imkan vermir, itkilər əsasən buna görə yaranır, eyni zamanda, torpağın şoranlaşmasına gətirib çıxarır. Ona görə də torpaq kanalların yüksək texnologiyalar əsasında qurulmasına önəm verilməli, bu sahə ilə məşğul olan aparıcı şirkətlərlə sıx təmaslar qurulmalıdır.
Prezident İlham Əliyev çıxışında Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin yeni sədrinə suyun istifadəsində israfçı münasibətə, onun ədalətsiz bölüşdürülməsi hallarına son qoyulması, su xətlərinin üzərində çoxsaylı qanunsuz birləşmələrin ləğv edilməsi kimi xoşagəlməz vəziyyətin aradan qaldırılması üçün konkret tapşırıqlarını da verib.

Azərbaycan Prezidenti çıxışında yuxarıda qeyd edilənlərlə bərabər, işğaldan azad edilmiş torpaqlarda meliorativ tədbirlərin görülməsi ilə bağlı fikirlərini də bildirib: “Azad edilmiş torpaqlarda bizim böyük su mənbələrimiz mövcuddur və su mənbələrimiz orada formalaşır. Biz uzun illər ərzində, 30 ilə yaxın müddətdə bu imkanlardan məhrum idik. Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini, o cümlədən bu sahədə də aparırdı və bizə qarşı ekoloji terror təşkil edilmişdir. Meşələrin qırılması, qoruqların məhv edilməsi - 54 min hektar meşə sahəsi ermənilər tərəfindən kəsilib, dağıdılıb, talanıb, oğurlanıb və bu, böyük cinayətdir. Dəymiş bütün ziyan indi hesablanır, o cümlədən bu ziyan da hesablanacaq...”.
Dövlətimizin başçısı Sərsəng və Suqovuşan su anbarlarının 1970-ci illərdə ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə tikilərək, həmin anbarlar hesabına Ağdam, Tərtər, Goranboy, Bərdə kimi kənd təsərrüfatı rayonlarında suvarma işləri aparıldığını bildirib. Prezident İlham Əliyev, eyni zamanda, erməni barbarları tərəfindən Qarabağ və ətraf ərazilərimizin işğalından sonra bu mühüm infrastrukturların da düşmən nəzarətində olduğunu, Sərsəng su anbarının suyunun qışda ekoloji ziyan vurmaq üçün qəsdən buraxıldığını, yaz-yay aylarında isə kəsildiyini deyib.
Yeri gəlmişkən, ermənilərin insanlığa sığmayan bu hərəkətlərindən çıxış yolu kimi, ölkə rəhbərinin tapşırığı ilə o bölgənin suvarılması üçün xüsusi tədbirlər planı hazırlanmış, orada yüzlərlə subartezian quyusu qazılmışdı. Ancaq Suqovuşan qəsəbəsi azad edilərkən Suqovuşan su anbarı da nəzarətə götürüldü. Yalnız bundan sonra Ağdam, Tərtər, Bərdə, Goranboy və digər rayonlarımızın su təminatının böyük dərəcədə yaxşılaşması imkanı yarandı. Ümumiyyətlə, Suqovuşanın böyük hərbi-strateji əhəmiyyəti ilə bərabər, eyni zamanda, mühüm iqtisadi önəmi də var. Bununla bağlı bəzi məqamlara diqqət yetirək. Sərsəng və Suqovuşan (keçmiş Madagiz) su anbarları enerji təyinatlı anbarlardır. Sərsəng su anbarı 50 mqvt, Madagiz-1 su anbarı 4,8 mqvt və Madagiz-2 su anbarı isə 3 mqvt gücə malikdir. Həcmi ən böyük olan su anbarı isə Sərsəngdir. Bu, yalnız Qarabağda deyil, ümumiyyətlə, Ermənistan da daxil olmaqla ən böyük su anbarıdır.
1976-cı ildə Tərtərçayın üzərində, keçmiş Ağdərə, indiki Tərtər rayonu ərazisində inşa edilən Sərsəng su anbarının ümumi su tutumu isə 565 milyon kubmetrdir. Onun istifadəyə yararlı olan tutumu 495 milyon kubmetr, bəndinin hündürlüyü 126 metr və uzunluğu 550 metrdir. Sərsəng su anbarı bəndinin hündürlüyünə görə, ən hündür bəndli su anbarlarından biridir. Sərsəng su anbarından buraxma sistemi ilə “Sərsəng” HES istiqamətinə saniyədə 70 kubmetr buraxıla bilər. Bundan başqa su anbarının suvarma kilidləri də var. Zərurət olduğu halda, meliorasiya məqsədilə anbardan saniyədə 30 kubmetr su buraxıla bilər. Sərsəng su anbarından şərqə doğru Tərtərlə müqayisədə aşağı axın istiqamətində Suqovuşan su anbarı yerləşir. Onunla yanaşı olan HES sovet dönəmində inşa edilib və həmin dövrdə su anbarı kənd təsərrüfatında suvarma məqsədilə də istifadə edilib. 2012-ci ildə “Madagiz-1” və “Madagiz-2” kiçik hidro elektrik stansiyaları istismara verilib. Məlumata görə, Madagiz su anbarının ümumi tutumu 5 milyon kubmetrdir təşkil edir.
Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar müharibəyə qədər Aran Qarabağın rayonlarını əhatə edən 97 min hektar məhsuldar torpağın suvarılması Tərtərçay üzərində qurulmuş Sərsəng, Madagiz su anbarları, Sağ və Sol Sahil magistral kanalları vasitəsilə həyata keçirilib. 25 ildən artıqdır ki, su anbarlarının işğal altında olması Ağdam, Ağcabədi, Tərtər, Bərdə, Yevlax və Goranboy rayonlarında əkinlərin suvarma suyu ilə təminatında çətinliklər yaradıb. Odur ki, dövlətimiz tərəfindən həmin ərazilərdəki əkin sahələrinin suvarma suyuna olan tələbatının ödənilməsi üçün ardıcıl tədbirlər görülüb.
Suqovuşan su anbarı və kanallar işğal altına düşməmişdən əvvəl Azərbaycanın iqtisadi inkişafında, xalqın rifahının yaxşılaşmasında böyük rol oynayıb, bunun nəticəsində Qarabağın kənd təsərrüfatı sürətlə inkişaf edib. Təəssüf ki, respublikamız üçün böyük həyati əhəmiyyətə malik olan Sərsəng və Suqovuşan su anbarları, Sağ və Sol Sahil magistral kanalları və beton üzlüklü paylayıcı kanallar 1992-ci ildən işğal altında düşüb.
Azərbaycan Prezidenti çıxışında vurğulayıb ki, Ağdam, Tərtər, Bərdə, Goranboy və digər rayonların su təminatını şərtləndirən kanallar da uzun illər ərzində istifadəsiz qaldığından yararsız hala düşüb. İndi həmin infrastrukturun vəziyyətinin öyrənilməsi üçün təhlil aparılmalı, su təminatı bərpa edilərək qaydaya salınmalıdır.
Bütün bunlarla bərabər, işğaldan azad edilən ərazilərimizdəki digər su anbarlarının, böyük çay resurslarının potensialı da araşdırılmalı, çayların məcrası ilə bağlı düzgün təhlil aparılmalı, onlardan necə səmərəli istifadə etməyin yolları öyrənilməlidir.
Prezident İlham Əliyev çıxışında, həmçinin qeyd edib: “Azad edilmiş torpaqlarda su anbarlarının tikintisinə ehtiyac varmı, yoxmu, bu məsələyə də mütləq baxılmalıdır. Əlbəttə ki, azad edilmiş torpaqlarda bizim ən böyük su mənbəyimiz qonşu İranla sərhəddə yerləşən Xudafərin və Qız Qalası su anbarlarıdır. Bunlar çox böyük su anbarlarıdır. Xudafərin su anbarının həcmi 1,6 milyard kubmetrdir, çox böyük su anbarıdır. Bu su anbarından istifadə etmək üçün əlbəttə ki, əlavə infrastruktur layihələri icra edilməlidir. İlk növbədə, kanallar çəkilməlidir ki, azad edilmiş torpaqlara - Zəngilan, Cəbrayıl, Qubadlı və digər bölgələrə biz bu su anbarlarından su götürüb, ondan səmərəli şəkildə istifadə edə bilək. Bu, bizim böyük potensialımızdır”.
Dövlətimizin başçısı nitqinin sonunda meliorasiya və su təsərrüfatının inkişafına hər zaman prioritet istiqamət kimi yanaşdığını, sözügedən sektorda önəmli layihələr həyata keçirildiyini bildirərək, əldə edilən nailiyyətlərlə kifayətlənilməməsini, bu sahəyə müasir menecment gətirilməsinin, yeni idarəetmə sisteminin yaradılmasının zəruriliyini vurğulayıb. Bunlar üçün əsas şərtin isə müasir menecment, müasir idarəetmə, dürüstlük, təmizlik və vicdan olduğunu bildirib.
 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

7 Aprel 2021 00:03 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə